İtalyan senator: “Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu hərbi işğal altında saxlayır”
Tarix: 01.03.2019 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Stefano Luçidi: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışanda 1993-cü ildə qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xatırlamaq vacibdir”

ABŞ Konqresinin Reybörn binasında Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə ABŞ Konqresinin üzvləri Stiv Şəbot, Henri Kueyyar, Pol Qosar, Konqresin çoxsaylı əməkdaşları, ABŞ-dakı Azərbaycan icmasının və digər icmaların nümayəndələri iştirak ediblər. Hazırda ABŞ-da yaşayan, Xocalı faciəsinin canlı şahidi olan Anar Usubov tədbirə xüsusi qonaq qismində qatılıb. Tədbirdə Xocalı faciəsi ilə bağlı həqiqətlər geniş auditoriyanın diqqətinə çatdırılıb, həmin faciədə qətlə yetirilmiş insanların xatirəsi anılıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin vacibliyi bildirilib. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Xocalı faciəsinin tarixi barədə ətraflı məlumat verərək Xocalı qurbanlarının xatirəsini yad edib və bunun azərbaycanlılara qarşı törədilmiş soyqırımı olduğunu deyib, münaqişənin həlli istiqamətində Ermənistanın ciddi addımlar atmasının vacibliyini vurğulayıb. Səfir soyqırımı cinayətinin birbaşa iştirakçıları olan və qanlı cinayətin törədilməsini etiraf edən Ermənistan Respublikasının keçmiş rəhbərləri Robert Koçaryan və Serj Sarkisyanın hazırda Ermənistanda öz xalqlarına qarşı törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb edilmələri prosesinin getdiyini bildirib və bir gün sözügedən şəxslərin ölkəmizin Xocalı şəhərində insanlıq əleyhinə törətdikləri cinayətlərə görə də məsuliyyətə cəlb ediləcəklərinə ümidvar olduğunu qeyd edib. Konqresdəki Azərbaycan üzrə İşçi Qrupunun üzvü, Texas ştatını təmsil edən demokrat Henri Kueyyar çıxış edərək Xocalı faciəsində həyatını itirmiş insanların əziz xatirəsini anaraq Azərbaycan xalqının kədərini bölüşdüyünü bildirib.
Konqresmen Stiv Şebot: “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində qətliam törədib
Daha sonra Azərbaycan üzrə İşçi Qrupunun yeni respublikaçı həmsədri, Ohayo ştatını təmsil edən Stiv Şebot çıxış edib. Konqres üzvü 27 il öncə sovet qoşunlarının köməyi ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində qətliam törətdiyi, qadınlar, uşaqlar və yaşlılar daxil olmaqla 600-dən çox günahsız və silahsız Xocalı sakininin qətlə yetirildiyini vurğulayıb. S.Şebot bu acı faciənin ildönümündə Azərbaycanla birgə olduğunu və qətlə yetirilmiş insanların xatirəsinin unudulmadığını diqqətə çatdırıb. Bundan əlavə, Azərbaycanın ABŞ-ın strateji müttəfiqi olduğunu qeyd edən Konqres üzvü ölkəmizin enerji istehsalçısı kimi yalnız regionun deyil, eləcə də Avropanın enerji təchizatına verdiyi töhfəni təqdir edib. ABŞ və Azərbaycan arasındakı əməkdaşlığı və tərəfdaşlığı yüksək dəyərləndirən S.Şəbot Azərbaycanın Əfqanıstan məsələsində ABŞ-a göstərdiyi dəstəyə görə dərin minnətdarlığını ifadə edib.
Azərbaycan üzrə İşçi Qrupunun digər üzvü Pol Qosar illər öncə Xocalı şəhərində törədilmiş faciədə həyatını itirmiş insanların unudulmadığını və onların əziz xatirəsinin hər zaman anıldığını qeyd edib. ABŞ-da yaşayan Xocalı şəhər sakini Anar Usubov doğma şəhəri ilə bağlı qanlı yaddaşındakı acı xatirələrini auditoriya ilə bölüşüb, Xocalıdakı uşaqlıq illərindən və müharibə zamanı Xocalı qətliamında yaşadığı ağrılı-acılı, çətin günlərindən bəhs edib. Ailəsi və yaxınlarının başına gətirilən müsibətləri dilə gətirən Xocalı sakini oxuduğu məktəbin bombalandığı, yüzlərlə insanın necə əsir götürüldüyü və itkin düşdüyünü qeyd edib. Bu acı anların onun yaddaşında indi də canlı olduğunu və öldürülmüş ailə üzvlərinin və qohumlarının, itirilmiş uşaqlığının heç zaman geri qayıtmayacağını vurğulayıb. Öz doğma şəhəri Xocalı daxil olmaqla, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin və doğma yurd-yuvasına qayıtmağın onun üçün yeganə təsəlli olacağını qeyd edən A.Usubov dünyanın heç bir yerində insanların belə işgəncələrə məruz qalmayacağına ümidini ifadə edib. Anar Usubovun çıxışı tədbir iştirakçılarına dərin emosional təsir göstərib. Tədbirin sonunda cari ildə Xocalı faciəsi ilə bağlı Konqres üzvləri tərəfindən verilmiş bəyanatlar səsləndirilib və Xocalı qurbanlarının xatirəsinə ehsan verilib.

