“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatının dəyişdirilməsi ədalətsiz olardı”
Tarix: 15.03.2019 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Mərakeş Krallığının paytaxtı Rabatda İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) Konfransının 14-cü iclası keçirilib. Tədbirdə Azərbaycanı Milli Məclisin İƏT Pİ-dəki nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva, parlamentin əməkdaşı Emin Məmmədov təmsil ediblər.
Konfrans çərçivəsində “Xocalı qırğını qurbanlarının xatirəsinin yad edilməsinə dair” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüz etməsinə dair” qətnamə layihələri qəbul edilib. Milli Məclisin deputatı Gövhər Baxşəliyeva sessiyada məruzə ilə çıxış edib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun bu günədək həllini tapmaması haqqında ətraflı məlumat verib. O, üzv ölkələrin nümayəndə heyətlərinə Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərinə və qətnamə layihələrinin qəbul olunmasına səs verdiklərinə görə minnətdarlığını bildirib.

“Dəyişikliklər yalnız tərəflərin razılığı əsasında mümkündür”
Yeri gəlmişkən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatı yalnız tərəflərin razılığı ilə dəyişdirilə bilər (Trend).
Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi danışıqlar formatı ilə bağlı dəfələrlə bəyan edib ki, dəyişikliklər yalnız tərəflərin razılığı əsasında mümkündür: "Bu, təkcə bizim deyil, digər həmsədr ölkələrin də mövqeyidir".
Rusiyanın Moskvada aprelin 5-də keçirilən MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici siyasət idarələri rəhbərlərinin görüşünün keçirilməsinə təşəbbüs göstəriləcəyi halda onlara meydança verməyə hazır olub-olmadığı barədə suala gəlincə, M.Zaxarova qeyd edib ki, ümumiyyətlə, ölkələr istənilən məsələ ilə bağlı meydança vermək imkanı və ya vasitəçi rolu oynamağa görə Rusiya tərəfinə müraciət edəndə rəsmi Moskva hər zaman bu məsələlərə hörmətlə yanaşır.
ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza isə deyib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatının dəyişdirilməsi ədalətsiz olardı (Trend).
O qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatında Ermənistanın Baş naziri Nikol Paşinyanın vasitəçilik prosesi formatının dəyişdirilməsi barədə müraciəti qəbul edilməyib:
“Həmsədrlərin bəyanatı tərəfləri vicdanlı danışıqları ən yüksək siyasi səviyyədə daha çox davam etdirməyə, münaqişənin nizamlanması üçün mümkün çərçivə sazişinin “Əsas prinsiplərini” qəbul etməyə çağırır. Minsk qrupu formatının dəyişdirilməsi ədalətsiz olardı”.
Daha sonra M.Brayza əlavə edib ki, son bəyanat ATƏT-in və Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan rəhbərliklərinə çərçivə sazişinin müəyyən olunmasında kömək göstərdiyini nümayiş etdirir:
“Minsk qrupunun bu bəyanatında həmsədrlər Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın görüşünü alqışlayır. Ona görə də həmsədrlərin son bəyanatında qeyri-adi və ya yeni bir şey yoxdur”.
Minsk qrupunun keçmiş həmsədri əlavə edib ki, Azərbaycan və Ermənistan rəhbərlikləri həmsədrlərin “Əsas prinsiplərə” sadiq olmaq çağırışına əməl etsə, qarşılıqlı etimad münasibətlərini inkişaf etdirsə, xüsusilə də öz vətəndaşlarını sülhə hazırlamaqda davam etsələr, danışıqlarda irəliləyiş daha çox nəzərə çarpacaq:
“Amma hələlik iki ölkə rəhbərliyinin qarşılıqlı etimad səviyyəsini bərpa edib-etməyəcəyi və bu irəliləyiş üçün vacib çətin siyasi kompromislərə gedib-gedə bilməyəcəkləri məlum deyil. Bunun üçün ABŞ, Fransa və Rusiya prezidentləri tərəfindən təşviq bu prosesə yardım edə bilər”.

