“Ermənistan rəhbərliyinin əsas məqsədi işğal və hərbi təcavüzün məsuliyyətindən qaçmaqdır”
Tarix: 14.02.2019 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Elçin Əhmədov: “Prezident İlham Əliyev bir daha bəyan etdi ki, ərazi bütövlüyümüzün bərpası xarici siyasətimizdə əsas vəzifədir”

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllini gecikdirməkdə davam edir. Hazırki Ermənistan rəhbərliyi sülh üçün heç bir addım atmır. Əksinə, onlar son zamanlar sülhə mane olan fikirlər yayırlar. Bununla bağlı “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov AZƏRTAC-a açıqlamasında bildirib ki, Ermənistan hər zaman Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının öz müqəddəratını təyin etmək və konkret olaraq orada yeni süni dövlət yaratmaq arzusunu səsləndirir: “Şübhəsiz ki, Ermənistan rəhbərliyinin əsas məqsədi işğal və hərbi təcavüzün məsuliyyətindən qaçmaq üçün Dağlıq Qarabağ ermənilərini münaqişədə iştirak edən tərəf kimi təqdim etməkdir. Bu baxımdan Ermənistanın baş nazirinin BMT Baş Assambleyasının 73-cü sessiyasında, Paris Sülh Forumunda çıxışı, eləcə də Ermənistan parlamentində sonuncu sərsəm fikirləri, eyni zamanda, qondarma “Dağlıq Qarabağ respublikası”nda tədbirlərin şişirdilərək ictimaiyyətə yanlış formada çatdırılması bu məqsədə xidmət edir. Bu da beynəlxalq hüququn norma və prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir.
Özünü Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma rejimin “nümayəndələri” kimi təqdim edən cinayətkarların da oxşar fikirləri, eləcə də qeyri-qanuni rejimin “rəhbəri”nin 2017-ci ildə Belçikaya, 2018-ci ilin martında ABŞ-a, noyabrında Fransaya, ABŞ-a və Rusiyaya bir-birinin ardınca səyahətləri hər şeydən əvvəl beynəlxalq hüququn prinsiplərinin kobud pozulmasıdır, eləcə də ATƏT-in müvafiq mandatına, vasitəçilik öhdəliklərinə də uyğun deyil. Azərbaycanın işğal altında olan ərazilərində hərbi gücdən istifadə nəticəsində formalaşdırılmış oyuncaq, qeyri-qanuni rejimin təmsilçisinin xarici, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrə səyahət etməsinə imkan verilməsi işğal, təcavüz və terrorizm əməlləri nəticəsində yaradılmış rejimin təşviqinə xidmət edir və ciddi narahatlıq doğurur”.
O deyib ki, Ermənistan rəhbərliyi aparılan danışıqlarda Dağlıq Qarabağın üçüncü tərəf kimi iştirakını təmin etməyə çalışır, ancaq bu tələb də əsassızdır və heç bir məntiqə uyğun deyil: “Çünki Dağlıq Qarabağ ermənilərinin müstəqil tərəf kimi danışıqlarda iştirakı məsələsi nəinki ATƏT-in Minsk qrupunun mandatına ziddir, eyni zamanda, 2008-ci ilin sonunda Moskvada imzalanmış məlum bəyannamədə açıq şəkildə bildirilir ki, münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak edə bilər.
Bu baxımdan, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dəfələrlə bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev keçirilən görüşlər zamanı danışıqların Ermənistanla Azərbaycan arasında aparıldığını bildirib. Bununla yanaşı, ATƏT-in Minsk qrupunun 1992-ci ildəki mandatına əsasən qərara alınıb ki, Azərbaycan və Ermənistan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları isə maraqlı tərəflər kimi qəbul edilir. Yəni, bu, beynəlxalq formatdır. Bununla yanaşı, əgər Dağlıq Qarabağ erməniləri münaqişə tərəfi olsaydı, onda Ermənistan 1992-ci ildən ATƏT-in Minsk qrupu çərçivəsində, eləcə də 1999-cu ildən başlayaraq iki dövlətin prezidentləri səviyyəsində indiyədək keçirilən 50-dən çox görüşdə iştirak edib müvafiq sənədləri imzalamazdı (2008-ci ilin sonunda Moskvada “Mayndorf” qəsrində Rusiya Prezidentinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə imzalanmış məlum bəyannamə nəzərdə tutulur – E.Ə). Buna görə də Ermənistan, ilk növbədə, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməli, işğalçılıq siyasətinə son qoymalı, sonra isə münaqişənin nizamlanmasının variantları barədə öz mövqeyini bildirməlidir”.
Elçin Əhmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində Azərbaycan dövləti, Prezident İlham Əliyev, ilk növbədə, sülh variantına üstünlük verir: “Lakin Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti və torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüququn normaları ilə təsdiq edildiyini vurğulayıb. Münaqişə həll olunmadan, yəni, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını diqqətə çatdırmaqla yanaşı, dövlət başçısı ölkəmizin öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək.
Bununla yanaşı, Prezident İlham Əliyev Real televiziyasına müsahibəsində hazırda güc amilinin ön plana çıxdığını, dünyanın müxtəlif yerlərində beynəlxalq hüququn kobudcasına pozulduğunu bildirərək qeyd etdi ki, əgər əvvəlki dövrlərdə bunu müəyyən formada gizlətmək istəyirdilərsə, bu gün heç buna ehtiyac da görmürlər. Bu gün dünyada “kim güclüdür, o da haqlıdır” prinsipinin hökm sürdüyünü diqqətə çatdıran dövlət başçısı bunun yeni reallıq olduğunu söyləyərək vurğuladı ki, biz bu reallığa, eləcə də dəyişən dünyaya və bu dəyişikliyə də hazır olmalıyıq: “Xoşbəxtlikdən biz öz iqtisadi və hərbi gücümüzü uzun illərdir ki, artırırıq. Sanki özümüzü bugünkü vəziyyətə hazırlayırdıq və bu gün biz hazırıq. Ona görə güc amili həmişə gündəlikdə olub və olacaq. Biz bunu nəinki bizim münaqişə, bir çox başqa münaqişələrlə bağlı da görürük. Ona görə biz müxtəlif imkanlardan istifadə edəcəyik və Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim əsas vəzifəmizdir. Azərbaycan vətəndaşları bunu bilməlidirlər ki, bu, hər bir vətəndaşın əsas vəzifəsidir, dövlətin əsas vəzifəsidir. Biz bu istiqamət üzrə öz siyasətimizi bundan sonra da aparacağıq”.

