“Xocalı qırğını Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzün nəticəsidir”
Tarix: 27.02.2019 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


Fransa azərbaycanlılarının assosiasiyaları Xocalı soyqırımı ilə əlaqədar Emmanuel Makrona məktub ünvanlayıblar

Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı müxtəlif ölkələrin rəsmi orqanlarına müraciət və məktublar göndərilir. Belə ki, Fransa azərbaycanlılarının 10 assosiasiyasının rəhbərləri Xocalı qətliamı ilə bağlı Prezident Emmanuel Makrona məktub ünvanlayıblar. AZƏRTAC xəbər verir ki, məktubda Xocalı qətliamı haqqında ətraflı məlumat verilir. Fransa Prezidentindən Xocalı qurbanlarının xatirəsinin yad edilməsi üçün “Anım günü” elan etməsi istənilir.
Qeyd edilir ki, dünyada törədilmiş digər genosidlərdən fərqli olaraq Xocalı soyqırımının müəllifi özü bu qanlı hadisədə birbaşa əli olduğunu etiraf edib. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan britaniyalı jurnalistə Xocalı hadisələrini planlı şəkildə həyata keçirdiklərini, erməni silahlı qüvvələrinin bu cinayətdə rolunu açıq şəkildə etiraf edib. Bu, sonradan jurnalist Tomas de Vaalın “Qara bağ” kitabında göstərilib.
Məktubda uşaqlar, qadınlar və yaşlılar daxil olmaqla 613 azərbaycanlının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirildiyi, mindən çox insanın girov götürüldüyü diqqətə çatdırılır. Bildirilir ki, Xocalı qətliamı haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə 2008-ci ildə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası başladılıb. Bu beynəlxalq kampaniya çərçivəsində bəzi ölkələrin parlamentləri, eləcə də ABŞ-ın iyirmidən çox ştatı Xocalı qırğınını soyqırımı kimi tanıyıb. Eyni zamanda, ermənilərin azərbaycanlılara qarşı cinayətləri Avropa Şurası Parlament Assambleyası tərəfindən də pislənilib.
“Ümid edirik ki, Fransa bu beynəlxalq kampaniyadan kənarda qalmayacaq və Xocalı şəhərində törədilmiş kütləvi qırğına ədalətli şəkildə siyasi və hüquqi qiymət verəcək. İnsan hüquqlarının vətəni olan, müharibə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərin qurbanlarının xatirəsinin yad edilməsinə xüsusi əhəmiyyət verən Fransa Xocalıdakı kütləvi qırğını genosid kimi tanıyacaq və bu faciəvi hadisələrin qurbanlarının xatirəsini yad etmək üçün “Anım günü” müəyyən edəcək”, - deyə məktubun müəllifləri bildirirlər.
Məktubda vurğulanır ki, Xocalı qırğını Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzün nəticəsidir. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunu və onun ətrafındakı 7 rayonu, yəni, ölkə ərazisinin 20 faizini işğal edib. Bir milyondan çox azərbaycanlı bu təcavüzün qurbanı olaraq doğma yurdlarından didərgin düşüb. Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində həyata keçirdiyi etnik təmizləmədən qurtulan azərbaycanlılar ümid edirlər ki, onlar ədalətin bərpa olunduğunu görəcəklər. Xocalı müasir tarixin qanlı səhifəsidir. Xocalı soyqırımının tanınması, onun qurbanlarına münasibətdə ədalət nümunəsi xalqlarımızı birləşdirən dostluğun sübutu olacaq.

Ermənilər mənfur niyyətlərinə çata bilmədilər

Yeri gəlmişkən, Parisdə “FRA Nor-Seround” erməni gəncləri faşist təşkilatının fəalları Sen-Östaş kilsəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım tədbirinə mane olmağa cəhd göstəriblər.
Ermənilər iç üzlərinin açıldığını, beynəlxalq ictimaiyyətin onların iyrənc əməllərindən xəbər tutduğunu görərək daha da azğınlaşırlar. Ancaq onlar Xocalı qətilamının günahsız qurbanlarının xatirəsinin yad edilməsinə mane ola bilmədilər. Anım tədbiri planlaşdırıldığından da yüksək səviyyədə keçirilib.
Tədbirə dəvət olunan 300-dən çox fransız və müxtəlif xalqların nümayəndələri azərbaycanlıları tək qoymayıb, mərasimin sonunadək onlarla qalıblar. Onlar ermənilərdən kilsəni tərk etməyi tələb ediblər.
AZƏRTAC xəbər verir ki, Fransadakı səfirliyimiz və UNESCO yanında daimi nümayəndəliyimizin birgə təşkil etdiyi tədbirin başlanmasından əvvəl erməni aktivistlər kilsəyə soxulub, qonaqlara qarşı fiziki təcavüz edərək, onları təhqir ediblər. Bununla da bir daha özlərinin faşist simalarını həm fransızlara, həm də Parisdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə göstəriblər.
Erməni aktivistləri özləri də bilmədən bir daha nümayiş etdirdilər ki, onların mübarizəsi ədalət və həqiqət üçün deyil, türklərə qarşı sonsuz nifrətə əsaslanır. Özlərini həmişə qurban kimi qələmə verən ermənilər artıq xəbis niyyətlərini gizlədə bilmirlər.
Erməni mənşəli faşistlər “mənfur türk”, “öz ölkənizə qayıdın” deyə irqçi məzmunda şüarlar səsləndiriblər. Xatırladaq ki, bir neçə gün öncə yəhudi filosof Alen Finkielkrota qarşı edilən antisemit təcavüzdə də eyni sözlər səsləndirilib. Bu, ölkədə nifrət və azğınlığın baş alıb getdiyini göstərir.

