Turizm sektorunda 25 min iş yeri yaradılacaq
Tarix: 01.04.2019 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Dünya ölkələrində turizmə verilən önəm daha da artmaqdadır ki, bu da həmin sektorun artıq bir çox sahələrdən daha üstün olmasından irəli gəlir. Belə ki, bu gün turizm həmin ölkənin təbliğində ən əhəmiyyətli rol oynamaqla yanaşı, həm də bu sektordan gələn gəlir milyardlarla ölçülür. Məhz bunları nəzərə alan ölkələr ildən-ilə bu sahəni daha da genişləndirir, çoxsaylı turizm növlərinin tətbiqinə çalışırlar. Bu gün turizm sektorunda çalışanların sayı da getdikcə artır. 2026-cı ilə qədər turizm sektorunda çalışanların sayının 370 milyona çatacağı, hər 9 çalışandan birinin məhz turizm sektorunun payına düşəcəyi nəzərdə tutulur.

Keçən il ölkəmizə 2 milyon 800 min xarici qonaq gəlib

Ölkəmizdə də turizm prioritetdir. Turizm hər bir ölkə üçün çox önəmli bir sahədir və elə ölkələr var ki, onların ümumi daxili məhsulunda əsas hissə turizmlə bağlı olduğunu deyən ölkə başçısı bildirib ki, biz də çalışırıq ki, Azərbaycanın turizm imkanlarını genişləndirək və bu istiqamətdə müxtəlif addımlar atırıq: “İlk növbədə, əlbəttə ki, infrastruktur yaradılmalı idi. Əgər infrastruktur yoxdursa, heç bir turist buraya gəlməz. Azərbaycanda hazırda altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Gözəl yollar, dəmir yolları, xidmət infrastrukturu, otellər, ictimai yerlər yaradılmalı idi. Əlbəttə ki, hər bir turist üçün təhlükəsizlik məsələləri, xüsusilə indiki zəmanədə ön plandadır. Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. Xalqımızın qonaqpərvərliyi, gözəl iqlim, gözəl şərait. Bütün bunlar turizmin inkişafı üçün əsas şərtlər idi ki, biz bunları yaratdıq”. Dövlət başçısı vurğulayıb ki, ölkəmiz xidmət sektorunda bundan çox böyük xeyir götürür: “Azərbaycanı dünyada tanıtmaq üçün bunun çox böyük əhəmiyyəti var. Turizm ixracın bir növüdür. Mən bir müqayisə gətirim sizin üçün. Keçən il kənd təsərrüfatı məhsullarının ixracından Azərbaycan turizmdən gələn vəsaitdən daha az vəsait əldə etdi. Yəni, turizm ixrac növüdür. Keçən il Azərbaycana turizmdən iki milyard dollar vəsait daxil oldu. Bu vəsait vətəndaşlara, xidmət sektoruna, vergilərə və ümumi inkişafa xidmət göstərir. Ona görə biz qabaqcıl ölkələrin təcrübəsini öyrənirik və çalışırıq ki, Azərbaycanda turizm sənayesi daha da sürətlə inkişaf etsin. Keçən il ölkəmizə 2 milyon 800 min xarici qonaq gəlmişdi. Bu il daha çox gələcək. Bu, bizim iqtisadi inkişafımızın çox önəmli istiqamətidir”.

Türkiyədə turizm: ötən il restoran sektoru təxminən 2 milyondan artıq məşğulluq yaradıb

