Dilimiz-milli, mənəvi sərvətimiz
Tarix: 13.03.2019 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


Hər bir inkişaf etmiş xalq öz milli varlığı ilə tanınır, şöhrət tapır. Xalqımız da bəşəriyyət tarixində belə böyük şöhrət tapan yenilməz, qüdrətli xalqlardan biridir. Tarixən, xalqımıza xas olan ən başlıca mühüm cəhətlərdən biri milli-mənəvi sərvətimizə-doğma dilimizə sonsuz diqqət və qayğının göstərilməsidir. Məhz elə bunun bariz nəticəsidir ki, əcdadlarımız xalqımıza, dilimizə qənim kəsilən düşmənlərimizə qarşı həmişə amansız mübarizə apararaq onun saflığını qoruyub saxlamışlar. Dövlətimiz müstəqillik əldə etdikdən sonra dilimiz daha da inkişaf edib zənginləşmişdir. Bu, heç şübhəsiz, ulu öndərimiz Heydər Əliyev və onun xətti-hərəkətlərini daim ardıcıl, məqsədyönlü şəkildə davam etdirən Prezident İlham Əliyevin adları ilə bağlıdır.
Dünyada mövcud olan 3500-ə yaxın dillərdən biri olan Azərbaycan dili indi özünün çiçəklənmə, yüksəliş dövrünü yaşayır. Bu baxımdan, biz bu milli-mənəvi sərvətimizi hər an göz bəbəyimiz kimi qorumalı, onun saflığı, təmizliyi uğrunda birgə mübarizə aparmalıyıq. Məhz elə buna görə də təhsil müəssisələrinin qarşısına daha mühüm, zəruri, şərəfli vəzifələrin qoyulması heç də təsadüfi deyil. Qarşıya qoyulmuş bu ümdə məsələlərin dərs prosesində, sinifdənxaric işlərdə, aidiyyəti dərnək məşğələlərində və s. yerlərdə həyata keçirilməsi olduqca vacibdir. Elə bu yaxınlarda Ağcabədi rayonunun sayılıb-seçilən, qabaqcıl təhsil müəssisələrindən biri olan şəhər 5 saylı tam orta məktəbində “Ana dilim-şirin dilim” mövzusunda böyük toplantı təşkil edilmişdi. Toplantıya pedaqoji kollektiv, şagirdlər Təhsil Şöbəsinin əməkdaşları və valideynlər dəvət olunmuşdular. Toplantı Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Sonra söz məktəbin direktoru Fəridə Niftalıyevaya verildi. O, çox maraqlı və yüksək səviyyədə təşkil edilmiş bu tədbiri giriş sözü ilə açaraq dedi: “Vətən, ana kimi, dilimiz də müqəddəsdir, şirindir. O, keçməkeşli bir dövr keçmiş, tarixin sınaqlarından uğurla çıxmış, cilalana-cilalana gələrək zənginləşmiş, təşəkkül tapmışdır. Ulu öndərimiz Heydər Əliyev hakimiyyətinin istər birinci və istərsə də 2-ci dövründə dilimizin hərtərəfli inkişafına böyük önəm vermişdir. Ən çətin bir vaxtda keçmiş Sovetlər İttifaqına daxil olan bir çox respublikaların rəsmi dövlət dili olmamışdır. Böyük sevinc və iftixar hissi ilə qeyd etmək istərdim ki, bizim o zamankı Konstitusiyamızda (1978-ci il) Azərbaycan dili rəsmi dövlət dili kimi öz əksini tapmışdır. Bu, tarixi bir nailiyyət olmaqla, həm də o zamankı ciddi ictimai-siyasi dövrdə ikiqat cəsarət, hünər tələb edirdi. Bu da yalnız dahi siyasi rəhbərimizə xas olan əsas xüsusiyyətlərdəndir. Respublikamız Dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha da inkişafı istiqamətində yeni parlaq üfiqlər açıldı. Belə ki, Konstitusiyamızda dilimiz Dövlət dili kimi təsbit olundu. Onun əhatə dairəsini genişləndirmək üçün Ümummilli Liderimiz bir çox fərman və sərəncamlar imzaladı. “Dövlət dilinin tətbiqi işinin təkminləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərman, “Azərbaycan Respublikasının Dövlət Dili Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” 4 iyul 2001-ci il tarixli 766 saylı sərəncam, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli sərəncam və 2 yanvar 2003-cü il tarixli “Azərbaycan Respublikasının Dövlət dili haqqında” Azərbaycan Respublikası qanunun tətbiq edilməsi barədə fərman buna əyani sübutdur”.
