Müsavat rəhbərliyi mühacirlərə saxta sənəd paylayıb
Tarix: 14.02.2019 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


“Rəsulzadənin partiyası səviyyəsiz insanların inhisarına keçib”

Müxalifət daxilində saxta sənəd alveri ilə bağlı məsələ yenidən gündəmə gəlib. Belə ki, bu dəfə Müsavat rəhbərliyi arasında qalmaqal yaranıb. Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı sosial şəbəkələrdə partiyaları adından saxta sənədlər hazırlanması iddiası ilə çıxış edib. Maraqlısı isə budur ki, bu məsələdə partiyanın Divan üzvü Yadigar Sadıqlının adı hallanır və sənədə onun qol çəkməsi ciddi rezonans doğurub.
Əlbəttə bu, onların partiyadaxili çəkişmələri, şəxsi işləridir. Amma cəmiyyətə hakimiyyət iddiasında olan müxalifətin hansı təfəkkürdə və səviyyədə olması, saxta sənədlər hazırlamaqla bağlı niyə bu qədər canfəşanlıq etmələrini açıb göstərmək istərdik.
Öncə onu qeyd edək ki, hazırlanan saxta partiya sənədi və Səxavət Soltanlının bunu gündəmə daşımasına ilk olaraq səbəbkar-Yadigar Sadıqlı reaksiya verib. O “Facebook”dakı profilində yazıb: “Dünən mənim iştirak etmədiyim Divan iclasında məlum olub ki, partiya rəhbərliyinin əlində belə bir sənəd var. Mənim Salyan (!) təşkilatının sədri kimi göstərildiyim, guya imzaladığım saxta xasiyyətnamə. Və aylardır bu sənəd partiya rəhbərliyində ola-ola mənə heç bir məlumat verilməyib. Elman Fəttahın bununla bağlı iradına da düz-əməlli cavab səslənməyib. Gecə saatlarında isə Müsavat üzvlərinin qapalı qrupunda gələcək qurultayda başqanlığa namizəd olacağımı açıqladıqdan sonra başqan müavini Səxavət Soltanlı yenə mənə demədən, adım keçən sənədi yenə də mənimlə məsləhətləşmədən paylaşıb. Zatən məsləhətləşsəydi, etiraz etməyəcəkdim. Etika, yoldaşlıq xəbər verməyi tələb edirdi. Beləcə, bütün söz-söhbətlərdən sonra partiya rəhbərliyi bir saxta sənəd tapıb, o da mənim adım keçən. Bu sənədin haradan gəlməsini bilmək mənim hüququmdur. Həmin sənədlə sosial şəbəkədə tanış olduğuma görə, elə burada da Səxavət Soltanlıdan sənədin mənbəyi haqqında məlumat istəyirəm. Kim göndərib və nə vaxt göndərib.”

Alya Yaqublunun Müsavat Partiyasında saxta sənədlərin satılması ilə bağlı dedikləri də yaddaşlardadır...

Yadigar Sadıqlının sənədi boynundan atmasından sonra mühacirətdə olan Elbəyi Həsənli status yazıb ki, saxta sənəd hazırlanması ilə bağlı sirlərin açılıb tökülməsinə səbəb başqanlıq davasıdır: “Müsavatda başqanlığa iddialı olan Yadigar Sadıqovla hazırkı sədr Arif Hacılı tərəfdarları arasında yeni qarşıdurma yaşanır. Səxavət Soltanlı Yadigar Sadıqovu neytrallaşdırmaq üçün ortaya bir sənəd qoyub. İddia olunur ki, Yadigar Sadıqov Müsavat Partiyası adından saxta sənəd verirmiş...
Bu məsələ ilə bağlı Yadigar Sadıqlı belə bir ifadə işlədib: "Heyf Müsavat Partiyasından". Mənim dünən dediyimi Yadigar bəy indi deyir. Alya Yaqublunun Müsavat Partiyasında saxta sənədlərin satılması ilə bağlı dedikləri də yaddaşlardadır... Rəsulzadənin partiyası səviyyəsiz insanların inhisarına keçib. Təəssüf ki, belədir. Bütün bu biabırçılıqlara görə isə İsa Qəmbər və Arif Hacılı məsuliyyət daşıyır. Onlar da bu boyda partiyanı öz şəxsi maraqlarına qurban verib...”.
Digər maraqlı reaksiya isə mühacirətdə olan müxalifətçi Laçın Məmişovdan gəlib. O deyib: “Bunlara bu gün dəymək istəmirdim ki, yazıqdılar, Allah bir yandan dəyib nəfslərini artırıb, ağıllarını alıb, heç olmasa bir gün babayolu verim deyə düşündüm. Amma bu adamlara utanmaq və məsuliyyət hissi yaddır. Dünya şöhrətli çayxana siyasətçisi Səxavət Soltanlı bu boyda ittihamlara cavab verməkdən, durub "Kirpi" jurnalındakı təsərrüfatı yeyib dağıdan ferma müdirlərini xatırladan Arif Hacılının "Lacoste" firmasından geyinməsi haqqında bir fikrimi status edib və paylaşıb. Səhv deyirəm? Başqanın 25 ildi işləmir, Səməd Səmədov heç Moskvaya bu qədər toylara getmirdi ki, o,
Avropaya gedir. Hələ utanmırlar saxta arayışları düzəldib, özlərindən diqqət yayındırmaq üçün sosial şəbəkədə paylaşırlar. Bura “Facebook”dur, çayxana deyil, başqanın gəlsin ittihamlara cavab versin.
Sizin kimilərin öz cinayətlərinə haqq qazandırmaq üçün yeganə bir taktikası var, o da hücum! Bir də gördünüz ağlınıza gəlməyən, heç yuxunuzda belə görə bilməyəcəyiniz bir video fakt da ortaya qoydum və çox pis vəziyyətdə qaldınız. Get başqanın gəlsin- partiyanı girov götürüb, Azərbaycan vətəndaşını bandası tərəfindən Almaniyada şantaj edən başqanın Arif Hacılı gəlsin! Başqanının Almaniyadakı bütün sərgüzəştlərindən elə bilmə xəbərim yoxdur. Sən başqanına söylə, o məni anlayar”.

