PALITRA
  Gündəlik online qəzet
12.01.2018 | 20:35:00 | Sosial şəbəkədə paylaş:

Fransızlar üçün əsas xəbər mənbəyi ənənəvi mediadır

Fransızların təxminən 79 faizi ölkə prezidenti Emmanuel Makron tərəfindən təklif olunan internetdə saxta xəbərlərlə mübarizə aparmaq layihəsini bəyənir. Bunu “Odoxa” araşdırma mərkəzinin anket nəticələri də təsdiqləyir. Belə ki, yanvarın ilk günlərində jurnalistlərə müraciət edən Makron internetdə saxta xəbərlərlə mübarizə ilə bağlı qanun layihəsi haqqında danışıb.
O, seçki kampaniyaları zamanı yalan məlumatların yayılmasına qarşı mübarizə layihəsinin də yaxın həftələrdə təqdim ediləcəyini qeyd edib. “Odoxa” araşdırma mərkəzi bu məsələ ilə bağlı sorgu keçirib. Sorğuda iştirak edənlərin 79 faizi Makronun təşəbbüsünü müsbət qiymətləndirib və hesab edirlər ki, sosial şəbəkələrdə və internet platformalarında yayılan məlumatlar üçün daha böyük məsuliyyət tətbiq edilməlidir. Respondentlərin yalnız 21 faizi hesab edir ki, prezidentin bu təklifi söz azadlığına təhlükə yarada bilər.

Sorğuda iştirak edənlərin 79 faizi hesab edir ki, sosial şəbəkələrdə və internet platformalarında yayılan məlumatlar üçün daha böyük məsuliyyət tətbiq edilməlidir

Sorğunun nəticələrinə görə, fransızlar üçün əsas xəbər mənbəyi ənənəvi mediadır. Sorğu iştirakçılarının təxminən 61 faizi xəbər mənbəyi kimi, əsasən, ənənəvi mediadan yararlandığını bildirib. İnternet saytları, axtarış portalları və sosial şəbəkələrə əsas xəbər mənbəyi kimi etibar edənlər respondentlərin yalnız 16-17 faizini təşkil edib. Qeyd edilməlidir ki, bir müddət əvvəl “La Croix” nəşrinin sifarişi ilə “TNS-Sofres” institutu tərəfindən keçirilən sorğuda iştirak edən respondentlərin dörddə üçü yerli jurnalistlərin işini müsbət qiymətləndirmişdi. Onların fikrincə, media "nə baş verdiyini başa düşmək" imkanına malikdir. Maraqlıdır ki, “La Croix” nəşrinin sorğusu fransızların öz mediasına olan ümumi münasibətini ortaya qoyur. Bununla belə, sosioloqlar KİV-in müstəqilliyinə və obyektivliyinə artan inamsızlığa da işarə edirlər. Belə ki, fransızların 64 faizi jurnalistlərin hakimiyyətin və siyasətçilərin təzyiqlərinə qarşı çıxa bilməyəcəklərini düşünür. 60 faiz sorğu iştirakçısı isə pulun jurnalistlika fəaliyyətinə təsir göstərməsinə inanır. “TNS-Sofres” institutunun bildirdiyinə görə əvvəlki analoji tədqiqatlarla müqayisədə medianın müstəqilliyinə olan inamsızlığın artımı cəmi 5-6 faiz təşkil edir. Fransızların yarıdan çoxu - təqribən 54 faizi, əsasən, məlumatı televizor vasitəsilə əldə edir. Yalnız ölkə əhalisinin 20 faizi məlumat əldə etmək üçün internet saytlarına, 18 faizi radioya üstünlük verir. Ölkədə çap mətbuatından yararlananların ümumi sayı 7 faizdən çox deyil. Əlbəttə ki, ölkədə internetin informasiya əhəmiyyəti gənc nəsil üçün daha yüksəkdir. Belə ki, 35 yaşınadək olan fransızların təqribən 35 faizi əsas xəbərləri qlobal şəbəkədən götürür. Lakin maraqlıdır ki, onların yalnız 31 faizi internetdəki xəbərlərə inanırlar. Respondentlərin təxminən 70 faizi hesab edir ki, media qalmaqallar haqqında daha çox məlumat yayır.
Ağasəf Babayev

Xəbər 149 dəfə oxundu

Ana səhifə