“Bakımetrolayihə”- 70
Tarix: 09.04.2019 | Saat: 12:29:00 | E-mail | Çapa göndər


İnsan yaratdıqlarını, tikib qurduqlarını, ilk növbədə, beynində, təsəvvüründə canlandırır, xəyalında yaşadır, formalaşdırır və son nəticədə, kağıza köçürür, xəyallarını kağız üzərinə xətlərlə cizgilərlə həkk edir. Sonradan hər şey bu cizgilərin hökmü altında baş verir. 20-ci əsrin ən böyük kəşflərindən biri və dünyanın 8-ci möcüzəsi olan metro da başlanğıcını qələm, xətkeş və pərgardan götürüb.
1946-1947-ci illərdə müharibədən sonrakı ağır bərpa dövründə metro kimi çox mürəkkəb və ağır, böyük məsrəflər tələb edən bir tikinti üçün Bakının obyekt seçilməsi hansı zərurətdən irəli gəlirdi? Burada sənədlərə deyil, gümanlara söykənən müxtəlif fikirlər var. Deyilənə görə, ancaq milyonçu şəhərlərə layiq bilinən metronun, o vaxtlar hələ bu sırada olmayan Bakıda tikilməsi sırf hərbi-strateji məqsədlər daşıyırdı. Sovetlərin ən zəngin neft regionunun ölkənin cənub sərhədinə yaxın yerləşməsi, dövləti təhlükəsizlik baxımından xüsusi tədbirlərə əl atmağa məcbur edirdi. Məlum olduğu kimi, metro o vaxtlar təkcə nəqliyyat vasitəsi deyil, həm də strateji obyekt olmaq etibarı ilə hava hücumundan mühafizə sisteminin tərkib hissəsi kimi qəbul edilirdi.
Neftlə bağlı olan başqa bir versiya da var. Böyük vətən müharibəsində düşmən üzərində qazanılan tarixi qələbədə Bakı neftinin xüsusi rolu, neftçilərimizin əvəzsiz əməyi olub. Alman faşizmi ilə döyüşə atılan hər 100 tankdan və digər döyüş maşınlarından, havaya qalxan təyyarələrdən 70-i Bakı nefti ilə hərəkətə gəlirdi. Təkcə neftçilər deyil, digər sahələrdə çalışan insanlar da böyük qələbəyə öz layiqli töhfələrini verirdilər. Moskva və Leninqraddan sonra, metro tikintisi üçün məhz Bakının seçilməsi faşizm üzərində qələbədə Azərbaycan paytaxtının xidmətlərinə verilən dəyərin, qiymətin göstəricisi də ola bilərdi. Amma sonrakı illər bu qərarın paytaxt Bakı üçün, onun nəqliyyat problemlərinin həlli baxımından nə dərəcədə əhəmiyyətli olduğunu subut etdi.
Tikintinin idarə olunması və layihə smeta sənədlərinin hazırlanması üçün A.Denişşenko, Q.Lebedevin rəhbərliyi ilə Moskvadan Bakıya böyük bir mütəxəssis qrupu 5 il müddətinə ezam edildi. SSRİ Nazirlər Sovetinin 1949-cu il 20 yanvar tarixli qərarına əsasən, Aleksandr Denişşenkonun rəhbərliyi ilə Bakı Metro Tikintisi İdarəsi təsis olundu. Həmin ilin aprel ayının 10-da SSRİ Yollar Nazirliyinin qərarı ilə layihə-axtarış işlərinin təşkili üçün "Metrolayihə" kontoru yaradıldı. İnstitutun təşkilində Q.V.Lebedev və N.Uşakovun rəhbərliyi ilə müxtəlif ixtisaslar üzrə moskvalı mütəxəssislərdən A.M.Qorkov, A.İ.Semyonov, V.V.Antuşev, A.Q.Magilyovski, N.İ.Qratsinski, Q.N.Sazonov, V.N.Kuznetsov, S.İ. Zaratski, A.B.Terentyev, A.M.Xolmyanski, İ.İ. Kaçalin, A.İ.Krayev, P.İ.İvanov, D.A.Pakrovski, T.İ.Duvan, B.V.Panin, Y.A.Vasilenko, B.A.Xodoş, İ.İ.Şevçenko, S.İ.Jukov, V.V.Kotov, L.N.Popov yaxından iştirak ediblər.
