“Aranjiman və ifaçılıq işlərimiz bir çox ölkələrdə peşəkar musiqiçilər tərəfindən sevilərək dinlənilir”
Tarix: 27.02.2019 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Rüstəm Zeynallı:
“Rusiyalı jurnalist Mariya Suvorovskaya ilə Azərbaycanın tanıtım klipinin çəkilişləri planlaşdırılıb”

Bu gün Azərbaycanın xaricdə təbliğində və tanınmasında musiqimizin də önəmli rolu var. Sevindirici haldır ki, diasporumuzla yanaşı, ölkəmizdəki musiqiçilər də bu istiqamətdə aktiv çalışırlar. “Şeron” qrupunun bədii rəhbəri və solisti Rüstəm Zeynallı da bu baxımdan fəal incəsənət nümayəndələrindən biridir. O, bir çox xalqların bizim musiqimizi oğurlamasına qarşı davamlı olaraq mübarizə aparır. Eyni zamanda xaricdəki azərbaycanlı musiqiçilərin əsərlərini təmənnasız olaraq aranjiman edir. Bu yaxınlarda isə rusiyalı jurnalist Mariya Suvorovskaya ilə birgə Azərbaycanla bağlı tanıtım klipinin çəkilişini edəcəklər. Bu klipin də musiqisinin aranjimanı və studiya xərclərini Rüstəm Zeynallı təmənnasız olaraq etməyi öz üzərinə götürüb. Xatırladaq ki, Rüstəm Zeynallı 100-dən artıq mahnının həm söz, həm musiqi, həm də aranjiman, o cümlədən 30-dan artıq rəqs və instrumental musiqi müəllifidir. Kino sahəsində isə “Kəklikotu”, “Qulyabanı”, “Dmitriev 86”, “Qaragöz”, “Çat kapı aşk” kimi filmlərin musiqisi və aranjimanının müəllifidir.
- Öncə sizi tanımaq istərdik...
- Zeynallı Rüstəm Etibar oğlu. 14.01.1981-də Bakıda doğulmuşam. Atam professional rəqs dünyasının nümayəndəsidir. Anam kinematoqrafiya üzrə oxumağına rəğmən öz sahəsi üzrə çalışmayıb və bizim tərbiyəmizlə, təhsilimizlə məşğul olub. Ulu babamız memar usta Qəmbər Qarabaği, Şəki xan sarayı, Şuşa məscidi, Gəncə məscidi, Tac Mahal və digər dünyada tarixi abidələr kimi qeyd olunan əsərlərin müəlliflərindəndir. Məşhur cins olan Qarabağ atlarının da Hindistandan gətirilməsi məhz onunla əlaqələndirilir.
İlk dəfə uşaq yaşlarımda ata babam Şəhadət bəy mənə nəfəs alətlərində ifa etməyi öyrətdi, elə onun təşəbbüsü ilə də “Bülbül adına orta ixtisas musiqi məktəbi”nə, xalq çalğı alətləri fakültəsinə, tar sinfinə daxil oldum. Cabir müəllim, Etibar müəllim, Namiq Rzayev, Sərvər İbrahimov, Akif Novruzov, Əlibaba Məmmədov kimi sənətkarlardan dərs aldım.
Sonralar isə Konservatoriyada, Bakı Musiqi Akademiyası və Milli Konservatoriyada Oqtay Quliyev, Məmmədağa Kərimov və Vamiq Məmmədəliyev kimi ustad sənətkarlardan dərs almaq mənə nəsib oldu.
Babamdan xalq musiqimizi və muğamları, atamdan Azərbaycan və Qafqaz rəqs musiqisini öyrənməyim sonralar təhsil aldığım yerlərdə bunların möhkəmlənməsi və dünya musiqisini də əlavə olaraq mənimsəməyimə kömək etdi.
Daha sonra görkəmli bəstəkar, aranjimançı, gözəl insan və maraqlı pedaqoq Vaqif Gərayzadə ilə tanış oldum. Onun yanında təhsil almağa başladım və həmin illərdə artıq caz musiqisi, dünya etnik musiqisi, fərqli ifaçılıq manerası, aranjiman və orkestrləşdirmə kimi bir çox şeyləri öyrəndim.
Elə o illərdə də Vaqif Gərayzadənin əqli mülkiyyəti olan “Şeron” adı ilə özü tərəfindən qurulan vokal kvartetində fəaliyyətə başladım.
-Musiqinin aranjiman sahəsi Azərbaycanda nisbətən yenidir. Bu sahə nəzəri olaraq ölkəmizdə lazımi səviyyədə tədris olunurmu?
-Belə bir tədris müəssisəsi yoxdur. İndividual olaraq texniki məsələləri aranjimançılar ya bir-birindən öyrənir, ya da Türkiyə və yaxud Rusiya nümayəndələrindən soruşur. Mən də Türkiyənin nəşri olan əsaslı aranjiman və səsyazma texnikası haqqında kitab var. Nəsə lazım olanda əlavə ora baxıram.
-Ermənilər bizim musiqimizi oğurlayaraq öz adlarına çıxırlar. Buna qarşı olaraq hər hansı layihəniz olubmu?
-Bu mövzu illərdir müzakirə olunur. Bu istiqamətdə işimiz çox geniş şəkildə həyata keçirilib. İlk olaraq illər əvvəl musiqi analizi adı ilə bir çox qəzetlərdə məqalələrim dərc olunub. Və müzakirə olunan melodiyalar və musiqi alətləri haqqında əsaslı dəlilli məlumatlar media tərəfindən dərc olunub. Əfsus ki, yenə də böyük ehtimalla belə movzular davam olunmasına şərait yaradılmayıb.
