PALITRA
  Gündəlik online qəzet
11.01.2018 | 20:36:00 | Sosial şəbəkədə paylaş:

Prezident “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” fərmanda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanın iqtisadi və ticarət əlaqələri, qeyri-neft məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla, alıcı missiyalarının tarixini və iştirak edəcək xarici şəxsləri İqtisadiyyat Nazirliyi müəyyən edəcək və bu barədə məlumatı özünün rəsmi internet saytında yerləşdirəcək. Hər alıcı missiyasının müddəti 6 gündən və hər alıcı missiyasında iştirak edən alıcıların sayı 10 nəfərdən artıq ola bilməz. Hər alıcı missiyasında alıcı yalnız bir nümayəndə ilə təmsil edilə bilər. Təşkil edilən alıcı missiyalarının sayı təqvim ili ərzində 20-dən çox ola bilməz. Alıcı missiyasında iştirak edəcək xarici şəxslər Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara uyğun olaraq müəyyən ediləcək.
Prezident “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanunun tətbiqi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Prezidentin aktlarının “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim edəcək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verəcək. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

Xəbər 23 dəfə oxundu

Ana səhifə