ABŞ Helsinki Komissiyası Xocalı soyqırımı bağlı bəyanat verib

ABŞ Helsinki Komissiyası isə Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı bəyanat verib. AZƏRTAC xəbər verir ki, bəyanatda Xocalı şəhərinin məruz qaldığı misli görünməmiş qəddarlığın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, insan hüquq və azadlıqlarını pozduğu qeyd olunub. Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-inin 366-cı motoatıcı alayının köməyi ilə mühasirəyə alınmış Xocalı şəhərinə hücum edərək törətdiyi amansız hərəkətlərin dərin təsirlərinin indiyədək Azərbaycan xalqında hiss edildiyi bildirilib.
Bəyanatda bu faciənin anılmasının və həyatını itirmiş insanların xatirəsinin yad edilməsinin vacibliyi qeyd olunub və Azərbaycan xalqına dərin ehtiram izhar edilib.
1992-ci il fevralın 26-da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin yüzlərlə Azərbaycanlı qadın, uşaq və yaşlıları öldürdüyü qeyd olunub.
ABŞ Helsinki Komissiyasının sədri, Azərbaycan üzrə İşçi Qrupun üzvü, Nümayəndələr Palatasında Florida ştatını təmsil edən demokrat Əlsi Heystinqz Xocalı faciəsinin ildönümü ilə bağlı Konqresdə də ayrıca bəyanatla çıxış edib.
Konqresin üzvü öz bəyanatında 1992-ci ilin fevralın 26-da Xocalıda törədilmiş dəhşətli hadisələri anaraq 613 nəfərin amansızcasına qətlə yetirildiyini vurğulayıb. O, həmçinin 1994-cü ildə atəşkəs rejiminin əldə olunmasına baxmayaraq, Dağlıq Qarabağ daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu və 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində qaldığını vurğulayıb. Ə.Heystinqz Azərbaycanın qaçqın və məcburi köçkünlərinin həyat şəraitini yaxşılaşdırmaq üçün milyardlarla vəsait sərf edildiyini, regionun iqtisadi inkişafı naminə önəmli addımlar atıldığını qeyd edib.
Bəyanatda, həmçinin Azərbaycan hökumətinin yalnız regionun sabitliyinə töhfə verdiyi deyil, bütün dünyada terrorçuluğa qarşı mübarizədə ABŞ-ın etibarlı müttəfiqi olduğu bildirilib. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın dərhal Amerika xalqına həmrəylik nümayiş etdirərək bu mübarizədə ABŞ-a həlledici dəstək və yardım göstərdiyi, Əfqanıstanda “Sarsılmaz azadlıq” hərbi əməliyyatının bir hissəsi olaraq ABŞ-ın Azərbaycanın hava məkanından qeyd-şərtsiz istifadəsinə icazə verdiyini vurğulayıb. Bundan əlavə, Konqres üzvü beynəlxalq koalisiyanın Əfqanıstandakı hərbi qüvvələrə bütün tədarük və təchizatının Azərbaycanın təmin etdiyi quru və dəniz yolları vasitəsilə çatdırıldığını bildirib.
Sonda Ə.Heystinqz Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun üzvü kimi bu dəhşətli faciənin ildönümünün qeyd edilməsinin vacibliyini bildirib və Azərbaycan xalqına başsağılığını izhar edib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha optimist işarələrə ehtiyac var”
03.12.2019
Milli qəhrəmanlarımıza sonsuz ehtiramın nümunəsi
02.12.2019
Rusiya XİN: “Biz münaqişənin siyasi-diplomatik yolla həllinin tərəfdarıyıq”
28.11.2019
“Qafqaz regionuna terroru erməni siyasi təşkilatları gətirib”
26.11.2019
Münaqişənin həlli üçün Ermənistan qoşunları işğal edilmiş ərazilərdən çıxarılmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info