Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb
Tarix: 02.04.2019 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən üç il ötür. AZƏRTAC xəbər verir ki, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.
Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərimizi, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
Aprel hadisələrində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilib.

Aprel zəfərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıldı
Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edilib.
Aprel döyüşlərində Azərbaycan Ordusunun düşmənə endirdiyi əks-həmlə zərbələrinin nəticələrinə diqqət yetirsək ilk olaraq qeyd etmək lazımdır ki, Ermənistan ordusunun təxribatlarına cavab olaraq 2016-cı il aprelin əvvəllərində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində yaranan rezonans Ermənistanın siyasi-hərbi rəhbərliyində dərin çatların əmələ gəlməsinə səbəb oldu ki, bunun nəticələrini biz bu gün də Ermənistan cəmiyyətində müşahidə edirik. Nəticədə erməni xalqı öz “şanlı ordusunu” tanıdı, eyni zamanda, bu ölkədə işğalçılığın və separatizmin dövlət səviyyəsində dəstəkləndiyi təsdiq olundu. Aprel zəfərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıldı və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Erməni xalqı artıq bilir ki, Azərbaycan torpaqlarında onlara yer yoxdur. Erməni xalqı, eyni zamanda, dünya ictimaiyyəti də başa düşdü ki, işğal edilmiş ərazilərin hərb yolu ilə azad edilməsi mümkündür. Azərbaycan xalqı, dövləti və ordusu buna tam qadirdir.
Uğurlu Aprel əməliyyatından sonra Ermənistanın işğalçılıq siyasəti danılmaz faktlarla yenidən təsdiqləndi. Belə ki, döyüşlərdə ölənlərin əksəriyyətinin Ermənistan hərbi qulluqçularının olması, onların Ermənistan hökuməti tərəfindən mükafatlandırılması, yaralıların böyük bir hissəsinin Ermənistanın tibb müəssisələrində müalicə alması və dövlət tərəfindən “separatçı cəlladların” könüllü adı altında yenidən Qarabağa göndərilərək erməni ordusunun qoyub qaçdığı səngərlərə doldurulması cəhdi və s. faktlar buna əyani sübutdur.

Uğurlu Aprel qələbəsindən daha da ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfər qazandı
Ermənistan ordusunun təmas xəttində törətdikləri təxribatlar zamanı dinc əhali arasında da həlak olan və yaralananlar olub, yaşayış məntəqələrimizə böyük ziyan dəyib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib.
Uğurlu Aprel qələbəsindən daha da ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfər qazandı. Ötən ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: “Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur”.
İstər şanlı Aprel döyüşləri və Günnüt zəfəri, istərsə də ötən ilin iyununda və sentyabrında Bakıda keçirilmiş iki möhtəşəm hərbi parad gündən-günə sürətlə inkişaf edən müasir müstəqil Azərbaycan Respublikasının regionun lider dövlətinə, Ordumuzun isə bölgənin ən qüdrətli ordusuna çevrildiyini bütün dünyaya göstərdi. Bütün bunlar işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyini tam əminliklə deməyə ciddi əsas verir.

Erməni işğalı Kəlbəcərin qədim və zəngin maddi-mədəni irsini məhv edib
Yeri gəlmişkən, Xarici İşlər Nazirliyinin mətbuat xidməti Azərbaycanın Kəlbəcər rayonunun işğalının və 2016-cı ilin Aprel döyüşlərinin ildönümləri ilə bağlı bəyanat yayıb. 1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin xaricində yerləşən Kəlbəcərin işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib və işğal zamanı Ermənistanın ağır artilleriyası, Mi-24 helikopterləri və hərbi təyyarələri istifadə edilib.
İşğal nəticəsində 60 minə qədər Kəlbəcər sakini etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından didərgin salınıb, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Hazırda sayı 70 mini ötən Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşayır.
Erməni işğalı Kəlbəcərin qədim və zəngin maddi-mədəni irsini məhv edib, bölgədə yerləşən və Azərbaycanın qədim alban xristian irsinə aid olan monastırların orijinal arxitektura xüsusiyyətləri dəyişdirilərək erməniləşdirilib.
Kəlbəcərin təbii resursları və faydalı qazıntıları qanunsuz istismar olunur. Lixtenşteyndə qeydiyyatda olan və Ermənistanın Vallex Qrupunun tərkibinə daxil olan “Base Metals” şirkəti 2002-ci ildən etibarən Kəlbəcərin Heyvalı kəndi yaxınlığında Qızılbulaq mis-qızıl yatağını qanunsuz olaraq istismar edir. 2007-ci ildən etibarən “GeoProMining” şirkətinə daxil olan “GPM Gold” şirkəti Kəlbəcər ərazisində Söyüdlü qızıl yatağını istismar edir. Peyk vasitəsilə çəkilmiş şəkillər yataqda işlərin genişləndirildiyindən xəbər verir.
Kəlbəcər ərazisindən keçən Vardenis-Ağdərə yolu Kəlbəcər rayonu daxil olmaqla, işğal olunmuş ərazilərdən təbii sərvətlərin Ermənistana və beynəlxalq bazarlara daşınmasına xidmət edir.
Bütün bunlarla yanaşı, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində qanunsuz məskunlaşdırma aparılır və demoqrafik tərkib dəyişdirilir.

Ermənistan bu günədək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə əməl etmir
BMT Təhlükəsizlik Şurası sədrinin 1993-cü il 6 aprel tarixli bəyanatının ardınca BMT TŞ Azərbaycanın Kəlbəcər rayonunun işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul etdi. Qətnamədə BMT TŞ ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbul edilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb etdi. Bu qətnamənin qəbulundan sonra ATƏT-in Minsk qrupu Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün “təcili tədbirlər haqqında vaxt cədvəli” hazırladı.
Ermənistan bu günədək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə əməl etmir.
2016-cı il aprelin 2-də qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyunca sıx yaşayan mülki əhalini ağır silahlardan atəşə tutması bir daha göstərdi ki, Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regionda sülh və təhlükəsizlik üçün başlıca təhdiddir. Ermənistanın hücumlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlə tədbirləri nəticəsində mülki Azərbaycan əhalisinin təhlükəsizliyi təmin edildi və strateji əhəmiyyət daşıyan Azərbaycan əraziləri işğaldan azad olundu.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
12.09.2019
Ukrayna XİN: “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”
10.09.2019
Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə qoşulur
09.09.2019
Tural Gəncəliyev: “İşğal edilmiş Dağlıq Qarabağda keçirilən növbəti “seçki şousu” demokratiya və seçki adına böyük təhqirdir”
05.09.2019
Laçın rayonunun Mirik kəndi ərazisindəki qədim yaşayış məskənləri ermənilər tərəfindən dağıdılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info