Evini, ocağını “ucuz tutmaq” yoxdur milli düşüncəmizdə…
Tarix: 09.02.2019 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Bu, “Novator.az” saytının təsisçilərinin də bildikləri həqiqətlərdir
MİQ-29 markalı döyüş təyyarəsinin 1 ədədinin qiyməti, texniki durumuna görə, 26-30 milyon dollar təşkil edir. Manat qarşılığı nə qədərdir, marağı olanlar hesablasınlar. Bu məbləğin təyyarənin texniki xidmətinə, pilotların əmək haqqına və sair aidiyyatı yoxdur. Hansı ki, ikinci sadaladıqlarımız da az məsrəfli deyillər. Dövlət 10-larla döyüş təyyarəsi alıb, texniki xidmət göstərir, pilotlar yetişdirir və savaşa hazır saxlayır. Savaş olacaqmı, bu təyyarələr istifadə ediləcəklərmi, uğur qazanacaqlarmı? Dövlət, millət, torpaq, sərhəd təəssübü çəkən kimsə belə absurd sual üzərində düşünmür. Hər kəs fikirləşir ki, döyüş təyyarəsinin alınması zəruridir, alınırlar və döyüş üçün hazır saxlanılırlar.
Savaşın başqa bir qolu da informasiya cəbhəsidir. “Əsrimiz informasiya savaşı əsridir ” deyib taftalogiyaya getmirəm. Amma Azərbaycan, gerçəkdən, informasiya savaşının mərkəzindədir. Səbəbi hər kəs bilir, təkrar etmirəm. Dövlət cəbhənin bu qolunun möhkəmləndirilməsi, milli informasiya məkanının yad həmlələrdən müdafiəsi üçün addımlar atıb. KİV-lərin institutlaşdırılması, möhkəmləndirilməsi, peşəkarlaşdırılması informasiya siyasətinin mühüm elementlərindəndir. “KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası” qəbul olunub, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. KİVDF vasitəsilə dövlət 10 il müddətində ( 2009-2018-ci illərdə) medianın çap qanadına, dolayısı ilə qismən də internet mediaya 32,4 milyon manat vəsait ayırıb. Yəni, təqribən 1 döyüş təyyarəsinə xərclənən vəsait qədər (manat-dollar qarşılığını nəzərə almayaq). Effekt isə çox böyükdür: informasiya məkanı milliləşib, peşəkarlaşıb, inkişaf edib. Hansı ki, anti-Azərbaycan qüvvələr informasiya məkanımızın milliləşməsinin qarşısını almaq üçün bundan dəfələrlə çox vəsait sərf etmişdilər. Diqqət edək, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu, yəni Soros Fondu Azərbaycanda 1996-cı ilin sonlarından fəaliyyət göstərib. Fond özü rəsmən elan edib ki, fəaliyyəti dayanana qədər (2011-ci il) Azərbaycanda “demokratik inkişafa”, o cümlədən, mediaya yönəlik proqramlara hər il 3 milyon dollar vəsait xərcləyib, qrant ayırıb. Müqayisə edək, təqribən 55 milyon dollar vəsait. Amma Azərbaycan informasiya məkanına, ictimi-siyasi sektora müdaxilə edən “fədakar” təkcə Soros Fondu olmayıb. Hesabalamalara görə, bu dövr ərzində “Sorosabənzər” fondlar vasitəsilə Azərbaycan mediasına təqribən 150 milyon dollardan çox vəsait yatırılıb. KİVDF və digər milli donor təşkilatlar isə eyni zaman kəsiyində bundan dəfələrlə az vəsait sərf etməklə, daha ciddi effekt əldə etdilər. Müqayisə ölçüyəgəlməzdir: 90-cı illərdə, 2000-ci illərin əvvəllərində “Sorosabənzərlərin” yönləndirməsi ilə küçəyə çıxıb Azərbaycan polisinə daş atan Azərbaycan jurnalisti ilə, bu gün Azərbaycan dövlətinin yanında dayanıb Azərbaycanın müstəqilliyi uğrunda çarpışan, erməni cəbhəsinə, “Soros düşərgəsinə” layiqli cavab verən Azərbaycan jurnalistinin fərqi var ortada. Hələ institutlaşmanı, texniki modernləşməni demir. KİVDF fəaliyyətə başlayanda əksər KİV-lərin, hətta, mühasibatlığı mövcud deyildi. 80 faiz jurnalist kirayələrdə yaşayırdı. Bugünkü düzənlə müqayisə aparıb fərqi görmək asandır. Əlbəttə, önəmli olan vəsitin məbləği deyil. Milli media mənsubları üçün önəm daşıyan məqam həm də ölkədə azad, demokratik söz mühitinin yaradılması, peşəkar və milli düşüncəli qələm adamlarına fəaliyyət üçün şərait yaradılması, Prezidentin özünün birbaşa diqqət və qayğı göstərməsidir.

