İnternet media zamanın tələbidir
Tarix: 12.02.2019 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Fuad HÜSEYNZADƏ |

Bu gün ölkəmizdə insanların çoxu informasiyanı internet media və sosial şəbəkələrdən alırlar

Zamanın çağırışlarını ilk eşidən KİV və KİV nümayəndələridir. Buna görə də jurnalistika zamanın prinsiplərinə uyğun olaraq inkişaf etməlidir. Hazırda internet dünyanın ictimai-siyasi nizam-intizamını tamam dəyişib. Virtual aləm dünya içində bir dünya olub. Bu baxımdan, Azərbaycanda da internet medianın əhəmiyyəti daha da artıb. Bir zamanlar internet üzərindən inkişaf edən yeni media artıq yeni hesab olunmur... Sevindirici haldır ki, bu gün Azərbaycanda internet azaddır, onlayn media sərbəstdir. Təsadüfi deyil ki, məhz bu azadlığın nəticəsində internet KİV-lər artıq cəmiyyət idarəçiliyinə təsir göstərə biləcək bir həddə gəlib çatıb. Azərbaycanda onlayn media özünün milli dəyərlərini saxlayaraq, yeni dövrün çağırışlarını daha tez əxz edib. Bununla da ölkə mediası qlobal informasiya məkanına gözləniləndən daha tez inteqrasiya edib. 10 il əvvəl Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ilə medianın inkişafında yeni mərhələ başladı. KİVDF tərəfindən KİV-ə maliyyə yardımının ayrılması ilə çap mediası öz maddi- texniki bazasını gücləndirməklə yanaşı, internet media olaraq da aktiv fəaliyyət göstərir. Belə ki, bir çox qəzetlər öz saytlarını yaradıb zamanın tələbinə uyğun olaraq internet resurslarını gücləndiriblər. KİVDF-nin xətti ilə mediaya bu cür yardımların edilməsi çox uğurlu dəstək mexanizmidir.
Bütün hallarda, media cəmiyyət üçündür. Ona görə də istər çap, istərsə də internet media cəmiyyətin istəyinə uyğun olmalıdır. Ən önəmlisi də odur ki, cəmiyyət, əsasən, bunların hansına üstünlük verirsə, ona diqqət ayrılmalıdır.

Çap mediası sahəsində olduğu kimi, internet mediasını da yüksək səviyyəyə çatdırmaq üçün maliyyə yardımı ayrılmasına ehtiyac var

Müasir zamanda etiraf edilməlidir ki, dünyada, eləcə də Azərbaycanda insanlar informasiyanı, əsasən, internet mediadan və sosial şəbəkələrdən alır. Bu baxımdan, çap mediası arxa plana keçib. Belə olan təqdirdə zərurət yaranır ki, internet qəzetlərə üstünlük verilsin. Bu tendensiya Azərbaycanda da özünü büruzə verir. Yeni dövr ənənəvi medianı internet mediaya çevirməyi tələb edir.
Lakin bu gün dünya mediası ilə bağlı bir nömrəli müzakirə mövzusu internet medianın maliyyə baxımdan tənzimlənməsi ilə bağlı müzakirələrdir. İnternet medianın fəaliyyətinin maliyyə baxımdan tənzimlənməsi ilə bağlı hansı mexanizmlərin tətbiq edilməsi olduqca aktual hesab edilir. Bununla əlaqədar KİVDF-nin, həmçinin, internet medianı maliyyələşdirməsi və ilkin mərhələdə prioritet istiqamət olaraq internet qəzetlərə maliyyə ayrılması məsələsi müzakirə mövzusudur. Elə fevralın 11-də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclasında KİVDF-nin qəzetlərin maliyyələşməsi üçün şərtləri dəyişdirməsindən sonra yaranmış durum müzakirə edilib. İH üzvləri bildiriblər ki, qəzetlər üçün minimum 5 min tiraj və 2 min yayım tələbinin qoyulması dövlətin bu sahəyə yeni yanaşma tərzidir. İclasda qeyd olunub ki, KİVDF-nin maliyyələşmə şərtlərində dəyişikliklər etməsi yeni dövrün tələbindən irəli gələn zərurətdir. Əsas məsələlərdən biri maliyyələşəcək qəzetlərin sayını azaltmaq deyil, daha keyfiyyətli qəzetçiliyə dəstək olmaqdır. Buna görə də yalnız tiraj və yayım yox, eyni zamanda məzmun məsələsi də ön planda olmalıdır. İH üzvləri mövcud məqama xüsusi diqqət yetirərək bildiriblər ki, internet medianın geniş vüsət aldığı hazırkı şəraitdə oxucu xəbər saytlarındakı informasiyanı yenidən qəzetdə görmək istəməz. Deməli, yeni dövrün tələbləri qəzetçiliyə də yeni yanaşmanı gətirməlidir və bu yol dünyanın bir çox qabaqcıl ölkələrində gedilir. Nəticə etibarilə, dünya miqyasında tiraj və yayım sahəsində əvvəlki illərdə mövcud olmuş geriliyin aradan qaldırılmasında müsbət tendensiyalar müşahidə olunmaqdadır.
İclasda internet media resurslarının maliyyələşməsi məsələ üzərində dayanılıb. Bildirilib ki, hazırda ictimai fikir daha çox internet üzərindən yayımlanan media vasitələri ilə formalaşır. Bu proses Azərbaycanda da sürətlə gedir. İnternet medianın malik olduğu resursların dövlətin və cəmiyyətin mənafeləri baxımından uzlaşdırılmasına ciddi ehtiyac var. Buna görə də mediaya dövlət dəstəyi məsələsində prinsipial məqamlardan biri də məhz onlayn KİV-lərin maliyyələşməsidir. Qeyd olunub ki, bununla bağlı qarşıda duran başlıca vəzifələrdən biri internet medianın hüquqi münasibətlər sistemində yer tutmasıdır. Bəzi qanunlarda ayrı-ayrı müddəalar yer alsa da, məsələ ümumi xarakter daşıyır, internet medianın təşkilati-hüquqi forması müəyyənləşdirilməməmiş qalır. İclasda bu məsələnin tezliklə həllini tapması üçün müvafiq qurumlara müraciət olunmasının zəruriliyi diqqətə çatdırılıb.
İnternet medianın rəqəmsallıq, interaktivlik yaratmaq, paylaşmaq, fikir bildirmək, sərhədsizlik, zamansızlıq və məkansızlıq və s. baxımından özəllikləri var. Bunlar eyni zamanda internet medianın bel sütunudur. Ümumilikdə isə bu xüsusiyyələr mediaya yeni yanaşmalar tələb edir. Çap mediası sahəsində olduğu kimi, internet mediasını da yüksək səviyyəyə çatdırmaq üçün maliyyə yardımı ayrılmasına ehtiyac var.
















 
Müəllifin son yazıları

11.04.2019 Ermənistanda “media soyqırımı”
30.08.2018 Diasporumuzun inkişafına yeni təkan
31.03.2018 Antimilli qüvvələrə qarşı aktiv güc birliyi
24.01.2018 Virtual həmrəylik strategiyası
28.07.2017 Dünya mediasına necə inteqrasiya etməli

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


23.04 08:37
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info