Mənalı ömrün üfüqləri
Tarix: 06.03.2019 | Saat: 12:44:00 | E-mail | Çapa göndər


Xalqa, vətənə sədaqətli xidməti həyat kredosuna çevirən, saf, ülvi dəyərlərlə yaşayan və ömrünü-ömürlərə paylamaqla insanlıq zirvəsinə ucalan Məhbubə Şahbazovanın şərəfli ömür yolu çoxlarına örnək ola bilər. Bu işıqlı, nurlu ziyalı xanım 26 ildir Masallı rayonundakı Bədəlan kənd məktəbində gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Ötüb keçən illərinin hər biri onun həyatında, sənət taleyində neçə-neçə xoş, sevindirici izlər qoymuşdur. Zəngin mənəviyyatı, insanlara təmənnasız münasibəti fəaliyyətində əsas rol oynamaqla müasir cəmiyyətin inkişafına əvəzsiz töhfələr verir. Həmişə də dünyanı, insanı daha kamil görmək istəyi ilə çalışır. Məhz bütün bunlara görə də sənətinə qəlbən bağlı gözəl ziyalı, elini, yurdunu məhəbbətlə sevən sədaqətli insan, həqiqi vətəndaş olan Məhbubə müəllimədən danışmağın özü elə böyük xoşbəxtlikdir.
Bədəlan Masallı rayonunun qədim tarixə malik kəndidir. Bu yerlərin halal gün-güzəranı, mehr- məhəbbəti, düz ilqarı kökdən gəlmədir. Buranın mənəviyyat fəlsəfəsində olanlar yalnız qurmaq, yaratmaq, sevmək-sevilmək və gözəl arzularla dünyaya bağlanmaqdır. Kəndin hər ocağında xalqımızın ölməz ənənələrinə, ali mənəvi sərvətlərinə sönməz məhəbbət yaşayır. Məhbubə Şahbazovanın birinci xoşbəxtliyi belə bir elin qızı olmasıdır. Fəqət hər bir kəsin gələcək həyat yolu, mənəvi aləminin formalaşması, yaradıcılıq qabiliyyəti doğulub boya-başa çatdığı el-obasından, əhatə olunduğu mühitdən asılıdır. Məhbubə özünü biləndən yüksək mənəviyyatlı, nəcib istəkli, zəkalı, niyyəti xalqın, vətənin mənafeyi naminə yönələn sədaqətli adamların gözü ilə həyata baxır...
Məhbubə orta məktəbdə əla qiymətlərlə oxuyub. Uca zirvələr sorağında olan Məhbubənin ağılı, kamalı, gözəl əxlaqı, istəyi tanıyanları heyran qoyub. Bütün elmlərdən pay götürmək onun iç dünyasından qaynaqlanır. Mənəvi ucalığa, elmi dərinliyə yan aldıqca istedadı, qabiliyyəti çox yerə şaxələnir. Riyaziyyata, ədəbiyyata xüsusi maraq göstərir. Ürəyi ülvi hisslər, müqəddəs duyğularla döyünən məktəbli qız 6-cı sinifdən “Azərbaycan pioneri” qəzetinə yazılar göndərir. Yazdıqları dərin düşüncəyə söykənir, öz oxucusunu tapır. 9-cu sinifdə oxuduğu vaxt daha bir uğura imza atır. Qazax rayonunda keçirilən “ Səməd Vurğun əsərlərinin bədii qiraəti” üzrə respublika müsabiqənin qalibi olur. Daha sonra riyaziyyat üzrə də respublika müsabiqəsinin ən yüksək pilləsinə qalxır. Beləcə, orta məktəbi mükəmməl biliklə başa vurur.