İtalyan senator Xocalı soyqırımı ilə bağlı bəyanat səsləndirib
İtaliya parlamentində İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, hakim “5 Ulduz Hərəkatı” partiyasının üzvü, senator Stefano Luçidi Senatın plenar iclasında Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə çıxış edib. Müasir tarixin qanlı faciələrindən olan Xocalı qətliamının 27-ci ildönümünün qeyd edildiyini diqqətə çatdıran senator deyib: “Dağlıq Qarabağ müharibəsi zamanı çoxlu sayda etnik mülki azərbaycanlı qətlə yetirilib. Ermənistan ordusunun Xocalı şəhərinə hücumu zamanı müxtəlif qiymətləndirmələrə görə 613 mülki şəxs öldürülüb, bir çoxları əsir götürülmüşdür. “Human Rights Watch” təşkilatı Xocalı qətliamını “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən böyük və dəhşətli qırğını” kimi təsvir edib. İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu hərbi işğal altında saxlayır. Ermənistan Azərbaycan ərazilərinin iyirmi faizini işğal edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışanda 1993-cü ildə qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd sənədini – 822, 853, 874 və 884 saylı qətnamələrini xatırlamaq vacibdir. Bu qətnamələr hələ də yerinə yetirilməyib. Həmçinin Avropa Parlamentinin 2013-cü il 23 oktyabr tarixli qətnaməsini xatırlamaq lazımdır. Bu qətnamədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tətbiqi yolu ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli dəstəklənir. Xatırlatmalıyam ki, Sovet İttifaqının dağılması və ittifaqı təşkil edən çoxsaylı etnik qrupların müstəqillik qazanması kontekstində sovet sisteminin çökməsindən sonra həmin etnik qruplar öz aralarında müharibəyə başladılar. Təəssüf ki, biz Balkan yarımadasında olduğu kimi gördük ki, keçmiş sovet respublikalarının müstəqillik hərəkatlarının doğurduğu müharibələr əsl soyqırımlar yaratdılar və başqasına münasibətdə bir etnik qrupun kökünü kəsmək məqsədilə əhaliyə zərbələr endirdilər. Dağlıq Qarabağ müharibəsi, ümumiyyətlə, az tanınıb, lakin bu gün də davam edir. Keçmiş qanunvericlik dönəmində münaqişənin yenidən alovlanması ilə bağlı narahatlığımızı ifadə etmişik, 2016-cı ilin 2-5 aprel tarixlərində Ermənistan və Azərbaycan qoşunları arasında toqquşmalar oldu. Ümid edirəm ki, tərəflər arasında dialoqun təşviq edilməsi üçün yeni təşəbbüslər irəli sürüləcək və beləliklə, uzun müddətdir davam edən münaqişə qəti olaraq həll ediləcək. Bu münaqişə hər an baş verə biləcək davamlı müharibə vəziyyəti yaratmaqla cəlb olunan ölkələrin cəmiyyətlərinə ağır təsir edir və göründüyü kimi bundan vətəndaşlar, demokratik qaydalar və gündəlik həyatın normallığı əziyyət çəkir. Arzu edirəm ki, soyuq müharibənin fəsadlarını nəhayət ki, aradan qaldırmaq üçün regionun bu iztirablarına son qoyaraq və müharibə qurbanlarına ədaləti təmin edərək, dialoqu təşviq etmək və tezliklə BMT-nin qətnamələrinə müvafiq olaraq sülhə nail olmaq üçün İtaliya hökuməti təşəbbüs irəli sürəcək”.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Baş Nazirin müavini Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini məlumatlandırıb
16.07.2019
Bakı və Brüsselin mövqeyi eynidir: Münaqişə Azərbaycanın ərazi bütövlüyü şərti ilə həll edilməlidir
15.07.2019
“Münaqişə həll olunandan sonra köçkünlərlə bərabər Qarabağ atlarının da Qarabağa qayıdışı baş verəcək”
11.07.2019
Donald Tusk işğalçı Ermənistanı məyus edib
10.07.2019
“Uber” Nyu-York şəhərində helikopter-taksi servisini istifadəyə verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info