Əhalinin məşğulluğunun təmin olunmasında turizm sektorunun rolu getdikcə artmaqdadır. Turizmin getdikcə inkişafı etməsi bu sektorda insanların işlə təmin olunması üçün geniş imkanlar açır. Əgər 1950-ci illərdə dünyada 25 milyon turist sayı qeydə alınmışdısa, bu gün həmin rəqəm 1 milyarddan artıqdır. Dünya Turizm Təşkilatının məlumatına görə, 2018-ci ildə turistlərin sayı 6 faiz artaraq 1,4 milyard nəfərə çatıb. 2019-cu ilin qlobal turist sayında 3-4 faiz artım olacağı gözlənilir. Avropa 3-4, Amerikada 2-3, Afrikada 3-5, Orta Asiyada 4-6 faiz nəzərdə tutulur. 20130-cu ildə 1,8 milyard qlobal turist olacağı təxmin edilir. DTT-nin baş katibi Zurab Polokaşvilinin sözlərinə görə, turizmdə ötən illərdəki inkişafının nəticələri göstərir ki, bu sektor iqtisadi artım və inkişafın ən önəmli amillərindən biridir.
Dünyada hər 11 işdən biri turizmlə bağlıdır. 1999-cu ildə dünya turizm sektorunda birbaşa və dolayı olaraq işləyənlərin sayı 192 milyon təşkil edib. Bu, dünyadakı ümumi məşğulluğun 8,2 faizini təşkil edib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) statistikasına görə, bəzi Avropa Birliyi (AB) ölkələrində məşğulluğun əhəmiyyətli bir hissəsi turizm sektorunu əhatə edir. Məsələn, Avstriyada hər 100 adamdan 14-ü turizm sektorunda çalışır. Yunanıstanda bu nisbət hər 100 nəfərdən 10-nu, İspaniyada 9-nu, İsveçrədə 8-ni, Almaniyada isə 7-ni təşkil edir. Getdikcə böyüyən bu sektorda ümumi işlərin təxminən 5,5 faizi qonaqlama sektoru ilə əlaqəlidir. Yenə də, bu sektorun inkişaf etməsi və bacarıqları daha yüksək səviyyədə olan işçilərin xüsusi təhsil almalarından sonra sektorda istifadə edilməsi üçün keyfiyyətli işçi qüvvəsi lazımdır. Turizm həmçinin 50-dən çox sektora birbaşa təsir göstərir.
Turizmin inkişaf etdiyi ölkələrdən biri olan Türkiyədə turizmin 5 əsas qolu olan hava limanı, qonaqlama, yemək servisi, səyahət, tur-operatorları, idman-əyləncə fəaliyyətlərində çalışan insanların sayı 2018-ci ildə 1 milyon 21 min 438 nəfərə çatıb. Bu rəqəmlərə əsasən turizm sahəsində çalışanlarının ümumi işçilərin arasında payı 7,7 faizdir. Türkiyə Səyahət Agentlikləri Birliyinin nümayəndələri cari ildə ölkəyə olan tələbin məşğulluq sayında da artıma yol açacağını, yayda artacaq tələblə yanaşı, məşğulluq sahəsində 20 faizdən artıq bir artım gözlənildiyi bildirilib. Bununla da turizm sahəsində çalışanların sayı 1,2 milyondan artıq olacağı gözlənilir. Turizm, Restoran İnvestorları və Gastronomi Biznes Birliyinin sədri Kaya Demirer isə bildirib ki, ötən il restoran sektoru təxminən 2 milyondan artıq məşğulluq yaradıb. 2019-cu ildə bu rəqəmin 5 faiz artması gözlənilir. İstanbul Turizm Dərnəyinin rəhbəri Halil Korkmaz Türkiyədə turizm sektorunun hər il daha da artdığını bildirib. 2018-ci ildə turizm sektorunun ölkə iqtisadiyyatındakı həcminin 12 faizə çatdığını vurğulayıb.

Turizm sektorunda çalışanların sayı artır

Ölkəmizdə də turizm sektorunun inkişafı nəticəsində bu sahədə çalışan insanların sayı getdikcə artmaqdadır. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə göstərilir ki, hazırda turizm sənayesinin ölkə üzrə ÜDM-də və məşğulluqda birbaşa payı müvafiq olaraq 4,5 və 3,3 faiz təşkil edir. 2010-2015-ci illər ərzində Azərbaycanda turizm sahəsində məşğulluq səviyyəsində ildə 6 faiz artım müşahidə edilib. Dünya Səyahət və Turizm Şurasının məlumatlarına əsasən, Azərbaycanda turizm sektoru məşğulluğun 2,6 faizini təşkil edir. Xəritədə öz əksini tapan Hədəf indikatorlarına görə, 2020-ci ilədək bilavasitə turizm sektorunda 25 min iş yeri yaradılacaq. Gələcəkdə turizm sektorunda artacaq tələbi nəzərə alaraq, ixtisaslı və təcrübəli məzunların sayının artırılması və peşəkar kadrların yetişdirilməsi məqsədilə turizm üzrə ixtisaslaşmış peşə təhsili müəssisələri şəbəkəsinin genişləndirilməsi, müvafiq peşə hazırlığı üzrə təlimlərin keçirilməsi və keyfiyyət sisteminin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçiriləcək. Turizm sahəsində peşə təhsilinin gücləndirilməsi bu sektorda aparılan islahatların tam gerçəkləşdirilməsi üçün əsas şərtlərdəndir. Bu prioritet sektora birbaşa təsir göstərməsə də, Azərbaycanın real ÜDM-inin artmasına kömək edəcək. Strateji Yol Xəritəsinin uğurlu icrası həm təhsil sahəsində yeni iş yerlərinin yaradılmasına, həm də gənclər arasında turizm ixtisasına marağın artmasına səbəb olacaq. 2020-ci ildə 150-yə qədər yeni iş yeri yaradılması proqnozlaşdırılır ki, bu da əlavə təlimçilərin cəlb edilməsi nəticəsində baş verəcək.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
15.04.2019
Milyard dollarlıq bazar: fındıq ixracı iki dəfədən çox artacaq
11.04.2019
“Trthaber.com”: “Azərbaycan xalqı İlham Əliyevin islahatlarını dəstəkləyir”
08.04.2019
“Aksam.com.tr”: “Azərbaycan Türkiyədə investisiyalarını artıracaq”
06.04.2019
Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info