PALITRA
  Gündəlik online qəzet
11.09.2019 | 16:48:00 | Sosial şəbəkədə paylaş:

İqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin rəhbərliyi ilə Azərbaycan-Rusiya nümayəndə heyətlərinin işgüzar görüşü olub.
Bakı Biznes Mərkəzində keçirilən görüş çərçivəsində Bakı Dövlət Universiteti (BDU) ilə Rusiyanın birinci prezidenti B.Yeltsin adına Ural Federal Universiteti (UFU) arasında əməkdaşlıq memorandumu imzalanıb.
BDU-nun rektoru Elçin Babayev və Ural Federal Universitetinin rektoru Viktor Kokşarovun imzaladığı memorandumda peqadoji və elmi işçilərin, tələbə, magistr və doktorantların mübadiləsi, BDU tələbələrinin UFU-nun doktorantura proqramlarına qəbul ediməsi, müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, UFU-nun Azərbaycanşünaslıq Mərkəzi ilə əməkdaşlıq, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran proqram və layihələrdə birgə iştirak nəzərdə tutulur.
Rektor Elçin Babayev müasir dünyanın çətinliklərinə baxmayaraq, ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın yüksək səviyyədə inkişafından, Rusiya Federasiyasının bir çox universitetləri və tədqiqat mərkəzləri ilə əməkdaşlıq əlaqələrindən bəhs edib.
Bakı Dövlət Universitetinin elm, təhsil sahəsində böyük potensialının olduğunu vurğulayan rektor Ural Federal Universiteti ilə imzalanan memorandumun hər iki tərəfə böyük fayda verəcəyinə inamını ifadə edib.
Rektor Elçin Babayev Viktor Kokşarovun timsalında Ural Federal Universitetinin nümayəndə heyətini Bakı Dövlət Universitetinin noyabr ayında keçiriləcək 100 illik yubileyinə dəvət edib.
Bakı Dövlət Universitetinin şərqin aparıcı ali təhsil müəssisəsi olduğunu, universitetlər arasında əlaqələrin parlaq sabahına inandığını bildirən rektor Viktor Kokşarov imzalanan memorandumun ikitərəfli əməkdaşlığa təkan olacağına əminliyini bildirib. Təbiət, humanitar elmlər və iqtisadiyyat üzrə ixtisasların olduğu Ural Federal Universitetinin alimlərinin BDU-nun elmi jurnallarına maraq göstərdiyini bildirib.
Qeyd edək ki, işgüzar görüşdə, eyni zamanda, Azərbaycan hökuməti ilə Sverdlovsk vilayəti hökuməti arasında iqtisadi-ticari, elmi-texniki və başqa sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələr sazişi, Azərbaycan Dillər Universiteti ilə Rusiyanın birinci prezidenti B.Yeltsin adına Ural Federal Universiteti arasında da əməkdaşlıq müqaviləsi imzalanıb.

Tural


Xəbər 114 dəfə oxundu

Ana səhifə