“1918-ci il mart soyqırımı və yəhudilər” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib
Tarix: 01.04.2019 | Saat: 20:36:00 | E-mail | Çapa göndər



Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində “1918-ci il mart soyqırımı və yəhudilər” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib. Mərkəzdən verilən məlumata görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov konfransda çıxış edərək erməni millətçilərinin tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirməsindən danışıb. O əlavə edib ki, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Ermənilərin şovinist məqsədlərinə nail olmaq üçün hər bir vasitədən istifadə edərək Cənubi Qafqazda, o cümlədən Azərbaycan torpaqlarında yaşayan müxtəlif xalqlara qarşı soyqırımı siyasəti yürütdüyünü deyən icraçı direktor qeyd edib ki, bu siyasətin qurbanları sırasında qədim dövrlərdə ölkəmizdə məskunlaşmış yəhudi xalqının nümayəndələri də olub.
Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin aparıcı məsləhətçisi Anar Əlizadə vurğulayıb ki, erməni millətçiləri tərəfindən tarixboyu xalqımıza qarşı etnik təmizləmə və soyqırımı siyasəti yürüdülüb. Ermənilər əsrlərboyu azərbaycanlılarla yanaşı, digər xalqlara qarşı da terror aktları törədiblər. Tarixi faktlara diqqət yetirdikdə görərik ki, erməni şovinistlərinin törətdiyi cinayətin qurbanı Azərbaycanda yaşayan yəhudilər də olub. O, bəşəriyyətin ən böyük cinayətlərindən hesab olunan 31 mart soyqırımına ulu öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyini xatırladıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev qeyd edib ki, erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın müddətdə soyqırımı siyasəti həyata keçirilib. 1918-ci ilin mart qırğını ermənilərin Azərbaycanda yaşayan bütün millətlərə qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı mərhələlərindən biridir. Ermənilərin törətdiyi bu cinayət onların apardığı monoetnik siyasətin tərkib hissəsidir. Ermənilər bu soyqırımı ilə bölgəni erməniləşdirməyə çalışıblar. Bu məqsədlə erməni terrorçuları Qubadakı yəhudi əhalini də qırıblar.
Bakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev vurğulayıb ki, Azərbaycanda ermənilərin törətdiyi soyqırımı dünya tarixində yəhudilərin başına gətirilən faciələrdən az deyil. Ermənilər bu gün də soyqırımı siyasətini davam etdirirlər. Onlar insanları qətlə yetirməklə yanaşı, tarixi abidələri də məhv edirlər, tarixi saxtalaşdırıb, faktları erməniləşdirməyə çalışırlar.
Bakı Avropa Yəhudiləri dini icmasının rəhbəri Aleksandr Şarovski qeyd edib ki, Azərbaycan tarixboyu tolerantlıq məkanı olub. Bu gün Avropada Azərbaycanın tolerantlıq modeli öyrənilir. Azərbaycanın tolerantlıq ənənələri bütün xalqların rahat şəkildə yaşamasına imkan verir. Ancaq erməni şovinistləri tarixən bu modelin məhvinə çalışıblar. Onlar təkcə azərbaycanlılara yox, bu coğrafiyada yaşayan digər xalqlara qarşı da soyqırımı siyasəti aparıblar.
Daha sonra professor Solmaz Rüstəmova-Tohidinin, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutunun direktoru Kamal Çiçəyin, Azərbaycan Gürcü Yəhudi icmasının sədr müavini Moissey Bekkerin, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyevanın 1918-ci il 31 mart soyqırımı ilə bağlı elmi-siyasi məruzələri dinlənilib.

Belarusda keçirilən seminarda erməni yalanı ifşa edilib
Minsk şəhərində Konrad Adenauer Fondunun, Minsk Dialoqu ekspert təşkilatının və Avstriyanın Belarusdakı səfirliyinin təşkilatçılığı ilə “Müasir dünyada suverenliyə yeni baxış” adlı seminar təşkil olunub.
Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, seminara dünyanın bir çox ölkələrindən dəvət olunan ekspertlər və alimlər içərisində Ermənistanın Milli Müdafiə Araşdırma Universitetinin vitse-prezidenti və Siyasi Elmlər Assosiasiyasının icraçı direktoru Benyamin Poqosyan da olub. Azərbaycan tərəfindən seminara ekspertlərin dəvət olunmadığı, ermənilərin ölkəmizə düşmənçilik münasibəti nəzərə alınaraq, Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov və səfirliyin II katibi Ceyhun Məmmədov tədbirdə iştirak ediblər.
Minsk Dialoqu ekspert təşkilatının rəhbəri Yevqeni Preyqermanın açdığı tədbirdə iştirak edən Belarusun xarici işlər nazirinin müavini Oleq Kravçenko özünü müstəqil hesab edən hər bir ölkə kimi, Belarusun da suverenliyi ən yüksək dəyərlərdən biri kimi gördüyünü qeyd edib. O, Belarusun hələ Avropa İttifaqına (Aİ) daxil olmaq fikrinin olmadığını və Aİ-ni çətin vəziyyətdə onlara kömək edə biləcək müttəfiq kimi görmək istədiklərini bildirib. Nazir müavini Belarusun öz suveren maraqlarını Avrasiya İqtisadi Birliyi çərçivəsində tamamilə həyata keçirə bildiyini qeyd edib.
