“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”
Tarix: 15.02.2019 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


İsa Həbibbəyli: “Bu, müstəqil dövlətimizin ölkəmizin sabahı olacaq yeni nəsil gəncliklə əlaqədar qayğılara özünün strateji xəttində ardıcıl olaraq yer verdiyini nümayiş etdirir”

Azərbaycan dövlətinin siyasətinin ən uğurlu istiqamətlərindən biri gənclər siyasətidir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb. Gənc nəslə qayğı, onların sağlam, bacarıqlı, təhsilli yetişdirilməsi Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Təhsil sisteminin düzgün təşkili, gənclərin müasir elmi-pedaqoji biliklərə yiyələnməsi, müasir texnologiyaları mənimsəməsi, istedadlı gənc kadr potensialının formalaşması və onlardan səmərəli istifadə məqsədilə dövlət fəaliyyəti həyata keçirilir.


“Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər”

Ölkə başçısı bildirib ki, gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir: “Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Gənclər peşəkar olmalıdırlar. İstənilən sahədə işləyən gənclər çalışmalıdırlar ki, öz peşəkarlıqlarını artırsınlar. Gənc alimlərimiz müxtəlif sahələrdə bizim elmi potensialımızı gücləndirirlər. Mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl Elmin İnkişafı Fondu, Gənclər Fondu yaradılıb. Bu fondlar vasitəsilə istedadlı gənclərə qrantlar verilir, müxtəlif tədqiqat proqramlarının həyata keçirilməsi üçün vəsait ayrılır. Yəni, bizim gənclərimiz bu gün cəmiyyətdə çox fəal rol oynayırlar. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar”.
Bu günlərdə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmana əsasən, ölkəmizdə təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 210 (iki yüz on) manat müəyyən edilib.
Eləcə də Prezident İlham Əliyev “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sərəncam imzalayıb. Sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 (on altı min) vahid artırılacaq. Həmçinin təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması təmin ediləcək. Həmçinin ölkə başçısı “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncam imzalayıb.


Musa Qasımlı
: “Dövlətimiz təhsil alanlara xüsusi diqqət yetirir”
Ölkə başçısının yeni fərman və sərəncamları ziyalılar, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, təhsilə, gənclərə diqqətin bariz nümunəsi kimi dəyərləndirilir.
Millət vəkili Musa Qasımlı bildirib ki, Prezidentimiz İlham Əliyevin ali və orta ixtisas təhsili müəssisələrində, AMEA-nın magistratura səviyyəsində əyani təhsil alan şəxslərə verilən təqaüdlərin artılımasına dair imzaladığı Sərəncam böyük əhəmiyyət daşıyır: “Prezident tərəfindən atılan bu addım onu göstərir ki, dövlətimiz təhsil alanlara xüsusi diqqət yetirir və onların ailələrinin qayğılarını yüngülləşdirməyə çalışır. Təqaüdlərin artırılması həmin kateqoriyadan olan şəxslərin sosial vəziyyətin yaxşılaşdırılmasına, dərslərə daha yaxşı hazırlaşmalarına, elm və təhsilimizin keyfiyyətinin artırılmasına imkan verəcək. Prezidentimizin bu qərarı birmənalı olaraq hamının ürəyindəndir”.

İsa Həbibbəyli: “Bu sərəncamları xalqımız sabahına hesablanmış, düşünülmüş və məqsədyönlü tarixi qərarlar kimi qəbul edirlər”