Yazılardan "Şalaxo"nun (şələküm, şələ yüküm) yaranma tarixi, "Vağzalı" gəlin havası kimi tanıdığımız rəqsin tarixi, "Sarı gəlin", "Duy-duy" haqqında mövzuları göstərmək olar.
-Azərbaycan musiqisinin xaricdə təbliği ilə bağlı nə kimi işləriniz var?
-Çoxları bilir ki, aranjiman və ifaçılıq işlərimiz bir çox ölkələrdə peşəkar musiqiçilər tərəfindən sevilərək dinlənilir və forma etibarı ilə onlar tərəfindən oxşar stillər tətbiq edilir.
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinin Bruklin rayonunda konsert proqramı ilə çıxış etmişik. Əvvəl Ukraynada keçirilən “Şərq bazarı” ("Vostoçnıy bazar") adlı musiqi müsabiqəsində iştirak etmişdik. Türkiyənin məşhur klarnet ifaçısı Hüsnü Şenlendirici ilə bərabər akustik konsertimiz olub.
Həmçinin elə Hüsnünün ifasında səslənən, musiqisi Vaqif Gərayzadəyə aid olan "Neyləyək alınmadı" mahnısının melodiyasının aranjimanında harmonik back vokal formasını verərək ifa etmişik.
Yenə də Türkiyənin "Sıfırın altında" qrupu ilə bərabər "Lənkərandan İstanbula" folklor mahnısını yeni aranjimanda ifa etmişik.
Və bir də rusiyalı jurnalist Mariya Suvorovskaya ilə Azərbaycanın tanıtım klipinin çəkilişləri planlaşdırılıb.
-Rusiyalı jurnalist Mariya Suvorovskaya ilə birgə çəkəcəyiniz tanıtım klipinin Rusiya ilə Azərbaycan arasında mədəni körpünün yaranmasında nə kimi rolu var?
- Mariya Suvorovskaya Azərbaycan vurğunudur. Belə bir insanla bizi tanış etdiyinə görə Rusiyada yaşayan həmvətənimiz Səadət Qarayevaya təşəkkür edirəm.
Mariya Suvorovskaya, eləcə də onun kimi əcnəbi azərbaycansevərlərin xidmətləri diqqətdə olmalıdır və hər kəs onların Azərbaycanla bağlı gördüyü işlərə bacardığı dəstəyi verməlidir. Mariya xanımın Azərbaycanın tanıtımı ilə bağlı klip təşəbbüsü çox müsbət addımdır. Ümid edirəm ki, bu klip, eyni zamanda iki ölkə və xalq arasında mədəni birliyin nümunəsi olacaq.
Hazırda Mariya xanımla klipdə bərabər ifa etməyimiz və çəkilişlərdə iştirakımız müzakirə olunur. Tərəfimizdən çəkiləcək işin süjet xətti və məkanları haqqında məlumat verilməsini gözləyirik. Əgər ziddiyyətli bir şey olmazsa böyük məmnuniyyətlə iştirak edərik.
-Sizin heyət bu klipin çəkilişlərində hansı işləri öz üzərinə götürüb?
- Biz öz sıramızda ona öz sözlərinə yazılan mahnını aranjiman edərək dəstək veririk. Aranjiman, studiya xidmətləri və s.
-Yeni başqa hansı layihələr üzərində çalışırsız?
-Son işlərdən biri olan, müəllimimiz Akif İslamzadənin vaxtı ilə oxuduğu mahnıları əvvəlki aranjimanlardan ayırıb səsini yeni aranjimanda təqdim etməyimdir. Bu layihənin start olaraq 5 albomdan ibarət olması planlaşdırılır. Hazırda artıq 8 mahnıdan ibarət olan ilk albomun bütün işləri tamamlanıb və yəqin ki yaxın müddətdə təqdim olunacaq. Bu layihədə aranjimanlarım Vaqif Gərayzadənin nəzarəti altında həyata keçir və təbii ki, mənə çox dəstək olur.
Hazırda isə “Sinemazadə”nin növbəti filmi üzərində çalışmalar başlayır. Paralel olaraq Vaqif Gərayzadə və Akif İslamzadənin dəstəyi ilə öz albomumuz üzərində çalışırıq. Albomu solo ifalarım və “Şeron”la bərabər oxuduğumuz mahnı və kompozisiyalar təşkil edir. Həmçinin müəllimlərimizin arzusu ilə TUR konsertlər düzənləmək fikrindəyik.
Daha bir yeni layihəmiz-tanınmış fransız gitaraçısı Fregan ilə Bakıda hazırlıqlarımız gedir. Lahiyə çərçivəsində iyun ayında Bakıda keçiriləcək “Tar-Gitar” adlı festivalda bərabər akustik instrumental çıxışımız olacaq. Sonra isə eyni repertuarla Parisdə çıxış etməliyik. Planlaşdırılır ki, bu layihə ənənə xarakterində olaraq hər il keçirilsin.
Həmçinin ustad sənətkar Alim Qasımovun qızı, çox fərqli ifaçı Fərqanə Qasımovanın Heydər Əliyev adına sarayda keçirilmiş olan konsertlərinin aranjiman müəllifi kimi, indi isə həmin konsertlərdə ifa olunan kompozisiyaların albomunu hazırlayıram.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.05.2019
Musa Qasımlı: Biz yaşadığımız Qafqaz regionunda baş verən prosesləri dərindən öyrənməliyik
16.05.2019
General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
16.05.2019
“İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
16.05.2019
Gömrük Akademiyasının tələbəsi: “Əgər bu sistemdə işləmək istəyirsənsə, aşağı pillədən işləməyə başlamalısan”
15.05.2019
“Böyük təhlükə yaradan mikroorqanizmlərlə 10-20 ildən sonra heç antibiotiklər də bacarmayacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info