“Saxta sənəd hazırlayan şəbəkənin üstünə açıq formada gedəndə təhqir, şər-böhtan olacağını bilirdim”

Səxavət Soltanlının bu saxta sənədlərin üzə çıxmasından doğan ittihamlara , təhqirlərə cavabı da özünü gecikdirməyib: “Onların əsl mahiyyəti bizə aydındır, tezliklə çılpaq şəkildə ortaya çıxacaq, hər kəsə də aydın olacaq. Görəcəksiz. Mən Müsavat yetkililərinin adından sənəd hazırlayan şəbəkənin üstünə açıq formada gedəndə təhqir, şər-böhtan olacağını bilirdim. Mən bilirəm ki, əgər masanın üzərindəki tozu təmizləyirsənsə, sənin üstünə toz qonmaya bilməz. Məni daha çox narahat edən səmimi olaraq aldananların, məkrli insanlar tərəfindən aldadılanların, mövzudan və işin mahiyyətindən xəbəri olmadan təhqir və böhtana dəstək verənlərin həqiqət üzə çıxanda keçirəcəkləri utanc hissidir”.
Qısası, bəlli olur ki, Müsavat başqanı Arif Hacılı sabiq müavin Yadigar Sadıqlının adından ya saxta sənəd düzəltdirir, ya da elə vaxtilə Yadigarın düzəldib satdığı sənədlərdən birini tapıb ortaya qoyur.Sonra sənədi ona ən yaxın silahdaş sayılan müavini Səxavət Soltanlı vasitəsilə sosial şəbəkələrdə paylaşdırır. Burada məqsəd odur ki, başqan olmaq istəyən Yadigar Sadıqlını “vurub”, partiya daxilində nüfuzdan salsınlar... Xatırladaq ki, beş il əvvəl də Yadigar Sadıqlı Müsavat başqanlığına namizədliyini irəli sürmüşdü.
Özlərinə “demokratik düşərgə” deyənlər, demokratiya beləmi olur? Bir-birinin ətini didənlər, saxta sənəd hazırlayıb satmağa nə ad verəcəksiniz? Saxta sənədlər hazırladıqlarını etiraf edənlər və bu ciddi müzakirələrə səbəb olanlar bundan sonra cəmiyyət arasına necə çıxacaqlar? Dəfələrlə olub, mətbuatda yazmışıq ki, müxalifət rəhbərləri saxta partiya sənədlərinin hazırlanması ilə məşğuldurlar, mitinqlərə gedib şəkil çəkdirənlərin böyük əksəri sonradan pul ilə ya AXCP, ya da Müsavat və digər radikal müxalifət partiyalarının sənədlərini alıb xaricə qaçaraq siyasi sığınacaq alırlar. Hətta Əli Kərimlinin bununla bağlı xüsusi “biznesinin” olması haqqında da bir neçə il öncə mətbuatda yazı getmişdi və AXCP daxilindən bu faktlar ifşa edilmişdi. Bunlardan biri Əli Kərimlinin bacanağı ilə bağlı məsələ idi. Belə ki, 2017-ci ildə Baş Prokurorluq Rauf Hüseynov adlı şəxsin İnterpol xətti ilə beynəlxalq axtarışa verilməsi haqda məlumat yaymışdı və onun barəsində CM-nin 320-ci (Rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya istifadə etmə) maddəsi ilə cinayət işi açıldı.
R.Hüseynov saxta sənəd hazırlamaqda suçlanırdı. R.Hüseynov Avropa ölkələrindən birində məskunlaşmışdı. Baş Prokurorluğun məlumatında iddia olunurdu ki, sənədlər də məskunlaşdığı ölkənin miqrasiya orqanlarına təqdim olunmaq üçün hazırlanıb. Adları çəkilən şəxs isə Əli Kərimlinin qohumu- baldızının həyat yoldaşı idi.
Hətta 2016-cı ildə AXCP sədrinin mühacir biznesi ilə bağlı sənədlər də yayılmışdı. Belə ki, Əli Kərimli arayışları 2500-3000 avroya Hollandiyada yaşayan, “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” verilişinin müxbiri Fikrət Hüseynli ilə əlbir olaraq satırmış.
Bütün bunlardan bir daha belə bir nəticəyə gəlmək olar ki, müxalifətin dünəni necə idisə, bu günü də həmin durumu xatırladır. Saxta sənədlərin hazırlanıb paylanması, mühacir biznesləri, belə mənzərənin fonunda daxili çəkişmələrin iyrənc formada təzahürü özlərinə “demokrat” deyənləri xalqın gözündən daha da salır...

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
İki qardaş ölkənin dövlət bayraqları Təkaltı dağının zirvəsində
17.09.2019
AİDA ilə Pontifik Şərq İnstitutu Anlaşma Memorandumu imzalayıb
17.09.2019
Gültəkin Hacıbəylinin 2 maşınına və mənzilinə həbs qoyuldu
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR
17.09.2019
PA rəsmisi: Ermənistan və Azərbaycan xarici işlər nazirləri bu ayın sonunda görüşə bilər

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info