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan Respublikasında tələbə gənclərin təhsil almasının stimullaşdırılması istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilməkdə davam edir. Prezident İlham Əliyevin sərəncamları ilə tələbələrin təqaüdlərinin artırılması və yüksək bal toplamış tələbələrin dövlət sifarişi ilə təhsil almalarının təmin edilməsi, istedadlı tələbələr üçün “Sabah” qruplarında təhsilin təşkili həyata keçirilən siyasətin konkret təzahürləridir. 2019-cu ilin Dövlət büdcəsində dövlət sifarişli yerlərin artırılması üçün əlavə vəsait qoyulmasının nəzərdə tutulması da həmin istiqamətin daha da inkişaf etdirilməsini təmin edəcək”. İsa Həbibbəyli vurğulayıb ki, Prezident İlham Əliyevin “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” 2019-cu il 14 fevral tarixli Sərəncamı müstəqil dövlətimizin Azərbaycanın sabahı olan tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir: “Prezident Sərəncamı, ilk növbədə, ali və orta ixtisas təhsili müəssisələrində, Azərbaycan Milli Elmlər Akademiyasında təhsilin bütün pillələri və səviyyələrini, habelə peşə təhsili üzrə təhsil alan tələbələri əhatə edir. Yəni peşə məktəblərində təhsil alan tələbələrdən bakalavr, magistratura və doktorantura pilləsinə qədər təhsildə akademik nailiyyətləri olan təhsilalanların dövlət qayğısı ilə əhatə olunması nəzərdə tutulur. Bütövlükdə dövlət qayğısı martın 1-dən etibarən mərhələli şəkildə təhsildə akademik nailiyyətləri olan tələbələrin mütləq əksəriyyətini əhatə edəcək. Belə ki, Prezident İlham Əliyevin “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən martın 1-dən təqaüd alanların sayının 16 min vahid artırılaraq hazırda hazırkı 31 faizdən cəmi 6 ay sonra, növbəti tədris ilinin başlanğıcında 45 faizə, 2020-2021-ci tədris ilində isə 50 faizdən az olmayan səviyyəyə çatdırılacağı müəyyən edilib. Qeyd edilənlər dövlətimiz üçün tələbə gənclər siyasətinin davamlı olduğunu və strateji xarakter daşıdığını aydın surətdə göstərir. Bu, müstəqil dövlətimizin ölkəmizin sabahı olacaq yeni nəsil gəncliklə əlaqədar qayğılara özünün strateji xəttində ardıcıl olaraq yer verdiyini nümayiş etdirir. Prezident İlham Əliyevin ölkə üzrə gənclərlə keçirdiyi tarixi görüşdə yeni nəslin inkişafı ilə əlaqədar səsləndirdiyi fikirlər ilk olaraq tələbələrin təqaüdlərinin artırılması ilə əlaqədar dövlət sərəncamında öz əksini tapıb. Bununla Prezident növbəti dəfə də verdiyi vədləri həyata keçirməkdə qərarlı olduğunu nümayiş etdirir. Bundan başqa, tələbələrin təqaüdlərinin artırılması üçün akademik göstəricilərin, qazanılan təhsil nailiyyətlərinin əsas faktor kimi qəbul edilməsi dövlət qayğısının sadəcə sosial təminat olmayıb, həm də bilik və bacarıqların, mütəxəssis hazırlığının daim yüksəldilməsinə hesablanmış maddi stimul olduğunu nəzərə çarpdırır. Bu isə heç şübhəsiz, öz növbəsində ölkəmizdə yüksəkixtisaslı mütəxəssis hazırlığının keyfiyyətinin daha da artırılmasına ciddi təkan verəcək. Xüsusən, Prezidentin “Azərbaycan Respublikasının ali məktəblərində Prezident təqaüdünün təsis edilməsi haqqında” 3 sentyabr 2001-ci il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 14 fevral tarixli Fərmanı bu məsələyə də yenidən qayıtmağı və Prezident təqaüdünün mövcud 180 manatdan 210 manata çatdırılması yüksək istedadlı tələbələrə əlavə qayğının göstərildiyini nəzərə çarpdırır. Bu, həm də respublikamızda Prezident təqaüdlü tələbələrin və məzunların reytinqinin yüksəldilməsinə də meydan açacaq”.
