“Aktyor və aktrisaların piarı aparılmalı, agentliklər yaradılmalıdır”
Tarix: 23.07.2013 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


Günel Məmmədova: “Xarici ölkələrdə aktyor və aktrisalar xüsusi agentliklərlə işləyirlər. Agentliklər onlara məxsus aktyorları həm saytlarında, həm də plan əsasında təbliğ edir, önə çəkirlər”

Layihə çərçivəsində müsahibimiz Gənc Tamaşaçılar Teatrının gənc aktrisası Günel Məmmədovadır:

-Mən 1987-ci ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının rus bölməsində almışam. Orta məktəb illərində fortepiano və rəqslə məşğul olmuşam. 2002-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada aktyorluğu fakültəsinə daxil olub, 2006-cı ildə universiteti bitirmişəm. Elə həmin ildən də Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlamışam. Teatr səhnəsində “Çimnaz xanım yuxudadır” , “Viktoriya” (Viktoriya), “Romeo Cülyetta” (Cülyetta), “Oliver Tvistin məcaraları” (Nensi), “Mən səni sevirəm” (Reyhan), “Çəkməli pişik” və s. tamaşalarda müxtəlif obrazları canlandırmışam. Fəaliyyətim kinoda “Yalan” filmiylə başlayaraq “Aktrisa”, “Tərsinə çevrilən dünya”, “Yuxu yaddaşı”, “Kişiləri qoruyun” filmləri ilə davam etdi. Viktoriya roluna görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin aktrisası” nominasiyasında mükafata layiq görüldüm. Hazırda isə “Ləkə” serialında baş rollardan birini oynayıram.
- Son vaxtlar ölkədə yayımlanan seriallardan biri olan “Ləkə”də siz ekran işlərinizdə fərqli ampluada qarşımızdasınız. Bu serialdakı Arzu obrazı sizi qane edir?
- Ssenarini oxuyan zaman Arzu obrazı məni özünə cəlb etdi, təsirləndim. Arzu çoxqatlı, mürəkkəb obrazdır və bir aktrisa üçün oynamağa kifayət qədər material var. O nə mələkdir, nə də iblis. Onun ətrafında sevimli rəfiqəsi, onu çox sevən əri, oğlu olmasına baxmayaraq, təhnadır və bu, onun ən böyük bədbəxtçiliyidir. “Ləkə”nin artıq 14 seriyası yayımlanıb. Arzunu hazırda tamaşaçılar mənfi obraz kimi tanıyır. Amma onun necə biri və niyə belə biri olması bir neçə seriyadan sonra bəlli olacaq. Onun ailə həyatı qurmamışdan öncəki həyatı, ailəliykən ərinə xəyanətinin səbəbi növbəti seriyalarda məlum olacaq. Əslində bir tərəfdən Arzunu tənqid edirəm, digər tərəfdən isə ona ürəyim yanır. Həyatında bircə dəfə əhatə olunduğu qəfəsdən azad olmağa, xoşbəxt olmağa çalışıb. Amma bacarmayıb, onu yenə qəfəsə salıblar. İlk seriyanın belə yüksək reytinq qazanacağını biz-yaradıcı heyət heç gözləmirdik. “Ləkə”nin ssenarisini türkiyəli Battal Qazi Karabulak yazıb, rejissor Kənan Mahmudov da çox gözəl quruluş verib. Aktyor heyəti də çox maraqlı oyun nümayiş etdiriblər, yəni bütün bu keyfiyyətlərinə görə seriala inanırdıq, tamaşaçıların onu rəğbətlə qarşılayacağını təxmin edirdik. Amma belə yüksək reytinqi ilk seriyadan əldə etmədiyimizi təsəvvür etmirdik. Bu da çox böyük sevincdir. Doğrusu, bütün efirlərdə yayımlanan serialların tanıtımı gedir. Amma hər bir serial yalnız bir seriyadan ibarət deyil, ilk seriyadan insanları cəlb edən serial sonradan gözlənilən nəticəni əldə etməyə də bilər. Bu baxımdan “Ləkə” ilk seriyadan indiyə qədər reytinqdə birinci yerdədir.
Obraza gəldikdə, bəzən mən Arzunu oynadığıma görə tamaşaçıların etirazları ilə qarşılaşıram. Tamaşaçılar serialın sosial şəbəkələrdəki səhifələrində Arzuyla bağlı birmənalı fikirlər səsləndirmirlər. Yəni, bizim cəmiyyət aktrisanı oynadığı roluna görə qiymətləndirir. Amma xaricdə belə deyil. Ona görə hələ də çərçivələrimi saxlamışam. Amma düşünürəm ki, bəzi səhnələrin olması çox normaldır. Hazırda Türkiyənin özündə belə açıq səhnələrdən istifadə olunur. Hələ digər ölkələri demirəm. Sadəcə özüm hazır olmalıyam. Çünki nəticədə mən tək deyiləm. Valideynlərim var, gələcəyim var, həyat yoldaşım olacaq. Yəni, bütün bunları nəzərə alsaq hazırki mühitdə mən o səhnələrdə çəkilmərəm. Xarici ölkələrdə qalası olsam, bəli, razılaşaram. Bizim qəribə psixologiyamız var. Hamımız Türkiyə, Rusiya, İtaliya seriallarına baxırıq və ordakı həmin səhnələrin olmasını normal qəbul edirik. Amma özümüzdə olanda top atəşinə tuturuq. Doğrusu, “Aktrisa” filmində rejissor Rövşən İsax məni bir az qorxutdu. Orda baş qəhrəmanın çimərlik geyimində səhnəsi vardı. Məhz o səhnəyə görə roldan imtina etdim. Türkiyədə “Türkan Şoray qanunları” deyə qanunlar mövcuddur-“Aktrisa” filminin qaralama versiyası hazır olanda Rövşən müəllim mənə materialı təqdim etdi və xüsusilə o səhnəni göstərdi. Düzü, deyim, peşman oldum. O film mənə dərs oldu və mənə elə gəlir ki, bəzi qaydalarımı sındıra bilmişəm. Əslində o səhnələrin vizual həlli rejissorun estetik zövqünü nümayiş etdirir. Görünür, aktrisalar bir az da rejissorlara güvənməlidirlər.
