Elmə dövlət dəstəyi aktual elmi nəticələrə rəvac verib
Tarix: 24.07.2013 | Saat: 21:46:00 | E-mail | Çapa göndər


Azərbaycan dövləti digər sahələrin inkişafı ilə yanaşı, elmin inkişafına da strateji yanaşma nümayiş etdirir. Bu gün elmi tədqiqatçıların, alimlərin araşdırmalarının dəstəklənməsi üçün dövlət tərəfindən maddi, texniki və sair yardımlar edilir. Dövlət elm adamlarının fəaliyyətinin stimullaşdırılması üçün bütün lazımi tədbirləri görür. Elmin İnkişafı Fondunun yaradılması və bu qurumun elm layihələrini hər bir istiqamət üzrə ayrıca maliyyələşdirməsi sözügedən sahədə digər region ölkələrində və dünyada analoqu olmayan çox müsbət bir tendensiya yaradıb. Bundan başqa, ölkədə elmi tədqiqatlar və eksperimentlər aparılması üçün texnoparkların yaradılması, AMEA-da baş verən islahatlar və sair görülən tədbirlər də elmin inkişafı və onun cəmiyyət üçün effektiv, faydalı olması, istifadə oluna bilən nəticələr verməsinə hesablanıb. Buna görə də son dövrlərdə elmin inkişafı əsasən müxtəlif elm sahələrinin sərhəddində inkişaf etməklə yeni-yeni elmi və praktik nəticələrin alınmasına gətirib çıxarır.
Bu nöqteyi-nəzərdən M.Ə.Salmanov, M.H.Vəliyev və Ə.Babaşlı tərəfindən yazılmış “Mikroorqanizmlərin iştirakı ilə deqradasiya və transformasiya” monoqrafiyası mikrobiologiya və üzvi kimya elmlərinin vəhdətində aparılan elmi-tədqiqat işlərinin elmi və praktiki nəticələrini özündə əks etdirən mikrobioloji kimya-elm sahəsinə həsr olunub.
Monoqrafiya ilə bağlı bizə məlumat verən müəlliflərdən biri - professor Məmməd Vəliyev qeyd etdi ki, mikrobiologiya və üzvi kimya metodlarının (üsullarının) birləşməsində (birliyində) əvvəllər alınması çətin olan mürəkkəb birləşmələrin alınması mümkün olmaqla yeni qanunauyğunluqlar aşkar olunur: “Son dövrlərdə inkişaf etmiş elm sahələrindən biri olan mikrobioloji kimya elmi mikroorqanizmlərin təsirindən kimyəvi maddələrin, o cümlədən üzvi maddələrin, neft karbohidrogenlərinin və digər təbii birləşmələrin müxtəlif kimyəvi çevrilmələrə (reaksiyalara) uğradılması nəticəsində, kimyəvi üsulla alınması çətin olan yeni funksional tərkibli birləşmələrin, əsasən də asimmetrik mərkəzləri olan optik fəal birləşmələrin alınmasına gətirib çıxarmasıdır”.
Qeyd etmək lazımdır ki, mikrorqanizmlərin iştirakı ilə üzvi kimyada olan əksər reaksiyaları aparmaq mümkündür. Bu zaman kimyəvi reaksiyalarla çətin alına bilən və bəzi hallarda ümumiyyətlə, kimyəvi reaksiyalar əsasında alınması mümkün olmayan birləşmələr alınır. Aparılan tədqiqat işləri bir sıra elm sahələrinin sərhəddində yerinə yetirilməklə onların inkişafına səbəb olur. Bu elm sahələrinə mikrobiologiya və üzvi kimya ilə bərabər neft kimyası, biokimya, zərif üzvi sintez və ekologiya da daxildir. Xüsusilə qeyd edilməlidir ki, sözügedən kitab bu sahələrə aid mütəxəssislər, yaxud tələbələ üçün dərs vəsaiti və mənbə rolunu oynayır.
