PALITRA
  Gündəlik online qəzet
13.01.2018 | 00:04:00 | Sosial şəbəkədə paylaş:

İpoteka kreditlərindən faydalananların 70,3%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 24,1%-i isə regionlarda verilib

İpoteka kreditləşməsi sisteminin və ipoteka bazarının effektivliyinin təmin edilməsi ilə əlaqədar aidiyyəti qurumların nümayəndələri ilə birlikdə yaradılmış işçi qrupu çərçivəsində Strateji yol xəritəsinin icrası ilə əlaqədar zəruri araşdırmalar aparılıb. Bu “İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin 2017-ci ildə fəaliyyəti ilə bağlı hesabatda öz əksini tapıb. “İpoteka kreditləşməsi sisteminin və ipoteka bazarının effektivliyinin təmin edilməsi Strateji yol xəritəsində prioritet istiqamətlərdən biri olaraq qeyd edilib və “Azərbaycan İpoteka Fondu" ASC əsas icraçı təşkilatlardan biri müəyyən edilib. Qeyd olunanlarla əlaqədar, aidiyyəti qurumların nümayəndələri ilə birlikdə yaradılmış İşçi qrupu çərçivəsində Strateji yol xəritəsinin icrası ilə əlaqədar zəruri araşdırmalar aparılıb və bunun əsasında müvafiq təkliflər hazırlanaraq baxılması üçün aidiyyəti qurumlara təqdim edilib”, - deyə məlumatda vurğulanıb.
Həmçinin hesabatda qeyd edilir ki, şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasını təmin edilməsi məqsədilə zəmanət mexanizminin tətbiqi ilə bağlı işlər yekunlaşıb. Bundan başqa ipoteka kreditləri üzrə zəmanət mexanizminin 2018-ci ilin ilk rübündə tətbiqinə başlanılması nəzərdə tutulur. Zəmanət mexanizminin tətbiqi ipoteka kreditlərinin verilməsi prosesinin sürətləndirilməsi və sadələşdirilməsinə, habelə maliyyə risklərinin optimal idarə olunmasına zəmin yaradacaq.
2017-ci il “İpoteka və Kredit Zəmanət Fondu” ASC üçün uğurlu maliyyə nəticələri ili kimi də xarakterik olub. Ötən ilin sonuna 2016-cı illə müqayisədə Cəmiyyətin aktivləri (692,1 mln. manat) 1,4 dəfə artaraq 958,2 mln. manat, illik bölüşdürülməmiş mənfəəti isə (7,1 mln. manat) 2,1 dəfə artaraq 15 mln. manat təşkil edib.
2018-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətə başlaması, ipoteka kreditləri ilə yanaşı ölkədə sahibkarlığa verilən kreditlərə zəmanətlərin və subsidiyaların verilməsi təmin ediləcək. Yeni mexanizmin tətbiqi potensial daxili maliyyə imkanlarının bazar şərtləri ilə iqtisadi artıma yönləndirilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın dəstəklənməsinə, bank sisteminin risklərinin azaldılmasına, maliyyə vəsaitlərinin dəyərinin aşağı salınmasına xidmət göstərəcək.
Hesabat o da bildirilir ki, 2016-cı ilin noyabr ayında adi ipoteka kreditlərinin verilməsi məqsədilə Cəmiyyət tərəfindən 10 il müddətinə 50 mln. manat məbləğində illik 3% dərəcəsi ilə ölkədə ilk dəfə olaraq ipoteka istiqrazlarının emissiyasına başlanılıb. 2017-ci il ərzində illik 3% dərəcəsi ilə ümumi həcmi 250 mln. manat olan ipoteka istiqrazlarının 2-ci, 3-cü və 4-cü emissiyası həyata keçirilib.
Ümumilikdə, 2009-cu ilin may ayından başlayaraq Cəmiyyət tərəfindən cəlb edilmiş maliyyə vəsaitlərinin həcmi 655 mln. manata çatıb. Cəlb olunmuş vəsaitlərdən 120,4 mln. manat məbləğində istiqraz üzrə öhdəliklər tam şəkildə yerinə yetirilib.
Hazırda Cəmiyyətin dövriyyədə olan istiqrazlarının həcmi 534,6 mln. manat təşkil edir, bu da daxili qiymətli kağızlar bazarının mühüm hissəsini təşkil edir.