- Belə bir məlumat yayılıb ki, siz türk serialında da çəkiləcəksiniz. Bu nə dərəcədə doğrudur?
-Ötən ilin oktyabr ayında Türkiyənin “Nev yapım” prodüser şirkətinin rəhbəri Gülsün Çetinkaya və Zəhra Talıbova Bakıya gəldi. Onlar Azərbaycan və Türkiyə tarixinin əks olunduğu “Dağ qartalları” adlı serial çəkmək niyyətində idilər. Kastinqlər oldu və həmin serialda Sarı gəlin obrazını canlandırmaq mənə həvalə olunub. Bildiyim qədər hazırda serialın hazırlıq mərhələsidir. Artıq yayımlanacağı kanal da müəyyənləşib. Gözləyirik.
-Ümumiyyətlə, bizim aktyorların xarici ölkələrin film və seriallarında iştirak göstəricisi yüksək deyil. Bunu nə ilə əlaqələndirirsiniz?
-Mən deyə bilmərəm ki, bizim aktyorlar zəifdirlər. Bəli, zəif aktyorlarımız var, amma bizdə çox güclü aktyorlar da var. Bu, danılmazdır. Yəni, elə olmasaydı, Fəxrəddin Manafov, Mehriban Zəki, Rasim Cəfərov kimi aktyorlarımız xarici ölkələrdə xüsusilə Moskvada film və seriallarda çəkilməzdilər. Çəkilişləri başa çatan “Bakı, mən səni sevirəm” layihəsində də çoxlu sayda azərbaycanlı aktyorlar iştirak edib. Mən həmin layihədə italyan rejissoru Andre Badalonun novellasında rol almışam. Bilirsiniz, sistem olmalıdır. Aktyor və aktrisaların piarı aparılmalı, agentliklər yaradılmalıdır. Məsələn, xarici ölkələrdə aktyor və aktrisalar xüsusi agentliklərlə işləyirlər. Agentliklər onlara məxsus aktyorları həm saytlarında, həm də plan əsasında təbliğ edir, önə çəkirlər. Məsələn, “Aktrisa” filmində oynayan Alisa Kaçeri rejissor Rövşən İsax məhz saytlar vasitəsilə tapıb. Bizdə bu sistem yoxdur, ona görə xaricilər bizim aktyorları tanımırlar. Bizim fotolarımız burda fəaliyyət göstərən bir- iki prodüser mərkəzlərində saxlanılıb, qurulan əlaqələrin də əksəriyyəti məhz bu yolla olur. Bildiyim qədər bir ara Azərbaycanda Aktyorlar Gildiyasının yaratdığı sayt fəaliyyət göstərirdi, indi, deyəsən, daha yoxdur. Başqa tərəfdən də aktyorlarımız haqda internetdə, elə “wikipedia”nın özündə belə səhv məlumatlar yerləşdirilir. Aktyorların tanınması baxımından serialların mühüm əhəmiyyəti var. “Ləkə” mənim “Sirr”dən sonra çəkildiyim ikinci serialdır. Seriallara qədər xeyli sayda filmlərə çəkilsəm də, tamaşaçılar məni daha çox “Ləkə”dən tanıyırlar.
-Teatrda işləriniz necədir, serial və filmlər teatr işlərinə mane olmur ki?
- Teatrda “4 əkiz qardaşlar” tamaşasını təhvil verdik, orda baş qəhrəmanı oynayırdım. Qismət olsa, xorvatiyalı rejissorun səhnələşdirdiyi “Buratino” tamaşasında Malvina obrazını canlandıracağam. Hazırda serial və filmlərdə çəkilməyin, əlbəttə teatrdakı işlərimə təsir göstərir, amma bütün hallarda ortaq məxrəcə gəlməyə çalışıram.
-Aktrisaların əksəriyyəti seriallarda onlara verilən qonorarın məbləğindən narazılıqla danışırlar. Qonorarınız sizi qane edirmi?
- Bilirsiniz, bu aktyorların özündən asılıdır. Əgər kimsə sənin pulunu az verirsə, razılaşmayıb, o roldan imtina edə bilərsən. Bizdə problem odur ki, bizim aktyor və aktrisaların çoxu çəkilmək xatirinə az qonorara razı olurlar. Hətta bəzi insanlar pulsuz belə rol ifa edirlər. Bəlkə də kiminsə xətri naminə pulsuz çəkilmək olar, amma çəkilmək xatirinə çəkilməyi qəbul etmirəm. Təəssüflər olsun ki, aktyor və aktrisaların əksəriyyəti isə belədir. Onlar ümumi qonorar sistemini də aşağı salırlar. Şəxsən mən heç vaxt qonorarın məbləğinin aşağı düşməsinə imkan vermirəm, çünki bilirəm ki, bir dəfə aşağı qonorarla çəkilməyə razı olsam, bu, belə də davam edəcək. Açığı deyirəm, mənim də çox sıxıntılarım olub, amma dözmüşəm, razılığımı verməmişəm.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info