“Şamaxı Cümə məscidinin açılışı bizim üçün böyük əhəmiyyət kəsb edir”
Tarix: 22.07.2013 | Saat: 22:48:00 | E-mail | Çapa göndər


“Yeni istifadəyə verilən Uşaq Yaradıcılıq Mərkəzində tədris sinifləri
və digər yardımçı otaqlar ən müasir avadanlıqla təchiz edilib”


Layihə çərçivəsində müsahibimiz Şamaxı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Məleykə Kamilovadır. Şöbə müdiri qəzetimizə müsahibəsinə rayonun mədəniyyət müəssisələri haqqında məlumat verməklə başladı:

- Şamaxı rayon Mədəniyyət və Turizm Şöbəsi özündə Tarix-Diyarşünaslıq Muzeyini, Heydər Əliyev Mərkəzini, Mirzə Ələkbər Sabirin ev muzeyini, Dövlət Rəsm Qalereyasını, Uşaq musiqi məktəbini, Uşaq incəsənət məktəbini, Şirvan kinoteatrını, 2 şəhər, 43 kənd kitabxanasını, mədəniyyət mərkəzini, 7 kənd folklor evini, kənd sənətkarlıq evini, 10 diyarşünaslıq klubunu, 8 abidə mühafizini birləşdirir. İl ərzində rayonumuzda müxtəlif tədbirlər keçirilir. İlin əvvəlinən 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində “Şəhidlər ölmür” adlı fotoguşə, “Qanlı misralar” filminin nümayişi, rayon Mədəniyyət mərkəzində “ Azadlığa gedən yol” ədəbi-bədii kompozisiya, Tarix-Diyarşünaslıq Muzeyində, Mirzə Ələkbər Sabirin ev muzeyində “Əsrimizin faciəsi” adlı sərgi, Mərkəzi kitabxanada foto və kitab sərgisi, kənd mədəniyyət müəssisələrində anım mərasimləri keçirilib. Heydər Əliyev parkında 2 Fevral Gənclər Günü münasibətlə konsert, 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə “Dilimizi sevək, sevdirək”, Mədəniyyət mərkəzində şeir-mahnı müsabiqəsi təşkil edilib. Xocalı faciəsinin növbəti ildönümü münasibətilə “Xocalı faciəsi bəşəriyyətin dəhşətli faciəsidir” adlı ədəbi bədii kompozisiya, Tarix-Diyarşünaslıq Muzeyində fotosərgi təşkil edilib. 8 Mart qadınlar bayramı, Novruz bayramı münasibətilə müxtəlif tədbirlər, teatrlaşdırılmış bayram şənliyi böyük maraqla qarşılanıb. Xüsusilə dekorativ tətbiqi sənət nümunələri, milli mətbəximizdə təamlar, yerli sənətkarların əl işləri, hər bir kəndin özünəməxsus adət-ənənəsi, sənətkarlıq nümunələri və s. bayrama əlavə rəng qatıb. 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Heydər Əliyev Mərkəzində dəyirmi masa, Mərkəzi kitabxanada sərgi, Mədəniyyət mərkəzində “Şamaxı faciəsi” filminin nümayişi təşkil olunub.
9 may faşizm üzərində tarixi qələbənin ildönümü ilə əlaqədar veteranlarla rayon ictimaiyyətinin görüşü, “İncə tellər ”aşıqlar ansamblının konserti razılıqla qarşılanıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Heydər Əliyev parkında konsert, Heydər Əliyev Mərkəzində dəyirmi masa, «Müasir Azərbaycanın qurucusu» adlı elmi-praktiki konfrans, rəsm sərgisi, Tarix-Diyarşünaslıq Muzeyində, Mərkəzi kitabxanada “Vətənin böyük oğlu” adlı kitab sərgisi, kənd mədəniyyət müəssisələrində mədəni kütləvi tədbirlər keçirilib.
Bizim üçün bu ilin ən əsas hadisəsi dövlət başçımızın iştirakı ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı bərpa edilən və yenidən qurulan Şamaxı Cümə məscidinin açılışıdır. Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidinin istifadəyə verilməsi ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir. Müsəlman aləminin ən müqəddəs ibadətgahlarından olan Şamaxı Cümə məscidi əsaslı bərpa və yenidənqurmadan sonra xalqın istifadəsinə verildi.
Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi 743-cü ildə inşa olunub. Bu məscid respublikamız üçün çox böyük əhəmiyyət kəsb edir. 1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı aktı həyata keçirib. Ən böyük qırğın Cümə məscidində baş verib. Azərbaycan-Şərq memarlığının incisi olan bu abidə artıq yeni həyatını yaşamağa başlayıb. Yenidənqurma işləri ilə yanaşı, Şamaxı Cümə Məscidi Dövlət Tarix-Memarlıq abidəsinin ətrafında qədim hücrələr də bərpa olunmaqla əsaslı abadlıq işləri aparılıb. Şamaxı Cümə məscidi müstəqilliyin verdiyi imkanlardan maksimum bəhrələnən xalqımızın və Azərbaycan dövlətinin milli mənəvi dəyərlərə, dini etiqad və vicdan azadlığına yüksək münasibətinin bariz nümunəsidir. Heydər Əliyev Fondu tərəfindən Şamaxıda inşa olunmuş Uşaq Yaradıcılıq Mərkəzinin də açılışı olub. Bu incəsənət ocağı musiqi məktəbi kimi 1959-cu ildən fəaliyyət göstərir. 1995-ci ildə isə həmin məktəbin bazasında Uşaq incəsənət məktəbi yaradılıb. Məktəb 1984-cü ildən yararsız binada fəaliyyət göstərirdi. On bir şöbədən ibarət müəssisədə 70 müəllim çalışır, 384 şagird musiqi təhsili alır. Bina uzun illər əsaslı təmir olunmadığına görə tam yararsız vəziyyətə düşmüşdü. Azərbaycan mədəniyyətinin hamisi Heydər Əliyev Fondunun təşəbbüsü ilə həmin ünvanda Şamaxı Uşaq yaradıcılıq mərkəzi üçün üçmərtəbəli yeni müasir bina inşa edilib. Mərkəzdə ümumilikdə 54 tədris, iki qrim, iki rəsm, iki rəqs və digər yardımçı otaqlar, akt zalı, sərgi salonu yaradılıb. Burada tar, kamança, piano və digər musiqi fənləri tədris olunacaq. Tədris sinifləri və digər yardımçı otaqlar ən müasir avadanlıqla təchiz edilib.
