“Azərbaycan 2019-cu ildə erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması məsələsində irəliləyişə ümid edir”
Tarix: 11.02.2019 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “The Korea Times” qəzetinə müsahibə verib. Nazir Elmar Məmmədyarov müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqda da fikir bildirib. O deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi dəfələrlə bütün platformalarda ən yüksək səviyyədə səsləndirilib: “Münaqişə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həll olunmalıdır. Nizamlanmanın hüquqi əsasına gəldikdə xatırlatmaq lazımdır ki, bununla bağlı BMT-nin 1993-cü ildə qəbul olunmuş 4 qətnaməsi, digər beynəlxalq təşkilatların, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər təşkilatların qərar və qətnamələri mövcuddur”.
Nazirin sözlərinə görə, təəssüf ki, uzun illər aparılmış danışıqlar heç bir nəticə verməyib: “Amma Ermənistanda bir müddət əvvəl baş vermiş hadisələr, Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında söhbətlər, eləcə də erməni həmkarımla dörd görüşüm danışıqlar prosesinin irəliləməsi üçün müəyyən əsaslar yaradıb”. E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan danışıqlar xatirinə danışıqların yox, ciddi nəticələrin tərəfdarıdır və bu, ölkənin prinsipial mövqeyidir: “Ümid edirik ki, bu il erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacaq. Münaqişənin nizamlanmasında irəliləyiş, bütün regionda sülh, təhlükəsizlik və sabitlik üçün şəraitin yaradılması ilk növbədə Ermənistanın özünün iqtisadi inkişafı üçün imkanlar yaradır”.
Nazir əlavə edib ki, Azərbaycan müxtəlif etnik qruplara mənsub vətəndaşlarının təhlükəsizliyini təmin etdiyi kimi, beynəlxalq öhdəliklərə uyğun olaraq bunu Dağlıq Qarabağda erməni əsilli vətəndaşları barəsində də etməyə və onlara Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ən yüksək səviyyədə özünüidarə hüququ verməyə hazırdır.

Azərbaycanın Pakistandakı səfiri PTV dövlət televiziyasında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Yeri gəlmişkən, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə PTV dövlət televiziya kanalının “Diplomatic Enclave” proqramının qonağı olub. AZƏRTAC xəbər verir ki, səfir bu il Azərbaycan diplomatiyasının 100 illik yubileyinin qeyd edildiyini bildirərək istər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də müstəqilliyinin bərpasından sonra ölkəmizin dostluğa, əməkdaşlığa, qarşılıqlı hörmətə əsaslanan xarici siyasət yürütdüyünü qeyd edib. Diplomat müstəqil, praqmatik və tarazlaşdırılmış çoxşaxəli xarici siyasətin Azərbaycanın ətrafında xoşməramlı mühitin formalaşmasına səbəb olduğunu və işğalçı Ermənistan istisna olmaqla ölkəmizin bütün dünya dövlətləri ilə möhkəm dostluq münasibətlərinin olduğunu diqqətə çatdırıb. O, Azərbaycanla Pakistan arasında bərqərar olan dostluq və qardaşlıq, strateji tərəfdaşlıq əlaqələrinin bu siyasətin göstəricisi olduğunu, Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi diqqət göstərdiyini, ölkəmizin hər zaman Pakistanı bütün beynəlxalq və regional məsələlərdə dəstəklədiyini qeyd edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair fikirlərini bölüşən Əli Əlizadə işğalçı Ermənistanın davam etdirdiyi təcavüzkar siyasət nəticəsində hələ də azərbaycanlıların erməni terroru və vəhşiliyindən əziyyət çəkdiyini diqqətə çatdırıb. O, fevralın 26-da Xocalı soyqırımının 27-ci ildönümünün tamam olduğunu, erməni işğalçılarının qəddarcasına törətdiyi Xocalı soyqırımının bunun bariz nümunəsi olduğunu, bir gecədə bu qədim şəhərin yerlə-yeksan edildiyini bildirib. Səfir Pakistanın Xocalı soyqırımını tanıyan ilk ölkələrdən olduğunu vurğulayıb, qəbul etdiyi qətnamələri ədalətin bərpası istiqamətində humanist addım adlandırıb, Pakistanın Azərbaycana dəstəyinin daim məmnunluqla qarşılandığını vurğulayıb.
Azərbaycanın idarəetmə quruluşu, mədəniyyəti, elmi, səhiyyə sistemi, iqtisadiyyatı haqqında da aparıcının suallarını cavablandıran səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qonşu dövlətin ölkəmizə qarşı apardığı işğalçılıq siyasətinə baxmayaraq, Azərbaycan rəhbərliyinin uğurlu siyasəti, həyata keçirilən islahatlar, sahibkarlıq fəaliyyəti üçün yaradılan münbit şərait hesabına respublikamızın sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Ölkə iqtisadiyyatının neftdən asılılığının minimuma endirilməsi istiqamətində fəaliyyət davam edir və qeyri-neft sektorunda iqtisadi artım təmin edilir. Azərbaycanın Pakistanla iqtisadi-ticari sahədə də əməkdaşlığın artırılmasında maraqlı olduğunu qeyd edən səfir bu sahədəki potensial haqqında məlumat verib, qarşılıqlı investisiya üçün imkanların olduğunu bildirib. O, iki ölkə arasında birbaşa hava reysləri açılacağı təqdirdə gediş-gəlişin daha da intensivləşəcəyini, son 2 ildə bu artımın 10 dəfədən çox olduğunu və daha da artacağını söyləyib. Humanitar və sosial sahələrdə də əlaqələrin inkişaf etdiyini qeyd edən səfir Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən işlərin yüksək qiymətləndirildiyini, bu işlər nəticəsində Mehriban xanımın Pakistanın ən yüksək mükafatı ilə təltif olunduğunu diqqətə çatdırıb.
Səfir, həmçinin aparıcının suallarına cavab olaraq Əfqanıstanda sülh və sabitliyin bərpasına Azərbaycanın verdiyi töhfələr, Pakistanın terrorizmlə və ekstremizmlə mübarizəsi, Kəşmir məsələsində Azərbaycanın mövqeyi və digər məsələlərlə bağlı fikirlərini də bölüşüb.