1951-ci ildə Moskva Metro Tikintisi İdarəsinin 1933-cü ildən fəaliyyət göstərən layihə kontoru «Metrogiprotrans» (Dövlət Metronəqliyyat Layihələşdirmə) institut statusu aldıqdan sonra, Bakı Metro Tikintisi İdarəsinin layihə qrupu da həmin institutun filialı kimi "Bakımetrolayihə" adı altında fəaliyyətini davam etdirdi. İnstitutun ilk direktoru Qriqori Lebedev Bakı metrosunun birinci növbəsinin ilk buraxılış sahəsinin layihə işlərinə rəhbərlik edirdi. 1950-ci ildə Moskva, Leninqrad, Xarkov, Novosibirsk, Minsk, Tbilisi və Kiyev dəmir yolları institutlarının məzunları da Bakıya göndərildi. Onların arasında ilk əmək fəaliyyətinə Bakı metrosunun layihə-tikinti işləri ilə başlayanlar da var idi. İlk təşkilati işlərə şəhərin layihə institutlarından ən yaxşı mütəxəssislər cəlb edilmişdi.
1950-ci ildə Bakı Politexnik İnstitutunda açılan Körpülər və tunellərin tikintisi fakültəsi 2 il sonra məzunlarını "Bakımetrotikinti" yə, eləcə də "Bakımetrolayihə" yə göndərdi. Onlardan Y.Yaqubov, Ş.Xanbəyov, Q.Bağırov, X.Əliyeva, Y.Əliyev, O.Qasımov, F.Qurbanov, Ş.Hacıyev və neçə-neçə başqaları ömürlərinin böyük bir hissəsini metro tikintisinə həsr etdilər.
İnstitutun nəzdində laboratoriyası olan geologiya, topoqrafiya, tras, konstruktor, tikinti, sanitar-texniki, elektrik və smeta şöbələri yaradıldı. Bu şöbələrə şəhərin müxtəlif layihə institutlarının mütəxəssislərindən rəhbərlər təyin edildilər.
İlkin layihə sənədlərinə görə, Bakı metrosunun birinci növbəsinə 6 stansiya və bir depo daxil edildi. İlk tikinti meydançası İçərişəhərin şəhər soveti binası yaxınlığındakı qala qapısının qarşısında "Bakı Soveti" stansiyası və onun mənzil tunellərinin tikintisi məqsədilə layihələndirildi. Maili gedişin tikintisi üçün qazma kompleksi, kompressor otağı, elektrik yarımstansiyası quraşdırıldı. İkinci tikinti meydançası isə o vaxtkı 26 Bakı Komissarı bağının yanında yaradıldı.
Metronun tikintisi 4 növbədə planlaşdırılmışdı.
Birinci növbə 3 buraxılış sahəsindən ibarət idi: 10,1 km-lik yol və 6 stansiyadan ibarət olan birinci buraxılış sahəsi – "Bakı Soveti", "26 Bakı Komissarı", "28 Aprel", "Gənclik", "Nərimanov" və "Şaumyan" (adlar ilkin variantı ilə verilir - red.)
İkinci buraxılış sahəsi – "Nizami" stansiyası, sahənin uzunluğu 2,3 km.
Üçüncü buraxılış sahəsi – "Ulduz", "Əzizbəyov", "Avrora", "Neftçilər".
İkinci növbə – "Elmlər Akademiyası", "İnşaatçılar", "XI Qızıl Ordu meydanı" və "Memar Əcəmi".
Üçüncü növbə, Şərq sahəsi – "Xalqlar dostluğu", "Əhmədli", "Həzi Aslanov".
Dördüncü növbə, Şimal sahəsi – "Nəsimi", "Azadlıq prospekti", "Dərnəgül".
1954-cü ildə 5 illik ezamiyyət müddəti başa çatan institut direktoru Q. Lebedev Bakıdan getdikdən sonra, onu V.Kalinin əvəz etdi. Bir müddət isə "Bakımetrolayihə" Azərbaycan memarlığının görkəmli nümayəndəsi, "Bakılı Korbuzye" adlandırılan Konstantin Sençixinin rəhbərliyi altında işlədi. 1973-cü ildən 1990-cı ilə kimi bu vəzifədə azərbaycanlı mütəxəssis Yusif Yaqubov çalışıb.
O vaxta kimi institutun və layihənin baş mühəndisi vəzifəsində çalışan Y.Yaqubov “Bakımetrolayihə”nin ilk azərbaycanlı direktoru, istedadlı mühəndis, gözəl və qayğıkeş insan idi. Metronun layihələndirilməsi sahəsində bir çox ixtisaslı mütəxəssislərin yetişdirilməsində Yusif müəllimin əməyi böyük olub.