Yuxarıda qeyd olunan “Mikroorqanizmlərin iştirakı ilə deqradasiya və transformasiya” kitabı vaxtında yazılmaqla 3 fəsildən və 207 səhifədən ibarət olmaqla, kitabın sonunda istifadə olunan ədəbiyyatların siyahısı verilir. Birinci fəsildə neftin, o cümlədən neft karbohidrogenlərinin və onların törəmələrinin mikroorqanizmlərlə deqradasiyası verilib. İkinci fəsildə mikroorqanizmlərin iştirakı ilə fenolların sintezi və onların destruksiyası sahəsində aparılan tədqiqat işləri analiz olunaraq elmi və praktik nəticələr göstərilib. Üçüncü fəsil poliaromatik birləşmələrin və polimer materialların bakteriyaların və göbələklərin təsirindən biodestruksiyasına həsr olunub.
Qeyd etmək lazımdır ki, monoqrafiyanın hər üç fəslində Bakı neftlərinin və neft karbohidrogenlərinin, fenolların və digər üzvi birləşmələrin Xəzər dənizinin Abşeron sahillərindən (sudan və torpaqdan) ayrılan mikroorqanizmlər vasitəsilə biodeqradasiyası və biotransformasiyası istiqamətində aparılan tədqiqat işlərinin nəticələri verilib. Ümumiyyətlə qeyd etmək olar ki, Azərbaycanda güclü xammal bazası (neft karbohidrogenləri, neft emalı və neft-kimya məhsulları, mikroorqanizmlər) olduğunu nəzərə alsaq, bu sahədə, yəni mikrobioloji kimya (mikrobioloji sintez) sahəsində sistematik tədqiqat işlərinin aparılmasının elmi və praktiki nöqteyi-nəzərdən çox perspektivli olduğuna görərespublikamızdainkişaf etdirilməsinin məqsədəuyğun olduğunu hesab etmək olar.
Qeyd edək ki, sözügedən kitab Elmin İnkişafı Fondunun maliyyəsi əsasında ərsəyə gələn tədqiqatdan sonra çap edilib. Belə ki, Elmin İnkişafı Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədilə qrantların verilməsi üzrə 2011-ci il üçün 1-ci müsabiqəsi çərçivəsində 82 qalib layihə müəyyənləşdirilmişdi. Qaliblər arasında Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutu tərəfindən təqdim olunmuş “Mikroorqanizmlərin iştirakı ilə zərif üzvi sintezin inkişaf etdirilməsi” mövzusundakı layihəsi də vardı. Bu layihə AMEA-nın Polimer Materialları İnstitutunun və AMEA-nın Mikrobiologiya İnstitutunun əməkdaşlarının birgə işlərinin nəticəsində yerinə yetirilmişdi. Bir il müddətinə yerinə yetirilən bu layihənin rəhbəri AMEA-nın Polimer Materialları İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru, professor Məmməd Vəliyev olub. Elmin İnkişafi Fondunun keçirdiyi müsabiqələri müsbət qiymətləndirməklə qeyd etmək olar ki, bu müsabiqələr respublikamızda elmin inkişafına öz töhfəsini verəcək.
Ümumiyyətlə, Prezident yanında Elmin İnkişafı Fondu Azərbaycan dövlətinin marağını təmin etməklə, bu istiqamətdə aparılan elmi araşdırmalara, prioritet mövzulara, problemlərə elmi və maliyyə dəstəyi vermək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış bir qurumdur. Onun fəaliyyəti nəticəsində həm elmi araşdırmalar, nailiyyətlər əldə olunur, həm də bu nailiyyətlərə imza atan alimlər layihələrə ayrılan vəsaitdən yararlanırlar. Bu, alimlərin daha effektiv fəaliyyətinə və sosial vəziyyətinə xeyli müsbət təsir göstərir, çünki layihələr çərçivəsində əlavə iş yerləri yaranmış olur.
Elmin İnkişafı Fondunun müsabiqəsində qalib olan “Mikroorqanizmlərin iştirakı ilə zərif üzvi sintezin inkişaf etdirilməsi” layihəsinin əsas məqsədi zərif üzvi sintezin mikroorqanizmlərin iştirakı ilə (kimyəvi reagent kimi istifadə olunmaqla) inkişaf etdirilməsindən ibarətdir.