Məhbubə Şahbazova vətən sevgisinə köklənən işıqlı arzularla 1984-cü ildə Bakı Dövlət Universitetinə üz tutur və Filologiya fakültəsinə daxil olur. Lap erkən yaşlarında könül bağladığı müəllim peşəsinə ilk cığır qoyur. Elə bunun kökündə də elinə-obasına bir ilahi sevgi dayanır.Onun ailə tərbiyəsi, dilimizə, ədəbiyyatımıza sonsuz məhəbbəti, özünəməxsus yaradıcılıq istedadı, nurlu fikirləri tələbəlik illərinə əzəmət, təravət qatır .Elmdə əldə etdiyi uğurlu əməllərlə tanınır, sevilir. Oxumaqdan, öyrənməkdən doymur, qarşıya qoyduğu ülvi məqsədlərə yüksək inamla gedir. Yaşadığı cəmiyyətin bahar ətirli, günəş donlu sabahı üçün ali savadlı müəllim kimi doğma Masallıya qayıdır. Bədəlan kənd orta məktəbində əmək fəaliyyətinə başlayır. İlk gündən öz işinə ürəkdən bağlanır. Səmimi davranışı, əsl müəllimə xas insani keyfiyyətləri birinci dərsdə elə özünü göstərir. Əlinə jurnal götürəndə peşəsindən zövq alır, sevib-seçdiyi dil-ədəbiyyat fənninin incəliyini, saflığını şagirdlərinə böyük həvəslə öyrədir. Gözünün nurunu, ürəyinin hərarətini, biliyini səxavətlə vətən övladlarına paylayır. Müəllim adının müqəddəsliyinə tapınmaqla istedadı, həyat eşqi, əməksevərliyi yurda sədaqət işığı saçır.
Gözəl pedaqoq, bu sahədə təmiz nüfuz sahibi olan Məhbubə müəllimə həmişə yenilik hissi ilə yaşayır, yaradıcı axtarışlar aparır, təşəbbüslər irəli sürür, xalqını, dövlətini sevən ləyaqətli vətəndaşlar yetişdirmək üçün əlindən gələni edir. O xoşbəxt müəllimdir ki, vətənin səadəti naminə çəkdiyi zəhmətə görə ucalığa yüksəlir. Necə deyərlər, bəşəriyyətin xilasına yönələn ali idealları ürəklərə yol aldıqca, yurd yerimiz bir daha kamilləşir, dahiləşir. Çünki Məhbubə müəllimənin saf düşüncəsindən, dürüst amalından pay götürənlər yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaqla, öz xalqına fayda verməyi bacarırlar. Məhbubə Şahbazova sənətini ilahi məhəbbətlə sevir, bütün varlığını, həyatının mənasını onda görür. Müəllimlik onun üçün hər şeydir. Ondan ötrü cənnət də, şöhrət də sinif divarları arasındadır. Hərtərəfli biliyə malik Məhbubə müəllimə şagirdləri qarşısına çıxanda yalnız düzlük, təmizlik, mənəvi saflıq könül dünyasına hakim kəsilir. Məhz buna görə də onun adına, özünə, orijinal dəst –xəttinə bütün Masallı camaatı böyük hörmət bəsləyir.
Bədəlan məktəbinin müəlliməsi Vüsala Əliyeva həmkarı haqqında ürək sözlərini belə bildirir:- Məhbubə müəllimə ülfət bağladığı peşəyə sədaqətlə xidmət edir, ona dəyər verməklə şərəfini uca tutur. Yüksək zəkası, vətənpərvərliyi, əxlaqi keyfiyyətləri kollektivimizdə nümunədir. O, elmlə müntəzəm məşğul olur, daim yeniliyə can atır. Məhbubə müəllimə həm də məktəbimizdə tədris işləri üzrə direktor müavinidir.İşgüzarlığı, təşkilatçılıq bacarığı, siyasi düşüncəsi təhsil ocağına uğur gətirir. Təcrübəsini, biliyini gənc həmkarlarından əsirgəmir. Onu da deyim ki, Məhbubə müəllimə gözəl qələm sahibi, incə ruhlu yaradıci insandır . Zəkasının nurundan qələminə süzülən fikir və düşüncələri saf, dərin olur, tez oxucunun ürəyinə yol tapa bilir. Söz sərraflığı “ Azərbaycan pioneri” qəzetindən başlanır. Daha sonra imzası “Azərbaycan gəncləri”, “ Çağırış”, “ Yeni həyat” qəzetlərinə ayaq açır. Bir müddət ədəbi-bədii qəzet olan “Qala”da ədəbi işçi olur. “ Orta təhsil “jurnalında pedaqoji mövzuda dərc etdirdiyi “Azərbaycan dilinin saflığı haqqında” yazısında son dərəcə zəngin olan dilimizin gözəlliyini sözün qüdrəti ilə canlandıra bilib. Yazdıqları vətənə sevgidən yaranır, dediyi söz insanları doğru yola çəkir.
