“Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymur”
Tarix: 27.03.2019 | Saat: 20:36:00 | E-mail | Çapa göndər



ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov BMT baş katibinin müavini - BMT-də sülhməramlı əməliyyatlar departamentinin rəhbəri Jan Pyer Lakrua ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, J.P.Lakrua Azərbaycanın indiyədək sülhməramlı əməliyyatlarda, xüsusilə Əfqanıstanda həyata keçirilən missiyada fəaliyyətlərini və beynəlxalq təhlükəsizliyə dəstəyin davamı olaraq Cənubi Sudan Respublikasında Azərbaycan hərbçilərinin iştirakını yüksək qiymətləndirib.

General-polkovnik Z.Həsənov BMT-nin sülhməramlı əməliyyatlarına töhfə verən dövlətlərin Müdafiə nazirləri səviyyəsində keçiriləcək görüşdə iştirak etməkdən məmnunluq hissi keçirdiyini vurğulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymamasını BMT baş katibi müavininin diqqətinə çatdırıb.
Müdafiə naziri bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Eyni zamanda, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, torpaqlarını istənilən vasitə ilə azad etmək hüququnu özündə saxlayır.
Görüşdə ölkəmizin BMT-nin sülhməramlı əməliyyatlarda iştirakının perspektivləri barədə də geniş fikir mübadiləsi aparılıb.

Ermənistan tərəfinin növbəti təxribatı
Yeri gəlmişkən, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əlləzov Əlləz Ələddin oğlu şəhid olub.
Eyni zamanda, Ermənistan mətbuatı Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan tərəfinin guya mühəndis işləri həyata keçirməklə mövqeləri irəli çəkmək cəhdi barədə xəbər yayıb. Nazirliyin yaydığı xəbərdə deyilir ki, verilən bu məlumat həqiqətəuyğun deyil, Ermənistan tərəfinin növbəti təxribatıdır və cəbhədə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır.
Azərbaycan Ordusu bölmələrinin qəti və adekvat tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurularaq onun növbəti təxribatlarının qarşısı alınıb. Hazırda cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır.
Bu arada ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 28-də Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller aparacaqlar.
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev isə Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb. DSX-dən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlərin icra vəziyyəti, “Qazax” sərhəd dəstəsinin xidməti ərazisindəki əməliyyat şəraiti, ərazi müdafiəsinin və sərhəd mühafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqında məruzələr dinlənilib.
Düşmənin mümkün təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş səngərlərində müdafiə mövqelərinin möhkəmləndirilməsi, müqabil ərazidə aparılan işlərə adekvat olaraq ərazidə mühəndis-isteh­kam tədbirlərinin gücləndirilməsi üzrə tapşırıqlar verilib.
Qazax və Ağstafa rayonlarında ərazi müdafiəsinin təkmilləşdirilməsi, müasir sərhəd mühafizə infrastrukturunun yaradılması, sərhəd komendantlıqlarında və sərhəd döyüş məntəqələrində yeni xidməti binaların və əsgər kazarmalarının inşa edilməsi, sərhəd döyüş məntəqələrinə yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərə baxış keçirilib, bu fəaliyyətin daha da genişləndirilməsi və intensivliyinin yüksəldilməsi üzrə göstərişlər veilib.

“Ermənistanın ölkəmizə qarşı təşkil etdiyi və bilavasitə mülki əhaliyə qarşı yönəlmiş terror kampaniyası nəticəsində minlərlə insan həlak olub və yaralanıb”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb: “Azərbaycan terrordan əziyyət çəkən bir ölkə kimi dünyada baş verən terrorizmi beynəlxalq sülh üçün ən ciddi təhlükələrdən, müasir bəşəriyyətin üzləşdiyi ən amansız bəlalardan biri hesab edir. Eyni zamanda, biz bu ümumbəşəri bəlanı doğuran səbəblər və onun yayılmasına şərait yaradan şərtlərlə də ciddi mübarizə aparmalıyıq”.
M.Qurbanlı deyib ki, həll olunmamış silahlı münaqişələr, işğalçı siyasət, qeyri-humanist və nifrət təbliğatının yayılması, irqçilik, islamofobiya və ksenofobiyanın digər formaları xüsusi narahatçılığımıza səbəb olmalıdır: "Dünyanın bir çox yerlərində davam edən silahlı münaqişələr, baş verən terror hücumları, eləcə də dünyanın müxtəlif yerlərində islamofobiya, dözümsüzlük, irqçilik və ksenofobiya kimi yüksələn trendlər beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş hazırkı beynəlxalq mexanizmlərin yetərsizliyini nümayiş etdirir. Buna görə də, coğrafiyamızdakı münaqişələrin həllinə, terrorizmə qarşı mübarizədə qəti mövqeyə, bütün üzv dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasına yönələn birgə səylərimiz çox vacibdir".
Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxladığını xatırladan komitə sədri bildirib ki, təkcə 1989-1994-cü illər ərzində münaqişə dövründə Ermənistanın ölkəmizə qarşı təşkil etdiyi və bilavasitə mülki əhaliyə qarşı yönəlmiş terror kampaniyası nəticəsində minlərlə insan həlak olub və yaralanıb: “Heç şübhəsiz ki, bu terror kampaniyasının kulminasiyası, 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırımı cinayətidir. Bir gecədə erməni silahlı birləşmələri tərəfindən həyata keçirilmiş qırğın nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər mülki əhali qətlə yetirilib, 1,275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə naməlum qalmaqdadır".
Qeyd edək ki, toplantıda 42 ölkənin dövlət və hökumət nümayəndələri iştirak ediblər. Toplantı qapalı iclaslarla işini davam etdirib. Sonda İstanbul Bəyannaməsi qəbul olunub.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Baş Nazirin müavini Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini məlumatlandırıb
16.07.2019
Bakı və Brüsselin mövqeyi eynidir: Münaqişə Azərbaycanın ərazi bütövlüyü şərti ilə həll edilməlidir
15.07.2019
“Münaqişə həll olunandan sonra köçkünlərlə bərabər Qarabağ atlarının da Qarabağa qayıdışı baş verəcək”
11.07.2019
Donald Tusk işğalçı Ermənistanı məyus edib
10.07.2019
“Uber” Nyu-York şəhərində helikopter-taksi servisini istifadəyə verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info