“Gürcüstan Dağlıq Qarabağ tənzimlənməsində erməni mövqeyinin güclənməsinə şərait yaradıb”

Bu arada politoloq Mübariz Əhmədoğlu “Azadinform”a Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmuş, dinc azərbaycanlı əhalini qətlə yetirmiş Mixail Avaqyana heykəl qoyulması ilə bağlı açıqlama verib. O deyib ki, erməni şüuru təkcə Azərbaycanın deyil, həm də Gürcüstanın ərazi bütövlüyünə qarşı vuruşmuş ermənini milli qəhrəman hesab edir.
Mübariz Əhmədoğlu bildirib ki, Gürcüstanda erməni separatizmi çox güclüdür: “Erməni separatizmi havadarlaının köməyi ilə Osetiyanı Cavaxetiyaya birləşdirmək planını reallaşdırmağa başlayıb. Ona görə daha çox Gürcüstandaxili arqumentasiyadan istifadə edəcəyik. Gürcüstan Azərbaycan və Ermənistanın qonşusu olmasına baxmayaraq bu vaxtadək Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqəli heç bir ciddi addım atmayıb. Əksinə, Dağlıq Qarabağ tənzimlənməsində tutduğu mövqe daha çox erməni separatizmini ruhlandıran istiqamətdə olub. Nəhayət ki, o erməni separatizmi elə Gürcüstanın özünün daxilində yenidən aktivləşdi. Müasir dövrdə bizim regionda erməni separatçılığının ilk hədəfi Gürcüstanın Ermənistana coğrafi cəhətdən bitişik Cavaxetiya regionu olmalı idi. Daşnaksutyun partiyası Yunanıstanda 1987-ci ildə müzakirə zamanı Gürcüstanın xristian dövləti olmasını nəzərə alaraq Cavaxetiyanın Ermənistanın tərkibinə daxil edilməsi və ya müstəqillik məsələsini yubatdılar. Ermənistanla coğrafi cəhətdən bitişik olmasa da Dağlıq Qarabağı-müsəlman Azərbaycan torpağını işğal etmək məsələsini ön plana çıxartdılar. Ermənistan, erməni lobbisi indinin özündə də Cavaxetiyanın müstəqil qurum kimi təqdim etməkdən çəkinmirlər. ABŞ-dakı ermənipərəst konqresmenlər üçün Gürcüstanın Cavaxetiya regionu ilə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu arasında zərrə qədər fərq yoxdur. Hər ikisinə eyni cür yanaşırlar”.
Politoloq əlavə edib ki, Ermənistan heç zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməyib: “Bunu BMT Baş Assambleyasında keçirilən ən azı 10-na yaxın səsvermədə Ermənistan nümayəndə heyətinin tutduğu mövqe sübut edir. Bütün bunların hamısına rəsmi Tbilisi laqeydlik göstərib, vaxtında cavab verməyib. Gürcüstan Dağlıq Qarabağ tənzimlənməsində erməni mövqeyinin güclənməsinə şərait yaradıb”.
M.Əhmədoğlu vurğulayıb ki, Gürcüstan öz vətəndaşları olan erməni və azərbaycanlıların birgə normal yaşayışı timsalında bütün dünyaya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan və Azərbaycan xalqlarının bir-birinə münasibəti barədə doğru-düzgün, pozitivə yönəli məlumat yaymaq əvəzinə vəziyyəti yalnız qara rəngdə təsvir etməklə məşğuldur: “Gürcüstan hökuməti Dağlıq Qarabağ münaqişəsində vasitəçiliklə məşğul olmaq əvəzinə öz ölkəsində iki xalqın təmsilçisini sakitləşdirməklə məşğul olacaq. Gücü çatacaqmı? Rəsmi Tbilisi Ermənistan və Azərbaycan arasında vasitəçilik etməyə ən böyük potensialı olan 2 dövlətdən biridir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
“Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düşdüyü xarici siyasət dalanından çıxa bilməyib”
15.08.2019
“Ermənistanın əsas məqsədi beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk qrupunu aldatmaqdan ibarətdir”
08.08.2019
“Görünən odur ki, Ermənistan hələ də öz işğalçılıq siyasətindən əl çəkməyib”
06.08.2019
“Ermənistan tərəfi təxribatçı açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur”
05.08.2019
Qarabağlı qızların toxuduğu Qarabağ xalçaları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10865

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info