Akademik bildirib ki, eyni zamanda, Prezident Sərəncamına uyğun olaraq təqaüdlərin artırılması ödənişli əsaslarla oxuyan tələbələri də əhatə edəcək: “Bu da ölkəmizdə özəl ali təhsil sektorunun da inkişaf etdirilməsinə, təhsilin bu sektorunda təhsil alan tələbələrin də normal ali təhsil almalarına stimul verəcək. Sərəncamda peşə məktəbi müdavimlərinin də nəzərdə tutulması son illərdə özünün yenidən inkişafına başlamış peşə təhsilinə marağı bir qədər də artırmağa xidmət edəcək. “Tələbə təqaüdləri faktorunun dövlət siyasətinin diqqət mərkəzinə çəkilməsi təhsil kredit fondu yaradılması məsələsini yenidən gündəmə gətirir. Məlum olduğu kimi, həmin istiqamətdə artıq ilk addımlar atılıb. Təhsil Nazirliyi xətti ilə yaradılmış “Maarifçi” təhsil kredit mərkəzi 2016-cı ildən ödənişli əsaslarla oxuyan tələbələrə kiçik faizlə uzunmüddətli kreditlərin verilməsini həyata keçirməkdədir. “Maarifçi” təhsil kredit mərkəzi hələlik ölkəmizdə fəaliyyət göstərən 14 ali məktəbin ayırdığı müəyyən bir maliyyə vəsaiti hesabına fəaliyyət göstərdiyi üçün ehtiyacı olan tələbələrin yalnız az bir qismini əhatə edə bilmişdi. Bizdə olan məlumata görə, bu vaxtadək iki yüz nəfərdən bir qədər artıq tələbə kredit fondundan faydalana bilib. Nədənsə ölkəmizin sahibkarları bu cəlbedici sahəyə maraq göstərmirlər. Təhsil kredit fondu ilə əlaqəli işləmək bir qədər uzun vaxt tələb edən məsələ olmasına baxmayaraq, dünyada sərfəli biznes sahələrindən biri hesab olunur. Həm də nəzərə almaq lazımdır ki, ehtiyacı olan tələbələrin təhsilini davam etdirməsinə və başa çatdırılmasına qoyulan maliyyə vəsaiti nəticə etibarilə ölkəmizin gələcəyinə yatırılmış yatırım olduğu üçün maddi qazancdan çox mənəvi borc kimi də mühüm əhəmiyyətə malikdir. Düşünürəm ki, sahibkarlar ölkə gəncliyi üçün əhəmiyyətli olan bu sahəyə diqqət yetirəcəklər”. AMEA-nın vitse-prezidenti diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Milli Məclisində “Təhsil kreditləri haqqında” xüsusi Qanunun hazırlanmasına təşəbbüslər göstərilib, hətta müəyyən Qanun layihəsi də hazırlanıb. Qanun layihələrini yalnız ilkin kapital qoyuluşu məsələsində mövcud olan problemə görə gündəmə gətirmək mümkün olmayıb. Ümid edirik ki, Prezidentin tələbə gəncliyinə göstərdiyi müstəsna qayğıdan sonra sahibkarlar mühitində də bu istiqamətdə canlanma baş verəcək”.
Akademik bildirib ki, Prezidenti İlham Əliyevin doktorantların, magistrlərin və tələbələrin təqaüdlərinin artırılması sahəsində atdığı böyük addımlar ölkəmizin tələbə gəncliyinə göstərilmiş böyük qayğının daha bir əməli ifadəsidir: “Azərbaycan ziyalıları, təhsil ictimaiyyəti, çoxminli tələbələr – ölkəmizin yeni gənc nəsli möhtərəm Prezidentimizin müstəqil dövlətimizin daha parlaq gələcəyi naminə tələbə gənclərə göstərdiyi qayğını yüksək qiymətləndirir və dövlət başçısının respublikamızın daha böyük inkişafı üçün atdığı addımları xalqımız sabahına hesablanmış, düşünülmüş və məqsədyönlü tarixi qərarlar kimi qəbul edirlər. Bütün bunlar həm də tələbələrin üzərinə böyük vəzifələr qoyur. İnanırıq ki, tələbələrimiz daha səylə oxuyaraq, müstəqil Azərbaycan dövlətinin ümidlərini doğrultmaq, ölkəmiz üçün yüksək hazırlıqlı, vətənpərvər kadr potensialına çevrilmək üçün var qüvvə ilə çalışacaqlar”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info