“Kiprdə ermənilərin təbliğatı ilə heç zaman qarşılaşmamışam”
Tarix: 19.07.2013 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


Cəfər Mənsimi: “Problemlərimizdən biri tələbələrimizin keçirdikləri tədbirlərə xarici tələbələrin cəlb olunmamasıdır”

Cəfər Rza oğlu Mənsimi 1994-cü il mayın 30-da Bakı şəhərində anadan olub. 2000-2007-ci illərdə Bakı şəhərindəki 236 saylı orta məktəbdə təhsil alıb. 2007-2010-cu illərdə təhsilini Fizika, riyaziyyat və informatika təmayüllü liseydə davam etdirib.
2011-ci ildə yenidən 236 saylı orta məktəbə qayıdıb və bu məktəbin məzunu olub. 2009-cu ilin yanvar ayında Badamdar qəsəbəsində fəaliyyət göstərən N.Nərimanov adına Kütləvi Kitabxanada “Asudə vaxt” qrupunu yaradıb. 2009-cu ilin dekabrından “Yeni İstedadlar” Uşaq və Gənclər Təşkilatının təsisçisi və sədri olub. 2010-cu ilin oktyabrından MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin İdarə Heyətinin üzvü və eyniadlı birliyin Uşaq və gənclərlə iş şöbəsinin müdiri olub. 2011-ci ilin mart-sentyabr aylarında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin həyata keçirdiyi “Gənc Turist” klubu layihəsi çərçivəsində Səbail rayonu üzrə “Gənc Turist” klublarının baş koordinatoru olub.
2011-ci ilin aprel-may aylarında Doğu Akdeniz Universiteti Azərbaycan Cəmiyyətinin Mədəniyyət şöbəsinin müdiri olub.
2012-ci ilin sentyabrından Doğu Akdeniz Universiteti Mətbuat Mərkəzində köməkçi olaraq çalışıb.
2009-cu ildən bu günə kimi dövri mətbuatda tez-tez yazıları dərc olunur. Hazırda tanınmış universitetlərdən olan Doğu Akdeniz Universitetinin 3-cü kurs tələbəsi, respublikanın Əməkdar artisti Almaz Ələsgərovanın mətbuat katibi, MİRAS İctimai Birliyinin Şimali Kipr üzrə təmsilçisi və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü və İctimai əlaqələr və mətbuat şöbəsinin müdiridir. O, ictimai fəaliyyətinə görə təhsil aldığı universitetin rektoru tərəfindən təhsil haqqından azad edilib ki, bu da universitet tarixində ictimai fəaliyyətinə görə təhsil haqqından azad edilən ilk tələbə deməkdir. 2012-ci ilin dekabrından Kıbrıs Türk Jurnalistlər Birliyinin fəxri üzvüdür.


-Özün və təhsilin barəsində danışardın.
- 19 yaşım var. İnadkaram. Çətinliklərdən qorxmuram. Düşünürəm ki, bu halda yalnız müvəffəqiyyət insanla ola bilər. Kreativliyi, təşəbbüskar kimi çıxış etməyi çox sevirəm. Daima yenilik axtarışındayam. Daha böyük hədəflərim var. Hər yeni uğurumu, hər yeni qazancımı həyatımın açılan yeni səhifəsi kimi qəbul edirəm.
Bütün uğurlarımın səbəbini valideynlərin xeyir-duası ilə əlaqələndirirəm. Bu səbəbdən çox xoşbəxtəm. Müvəffəqiyyət qazanmanın sirrinin yalnız valideynlərin bizə etdikləri xeyir-dualarından ibarət olduğunu düşünürəm. Mənim üçün ən böyük xoşbəxtçilik müsəlman olmaqdır. Çalışmaq, hər gün yeni nəysə öyrənmək, ünsiyyətdə olmaq, çətinliklərlə üzləşmək mənim üçün əsl immunitetdir. Elə bu yerdə etiraf edim ki, məni çətinliklər böyüdüb. Gələcək nəsillərdə də yaşayacaq bir insan olmağı çox istəyirəm. Təhsilimə gəlincə isə tanınmış universitetlərindən biri olan Doğu Akdeniz Universitetinin 3-cü kurs tələbəsiyəm. İctimai fəaliyyətimə görə təhsil aldığım universitetin rektoru tərəfindən təhsil haqqından azad edilmişəm ki, bu da universitet tarixində buna görə təhsil haqqından azad edilən ilk tələbə deməkdir. Fürsətdən istifadə edib demək istərdim ki, keçən ilin nəticələrinə görə, təhsil aldığım bölümün birincisi olmuşam, universitetin şərəf siyahısına daxil edilmişəm. Bu müddətdə qiymətlərimə görə bir neçə dəfə universitetimizin başarılı tələbəsi siyahısına daxil olmuşam ki, bu uğurumu bu semestr də yenidən təzələdim.
-Təhsildən kənardakı fəaliyyətin haqqında nə deyə bilərsən?
