Aİ komissarı Paşinyanın təklifini rədd etdi: “Ən yaxşısı indiki formatı saxlamaqdır”
Tarix: 06.03.2019 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Yohannes Han: “Yenilik xətrinə hansısa yeni bir şeyə ehtiyac yoxdur. Ümumi planda isə, söhbət etimad tədbirlərindən gedir”

“Azərbaycan tərəfi görüşləri sadəcə görüşlər naminə keçirmir və beynəlxalq ictimaiyyəti belə görüşlərlə xoş niyyətinə inandırmaq kimi məqsədi də yoxdur. Bizim məqsədimiz birdir, qətidir və hüquqi əsaslıdır: Biz Ermənistan tərəfindən beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozularaq işğal edilən ərazilərimizin azad olunması və bu ərazilərə yerli azərbaycanlıların köçürülməsini sülh yolu ilə təmin etmək məqsədilə danışıqlar aparırıq”

“Ermənistan vətəndaşları adından danışmağa mandatı olduğunu bəyan edən bu ölkənin siyasi rəhbərliyinə bildirmək istərdik ki, belə olduğu təqdirdə Tavuş, Sünik və digər ərazilərdən olan və Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət göstərən Ermənistan vətəndaşları adından danışsın”

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han Brüsseldə səfərdə olmuş Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların formatının dəyişdirilməsi, Qarabağ ermənilərinin də bu prosesdə iştirakının təmin edilməsi təklifinə mənfi cavab verib. Mətbuat konfransında Ermənistan baş nazirinə cavab verən Yohannes Han “təkcə yenilik xətrinə” hansısa yeni mexanizmin icad olunmasına gərək olmadığını, indiki format üzrə hərəkət etməyin zəruriliyini vurğulayıb. Aİ-nin komissarı əlavə edib ki, Ermənistan və Azərbaycan rəhbərlərinin və xarici işlər nazirlərinin ilk görüşləri optimizm üçün əsas verir, lakin bu məsələdə konkret tərəqqidən danışmaq hələ tezdir. “Söhbət bizim danışıqlar prosesinə dəstəyimizdən gedirsə, düşünürəm ki, ən yaxşısı indiki formatı saxlamaqdır. Yenilik xətrinə hansısa yeni bir şeyə ehtiyac yoxdur. Ümumi planda isə, söhbət etimad tədbirlərindən gedir” -deyə Han vurğulayıb. O qeyd edib ki, Aİ Cənubi Qafqaz regionu ölkələri arasında əməkdaşlığa, xüsusən insanların bir-birinə yaxınlaşmasına kömək edə bilər.
“Biz Ermənistan tərəfindən işğal edilən ərazilərimizin azad olunması məqsədilə danışıqlar aparırıq”
Qeyd edək ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin bu ölkənin ictimai televiziyasına verdiyi müsahibəsi ilə əlaqədar açıqlamasını şərh edib: “Ermənistan xarici işlər nazirinin bu ölkənin ictimai televiziyasına müsahibəsində Ermənistanın siyasi rəhbərliyi tərəfindən verilən bəyanatlar təkrar olunur. Ermənistan Baş nazirinin Dağlıq Qarabağdakı insanlar adından danışa bilməyəcəyi, onun “Tavuşdan Sünik ərazisinədək yaşayan Ermənistan sakinləri adından danışmaq ixtiyarının olduğu” iddia edilir. O zaman daha öncə səsləndirdiyimiz sualı bir daha qeyd etmək istərdim: belə olduğu təqdirdə seçkilər zamanı ona səs vermiş Ermənistan vətəndaşı olan gənclərin Azərbaycanın işğal olunmuş ərazilərində nə işi var?!”. Leyla Abdullayeva bildirib ki, Ermənistan naziri bu il yanvarın 16-da Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən verilmiş bəyanatı xatırlamaya bilər: “Lakin ötən il dekabrın 6-da Milanda şəxsən özünün də razılığı ilə qəbul edilmiş birgə bəyanatı yəqin ki, unutmayıb. O bəyanatda deyilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri münaqişənin ədalətli və davamlı sülh yolu ilə həlli üzrə işləməyi davam etdirəcəklər. Azərbaycan tərəfi görüşləri sadəcə görüşlər naminə keçirmir və beynəlxalq ictimaiyyəti belə görüşlərlə xoş niyyətinə inandırmaq kimi məqsədi də yoxdur. Bizim məqsədimiz birdir, qətidir və hüquqi əsaslıdır: Biz Ermənistan tərəfindən beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozularaq işğal edilən ərazilərimizin azad olunması və bu ərazilərə yerli azərbaycanlıların köçürülməsini sülh yolu ilə təmin etmək məqsədilə danışıqlar aparırıq. Ermənistan vətəndaşları adından danışmağa mandatı olduğunu bəyan edən bu ölkənin siyasi rəhbərliyinə bildirmək istərdik ki, belə olduğu təqdirdə Tavuş, Sünik və digər ərazilərdən olan və Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət göstərən Ermənistan vətəndaşları adından danışsın”.