- Bu il də Sabir poeziya bayramı keçirildimi?
- Bəli, mayın 31-də Şamaxı şəhərində ənənəvi Sabir poeziya bayramı keçirildi. Sabir poeziya bayramının rəsmi hissəsi görkəmli şairin ev muzeyində başlanıldı. Tədbirdə bu bayramın tarixindən, əhəmiyyətindən geniş bəhs edildi. Şair və yazıçılardan Fikrət Qoca, Məmməd Aslan, Oqtay Rza, Əli Əmirli və başqaları çıxış edərək ustad sənətkara sonsuz ehtiramlarını ifadə etdilər. Tanınmış el sənətkarı Aşıq Ağamurad İsrafilovun və Şamaxı məktəblilərinin çıxışları Sabir poeziya bayramına xüsusi ovqat qatdı. Bundan savayı AMEA-nın Folklor İnstitutunun və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon mərkəzindəki Mədəniyyət sarayında “Folklorun toplanması və sistemləşdirilməsi problemləri” mövzusunda elmi konfrans keçirildi. Konfransda folklor materiallarının toplanılması, sistemləşdirilməsi və araşdırılması əsas müzakirə mövzusu oldu. Bölmə iclaslarında folklor üzrə alimlərin və gənc tədqiqatçıların məruzələri dinlənildi və təhlil edildi.
- Rayonda qeyd edilən tatarların “Sabantuy” bayramı haqqında nə deyə bilərsiniz?
- Əvvəla, onu qeyd edim ki, bu gün müstəqil Azərbaycan Respublikasında yaşayan müxtəlif xalqların nümayəndələri də mövcud imkanlardan bərabər qaydada bəhrələnərək öz adət-ənənələrini qoruyub saxlayır və mədəniyyətlərini inkişaf etdirirlər. Ötən ay respublika “Tuqan tel” tatar mədəniyyəti cəmiyyətinin Şamaxı şəhərindəki Heydər Əliyev parkında qeyd etdiyi “Sabantuy” bayramı da bunu bir daha təsdiqləyir. “Sabantuy” tatarların xalq bayramı olmaqla onların unikal adət-ənənələrini hələ də özündə yaşadır. YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilən bu bayramda respublikamızda yaşayan digər xalqların nümayəndələri də fəal iştirak edirlər. Bu baxımdan qədim Şirvan torpağında keçirilən bu tədbirdə tatarlarla yanaşı, Azərbaycan, rus, ləzgi, avar və digər xalqların incəsənət ustaları öz bacarıqlarını nümayiş etdiriblər. Bayram mərasimi ilə əlaqədar tədbirdə çıxış edən respublika “Tuqan tel” tatar mədəniyyət mərkəzinin sədri Gülcan Myasoutova tatar xalqının milli bayramı olan “Sabantuy” bayramının Şamaxı rayonunda yüksək səviyyədə qeyd olunması ilə bağlı tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi, bu əlaqələrin bundan sonra da davamlı olacağını qeyd etdi.
- Bu yaxınlarda Aşıq Məmmədağa Babayevin 80 illik yubileyini də qeyd etmisiniz.
- Bəli, iyulun 11-də rayon Mədəniyyət sarayında Aşıq Məmmədağa Babayevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı Şirvan aşıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Aşıq Məmmədağanın həyatı və yaradıcılığı haqqında ətraflı bəhs etdi. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Şamaxı torpağının layiqli yetişdirmələrindən olan Aşıq Məmmədağa Babayevin anadan olmasının 80 illik yubileyinin təntənəli şəkildə ölkə səviyyəsində qeyd edilməsi ilə bağlı ölkə rəhbərliyinə minnətdarlığını bildirdi. Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Seyfəddin Qəniyev, filologiya elmləri üzrə fəlsəfə doktoru Elxan Məmmədli və başqaları bildirdilər ki, Şamaxı tarixən Şirvan aşıq məktəbinin mərkəzi olub. XX əsrin 50-ci illərindən sonra bu məktəbin inkişafında bir çox görkəmli sənətkarlarla yanaşı, Aşıq Məmmədağanın da xüsusi xidmətləri olub. O, ulu sənətin sirlərini Şirvan aşıq mühitinin dədə sənətkarı sayılan ustad Aşıq Mirzə Bilalın şagirdi Aşıq Abbasdan alıb. Aşıq Məmmədağanın 80 illik yubileyinə həsr olunmuş tədbirdə respublikanın Xalq artistləri Mələkxanım Əyyubovanın, Möhlət Müslümovun, Fəxrəddin Dadaşovun, tanınmış aşıqlardan Əhliman Şirvanlının, Əli Tapdıqoğlunun, Ağamurad İsrafilovun, Yanvar Bədəlovun, Vüqar Mahmudoğlunun və başqalarının çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Anar MIRIYEV





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info