Şair, Azərbaycan Yazıcılar və Jurnalistlər Birliyinin üzvü Şərafəddin İlkin deyir:- Məhbubə müəllimə xalqını, elini, yurdunu məhəbbətlə sevən əsl vətəndaş kimi minlərin qəlbində özünə yaxşı yer edib. Öz işini dərindən bilir, milli təhsilimizin inkişafına gözəl töhfələr verir. Hazırda respublikamızın çox yerində Məhbubə müəllimənin yetirmələri xalqın, dövlətin mənafeyi naminə dəyərli işlər görürlər. Sözün qısası, o, Azərbaycan xanımına məxsus, insanlığın zinəti sayılan bütün mənəvi dəyərləri xarakterində cəmləyib. Odur ki, ondan görüb-götürməyin özü səadətdir.
Məhbubə müəllimənin halal uğurları saysız-hesabsızdır. Onlardan bir neçəsini göstərmək yerinə düşər. 2013-2014-cü təhsil ilində Masallı rayon icra başçısı R. Hüseynovun təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə keçirilən “ Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub. 7 may 2014-cü ildə ümummilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr edilmiş “Təhsildə interaktiv texnologiyalar -2014” müsabiqəsində yüksək yer tutduğuna görə Təhsil Problemləri İnstitutu tərəfindən sertifikata layiq görülür. Rayondakı “ Dəfnə” liseyində açıq dərsləri təşkil olunub. 2018-ci ilin sentyabrında Bakı şəhərində keçirilən “ İbtidai sinif müəllimlərinin birinci Təhsil Forumunda iştirak etdiyi üçün sertifikat alıb. 2018-ci ilin iyun ayında “ Təhsildə keyfiyyət ili” ilə bağlı Bakı şəhərində keçirilən “ Pedaqoji mühazirələrin” final mərhələsində iştirak edib. 132-134 saylı təhsil kompleksində “ Azərbaycan dilinin tədrisində müasir təlim-texnologiyaların tətbiqi” mövzusunda məruzə oxuyub.Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşkil etdiyi təlimlərdə iştirak etmiş və 15-20 noyabr 2018-ci ildə Odlar Yurdu Universitetinin “ İnkişaf” Elmi Mərkəzi İctimai Birliyinin ümumorta və tam orta təhsil səviyyəsində Azərbaycan dili müəllimləri üçün “ Yazı işinin təşkili metodikası” ixtisasartırma təliminin rayon üzrə təlimatçısı kimi fəaliyyət göstərmişdir. O, həmçinin dəfələrlə rayon Təhsil Şöbəsi tərəfindən səmərəli pedaqoji fəaliyyətinə, eləcə də, təhsildə qazandığı uğurlara görə, fəxri fərmana layiq görülüb.
Məhbubə müəllimə bu günümüzə, sabahımıza gur işıq çiləyə-çiləyə ləyaqətli, şərəfli bir həyat yolu keçir. Bütün istəyini xalqının maariflənməsi işinə həsr etdiyinə görə özünü dünyanın xoşbəxti sayır.
Zəfər Orucoğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü




 
Bölməyə aid digər xəbərlər
27.05.2020
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır
27.05.2020
Məktəbdaxili qiymətləndirmələr 15-25 avqust tarixlərində aparılacaq
26.05.2020
“Filologiya elmlərində yeni araşdırma və tədqiqat metodları”
26.05.2020
“Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir”
26.05.2020
ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11531

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır-VİDEO
3 İşğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma “andiçmə” mərasiminin heç bir hüquqi əsası yoxdur
4 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
5 Energetika nazirinə yeni müavin təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info