“Paşinyan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi üçün problem yaradır”
Politoloq Mübariz Əhmədoğlu isə “Azadinform”a deyib ki, Ermənistanın bu vaxtadək beynəlxalq aləmdə ən böyük arqumenti Dağlıq Qarabağın, özünü müstəqil şəkildə idarə etməsi, seçkili institutlarının, formalaşmış iqtisadiyyatının və ordusunun olması idi: “Guya Qarabağda nə varsa onun özünə məxsusdur. Bu arqumentlə Avropa İnsan Hüquqları Məhkəməsində qaldırılmış bir çox iddialara cavab verib. Paşinyan özü də hakimiyyətdə olduğu qısa müddət ərzində dəfələrlə Dağlıq Qarabağın özünü müstəqil idarə etdiyini, Ermənistanın Dağlıq Qarabağa aidiyyətinin olmadığını bildirib”.
O bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Paşinyanı ifşaedici bəyanatından sonra o, emosional və tələsik addım ataraq kifayət qədər ciddi səhvə yol verdi: “Ermənistanın Təhlükəsizlik Şurasının iclasını Dağlıq Qarabağda keçirdi. Bu Şura konstitusion qurumdur. Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində Ermənistan vətəndaşları hərbi xidmətdədir. Ermənistan vətəndaşları siyasi və iqtisadi fəaliyyətlə məşğuldurlar. Ermənistanın ayrı-ayrı nazirləri Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərinə səfərlər edirlər. Amma bunların hamısına Ermənistan tərəfi müəyyən mənada dəlil tapa bilirdi və bu tapdığı dəlilləri də müəyyən qədər ermənipərəst hesab olunan Qərb siyasiləri, məhkəmələri ermənilərin dediyi kimi qəbul edirdi”.
Politoloq əlavə edib ki, Paşinyanın bu cəhdinə beynəlxalq aləmin, xüsusilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin reaksiya verməsi vacibdir: “Çünki Paşinyan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi üçün problem yaradır”.

“Danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır”
Xəbər verildiyi kimi, VII Qlobal Bakı Forumunun açılışında Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı fikir bildirdi. Beynəlxalq münasibətlər üzrə mütəxəssis, politoloq Nəzakət Məmmədova “Azadinform”a açıqlamasında deyib ki, ölkə başçısı çıxışında həmçinin, bütün dünyaya, ələlxüsus Ermənistana çox önəmli mesajlar verib: “Danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır. Hazırkı status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır” deyərək dünyanın diqqətini bir daha bu problemə yönəldib. Forumun ən mühüm əhəmiyyətli tərəflərindən biri də məhz budur. Bu cür mötəbər tədbirlərdə Ermənistanı ifşa etmək”.
Politoloq əlavə edib ki, Forumun əhəmiyyəti çoxşaxəlidir, onun siyasi-diplomatik nəticələri Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirəcək: “Uğurlu beynəlxalq iqtisadi, mədəni, idman layihələrinin təşəbbüsçüsü olan və həyata keçirilməsinə bilavasitə rəhbərlik edən Azərbaycan növbəti dəfə öz iradəsini ortaya qoymuş olur. Beynəlxalq miqyasda qəbul edilən və maraq doğuran, izlənilən hər hansı bir tədbir siyasi dairələrin, güc mərkəzlərinin, dünya ictimaiyyətinin diqqətini istər-istəməz həmin ölkəyə çevirir, bu cür mühüm hadisələr xeyli müddət müzakirə olunur, dəyərləndirilir. Azərbaycan növbəti dəfə beynəlxalq əhəmiyyətli bir tədbirin təşkilini həyata keçirmək, ona ev sahibliyi etməklə öz beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək, dünyada formalaşmış sivilizasiyaların dialoqu, dünyanın mədəni mərkəzlərindən biri və himayəçisi imicini artırmış olacaq”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qruplaşmalar yaradılır”
16.04.2019
“Sülh danışıqları rəsmi İrəvan tərəfindən qəsdən yubadılır”
11.04.2019
Beynəlxalq təşkilatda Ermənistanın növbəti təxribatının qarşısı alınıb
09.04.2019
BMT qərargahında işğal edilmiş ərazilərimizdə beynəlxalq təşkilatların qeyri-qanuni iqtisadi fəaliyyətindən danışılıb
08.04.2019
“Ermənistan sülh istəyirsə, erməni əsgəri qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmalıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info