İstedadlı şagirdləri necə qoruyaq?
Tarix: 11.03.2019 | Saat: 12:49:00 | E-mail | Çapa göndər


Namiq Əliyev | Tarix üzrə fəlsəfə doktoru

Müasir dövrümüzün inkişaf etmiş, güclü, qüdrətli dövlətləri hazırkı mərhələyə elm və təhsilə xüsusi diqqət yönəltmələrinin hesabına çatıblar. Elmi səviyyənin intensiv olaraq yüksəldilməsinin ağırlığı isə hər bir cəmiyyətin istedadlı insanlarının üzərinə düşüb. Odur ki, elmin inkişafında maraqlı olan dövlətlər istedadların hələ uşaqlıq illərindən üzə çıxarılması üçün mükəmməl proqramlar hazırlayaraq tətbiq ediblər. İstedadlı uşaqların müəyyən edilməsi, onlarla hansı üsullarla işləməklə bağlı çoxsaylı tədqiqatlar aparılıb, məqalələr, kitablar yazılıb və bu gün də bu proses davam etməkdədir. İsrail dünyada yeganə dövlətdir ki, istedadlı uşaqlarla iş sistemini məxfi dövlət sirri kimi qoruyur. Təsadüfi deyil ki, Nobel mükafatı alan xalqlar içərisində yəhudilər birinci yeri tuturlar. Amerika isə sözügedən sahə ilə bağlı, həm öz metod və üsullarına malikdir, həm də yüksək ödəniş müqabilində başqa dövlətlərin istedadlı uşaqları və alimlərini cəlb etməklə məşğuldur. Bir neçə il bundan əvvəl ümumdünya riyaziyyat olimpiadasında qalib gələn rus məktəbli növbəti ildə Amerika bayrağı altında öz istedadını nümayiş etdirirdi. Son illərdə ABŞ-da elmlər doktoru dərəcəsini alanların 50 faizini Asiyadan gələn alimlər təşkil edirlər. İrana səfərim zamanı bu qonşu dövlətin istedadlı uşaqlara yanaşma sahəsindəki təcrübəsi diqqətimi cəlb etdi. Onlar hər il bütün əyalətlərdə müxtəlif fənlər üzrə müsabiqələr təşkil edərək istedadlı məktəbliləri üzə çıxarırlar. Sonra isə həmin məktəblilər xüsusi tədris müəssisələrinə yerləşdirilir və bütün xərcləri dövlət tərəfindən ödənilir.
Bəs bu sahədə ölkəmizdə vəziyyət necədir? Birincisi, sevindirici hal odur ki, valideynlər övladlarının kiçik yaşlarından başlayaraq, yaxşı təhsil almasında maraqlıdırlar və təhsilə vəsait xərcləməkdən çəkinmirlər. İkincisi, dünyanın azsaylı dövlətlərindənik ki, uşaqlarımızı 100 faiz orta təhsilə cəlb edə bilirik. Həmçinin 2006-2010-cu illərdə istedadlı uşaqlarla bağlı Dövlət Proqramı da qəbul edilmişdi. Xaricdə təhsil proqramı çərçivəsində dövlət vəsaiti hesabına minlərlə tələbə inkişaf etmiş ölkələrdə təhsil aldı. Lakin çatışmayan cəhətimiz odur ki, elə tələbəlik dövründə prosesdə qırılmalar başlayır və sonda istedadlı vətəndaşlarımızı dünyanın aparıcı elm adamlarının cərgəsində, təvazökarlıqdan uzaq olsa da, Nobel mükafatı alanların arasında görə bilmirik... Fikrimizcə, artıq orta məktəblərdən başlayaraq, təbiət elmləri sahəsində xüsusi istedadı olan uşaqların seçilməsi və müəyyən miqdarda təqaüdlə təmin olunmalarının vaxtı çatıb. Birinci mərhələdə respublika üzrə 10 nəfər seçib, ayda müəyyən məbləğ vermək, elə də çətin məsələ deyil. Bu sahədə ənənə də var, musiqi məktəblərinin istedadlı yetirmələri Prezident təqaüdünə layiq görülürlər. İstedadlı uşaqlara çəkilən xərci hər il büdcədən təhsilə ayrılan vəsitin də içərisinə daxil etmək olar. Amma bu proses qırılmamalıdır, istedadlı vətəndaşlarımızın bəlli bir elmi səviyyəyə çatmasınadək davam etməlidir. Şübhəsiz ki, sərf edilən vəsait hədər getməyəcək, istedadlar bunun əvəzini min dəfələrlə artıq dövlətlərinə qaytaracaqlar.





 
Müəllifin son yazıları

22.04.2019 Tarixin ibrət dərsləri...
07.01.2019 Şərhçilərin regionlar üzrə ixtisaslaşması zəruridir
13.11.2018 Mətbuat milli maraqları müdafiə edir
13.08.2018 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info