Benyamin Poqosyan çıxışı zamanı Azərbaycanın və Türkiyənin adını çəkmədən öz milli məsələlərinin mahiyyətini açmağa çalışıb, anti-Azərbaycan və anti-Türkiyə xarakterli fikirlər səsləndirib. O, çıxışı zamanı Ermənistanı Rusiya ilə qədim tarixi əlaqələrin bağladığını qeyd edərək, vaxtilə Rusiyanın guya Cənubi Ermənistan torpaqlarını İran imperiyasından azad etdiyini və müsəlmanların təzyiqinə məruz qalan Ermənistanın xristian əhalisinin xilas olduğunu söyləyib. Ermənistanın Türkiyə və Azərbaycanın arasında yerləşməsi səbəbindən özünü qorumaq məqsədilə suverenliyinin müəyyən hissəsinin Rusiyaya güzəştə getdiyini qeyd edib. Hazırda Rusiyanın Ermənistanın enerji istehsalı və daşınmaları sistemini, mobil operatorları sahəsini və dəmir yolunu idarə etdiyini bildirib. Ermənistan ərazisində Rusiyanın hərbi bazasının və hava hücumundan müdafiə sisteminin ölkəsinin təhlükəsizliyi üçün vacib olduğunu söyləyib. Ermənistanın Avropa İttifaqı, Amerika və NATO ilə də əlaqələrinin qurulduğunu qeyd edib, lakin Rusiya ilə münasibətlərinə zərər verə biləcək layihələri qəbul edə bilmədiklərini vurğulayıb.
Erməni nümayəndəsindən sonra çıxış edən Almaniyanın Manatee Global Advisors təşkilatının icraçı direktoru Dastin Daxe suverenliyə həsr olunmuş bir seminarda B.Poqosyanın Ermənistanın suverenliyinin müəyyən hissəsinin Rusiyaya güzəştə getdiyinə dair fikrinin təəccüblü olduğunu və təhlükəsizliyini təmin etmək üçün suverenliyini itirməyin məntiqini anlamadığını söyləyib.
Tədbirdə iştirak edən Türkiyənin Belarusdakı səfiri Kezban Nilvana Drama suverenliyin qorunması üçün ürəkağrıdan köhnə məsələləri unutmağı və irəliyə baxmağı tövsiyə edib.
Səfir L.Qəndilov, öz növbəsində, qeyd edib ki, tədbirdə çıxış etmək fikri olmasa da, erməni tərəfinin yeni “tarixi faktlar” açıqlaması onu fikir söyləməyə məcbur edib. Səfir İran ərazisinin Cənubi Ermənistan olduğuna dair faktı ilk dəfə eşitdiyini təəccüblə qeyd edib, İran nümayəndələrinin sözügedən tədbirdə iştirak etmədiklərini təəssüflə vurğulayıb və onların bu məsələyə lazım olan cavabı verə biləcəklərini söyləyib.
L.Qəndilov SSRİ-nin yaradılmasından sonra ermənilərə dövlət qurmaq üçün Azərbaycanın ərazisi olan İrəvan xanlığının və sonra isə İranla sərhədinin olması üçün Zəngəzurun da verildiyini bildirib. Səfir Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın ətrafındakı 7 rayonun ərazisinin Dağlıq Qarabağdan 2 dəfə böyük olduğunu vurğulayıb. 1993-1994-cü illərdə BMT tərəfindən Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərinə dair 4 qətnamə qəbul olunmasına və işğal olunan ərazilərin qeyd-şərtsiz boşaldılmasının tələb olunmasına baxmayaraq, Ermənistanın bu şərtləri bu günə qədər həyata keçirmədiyini bildirib. O, əslən ermənilərin işğal etdiyi Şuşa şəhərindən olduğunu və Şuşa şəhərinin Füzuli küçəsi 2 ünvanında anasının doğulduğu evi və ölülərinin qəbirlərini ziyarət edə bilmədiyini söyləyib. Ermənistanın öz suverenliyinin müəyyən hissəsini başqa ölkəyə güzəştə getməsinin səbəbinin təhlükəsizliyinin təmin olunması deyil, işğal etdiyi əraziləri müdafiə etmək olduğunu vurğulayıb və bunu beynəlxalq ictimaiyyətin bilməli olduğunu qeyd edib.
Səfir Dağlıq Qarabağ bölgəsində bir nəfər də azərbaycanlının olmadığını və ermənilər tərəfindən etnik təmizləmə siyasətinin aparıldığını bildirib. Ermənistanın apardığı bu etnik təmizlə siyasətinin bariz nümunəsi kimi, 1992-ci il fevralın 26-da Xocalı şəhərinin 12 minlik əhalisinə qarşı soyqırımı törədilib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
18.07.2019
Baş Nazirin müavini Dağlıq Qarabağ münaqişəsi haqqında beynəlxalq ictimaiyyətin nümayəndələrini məlumatlandırıb
16.07.2019
Bakı və Brüsselin mövqeyi eynidir: Münaqişə Azərbaycanın ərazi bütövlüyü şərti ilə həll edilməlidir
15.07.2019
“Münaqişə həll olunandan sonra köçkünlərlə bərabər Qarabağ atlarının da Qarabağa qayıdışı baş verəcək”
11.07.2019
Donald Tusk işğalçı Ermənistanı məyus edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info