PALITRA
  Gündəlik online qəzet
13.01.2018 | 16:51:00 | Sosial şəbəkədə paylaş:

Göyçay rayonunda Cəyirli-Ləkçiplaq-Qaraxıdır-Bəydövül-Alpoud avtomobil yolunun yenidənqurulması işlərinə başlanılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, “Azəravtoyol” ASC tərəfindən III texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun ümumi uzunluğu 23 kilometrdir.
Hazırda ərazidə ağır texnika və işçi qüvvəsi çalışır. Əvvəlcə yolda söküntü və torpaq işləri görülür, yol yatağı və yol əsası inşa edilir. Uzun illərdir ki, istismar olunduğu üçün yararsız hala düşən mövcud 4-cü texniki dərəcəli bu yolun eni 6 metr olub. Yaşayış məntəqələrində əhalinin sayının artması və avtomobillərin intensiv hərəkəti zamanı yaranan sıxlıq nəzərə alınaraq yeni layihəyə əsasən hazırda aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 6 metrdən 12 metrədək genişləndirilib. Dövlət proqramına uyğun olaraq salınan yeni yol 4 hərəkət zolağından ibarət olacaq.
“Göyçay 17 saylı Yol İstismar” MMC-nin baş mühəndisi Orxan Mütəllimov APA-nın yerli bürosuna bildirib ki, yol yatağında daş və torpaq bərkitmə işləri bitdikdən sonra əraziyə qalınlığı 5 və 7 santimetr olacaq ikiqat asfalt-beton örtüyü döşənəcək. Hazırda Alpoud və Bəydövül kəndləri ərazisində yolun söküntüsü, tarazlanması və bərkitmə işləri görülür, müxtəlif diametrli yeraltı suötürücü borular quraşdırılır. Əraziyə müxtəlif təyinatlı 20-dən çox ağır texnika və işçi qüvvəsi cəlb olunub. Mart ayında yola yeni asfalt örtüyünün vurulması işlərinə start veriləcək. Yolun bu ilin mayınadək istismara verilməsi nəzərdə tutulur
Yolda tikinti işləri bitdikdən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları qoyulacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq, avtobus dayanacaqları, məktəblərin qarşısında piyada keçid nişanları qoyulacaq.
Qeyd edək ki, Cəyirli-Ləkçiplaq-Qaraxıdır-Bəydövül-Alpoud avtomobil yolunun yenidən qurulması 11 yaşayış məntəqəsinin 16 mindən çox sakininin Göyçay şəhərinə gediş-gəlişini, eləcə də Bakı-Şamaxı-Yevlax və Bakı-Qazax magistral avtomobil yollarına rahat, maneəsiz və təhlükəsiz şəkildə çıxışını təmin etməklə, yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq.

Xəbər 99 dəfə oxundu

Ana səhifə