PALITRA
  Gündəlik online qəzet
10.10.2019 | 13:33:00 | Sosial şəbəkədə paylaş:

“Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”.
Ulu Öndərin söylədiyi bu müdrik kəlamı haqqında söhbət açmaq istədiyim insana – AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, görkəmli ədəbiyyatşünas alim, bacarıqlı elm təşkilatçısı, istedadlı ədəbi tənqidçi, publisist, şair və yazıçı-dramaturq, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyliyə tam əminliklə aid etmək olar. 90 kitabın, 1500-ə yaxın elmi, elmi-publisistik məqalənin müəllifi İsa Həbibbəylinin əsərləri 10 cilddə nəşr olunub. İlk növbədə tanınmış pedaqoq və elm təşkilatçısı kimi böyük nüfuz qazanmış İsa Həbibbəyli 20 ilə yaxın Naxçıvan Dövlət Universitetinin rektoru olub. Bu nümunəvi təhsil ocağı ilə dünyanın aparıcı universitetləri arasında əlaqələr qurulub.
Akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutuna rəhbərliyə başladığı gündən indiyədək burada da fundamental araşdırmaların aparılması, yeni elmi istiqamətləri özündə birləşdirən şöbələrin yaradılması, Hindistan, Çin, Yaponiya, Özbəkistan, Türkmənistan, Türkiyə, Macarıstan, Polşa və Monqolustanla ilk dəfə olaraq ədəbi əlaqələrin qurulması, Ədəbiyyat İnstitutunun humanitar sahədə aparıcı-tədqiqat mərkəzinə çevrilməsi üçün böyük təkan olmuşdur.
Ulu Öndər Heydər Əliyev siyasətini layiqincə təbliğ edən akademik İsa Həbibbəylinin fikrincə, dövlət müstəqilliyi ideyaları ilə böyük ədəbiyyatın idealı bir-birini tamamlayır. Bu baxımdan onun aşağıdakı fikirləri xüsusilə diqqəti cəlb edir: “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı ölkədə milli-demokratik ideyaların, Azərbaycançılıq məfkurəsinin ədəbiyyatı kimi xalqın və milli dövlətçiliyin inkişafına və daha da möhkəmlənməsinə uğurla xidmət edir. Hazırda Azərbaycan ədəbiyyatında tarixi ənənəsi olan realizm və romantizm, magik realizm və sair kimi ədəbi axınları təmsil edən yazıçı və şairlərin əsərlərində yeni dövrün reallıqları, baxışları və düşüncələri müxtəlif aspektlərdən əks etdirilir. Müstəqillik dövrünün ümummilli ideallarına xidmət edən Azərbaycan ədəbiyyatı xalqımızın çoxəsrlik ədəbi-ictimai fikrinin qanunauyğun məntiqi davamı olmaqla, bərabər, həm də yeni zamanı və müasir dünyanı əks etdirən mühüm ədəbiyyat hadisəsidir.
2018-ci ildə 3 dildə – Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş “Akademik İsa Həbibbəylinin biblioqrafiyası”nda alimin kitabları, dövri mətbuatda, məcmuələrdə Azərbaycan, rus və digər dillərdə dərc edilmiş əsərləri, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, elmi məsləhətçisi, elmi rəhbəri və opponenti olduğu elmi işlər, eyni zamanda həyat və yaradıcılığı haqqında materiallar öz əksini tapmışdır.
Altı hissədən ibarət olan göstəricinin “Əlavələr” bölməsində “Akademik İsa Həbibbəylinin nəsil şəcərəsi” və “İsa Həbibbəyli təsviri sənətdə” adlı bölmələrdə toplanan materiallar nəşrin əhəmiyyətini daha da artırmışdır.
İsa Həbibbəylinin yenicə çapdan çıxmış “Azərbaycan ədəbiyyatı dövrləşmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyasında milli ədəbiyyatımızın dövrləşmə və tarixi inkişaf mərhələləri sistemli şəkildə müəyyənləşdirilmişdir.
Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi nəşrlər və proqnozlaşdırma şöbəsində nəşrə hazırlanan 4 elmi jurnalın və çox sayda sanballı kitabların yüksək səviyyədə işıq üzü görməsi məhz İsa müəllimin qayğı və diqqətilə yanaşı, həm də onun çox ciddi və tələbkar bir rəhbər olduğunun göstəricisidir. Bəzən biz şöbə əməkdaşlarına elə gəlir ki, bu zəhmətsevər insan sanki heç istirahətə vaxt ayırmır. Çünki iş gününün axırında ona təhvil verilən hər hansı bir kitabın hər səhifəsində bir gün sonra gördüyümüz ciddi qeydlər, onun həqiqətən də ömrünü elmin yolunda şam kimi əritdiyini bir daha təsdiqləyir. Əlbəttə, bütün bu qeyri-adi keyfiyyətlər hər kəsin yaddaşında silinməz izlər qoyur və gənc alimlər üçün həqiqi həyat məktəbi rolunu oynayır.
Əsl Azərbaycan ziyalısının ümumiləşmiş nümunəsi kimi hər gün rastlaşdığımız İsa müəllim, həm də təkrarsız bir şəxsiyyət kimi gələcək nəsillərə nümunə olan xeyirxah və əvəzsiz ictimai xadimdir. İsa Həbibbəyli, eyni zamanda Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin bugünkü uğurlu dövlət siyasətini ölkə daxilində və xaricində içdən gələn bir məhəbbətlə durmadan təbliğ edir və bu missiyanı hər bir ziyalının mənəvi borcu hesab edir.
Yeri gəlmişkən, hörmətli akademikin özü haqqında dediyi ürək sözlərini olduğu kimi təqdim etmək istəyirəm:
“Özüm üçün kiməm? Çətin sualdır. Təbii ki, kənardan necə göründüyümü deyə bilmərəm. Ancaq maarifçilik işinə və şəxsiyyət amilinə üstünlük verirəm, işgüzarlığı, “alın təri”ni və məsuliyyəti xoşlayıram”.
“Görünən dağa, nə bələdçi”, – deyiblər müdriklərimiz. Hər gün ünsiyyətdə olduğumuz, bütün müsbət keyfiyyətlərindən xüsusi bir dərs aldığımız akademik İsa Həbibbəylinin həyatda qazandığı uğurların arxasında məhz özünün dediyi “alın təri”nin dayandığına yəqin ki, heç kəs şübhə edə bilməz.
Akademik Teymur Kərimli isə böyük ədəbiyyatşünas alim, görkəmli ictimai xadim, xeyirxah insan, diqqətli, həssas və qayğıkeş rəhbər, ən başlıcası Vətəninə, xalqına və valideynlərinə, doğmalarına sədaqətli övlad kimi tanıdığı İsa müəllim haqqında belə deyir: “Bəzən mənə elə gəlir ki, İsa müəllimin sinəsində təkcə bir ürək deyil, bir neçə ürək çarpır. Bir insan ürəyi, bir kişi ürəyi, bir vətəndaş ürəyi, bir alim ürəyi... Ürək o qədər böyük olmalıdır ki, bütün bu missiyaları yerinə yetirə bilsin”.
Zəhmətlə keçən 70 illik bir ömür sahibi olan akademik İsa Həbibbəyli uğurlu elmi araşdırmaları bu gün də yorulmadan davam etdirməkdədir. Onun bu yoldakı fitri istedadı mayak kimi ömür yoluna nur saçır. Onunla ünsiyyətdə olandan sonra insan öz-özünə yoruldum deməyə utanır. Bu fenomen şəxsiyyətdən aldığımız müsbət enerji biz davamçıları daha da həvəs və məsuliyyətlə işləməyə sövq edir. 70 illik yubileyini gənclik həvəsi ilə qarşılayan akademik İsa Həbibbəyliyə Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin bütün əməkdaşları adından möhkəm cansağlığı və uğurlar diləyirəm! Və istəyirəm ki, bu kiçik yazımı elə İsa müəllimin misraları ilə tamamlayım:

Bağrıma basmışam, alovu, odu,
Vulkan düşüncəli yanar bir dağam.
Əlimi heykələ vurdum, soyuqdu,
Heykəl olanadək soyuyacağam.


Töhfə TALIBOVA,
Elmi nəşrlər və proqnozlaşdırma şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru


Xəbər 151 dəfə oxundu

Ana səhifə