- Uşaqlıqdan əyləncə mərkəzlərindən daha çox mədəniyyət evlərinə, teatr, muzey və kitabxanalara üstünlük vermişəm. Həmişə məktəbdə oxuduğum müddətdən bu günə kimi ictimai işlərdə fərqlənməyə, zaman-zaman təşkil olunan müxtəlif layihələrdə iştirak etməyə çalışmışam. Daha çox belə yerləri üstün tutduğum üçün də hər gün dərsdən sonra günümün müəyyən hissəsini qəsəbəmizdəki kitabxanada keçirib, kitablarla ünsiyyətdə olaraq ən fəal oxucu birinciliyimi qoruyub saxlamışam. Elə o gündən bu günə kimi bu məndə vərdiş halını alıb. Çevrəmdəki həmyaşıdlarımı da daima bu işlərə cəlb etməyə çalışmışam. Yalnız oxumaqla deyil, həmçinin müxtəlif təşəbbüslərlə çıxış edərək, bəzən təhsil aldığım məktəbdə də bir sıra tədbirlərin aparıcısı, təşkilatçısı olmuşam. Bu işdə özümü kəşf etməmə imkan yaradan insanların ən başlıcası Arzu Soltan olub. Hər zaman Arzu xanımın fəaliyyətini, onun enerjisini, ünsiyyətcilliyini görüb daha da həvəslənmişəm.
Hazırda üzərimdə daha böyük vəzifələrim var. Belə ki, təhsil almamla birlikdə müxtəlif təşəbbüslərimlə ölkəmizin Şimali Kiprdə tanıdılmasına çalışır, MİRAS İctimai Birliyinin Şimali Kipr üzrə təmsilçisi, "Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvü, respublikanın Əməkdar artisti Almaz Ələsgərovanın mətbuat katibi olaraq fəaliyyət göstərir, bir sıra yeni layihələr üzərində çalışıram. Özümü çox xoşbəxt hiss edirəm. Fürsətdən istifadə edib, mənə daima dəstək olan insanlara, Arzu Soltan, Niyaz Niftiyevə və digər dostlarıma, xüsusilə də valideynlərimə təşəkkür edirəm.
-Kiprdə Azərbaycan barədə yetərincə məlumat varmı?
- Ölkəmizin Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində bir çox insan ölkəmiz barəsində məlumatlı olsalar da, bizlər hər səyimizlə onların bu biliklərini daha da artırmağa çalışırıq. Təbii ki, Şimali Kiprdə bütün problemlərimiz barəsində kifayət qədər məlumat formalaşdırırıq desək, bir az həqiqətə uyğun olmazdı. Siz də razılaşarsınız ki, həmvətənlərimiz belə, bəzən problemlərimizdən xəbərsizdirlər. Belə olduğu zaman da bütün problemlərimizi Kiprdə qabarda bilməmək də təbiidir. Amma biz əsas dünyəvi problemlərimizi hər səyimizdə gündəmdə tutmağa çalışırıq. Ümumiyyətlə, Kiprdə azərbaycanlıları çox sevirlər. Mən həmişə həmvətənlərimizə kiprli türklər tərəfindən böyük hörmət və rəğbət hiss etmişəm.
-Diaspor fəaliyyəti orada hansı səviyyədədir?
- Gənclərimizin Kiprdə göstərdiyi çox saylı diaspor fəaliyyətinə digər ölkələrdə rast gəlməmişəm. Elə siz bunu mətbuatdan da açıq şəkildə görə bilərsiniz. Amma bir şeyi təəssüflə vurğulamaq istərdim ki, bu gün gənclərimiz öz potensiallarından maksimum səviyyədə istifadə etmirlər. Məncə Kiprdəki diaspor problemlərindən biri tələbələrimizin keçirdikləri tədbirlərə xarici tələbələrin cəlb olunmamasıdır.
-Erməni diasporu və erməni təbliğatı varmı orada?
- Burada ermənilərin də təhsil almasını eşitmişəm. Amma ermənilərin Kiprdə hər hansı bir diasporunun olub-olmamasıyla bağlı məlumatsızam. Bəlkə də var, amma bizim fəaliyyətimiz onların fəaliyyətini geridə qoyduğu üçün onlar heç zaman üzə çıxa bilməyiblər, bilməzlər də. Bir sözlə, Kiprdə ermənilərin təbliğatı ilə heç zaman qarşılaşmamışam. Türk torpağında minə yaxın azərbaycanlının və çoxsaylı türklərin təhsil aldığı Şimali Kiprdə onlar heç təbliğat aparmağa belə, cəsarət edə bilməzlər. Çünki onlar bir üfürcəklə məhv olacaq qədərdirlər.
-Xaricdə təhsil alan tələbələrə, onların valideynlərinə hansı tövsiyə və təkliflərin ola bilər?