Ümumiyyətlə, qabaqcıl dünya ölkələrində mikrobioloji kimya sahəsində geniş tədqiqat işləri aparılır. Qeyd etmək lazımdır ki, zərif sintez üzvi kimyanın perspektivli sahələrindən biri olmaqla mikroorqanizmlərin iştirakı ilə müxtəlif quruluşlu, praktiki əhəmiyyətli xassələrə malik birləşmələrin alınmasında yeni bir yanaşmanın əsasını qoymuş olur. Kimya ilə biologiya elmlərinin vəhdətində yaranan elm sahələrindən biri də mikrobioloji kimyadır ki, mikroorqanizmlər bu kimyəvi proseslərdə özlərini kimyəvi reagent kimi aparırlar. Xüsusi olaraq üzvi kimya ilə mikrobiologiya elmlərinin vəhdətində yaranan mikrobioloji sintezin, o cümlədən mikroorqanizmlər iştirakı ilə zərif üzvi sintezin inkişaf etdirilməsinin böyük elmi və praktiki əhəmiyyət kəsb etdiyini qeyd etmək lazımdır.
Baxmayaraq ki, zərif üzvi sintezin yaranmasının əsası XIX əsrin axırlarında ilk sintetik dərman preparatlarının hazırlanmasından başlanır, mikrobioloji sintez sahəsi isə keçən əsrin (XX əsr) ortalarından etibarən inkişaf etməyə başlamışdır. Bu dövrdə, həmçinin təbii maddələrin nümunələri (alkaloidlər, vitaminlər, antibiotiklər və s.) sintez olunmağa başlamışdır. Üzvi sintezdən fərqli olaraq zərif üzvi sintezdə çoxsaylı yeni maddələrin alınması prosesi çoxmərhələli olmaqla, təmizlik dərəcəsi və məhsulun dəyəri yüksək olur. Ümumiyyətlə, zərif üzvi sintezin sürətli inkişafı XX əsrin ortalarından başlamışdır.
Zərif üzvi sintezin əsas istiqamətlərinə - tibb üçün lazım olan bioloji və fizioloji aktiv maddələrin (farmakoloji, kimyəviterapevtik vasitələr, vitaminlər, hormonlar və s.), kənd təsərrüfatı üçün preparatların (pestisidlər, requlyatorlar, stimulyatorlar və s.), rəngləyicilərin, polimer materiallarına kimyəvi əlavələrin, korroziyaya qarşı inhibitorların, kimyəvi reaktivlərin və s. kimi “az tonnajlı” maddələrin sintezi daxildir. Qeyd olunan “az tonnajlı” qiymətli məhsulların zərif üzvi sintezdə mikroorqanizmlərin iştirakı ilə istehsalının təşkilini üzvi kimyanın və mikrobiologiyanın yeni nəzəri və təcrübi nailiyyətlərindən istifadə etməklə həyata keçirmək mümkün olur. Zərif üzvi sintezdə alınan məhsulların sənaye miqyasında tətbiqinin əsas xüsusiyyətlərindən biri də, az tonnajla keyfiyyətli və qiymətli məhsul istehsalının böyük iqtisadi səmərə verməsidir. Mikrobioloji sintez üsullarının üzvi sintezdə, o cümlədən zərif üzvi sintezdə istifadə olunmasının nəticəsində, mikrobioloji parçalanmaların və çevrilmələrin aparılmasının, o cümlədən alınan məhsulların tədqiqinin böyük elmi və praktiki əhəmiyyəti vardır. Ümumiyyətlə, mikroorqanizmlərin istifadə sahələri çox genişdir və bura yeyinti və yüngül sənayenin çoxlu proseslərini, üzvi sintezi və sairəni daxil etmək olar.
Layihənin əsas məqsədi Azərbaycan ərazilərindən ayrılmış mikroorqanizmlərdən istifadə etməklə (kimyəvi reagent kimi) üzvi birləşmələrin, o cümlədən aromatik, tsiklik və asetilen sıra birləşmələrin (fərdi karbohidrogen tərkibli və funksional törəmələrinin) biodeqradasiya və biotransformasiya qabiliyyətlərini öyrənməklə alınan bioloji və optik fəal məhsulların quruluşlarını və aparılma istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.
İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info