Şərabçılıq ənənələri bərpa edilir: ixrac artacaq
Tarix: 04.04.2019 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Ölkələrin milli iqtisadiyyatlarında kənd təsərrüfatı məhsullarının istehsalının və əldə edilən dəyərin əhəmiyyəti getdikcə artmaqdadır. Hətta bəzi məhsulların emalından yaranan əlavə gəlirlər əsas məhsuldan daha artıq qazanc gətirməyə başladı. Buna misal olan əkinçilik məhsullarından biri də üzümdür. Dünyada şərab istehsal edilən coğrafiya qiymətləndirildikdə, bunun üçün əlverişli torpaqlarımızın olması da bizim üçün bir üstünlükdür. Dünyada ən çox istehlak edilən içkilər arasında yer alan şərab məşhur markaları ilə də tanınır. Bir çox meyvənin fermentasiyası nəticəsində istehsal edilən, spirtli içki olan şərab, bir çox ölkələrdə istehlak edilməkdədir. Ən çox tanınan üzüm şərabı qlobal bazarda “su kimi” istifadə olunur. Şərab, qırmızı, ağ və çəhrayı kimi ətirli ətir və meyvələrə görə fərqlidir. Tərkibində saxladığı şəkər nisbətinə görə təsnifatlandırılan şərablar üzümdən istehsal edilmirsə ona meyvə şərabı deyilir.
Ölkəmizdə üzümçülüklə yanaşı, şərabçılığın da tarixi də uzun illərə dayanır. Son illərdə bu sahənin inkişafı istiqamətdə mühüm addımlar atılır. Ölkə başçısı bildirib ki, 2004-cü ildə 55 min ton üzüm yığılıb, keçən il 167 min ton, yəni, 3 dəfə çox və burada da dövlət dəstəyi, əlbəttə ki, ön plandadır: “Üzümçülüyün, şərabçılığın Azərbaycanda çox böyük ənənələri var idi. Ancaq sovet dövründə, 1980-ci illərin sonlarında sovet rəhbərliyinin və Azərbaycandakı rəhbərlərin birgə bəd əməlləri nəticəsində üzüm bağlarımızın demək olar ki, qırılması prosesi başlamışdır. Əksər bağlar məhv edilib. Onların bərpası, əlbəttə ki, böyük vəsait və zəhmət tələb edir. Üzüm çoxillik bitkidir. Ona görə üç dəfə artım, əlbəttə ki, çox yaxşı nəticədir. Şərab istehsalı isə 15 il ərzində 5 dəfə artıb”.
Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə “2018–2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Statistik məlumatlar göstərir ki, keçən əsrin 80-ci illərində respublikada 210 şərab zavodu və şərabçılıq məntəqələri sistemində 151 mindən artıq fəhlə və mütəxəssis işləyir, 56 adda şərab, 10 adda konyak, 4 adda şampan şərabı və digər məhsullar istehsal edilirdi. İqtisadi və sosial əhəmiyyəti nəzərə alınaraq, ölkədə şərabçılığın yeni inkişaf mərhələsinə keçirilməsi qarşıda duran əsas hədəflərdən biridir. 2016-cı ildə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə şərab və şərabçılıq məhsulları istehsalçıları və ixracatçıları arasında fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb. Həyata keçirilən tədbirlər nəticəsində şərab və şərabçılıq məhsullarının istehsalı 2017-ci ildə 1 milyon dekalitri ötüb ki, onun da 375 min dekalitri ixrac edilib. Belə ki, ölkəmizdən şərab məhsulları, əsasən, Rusiyaya (338 min dekalitr) və Çinə (27 min dekalitr) göndərilib.

Dünyada hər il 2,7 milyard dekalitrdən artıq üzüm şərabı istehsal edilir

İstehlakçıların sevimli içkisi olan şərab qədim tarixi ilə də maraq doğurur. Son illər Gürcüstanın arxeoloqlarının Avropa və Şimali Amerikalı tədqiqatçıları ilə birgə Tbilisidən 50 km cənubda yerləşən iki kənddə apardığı tədqiqatlarda aşkar edilmiş e.ə 6000-ci ilə aid olan küpələrdə dünyanın ilk şərab istehsalına aid sübutlar ortaya çıxıb. Bu tapıntı üzüm şərabının istehsalının məlum olduğundan min il əvvəl başladığını göstərir. Son kəşfə qədər dünyanın ən qədim şərab istehsalı 7 min öl öncəyə hesablanırdı. 1968-ci ildə İraqın şimalındakı Zaqros dağlarında aşkar edilən 6 ədəd küpə üzərində aparılan kimyəvi analizlər nəticəsində keramikada şərab qalıqları aşkarlamışdı. Gürcüstandakı yeni kəşf şərab istehsalını məlum tarixdən təxminən min il əvvələ aparır.
46 ölkənin, o cümlədən Azərbaycanın da üzv olduğu Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OİV) məlumatına görə, dünyada hər il 2,7 milyard dekalitrdən artıq üzüm şərabı istehsal edilir. Ən çox şərab istehsal edən ölkələr İtaliya, Fransa, İspaniya, ABŞ, Avstraliya, Argentina, Çin, CAR, Çili, Almaniya və Portuqaliyadır. Son dövrdə şərab istehsalında 1-2% civarında azalma müşahidə edilir. Beynəlxalq tədqiqatların əksəriyyətində bunun səbəbi kimi dünyada baş verən kəskin iqlim dəyişiklikləri göstərilir. Dünya üzrə şərab və şərabçılıq məhsullarının ixracı təqribən 1 milyard dekalitr təşkil edir. Ən çox məhsul ixrac edən ölkələr isə İspaniya, İtaliya, Fransa, Çili, Avstraliya, CAR, ABŞ, Almaniya, Portuqaliya, Argentina, Yeni Zelandiya və Moldova hesab edilir. Eyni zamanda, son onillikdə Almaniya, Böyük Britaniya, ABŞ, Fransa, Çin, Kanada, Rusiya, Niderland, Belçika, Yaponiya, İsveç və İsveçrə yüksək idxal həcmləri ilə seçilir. Şərabın orta qiyməti, mənşə ölkəsindən asılı olaraq, kifayət qədər fərqlidir. Belə ki, dünyanın əsas şərab ixracatçısı olan Fransadan ixrac edilmiş 1 ton şərabın (HS 2204) orta FOB qiyməti təqribən 6,3 min dollar, İtaliyada 3 min dollar, İspaniyada 1,3 min, Çilidə 2 minr, Avstraliyadan 1,7 min, ABŞ-da 4,1 min , habelə Gürcüstanda 3 min, Moldovada 0,8 min, Türkiyədə 2,4 min, Rusiyada 1,1 min, Belarusda 1,9 min və Qazaxıstanda 3,2 min dollar olduğu halda, Azərbaycandan ixracda bu göstərici 1,2 min dollar təşkil edib.

