ATƏT PA-nın sessiyasında münaqişənin həli üçün minimal tələblər açıqlanıb
Tarix: 22.02.2019 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, fevralın 22-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyası işinə başlayıb. Ötən gün ATƏT PA-nın brinci komitəsi sayılan Siyasi Komitədə “Uzanan münaqişələrin həlli: ATƏT-in alət və mexanizmləri” mövzusunda xüsusi debat təşkil olunub. Debatda Azərbaycan nümayəndə heyətinin üzvü, ATƏT PA vitse- prezidenti Azay Quliyev çıxış edib.
“Digər münaqişələr haqqında məlumatların həmkarlarım tərəfindən təqdim ediləcəyini nəzərə alaraq, mən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti haqqında sizi qısaca məlumatlandırmaq istərdim” –deyən Azay Quliyev bildirib ki, son 3 ay ərzində biz Ermənistan və Azərbaycan arasında yüksək səviyyəli dialoqun yaradılması prosesində bir sıra müsbət siqnalların şahidi olmuşuq. Bu da, öz növbəsində müəyyən müsbət nəticələrə gətirə biləcək substantiv danışıqların intensivləşdirilməsi ilə bağlı ehtiyatlı optimizmin yaranması üçün imkan yaradır.
ATƏT vitse-prezidenti əlavə edib ki, mən hər iki ölkənin xarici işlər nazirlərinin işrirakı ilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan və Azərbaycan xalqlarının sülhə hazırlanmasına ehtiyacın olması haqqında bu yaxınlıqda yaydıqları bəyanatı da müsbət qarşıladığımı bildirmək istərdim. “Düşünürəm ki, bu mümkündür. Lakin, uzun müddətdir davam edən düşmənçiliyi nəzərə alaraq, digər məsələlərlə yanaşı, münaqişə tərəfləri arasında nəticəli danışıqlar şəraitin və ya etimadın yaradılması üçün bir neçə vacib addım atılmalıdır”.
Azay Quliyev maraqla qarşılanan çıxışında “Nə etmək mümkündür?” sualına aydınlıq gətirib. “Biz ən sadə addımlardan başlaya bilərik. Məsələn, bir neçə ay əvvəl rəsmi Bakı "hamının-hamıya" prinsipi əsasında Ermənistan və Azərbaycanda olan və Qırmızı xaç komitəsində qeydiyyatdan keçən arasında əsir və girovların mübadiləsinə dair təşəbbüslə çıxış etmişdir. İnanıram ki, bu, daha mürəkkəb məsələlərin həlli yolunda başlanğıc nöqtəsi rolunu oynaya bilər. Ancaq təəssüf ki, Ermənistan bu təklifə və Azərbaycanın xoş məramına hələ də müsbət reaksiya verməyib”.
Azay Quliyev bildirib ki, biz həm də dərhal Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunu başlaya bilərik. “Əminəm ki, bu cür əlaqələrin qurulması hər iki icmaya sülh şəraitində birgəyaşayışın zərurətini daha yaxşı anlamağa, eləcə də onların birgə yaşamalı olduğu ərazinin yekun hüquqi statusunun müəyyən edilməsi üçün ən optimal yolu tapmağa yardım edəcək”.
ATƏT vitse-prezidenti ümid edir ki, regionumuzda sülhün və təhlükəsizliyin bərqərar olunması naminə Ermənistanın yeni nümayəndə heyəti bu iki aktual və perspektivli təklifi dəstəkləyəcək.
“Bu addımlar həm də artıq neçə ildir ki, ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin dövlət başçılarının, yəni ABŞ, Rusiya Federasiyası və Fransa prezidentlərinin tələb etdiyi status-kvonun dəyişdirilməsini nəzərdə tutur. Status-kvonun dəyişdirilməsi isə öz növbəsində Dağlıq Qarabağ regionuna aidiyyəti olmayan 7 rayonumuzun Ermənistan tərəfindən tədricən işğalının dayandırılmasını və azad edilməsini nəzərdə tutur”-deyən Azay Quliyev əlavə edib ki, ölkələrimizin xarici işlər nazirləri mərhələli yanaşmanı tam olaraq dəstəkləyən Madrid prinsipləri formatında münaqişəni həll etməyə hazırdırlar.
“Bir halda ki, biz bu gün hər iki ölkə xalqlarının sülh prosesinə hazırlanmasından danışırıq, o zaman mən Ermənistanın yeni rəhbərliyini Azərbaycanın işğal edilmiş ərazilərində bütün növ qanunsuz iqtisadi fəaliyyətləri və təbii resursların istifadəsini dayandırmağa çağırmaq istərdim”- deyə çağırış edən ATƏT PA vitse-prezidenti Ermənistanı qanunsuz hərbi təlimləri, suriyalı qaçqınların işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırılmasını, eləcə də Azərbaycan xalqının mədəni və tarixi abidələrinin dağıdılması və ermıniləşdirilməsini dayandırmağa çağırıb.
Azərbaycan nümayəndə heyətinin üzvü çıxışını “Bütün bunlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək və xalqlarımızı dayanıqlı və uzunmüddətli sülhə hazırlamaq üçün ən minimal tələblərdir” fikri ilə bitirb.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
Yeri gəlmişkən, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanatı şərh edən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini, professor Elçin Əhmədov bildirib ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına uydurma “böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə 1905-1906-cı, 1918-1920-ci, 1948-1853-cü, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı, terror, deportasiya və etnik təmizləmə kimi cinayətlər törədiblər: “XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb. Bununla yanaşı, Dağlıq Qarabağ bölgəsindəki azərbaycanlılar yaşayan 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı və digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırılıb, dağıdılıb və talan edilib. Ümumilikdə, Ermənistanın bu hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən, sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalıya hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılıb, yandırılıb və insanlar xüsusi qəddarlıqla qətlə yetirilib. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca idi. Səkkiz ailə tamamilə məhv edilib. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib, başları kəsilib, yaxud başlarının dərisi soyulub, gözləri çıxarılıb, hamilə qadınlar süngü ilə deşik-deşik edilib. Xəsarət alanlardan 487 nəfəri şikəst olub ki, onlardan 76 nəfəri azyaşlıdır. Son illərdə Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər daha ciddi nəticələr verməkdədir. Artıq ABŞ-ın 20-dən çox ştatı və 15-ə qədər ölkənin qanunverici orqanları Xocalı faciəsinin soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınması barədə qətnamə qəbul ediblər. Eləcə də İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı soyqırımı və insanlığa qarşı cinayət hadisəsi kimi tanıyıb, üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırıb. Hazırda Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması, qətliama ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən obyektiv qiymət verilməsi tarixi zərurət olaraq qalmaqdadır. Bəyanatda deyilir: “Xocalı soyqırımının 27-ci ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox olan azərbaycanlıları beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırır. Biz dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində məqsədyönlü şəkildə yüzlərlə uşaq, qadın və yaşlı insanın da daxil olduğu dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş bu qəddarlığı insanlıq əleyhinə cinayət və soyqırımı aktı kimi tanımağa çağırırıq. Biz humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Baş Nazirin müavini Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini məlumatlandırıb
16.07.2019
Bakı və Brüsselin mövqeyi eynidir: Münaqişə Azərbaycanın ərazi bütövlüyü şərti ilə həll edilməlidir
15.07.2019
“Münaqişə həll olunandan sonra köçkünlərlə bərabər Qarabağ atlarının da Qarabağa qayıdışı baş verəcək”
11.07.2019
Donald Tusk işğalçı Ermənistanı məyus edib
10.07.2019
“Uber” Nyu-York şəhərində helikopter-taksi servisini istifadəyə verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info