- Həmyaşıdlarıma söyləmək istərdim ki, bacardıqları qədər bənzərliklərdən uzaq qaçsınlar. Mən düşünürəm ki, bənzərliklərdən nə qədər uzaq olsaq, bir o qədər fərqli olacağıq. Buna görə də, cəmiyyətdə fərqlənmək üçün bənzərliklərdən qaçmaq lazımdır. Təbii bu işdə valideynlərin də üzərinə böyük yük düşür. Məncə, valideynlər övladlarını müəyyən yaşlarına qədər təzyiq altında altında saxlasalar, övladları bir o qədər fərqlənəcək. Təəssüf ki, valideynlər çox zaman öz uşaqlarını nəzarət altında saxlamırlar. Övladları xaricə getdikdən sonra onlarla daha çox maraqlanmaq əvəzinə, çox az maraqlanırlar. Azadlıqdan və bu nəzərətin olmamasından müsbət şəkildə istifadə etməyi bacarmayanların da sonu çox böyük təhlükədən xəbər verir. Təəssüf ki, çox zaman valideynlər öz qızlarının xaricdə təhsil almasına qarşı çıxırlar. Mən fürsətdən istifadə edib belə valideynlərə səslənmək istərdim ki, öz qız övladlarınıza güvənin, onların da xaricdə təhsil almasına şərait yaradın. Unutmayın ki, sizin tərbiyəli qızlarınız kimi yüzlərlə belə qızlar da xaricdə təhsil alır. Xarici təhsil barəsində valideynlərin çox məlumatlı olmamasından istifadə edən gənclər zamanla yalan danışırlar. Misal üçün, bir tələbənin 4 il eyni universitetdə təhsil almasına rəğmən, hələ də birinci kursda oxumaq mümkündür ki, bu da imtahanlardan keçmədikdə mütləq baş verir. Valideynlər isə elə bilir ki, hər il keçdikcə onların da övladlarının kursu artır. Amma belə deyil, bu məsələdə valideynləri və tələbələri diqqətli olmağa çağırıram. Unutmayın ki, onsuzda nə vaxtsa 4 ilin sonunda valideyninizin "bəs nə vaxt gəlirsən?" sualı ilə rastlaşacaqsınız. Həmçinin həmyaşıdlarıma söyləmək istərdim ki, həyatda pinsipial olun. Düşüncələrinə fikir verin. Həyatı istədiyiniz yerə yönəldə biləcəyinizi unutmayın. Necə ki gəmi kapitanı gəminin hansı yönə hərəkət etməsinə qərar verirsə, bizlər də öz həyatımızı istədiyimiz yerə yönəldə bilərik. Biri sizin istəyinizə qarşı çıxırsa, həvəsdən düşməyin. Onları, həqiqətən, sizin bu işi edə biləcəyinizə inandırın, onların sizin istəklərinizə qarşı çıxmayacağı zamana qədər. Nəyinsə tez olduğunu düşünməyin. Axı tez olduğunu düşündüyümüz şeylər bir gün gözümüzü açıb baxdıqda artıq gec olur. Harada olduğunuzdan asılı olmayaraq daim vətənin təbliği sayəsində yorulmadan çalışın. Həmyaşıdlarımı, birlikdə, əl-ələ sosial işlərdə daha da aktiv iştirak etməyə, dil biliklərinə yiyələnməyə, zamanın qədrini bilməyə, təcrübə toplamağa, rəqabətcil olmağa səsləyirəm. Bu zaman mütləq uğur sizinlə olacaq.
P.S:Kiprdəki tələbəmiz bu cümlələrini xüsusilə vurğulamağı xahiş etdi:
“Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində nailiyyətlərini təşviq etmək məqsədi ilə ölkəmizin Prezidenti tərəfindən gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında fərman digər gənclər kimi məni də çox sevindirdi. Bununla bağlı əsasnamənin çıxmasını səbirsizliklə gözləyirəm ki, mən də ictimai fəaliyyət göstərən bir gənc kimi müraciət edim. Əgər mənim də fəaliyyətim nəzərə alınarsa, mən də nəzərdə tutulmuş məbləği qazansam özümü daha da inkişaf etdirə, dil kurslarına, müxtəlif xarici seminarlara qatıla bilərəm. Mən də bir gənc kimi ölkəmizdə gənclər üçün yaradılan şəraitə görə ölkə başçımıza çox təşəkkür edir, İlham Əliyevin yenidən prezident seçilməsini dəstəkləyir və seçkilər zamanı cənab Prezidentimizə səs verənlər arasında olacağam. Sevinirəm ki, ilk dəfə seçkilərdə iştirak edəcək bir vətəndaş olaraq ilk səsimi ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevə verəcəyəm. Amma bu zaman Kiprdə olacağım üçün səsimi necə verəcəyimlə bağlı problem ortaya çıxacaq. Əgər bu problem aradan qaldırılarsa, mən əminəm ki, Kiprdə yaşayan həmvətənlərimiz də seçkilər də iştirak edəcək.
Ölkəmizdə gənclər üçün nəzərdə tutulan proqramlar çox ölkədə yoxdur. Türk tələbələriylə söhbət etdiyim zaman bu barədə danışdıqda onlar çox təəssüflənirlər. Çünki onlarda bu cür proqramlar yoxdur.
Mənə daim dəstək olan insanlara, Arzu Soltan, Niyaz Niftiyev və digər dostlarıma, xüsusilə də valideynlərimə təşəkkür edirəm”.
İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info