Məktəbin direktoru bunu da xüsusi vurğuladı ki, tariximizdə həmişəyaşar bu mühüm dövlət sənədlərinin ərsəyə gəlməsində bilavasitə ulu öndərin yüksək səriştəlilik, zəngin dövlətçilik təcrübəsi əsas və başlıca rol oynamışdır. Bu, onun doğma dilimizə sonsuz məhəbbət bəslədiyinin bir daha bariz nəticəsidir. Artıq onun öz ana dilini çox sevməsi, bu dildə danışması ilə fəxr etməsi haqqında müdrik kəlamları aforistik ifadəyə çevrilib: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.” Biz də hər birimiz, hər yerdə dilimizə bu meyarla yanaşmalıyıq. Çünki bu, qarşıya qoyulan vacib işlərdən biridir. Axı gələcəyin mütəxəssislərinin, əmək adamlarının savadlı yazması, oxuması, aydın, səlis, məntiqli danışmasının əsası məktəbdə qoyulur. Ona görə də məktəbin direktoru təhsil alanların çox erkən bu istiqamətdə inkişafını daim diqqət mərkəzində saxlamağı bütün təhsilverənlərin, ixtisasından aslı olmayaraq, qarşılarına zəruri bir məqsəd kimi qoydu.
Tədbirin rəngarəng, maraqlı keçməsində məktəb şagirdlərinin əməyini xüsusi qeyd etmək istərdim. IIIb sinif şagirdləri Gülmalıyeva Günayın, Əhmədova Əzizənin, Məmmədli Nicatın, VIa sinif şagirdi Allahverdiyeva Nərgizin, IX sinif şagirdi Nağıyeva Aytacın, VIIIa sinif şagirdləri Süleymanov Samirin, Hüseynov Vüsalın, Quliyeva Aysunun, Allahverdiyeva Nərgizin, Vəliyeva Ləmanın, VIb sinif şagirdləri Əliyeva Ayselin, Şirinova Nərgizin və başqalarının Ana, Vətən, dil haqqında gözəl ahənglə şeir söyləmələri, milli geyimdə rəqs etmələri, mahnı oxumaları dinləyicilərə xoş təsir bağışladı, hər kəsin qəlbində silinməz izlər buraxdı.
Toplantıda bu sətirlərin müəllifi də çıxış edərək bildirdi ki, insanlar arasında ən mühüm ünsiyyət vasitəsi olan dil xalqımızın böyük milli-mənəvi sərvəti , tükənməz ilham mənbəyidir:”Ana dilimiz ötən illər ərzində çox mənalı və zəngin bir inkişaf yolu keçmişdir. Son illərdə respublikamızın sürətli yüksəlişi, dilimizin inkişafına da öz müsbət təsirini göstərmişdir. Məhz bu mənada, Azərbaycan dili hazırda özünün çiçəkmənmə və zənginləşmə mərhələsini yaşayır. Lakin buna baxmayaraq, bu günün özündə də danışıq və yazı zamanı müəyyən səhvlərə, qüsurlara hələ də yol verilir. Buna ən çox müəyyən toplantılarda, təhsil müəssisələrində, televiziya, radio kanallarında, mətbuat səhifələrində, işgüzar sənədlərdə, sosial şəbəkələrdə və s. yerlərdə rast gəlirik.Bütün bunların qarşısını almaq üçün möhtərəm Prezidentimiz İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 01 noyabr 2018-ci il tarixli fərman vermişdir. Həmin fərmanda yazılmışdır: “Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməsi halları hələ də kifayət qədər geniş yayılmamışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərində və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir”. Bəli, bütün bunlar real bir həqiqətdir. Bu da bir məlum həqiqətdir ki, müəyyən elmi baxımdan bir dildən başqa dilə söz, söz birləşməsi və digər dil elementləri keçmişdir. Bu proses bu gün də davam edir, dili leksik və qrammatik cəhətdən zənginləşdirir. Dillərin belə qarşılıqlı şəkildə zənginləşməsi, hər şeydən əvvəl, tarixi zərurət və ehtiyacla bağlıdır. Lakin buna baxmayaraq, yuxarıda qeyd etdiyimiz fərmanda göstərildiyi kimi, bəzən ehtiyac olmadıqda da dildə alınma sözlərdən istifadə olunması halları müşahidə olunur. Təəssüflə qeyd etmək lazımdır ki, təhsil ocaqlarında, hətta Təhsil Şöbəsində belə, müəllimlərin özləri də danışıqlarında heç biri ehtiyac olmadan “mel”, “doska”, “çernel”, ”zvonok”, “uje”, “naxadu”, “obşe”, “vaobşe”, “koneçno”, “znaçit”, “krovat”, “spor” və onlarca belə sözlər tez-tez işlədirlər. Ancaq həmin sözlərin Azərbaycan dilində danışıq zamanı ifadə edilməsinə heç bir zərurət yoxdur. Ümumiyyətlə, dildə alınma sözlərdən yersiz istifadə olunması dilə xeyli ağırlıq gətirir. Həm də bəla burasındadır ki, müəllimlərin dərs dediyi şagirdlər də öz dilimizdə çox gözəl ifadə olunması mümkün olan sözləri başqa dildə deyirlər. Burada valideynlərin də üzərinə çox iş düşür. Axı ilk sözlərimizi uşaqlar evdə, ailədə öyrənirlər. Hətta bəzi valideynlər öz uşaqlarını vulqar mahiyyətli sözlərə adət etdirirlər. Əslində, uşaqların özünü də uşaq dilində deyil, böyük adamların danışdığı kimi danışdırmaq lazımdır. Bu danışıq uşaqların yaş, bilik və anlaq səviyyəsinə uyğun olmalıdır.