Ötən il rekord səviyyədə ipoteka krediti verilib

İpoteka kreditlərinin verilməsi sahəsində yeniliklərin tətbiqi, prosesin əhəmiyyətli dərəcədə sadələşdirilməsi və tam avtomatlaşdırılması bu kreditlərə əhali arasında yüksək tələbin formalaşmasına zəmin yaradıb. Nəticədə, əvvəlki illərlə müqayisədə 2017-ci ildə rekord sayda və ən yüksək həcmdə ipoteka kreditləri verilib. 2017-ci il ərzində müvəkkil banklara ümumi məbləği 859,7 mln. manat təşkil edən 12 702 sayda müraciət daxil olub, 203,1 mln. manat məbləğində isə 3109 ipoteka krediti verilib.
Ötən il ərzində verilmiş kreditlərin 1 076 ədədi (70,6 mln.manat) güzəştli ipoteka kreditlərinin payına düşüb. Qeyd etmək lazımdır ki, Cəmiyyətin vəsaiti hesabına güzəştli ipoteka kreditlərinin verilməsinə 2007-ci ildən başlanılıb. Güzəştli kreditlər dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir və dövlət büdcəsindən Cəmiyyətə ayrılmış vəsaitlər tam şəkildə bu kreditlərin maliyyələşdirilməsinə yönəldilir.
2017-ci il ərzində verilmiş ipoteka kreditlərinin 2860 ədədi (184,2 mln.manat) Cəmiyyət tərəfindən maliyyələşdirilib. Ümumilikdə, 2006-2017-ci illərdə Cəmiyyətin vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 944,3 mln. manata, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 21300-ə yaxın olub. Bu kreditlərin 278,7 mln. manatdan çox hissəsini (6238 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib.
İpoteka kreditlərindən faydalananların 70,3%-ni gənclər və gənc ailələr təşkil edib, kreditlərin 24,1%-i isə regionlarda verilib.
Ötən il “İpoteka və Kredit Zəmanət Fondu” ASC tərəfindən daha 5 bank, 1 sığorta şirkəti və 6 qiymətləndirici şirkət Cəmiyyətin müvəkkil təşkilatları siyahısına əlavə edilib. Beləliklə, ipoteka krediti verən müvəkkil bankların sayı 23-ə, sığorta şirkətlərinin sayı 17-yə, qiymətləndirici şirkətlərin sayı isə 14-ə çatdırılıb. Sahibkarlığa verilən kreditlər məsələsinə gəldikdə isə 2018-ci ildə İpoteka və Kredit Zəmanət Fondu ölkədə sahibkarlığa verilən kreditlərə zəmanətlərin və subsidiyaların verilməsini təmin edəcək.
Digər müsbət amil isə gələcəkdə güzəştli şərtlərlə mənzil alacaq şəxslərə güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı “İpoteka və Kredit Zəmanət Fondu” ASC və Mənzil İnşaatı Dövlət Agentliyi arasında əməkdaşlıq əlaqələrinin qurulmasının təmin edilməsidir. Prezidentin fərmanı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” təsdiq edilib. Qayda ilə inşa ediləcək mənzillərin güzəştli ipoteka kreditləri vasitəsilə satışının dəstəklənməsi məqsədilə bu mənzilləri almaq hüququ olan şəxslərin dairəsi güzəştli ipoteka krediti almaq hüququ olan şəxslərin dairəsi ilə eyniləşdirilib. Qaydanın tələblərinə əsasən güzəştli mənzillərin alqı-satqı müqaviləsinin nümunəvi forması Agentlik ilə razılaşdırılaraq Cəmiyyətin İdarə Heyəti tərəfindən təsdiq edilib. Bu müqavilə ilə Agentliyin sərəncamında olan və mülkiyyət hüquqları qabaqcadan qeydiyyata alınan mənzillərin müvafiq qaydada satışa çıxarılmasından sonra vətəndaşlar tərəfindən rəsmiləşdirilməsi imkanı yaradılıb.
2017-ci ildə dövlət büdcəsindən Cəmiyyətə ayrılmış 50 mln. manatın 20 mln. manatının güzəşti şərtlərlə mənzillərin alınmasına yönəldilməsi qərara alınıb.
Qeyd edək ki, hazırda hər iki təşkilat tərəfindən ipoteka kreditləşməsi sahəsində etibarlı məlumat mübadiləsinin təşkili məqsədilə "Elektron ipoteka" sistemi ilə "Güzəştli mənzil" sistemi arasında inteqrasiya imkanları üzrə iş aparılır.

Tural Tağıyev

Xəbər 188 dəfə oxundu

Ana səhifə