Ermənistan siyasi rəhbərliyinin son bəyanatları danışıqlar prosesinə ciddi xələl gətirir

Xarici işlər naziri Elmar Məmmədyarov isə ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə ölkəmizdə səfərdə olan İsveçrə Xarici İşlər Departamentinin dövlət katibinin müavini xanım Kristina Marti Lanqla görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Kristina Marti Lanq Bakıda Azərbaycanın Xarici İşlər Nazirliyi ilə İsveçrə Konfederasiyasının Xarici İşlər Federal Departamenti arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsinin məhsuldar keçdiyini söyləyib. Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin aparıldığını qeyd edən xanım K.M.Lanq, Azərbaycanla İsveçrə arasında mövcud olan bu əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi istiqamətində müzakirələrin aparıldığını vurğulayıb. Nazir Elmar Məmmədyarov qarşı tərəfə bölgədə təhlükəsizliyə əsas hədə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyəti barədə ətraflı məlumat verib. Ermənistan siyasi rəhbərliyinin son bəyanatlarının danışıqlar prosesinə ciddi xələl gətirdiyi vurğulanıb. Ermənistanın yeni rəhbərliyinin münaqişənin həllinin bölgəyə və konkret olaraq Ermənistan əhalisinə gətirəcəyi faydanı, rifahı düşünmək əvəzinə, əsassız bəyanatlarla sülh prosesinə zərər verdiyi İsveçrə rəsmisinin diqqətinə çatdırılıb. Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlərə dair geniş müzakirələr aparıblar.
Ermənilər Xocalı yürüşündə iştirak etmiş Rusiya Dövlət Dumasının deputatında qisas alırlar
Onu da qeyd edək ki, ermənilərin daha bir çirkin niyyəti Bakıda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş ümumxalq yürüşündə iştirak etmiş Rusiya Dövlət Dumasının deputatı, dəfələrlə Olimpiya çempionu olmuş İrina Rodninadan qisas almaq istəyində özünü göstərir. “Jamanak” qəzeti xəbər verir ki, erməni deputatlar Yerevanda İrina Rodninanın adını daşıyan fiqurlu konkisürmə idman məktəbinin adını dəyişdirməyi təklif ediblər. Onlar bununla əlaqədar şəhərin yaşlılar şurasına müraciət ünvanlayıblar və 2015-ci ildə məktəbin açılışı ilə bağlı qəbul olunmuş qərarın dəyişdirilməsini tələb ediblər. Məşhur idmançı və ictimai-siyasi xadim İrina Rodnina isə “Moskva-Bakı” portalına müsahibəsində erməni ictimaiyyətini Xocalı soyqırımından nəticə çıxarmağa çağırıb. “Dəhşətli faciəli hadisələrin baş verdiyini heç kim inkar etmir. Lakin bütün hallarda vəziyyətdən çıxış yolu tapmaq lazımdır. Gələcək nəsillərə Qarabağın qanayan yarasını miras qoymaq olmaz”,- deyə rusiyalı deputat vurğulayıb. İrina Rodnina Rusiya-Ermənistan parlamentlərarası dostluq qrupunun da üzvüdür. Erməni deputatlar, o cümlədən parlamentin spikeri Ararat Mirzoyan rusiyalı deputatların Bakıda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş ümumxalq yürüşündə iştirakını tənqid ediblər.

A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Baş Nazirin müavini Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini məlumatlandırıb
16.07.2019
Bakı və Brüsselin mövqeyi eynidir: Münaqişə Azərbaycanın ərazi bütövlüyü şərti ilə həll edilməlidir
15.07.2019
“Münaqişə həll olunandan sonra köçkünlərlə bərabər Qarabağ atlarının da Qarabağa qayıdışı baş verəcək”
11.07.2019
Donald Tusk işğalçı Ermənistanı məyus edib
10.07.2019
“Uber” Nyu-York şəhərində helikopter-taksi servisini istifadəyə verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info