Xalqımızın böyük milli-mənəvi sərvəti olan ana dilimizin hər zaman saflığını qorumaq hər kəsin müqəddəs və şərəfli borcudur. Bu, Konstitusiyamızda da öz parlaq əksini tapmışdır. Eyni zamanda bu dildə bir çox xalqlar danışır. Artıq beynəlxalq aləmdə, xüsusən Türkiyə, İran, İraq və başqa ölkələrdə çoxmilyonlu xalqlar ana dilimizdən ünsiyyət vasitəsi kimi istifadə edirlər. Hətta onun beynəlxalq aləmdə zəruri bir dil olması haqqında vaxtilə böyük rus şairi M.Y.Lermontov yazırdı: “Avropada fransız dili olduğu kimi, Asiyada da Azərbaycan dilini bilmək zəruridir”. Bütün bunlar bir daha onu sübut edir ki, ana dilimizi yalnız öz respublikamızda deyil, bir sıra yaxın-uzaq xarici ölkələrdə belə, başa düşərək sevirlər”.
Toplantıda rayon Təhsil Şöbəsinin metodisti Almaz Məmmədovanın çıxışı da dinləyicilərə xoş təsir bağışladı. O, çıxışında qeyd etdi ki, hər bir ziyalı, məktəbli danışarkən, yaxud da yazı yazarkən dilimizin orfoqrafik və orfoepik normalarına əməl etməlidir:”Bunun əsası, əsasən, təhsil müəssisələrində qoyulur. Bunun üçün müəllimlərin, ziyalı valdeynlərin üzərinə daha böyük məsuliyyət düşür. Məhz elə bu baxımdan, ədəbi dil normalarına hər yerdə əməl edilməlidir. Lakin çox təəssüf ki, bəzən bu normalar kobud surətdə pozulur, yersiz olaraq ictimai və rəsmi yerlərdə məişət danışığından istifadə edilməsi hallarına təsadüf edilir. Əslində, bunlara heç bir ehtiyac yoxdur. Çünki dilimiz olduqca zəngin lüğət tərkibinə malikdir. Belə olan halda, dilimizdə köhnəlmiş, dialekt, şivə və ləhcə sözlərindən istifadə edilməsi artıq söz yığınından başqa bir şey deyildir. İndi bütün məktəblilər ədəbi dilimizin qramatik normalarını gözləməklə aydın, səlis danışmağı bacarmalıdır. Bu, təhsilverənlərdən və təhsilalanlardan tələb olunun əsas və başlıca məsələlərdən biridir”.
Almaz müəllim çıxışında bunu da xüsusi olaraq vurğuladı ki, dilimiz çox ahəngdar, şirin bir dildir. Tarixi dəqiq bilinməyən, çox qədim dövrlərə gedib çıxan şifahi xalq ədəbiyyatı nümunələri olduqca mənalı, böyük təsir gücünə malikdir. Analarımız öz körpə uşaqlarını beşik başında əzizləyərkən, layla deyərkən oxşamalardan, bayatılardan istifadə edən zaman uşaqların simasında bir gülüş, təbəssüm, nikbinlik yaranır. Bütün bunlar dilimizin nə qədər əlvan, emosional olduğunu bir daha sübut edir. Sadə, səlis, məntiqli, rabitəli danışmaq hər kəs üçün vacibdir. Bu, hər birimizin həyat meyarı olmalıdır.
Tədbir məktəbin şagirdləri Əmirova Zeynəbin, İbrahimova Nərgizin, Salmanova Aygünün, Mirzəyev Rahimin, İsmayılova Tahirənin hazırladıqları səhnəciklə və “ Anacan “ mahnısı ilə yekunlaşdı.
Beləliklə, təhsil müəssisələrində bu cür aktual tədbirlərin keçirilməsi təhsil alanlarda bir çox yüksək keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır.

Ədalət Hüseynov
Ağcabədi Rayon Təhsil Şöbəsinin metodisti,
Qabaqcıl maarif xadimi, Qızıl Qələm mükafatı laureatı




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Sabah bəzi bölgələrdə hava yağıntılı olacaq
24.03.2019
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir
23.03.2019
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info