İtaliya vətəndaşı işğal olunmuş ərazilərimizə Azərbaycan hökumətindən icazəsiz səfər etdiyinə görə üzr istəyib

Yeri gəlmişkən, İtaliya Respublikasının vətəndaşı Culiyano Bifolki Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məktubunda o, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini bildirərək, Ermənistan vasitəsilə ölkəmizin ərazilərinə səfərinin niyyətli olmadığını qeyd edib.
C.Bifolki Azərbaycanın ərazilərinə səfərinin bu bölgədə yaradılmış və uzunmüddətli münaqişənin nəticəsindən başqa bir şey olmayan qanunsuz rejimin təşviqinə heç bir halda xidmət etmədiyini müraciətində xüsusilə vurğulayıb. Azərbaycan hökumətindən və xalqından icazəsiz səfərinə görə üzr istəyən C.Bifolki gələcəkdə belə səfərlərdən çəkinəcəyini, adının “Arzuolunmaz şəxslərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
C.Bifolkinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
12.09.2019
Ukrayna XİN: “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”
10.09.2019
Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə qoşulur
09.09.2019
Tural Gəncəliyev: “İşğal edilmiş Dağlıq Qarabağda keçirilən növbəti “seçki şousu” demokratiya və seçki adına böyük təhqirdir”
05.09.2019
Laçın rayonunun Mirik kəndi ərazisindəki qədim yaşayış məskənləri ermənilər tərəfindən dağıdılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info