Sorosun ölkədəki tör-töküntülərinin izinin kəsildiyini deyə bilmərik. Mühitləri daralsa da, mövcuddurlar. Hərdən revanş edirlər. Belələri, milli donor institutlarının gözdən salınması üçün hər fürsətdən yararlanırlar. Bu gün milli donor təşkilatların, o cümlədən KİVDF-nin imicinə ləkə vurmaq, onları gözdən salmaq istəyənlər var ortada. Görülən işlər, qazanılan nailiyyətlər qalıb bir kənarda, Fond vasitəsilə informasiya məkanı üçün xərclənən milyonları manata, manatı isə qəpiyə çevirirlər, sonra da qəpiyin hesabını aparırlar. Guya bilmirlər ki, hara xərclənib o pullar… Hansı nəticələr qazanıldığını görmürlərmi?

Əslində, ədəb müstəvisində sorularsa, xoş niyyət daşıyarsa, müzakirə aparmaq, hesab sormaq yaxşıdır. Amma indiki kampaniya fərqli təəssürat yaradır. Arqument oldu –olmadı, səbəb varmı-yoxmu, düşünmürlər. Soru sorulmur, rəsmən çamur atılır. Olsun, çamur atırlar, cavablarını da alırlar. Zatən ara-sıra “tapıntı” kimi təqdim etdikləri rəqəmlər də onların öz axtarışlarının nəticəsi deyil: KİVDF-nin saytında yerləşdirilmiş, aidiyyatı dövlət qurumlarına hesabatı verilmiş rəqəmlərdir. Obyektivlik hissləri olsaydı, bunu Fondun şəffaflığı kimi təqdim edərdilər. Deyərdilər ki, Fond aldığı və xərclədiyi hər qəpiyin hesabatını verib, o hesabatı özünün saytında yerləşdirib. Başqa təşkilatları da bu cür davranmağa təşviq edərdilər. Etmirlər, canları sağ olsun, nə vaxt anlayarlar, onda deyərlər. İşimiz bunda deyil.

Kampaniyanın gedişində məyusluq doğuran başqa məqam var. Anlaşmaz olan məqam revaş kampaniyasına qatılanların kimliyidir. Dövlət yardımından gen-bol faydalanmış, sorunlarını həll etmiş, zamanında dövlət proqramlarını alqışlamış şəxslərin davranışı diqqət çəkir.
Kampaniyaya “Novator.az” xəbər saytı da qatılıb. “KİVDF-yə ayrılan milyonlar və bağlanan qəzetlər” başlıqlı yazı dərc edib. Yazı müəllifi KİVDF-nin şəffaflıq naminə öz saytıda yerləşdiyi hesabatı götürüb, baş-ayaq çevirib, şəxsi mülahizələri fonunda təqdim edib. Etsin, deyə bilər ki, düşüncəm belədir. “Novator.az”ın yönləndiricisi də deyə bilər ki, söz azadlığıdır, plüralizmdir, fərqli fikirlərin yayımına şərait yaratmışıq. Desin, nəzəri baxımdan normaldır. Amma plüralizmin şərti obyektivlik, qərəzsizlik, balans prinsipinin itməsidirmi? Saytın yönləndiricisi jurnalist həmkarımız Azər Qaraçənlidir. Peşəkar təcrübəsi imkan verir ki, obyektivlik, qərəzsizlik, balans prinsipinin jurnalistikada nə anlam daşıdığının fərqinə varsın. Qaraçənli özü, bildiyim qədər, həm də qardaşı “Jurnalistlər binası”da mənzil alıblar. Necə alındığının şahidi olublar, məmnunluqlarını ifadə ediblər. Obyektivlik naminə, peşəkar jurnalistikanın prinsipi naminə müəllifə deyə bilərdi ki, təsvir etdiyin və “Novator.az”-da yayımlamaq istədiyin fikirlərdə yanlışlıq var; jurnalistlərə mənzil paylanması prosesində əyintilərə yol verilməsi barədə düşündüklərin yanlışdır. O öz nümunəsini göstərə bilərdi.
Həmkarlıq təəssübkeşliyi bir yana, insanın öz evini, ocağını ucuz tutmaması prinsipi var milli düşüncəmizdə. Heç olmasa evimizi, ocağımızı bu kampaniyalardan uzaq tutmağı bacaraq.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Gürsel Baran: “Azərbaycanda özümüzü evimizdəki kimi hiss etdik”
24.04.2019
Müxalifət dəyişməlidir...
23.04.2019
“Erməni soyqırımı”, yalanlar və gerçəklər: Qərbin Türkiyəni şantaj siyasəti
23.04.2019
Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
22.04.2019
Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info