Beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərməlidir
Tarix: 27.03.2019 | Saat: 20:33:00 | E-mail | Çapa göndər



Təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıb


“Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfərdən çox azərbaycanlı öldürülüb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb, bir milyona yaxın azərbaycanlı öz doğma yurdlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilib”


“BMT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyan qətnamələr qəbul edilib”


Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” və “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı əsərləri Buxarestdə rumın dilində çap olunub. Artıq on üçüncü dildə nəşr edilmiş əsərdə son iki əsrdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti təhlil olunur. Kitabın rumın dilinə tərcüməsinə məsul Vaqif Həsənovdur. Mənbələrə əsasən kitabda təsdiq edilir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıb. Kitabda göstərilir ki, XIX əsrin sonunda – 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Hnçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdıqdan sonra, erməni millətçilərinin “böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoyub və öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda türk-müsəlman əhalisinə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Ümumiyyətlə, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər. Monoqrafiyada 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımlarının Bakı, Quba, Şamaxı ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirilməsı elmi mənbələrə əsasən tədqiq edilir. Kitabda xarici dillərdə Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə dair sənədlər və xəritələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında məlumatlar və fotolar da yer alıb. Bununla yanaşı, əsərdə XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlığı, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələr əsasında araşdırılır. Müəllif göstərir ki, bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti də kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, bu illərdə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirib, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq daha 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan) işğal edib. Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfərdən çox azərbaycanlı öldürülüb, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb, bir milyona yaxın azərbaycanlı öz doğma yurdlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilib. Xüsusilə əsərdə XX əsrin sonlarında ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bütün insanlığa və bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi səciyyələndirilir. Əsərdə 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilən vəhşiliklər xarici mənbələrə əsasən geniş təhlil edilir. Həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bu strateji əhəmiyyətli ərazinin tarixinə nəzər salınır, Xocalı şəhərinin əhəmiyyətini artıran səbəblər göstərilir. Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri ən ağır cinayət kimi araşdırılan kitabda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsi istiqamətində görülən işlər, xüsusilə, Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı aktı kimi tanınması məsələləri geniş tədqiq olunur. Həmçinin, kitabda Xocalı soyqırımının tanınması ilə bağlı indiyə kimi qəbul edilən sənədlər də öz əksini tapmışdır. Əsərdə müəllif diqqətə çatdırır ki, Xocalı soyqırımı dünya tarixində heç vaxt unudulmayan Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli soyqırımlardan heç də geri qalmır və adıçəkilən hadisələr dinc əhalinin soyqırımı olaraq bütün dünyada geniş əks-səda doğurub. Kitab Ermənistanın etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinin dünya ictimaiyyətinə daha geniş miqyasda çatdırılması və ifşa olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
ABŞ-ın nüfuzlu “The Washington Times” qəzetinin müxbiri Monika Krouli və tanınmış 77WABC radiosunun aparıcısı Con Baçelor Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevdən müsahibə alıb. Con Baçelor tərəfindən aparılan radio proqramı təkcə ABŞ-da deyil, beynəlxalq aləmdə də geniş auditoriyaya malik siyasi şou proqram kimi tanınır. AZƏRTAC xəbər verir ki, müsahibə zamanı erməni separatçılarının hələ sovet hakimiyyəti dövründə Azərbaycana qarşı ərazi iddiaları irəli sürdükləri, Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan qoşunlarının Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etdikləri, həmin ərazilərdə yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdikləri diqqətə çatdırılıb. Bildirilib ki, işğal nəticəsində öz torpaqlarından qovulmuş azərbaycanlı əhali ölkəmizin müxtəlif şəhər, rayon və kəndlərində məcburi köçkün vəziyyətində yaşayır. Müsahibədə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin hazırda davam etdirildiyi bildirilib, Azərbaycanın ərazi bütövlüyünün bərpası və məcburi köçkünlərin Dağlıq Qarabağ və ətraf yeddi rayona qayıtmasını özündə ehtiva edən sülh sazişinin yaxın zamanlarda imzalanacağına ümid ifadə edilib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin hələ ki, bir nəticə vermədiyi, lakin hazırkı danışıqların davam etdirilməsinin vacib olduğu vurğulanıb, BMT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyan qətnamələrin qəbul edildiyi bildirilib. Eyni zamanda, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılması üçün beynəlxalq təşkilatların Ermənistana təzyiq göstərməsinin vacibliyi diqqətə çatdırılıb.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Baş Nazirin müavini Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini məlumatlandırıb
16.07.2019
Bakı və Brüsselin mövqeyi eynidir: Münaqişə Azərbaycanın ərazi bütövlüyü şərti ilə həll edilməlidir
15.07.2019
“Münaqişə həll olunandan sonra köçkünlərlə bərabər Qarabağ atlarının da Qarabağa qayıdışı baş verəcək”
11.07.2019
Donald Tusk işğalçı Ermənistanı məyus edib
10.07.2019
“Uber” Nyu-York şəhərində helikopter-taksi servisini istifadəyə verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info