Türkiyə istehsalı və ixracı artırmağı hədəfləyir

Dünyanın ən böyük üzüm istehsalçılarından olan Türkiyədə şərab ixracının çox aşağı olduğunu deyən Ege Təzə Meyvə - Tərəvəz İxracatçıları Birliyi İdarə heyətinin başçısı Hayrettin Uçak, Türkiyədə şərab ixracının inkişafa açıq bir sektor olduğunu bildirib. Urlada fəaliyyət göstərən Urla Şərabçılığını ziyarət edən H. Uçak, Fransanın ildə 15 milyard dollarlıq şərab ixrac etdiyini, Türkiyədən daha kiçik olan Çilinin şərab ixracından illik 2 milyard avro gəlir əldə etdiyini söyləyib: “Türkiyədə şərab istehsal olunan 120 fərqli üzüm növü var. Bu sektora dəstək olduğumuz təqdirdə hazırkı 10 milyon dollar səviyyəsində olan ixracını milyard dollar səviyyəsinə qısa müddətdə çıxara bilərik. İzmirdə xüsusilə, Urla və ətrafında şərab sektoru ilə əlaqədar bir ekosistem yarandı. Bu ekosistem önümüzdəki dövrdə ixracımızda sürətli bir artım təmin edəcək”. Urla Şərabçılığın İdarə heyətinin sədri Can Ortabaş 18 il ərzində Anadoluya aid çeşidlərin və yerli üzümlərinin seçilərək yetişdirildiyini, illik 300 min şüşə istehsal etdiklərini deyib. Hazırda 10 çeşiddə şərab istehsal etdiklərini, Urla Karasının Dünya Üzüm Atlasına daxil olduğunu və Urla Şərabçılıq Bağlarına təxminən 100 min ziyarətçi gəldiyini qeyd edib. 2018-ci ildə Türkiyədə 51 firma, 27 ölkəyə 10 milyon 225 min dollarlıq şərab ixrac edərkən ilk sıranı 1,8 milyon dollar ilə Şimali Kipr Türk Cümhuriyyəti alıb. Belçika 1,6 milyon dollar dəyərində türk şərabını seçsə də, İngiltərə 1,5 milyon dollar şərab ixracatı ilə zirvənin üçüncü pilləsində yer alıb.

Bu il Rusiyanın 3 şəhərində Azərbaycan ticarət və şərab evlərinin açılması gözlənilir

Ölkəmizdə də bu sahənin inkişafı ilə bağlı təsdiqlənən Dövlət Proqramının məqsədi də şərab və şərabçılıq məhsullarına tələbatın ortamüddətli perspektivdə yerli ehtiyac və ixracat imkanları nəzərə alınmaqla ödənilməsi, şərab istehsalı müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və müasir texnologiyalar əsasında qurulması, xammal təminatının yaxşılaşdırılması, şərabçılıq məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə üzümçülüyün və şərabçılığın inkişafını stimullaşdırmaqdan ibarətdir. Dövlət Proqramının icrasından gözlənilən nəticələrə əsasən şərabçılıq müəssisələrinin istehsal potensialından maksimum səviyyədə istifadə etməklə ölkədə şərab ixracı 2025-ci ilədək 5 dəfə artırılacaq. Qeyd edək ki, iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, cari ildə Rusiyanın 3 şəhərində Azərbaycan ticarət və şərab evlərinin açılması gözlənilir. Belə ki, bu il Rusiyanın Moskva, Sankt-Peterburq və Yekaterinburq şəhərlərində “Azərbaycan Ticarət Evi” və şərab evlərinin açılması nəzərdə tutulur. Nazir qeyd edib ki, gələcəkdə Rusiyanın digər şəhərlərində də ticarət və şərab evlərinin açılması planlaşdırılır: “Rusiyada yaradılacaq Azərbaycan ticarət və şərab evləri yerli məhsulların tanıdılması və ixracın artırılması istiqamətində fəaliyyət göstərəcək”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info