ABŞ-ın yeni səfiri: “Azərbaycan ABŞ üçün etibarlı tərəfdaşdır”
Tarix: 11.02.2019 | Saat: 11:54:00 | E-mail | Çapa göndər


ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Erl Litzenberqer Vaşinqton şəhərində fəaliyyət göstərən ABŞ-Azərbaycan Ticarət Palatasının qonağı olub. AZƏRTAC xəbər verir ki, tədbirdə Ticarət Palatasının üzv və tərəfdaş şirkətləri, eləcə də ABŞ Administrasiyasının, o cümlədən Dövlət Departamentinin və digər dövlət qurumlarının rəsmiləri, Vaşinqtonda akkreditə olunmuş diplomatik nümayəndəliklərin, biznes və analitik dairələrin nümayəndələri iştirak ediblər. Palatanın icraçı direktoru Natiq Baxışov səfir Erl Litzenberqeri salamlayıb və onu yeni təyinatı münasibətilə təbrik edib. Ticarət Palatasının Direktorlar Şurasının üzvü, “BP Amerika” şirkətinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Robert Şer BP-nin Azərbaycanla uzunmüddətli tərəfdaş olduğunu, Azərbaycanın ölkə rəhbərliyinin siyasəti nəticəsində uğurla inkişaf etdiyini və ABŞ-ın bundan sonra da Azərbaycanın inkişafına dəstək verməsinin əhəmiyyətini vurğulayıb. O, gələcəkdə də iki ölkə arasında ticarət münasibətlərinin inkişafına inandığını bildirib. R.Şer amerikalı səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar diləyib. Tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta ölkəmizdəki diplomatik fəaliyyəti barədə danışıb, Azərbaycanın ABŞ üçün regionda əsas strateji tərəfdaş olduğundan bəhs edib. O, Azərbaycanda səfir olduğu müddətdə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verdiyindən fəxr etdiyini bildirib. Daha sonra Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Litzenberqerin fəaliyyətinin iki ölkə arasında dostluq münasibətlərinin inkişafına töhfə verəcəyinə, hazırda ölkələrimiz arasında münasibətlərdə mövcud olan pozitiv dinamikanın amerikalı diplomat tərəfindən daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib. “Azərbaycanın təşəbbüsü ilə keçirilən irimiqyaslı beynəlxalq layihələr Cənubi Qafqaz regionunun iqtisadi inkişafına səbəb olub. Azərbaycan Gürcüstana və Türkiyəyə, eləcə də digər dövlətlərin iqtisadi inkişafına töhfələr verir. Bu inkişaf və rifahın bir hissəsi olmaq üçün Ermənistan sülhə doğru seçim etməlidir”, - deyə E.Süleymanov bildirib. O, regionda iqtisadi inkişafı ən zəif olan Ermənistanın öz xalqının rifahına aparan yolun yalnız Azərbaycanla sülhdən keçdiyini bildirib. Səfir Erl Litzenberqer təbriklərə görə minnətdarlığını ifadə edib. O, Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olduğunu bildirərək, bundan sonrakı fəaliyyətində də iki ölkə xalqları arasında dostluq münasibətlərinin inkişafına töhfə verməyə çalışacağını deyib. Azərbaycan ilə ABŞ arasında tərəfdaşlığa böyük töhfə verən ABŞ-Azərbaycan Ticarət Palatasına xüsusi minnətdarlığını bildirən səfir Litzenberqer gələcəkdə də palataya üzv olan şirkətlərlə əməkdaşlıq edəcəyini deyib. O, bir səfir kimi məhz iqtisadi və biznes əlaqələrinin gücləndirilməsinin özü üçün əsas prioritetlərdən biri olduğunu vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
İbrahim Öztek: “Xocalı soyqırımı nankor bir cəmiyyətin xəyanətkar hücumunun son halqasıdır”
18.02.2019
Rusiyanın azərbaycanlı icması soydaşlarımızı və çeçenləri təxribata uymamağa çağırıb
18.02.2019
“Müxalifət liderlərinin siyasəti kökündən yanlışdır”
18.02.2019
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
18.02.2019
Burak Candaş: “Qarabağ dərhal Azərbaycana qaytarılmalıdır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info