PALITRA
  Gündəlik online qəzet
11.01.2017 | 20:45:00 | Sosial şəbəkədə paylaş:

Merrill Lynch: “Yaxın illərdə Ukrayna xarici borcu qaytarmaqda ciddi problem yaşayacaq. Çıxış yolu ya ölkənin iflası, ya da borcların yeni restrukturizasiyası olacaq”

Çətin iqtisadi vəziyyətdə olan Ukrayna xarici borc yükünün altında əzilməkdədir. Ötən ilin noyabr ayında Ukrayna Maliyyə Nazirliyi məlumat yaymışdı ki, ölkənin dövlət borcu 1,2 faiz azalaraq 67, 54 milyard dollara düşüb. Amma ekspertlərin dəyərləndirilməsi göstərir ki, Maliyyə Nazirliyinin sevinməsi üçün heç bir əsas yoxdur. Azalma, sadəcə, noyabr ayı üçün xarakterik olub. 2016-cı ilin yekun rəqəmləri göstərir ki, dövlət borcu nəinki azalıb, əksinə, daha da artıb.
“Case Ukraine” analitik mərkəzinin açıqladığı rəqəmlər əsl reallığı ortaya qoyur. Həmin hesabatda qeyd edilir ki, Ukraynanın dövlət borcu 300 milyard qrivna və ya 11,1 milyard dollar artaraq 71 milyard dollara yüksəlib. Bu isə ÜDM-in 82 faizi deməkdir. Hesabatda o da qeyd edilir ki, dövlət borcu təkcə BVF və digər beynəlxalq qurumlardan alınan kreditlər hesabına artmır. “Privatbank”ın milliləşdirilməsi də ötən il üçün dövlət borcunun artmasına təsir edib. Vəziyyət belədir: bu gün Ukraynada işləyən hər bir vətəndaşın 116,7 min qrivna borcu var. Ukraynada orta aylıq əməkhaqqının 5,4 min qrivna olduğunu nəzərə alsaq, onda aydın olur ki, borc yükü işləyən vətəndaşın təxminən ikiillik maaşına bərabərdir. Dövlətin ölkənin ən iri kommersiya bankı olan “Privatbank”ı xilas etməsi borc yükünü daha da ağırlaşdırıb. Oliqarx İqor Kolomoyskoya məxsus olan bankın xilas edilməsindən başqa, çıxış yolu yox idi.


Ukraynada işləyən hər bir vətəndaşın 116,7 min qrivna borcu var. Ukraynada orta aylıq əməkhaqqının 5,4 min qrivna olduğunu nəzər alsaq, onda aydın olur ki, borc yükü işləyən vətəndaşın təxminən ikiillik maaşına bərabərdir

Əks halda, bütün maliyyə sistemi çökə bilərdi. Bu məsələdə prezident Poroşenko ilə oliqarx arasında münasibətin pisləşməsinin də mühüm rol oynadığı qeyd edilir. “Vzqlyad” nəşri yazır ki, Ukrayna Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda da göstərilib ki, 1 dekabr 2016-cı il tarixi üçün daxili borc 560 milyard qrivnadir (20,72 milyard dollar). Maydan hadisələrinə qədər isə bu rəqəm iki dəfə az -284 milyard qrivna olub. Eyni dövr üçün xarici borc 45,7 milyard dollardır. Maydan hadisələrinə qədər isə bu borc 27 milyard dollar olub. Ukrayna mətbuatında ümumi xarici borc ifadəsi tez-tez işlədilir. Bu da onunla bağlıdır ki. kommersiya strukturları xarici borclarını azaldır, kreditləri ödəyirlər. Bundan isə Ukraynanı dövlət borcunun azalması kimi qələmə vermək üçün istifadə edirlər. Amma ekspertlər qeyd edirlər ki, dövlətin aldığı borc azalmır, əksinə, artır. Kommersiya banklarının borcunun azalması ölkədən kapital axınını artırır. Beynəlxalq qurumlar daha onlara yeni kreditlər vermək istəmir. Ona görə də həmin strukturların bir çoxu müflis olmağa məhkumdur. “Vzqlyad” yazır ki, dövlət borcunun artması Ukraynanı Qərbdən ağır dərəcədə asılı olması ilə nəticələnib. BVF hesablayıb ki, Ukrayna yaxın illər ərzində hər il 4-9 milyard dövlət borcunu qaytarmalıdır. Ən pisi də odur ki, alınan yeni kreditlər iqtisadiyyatın inkişafına deyil, köhnə borcların ödənilməsinə və Donbasla bağlı hərbi əməliyyatlara, texnikaya sərf olunur. İxrac azaldığından Ukrayna köhnə borcu qaytarmaq üçün yeni borc almağa məcburdur. “Bank of America”nın eksperti Merrill Lynch hesab edir ki, yaxın illərdə Ukrayna xarici borcu qaytarmaqda ciddi problem yaşayacaq. Çıxış yolu ya ölkənin iflası, ya da borcların yeni restrukturizasiyası olacaq. Ukrayna Mərkəzi Bankı hesab edir ki, ölkədə nağd şəklində 97 milyard dollar var. Əhali son 3 ildə bankalara inanmadığından 16 milyard dolları banklardan götürüb. İndi dövlət həmin pulların yastıq altından çıxarılmasına çalışır.
Anar



Xəbər 191 dəfə oxundu

Ana səhifə