Sonrakı illərdə bu vəzifədə İntasif Abdullayev, Davud Abdullayev, Vaqif Mehdiyev çalışıblar. Hazırda institutun direktoru Sahib Qasımovdur.
70 illik tarixi dövründə institut təkcə Bakı metrosunun və həm də təkcə metro xətlərinin inşası ilə məşğul olmayıb. İnstitut keçmiş Sovetlər Birliyinin Moskva, Nijni Novqorod, Novosibirsk, Daşkənd, Tbilisi metropolitenlərinin layihələşdirilməsində iştirak edib. Moskva metrosunun Serpuxov radiusunun layihəsi, "Kropotkinskaya" stansiyasının memarlıq layihəsi Bakı institutunda hazırlanıb.
Bakıdakı yeraltı piyada keçidlərinin, böyük əksəriyyəti, Bakı funikulyoru, teleqüllənin əsası, 1960-70-ci illərdə Montin və 8-ci kilometr qəsəbələrinin yaşayış evləri, neft məhsullarının axıdılması üçün Ramana kollektorunun bərpası, Azərbaycan dəmiryolunun Buta-Heybət xəttində, eləcə də Gəncə və Kürdəmirdə dəmiryolu körpülərinin, Bakının Bakıxanov küçəsində, Binəqədi qəsəbəsində avtomobil yolu körpülərinin, 93 və 96 saylı telefon stansiyaları üçün yeraltı kollektorların, şəhərin dairəvi və ayrı-ayrı küçələrində kanalizasiya kollektorlarının, Dərbənd və Vladiqafqazda avtomobil tunelinin, Mahaçqalada və 80-ci illərdə əsrin magistralı adlanan Baykal-Amur Magistralında dəmir yolu tunellərinin, Tacikistanda Vaxş-Yavan su qovşağının hidrotexniki tunellərinin tikintisi bu institutun layihələri üzrə yerinə yetirilib. Adları çəkilən obyektlərin layihə işlərinin hazırlanmasında o vaxtkı mütəxəssislərin misilsiz əməyi olub. Bu sıraya institutun baş mühəndisləri Ə.Ağayev və V.İsmayılov, geologiya şöbəsinin rəisi R.Yəhyayev, baş mütəxəssis G.Bıçkov, konstruksiya şöbəsinin rəisi, V.Pominov, baş mütəxəssis A.Strikovski, qrup rəhbəri V.Nikondrova, smeta şöbəsinin rəisi M.Bakanov, baş mütəxəssis İ.Mirəhmədova, geodeziya və tras şöbəsinin rəisi G.Stepanov, baş mütəxəssislər B.Berloviç və Q. Şahsuvarov, santexnika şöbəsinin rəisi F.Naroditski, baş mütəxəssis G.Qalant, qrup rəhbəri L.Kosik, işlərin təşkili şöbəsinin rəisi A.Əliyev, baş mütəxəssis A.Polonetskaya, layihənin baş mühəndisi M. Rerper, qrup rəhbəri O.Bağırov, A. Podalko və başqaları daxil idi.
Bu təcrübəli mütəxəssislər 1970-80-ci illərdə layihəçilər nəslinin böyük bir qrupunu yetişdirdilər. Həmin dövrdə Bakıda yeraltı yolların və digər tikililərin layihələşdirilməsində gənc nəslin nümayəndələrindən A.Əliyev, İ.Abdullayev, D.Abdullayev, T.Rzayeva, İ.Müfitzadə, N.Məmmədov, Ə.Vəliyev, X.Hətəmov, S.Qədimova, S.Məmmədova, Z.Hacıyev, N.Mustafayev, İ.Fərhadov, K.Osmanova, R.İsmayılova, M.Novruzova, L. Avramenko, N.Koçubey, A.Qurbanov, C.Qurbanov, T.Arqutkina, T.Sadıqova, L.Qasımova və başqaları əsl mütəxəssis kimi kamilləşdilər.
Aprelin 10-da institutun fəaliyyətə başlamasının 70 ili tamam olur. Bu şərəf, qürur doğuran yubiley münasibətilə yeraltı yollarımızın layihəçilərini, inşaatçılarını, eləcə də istismarçılarını təbrik edir, onlara şəhərimizin nəqliyyat strukturunun təkmilləşdirilməsi, yeraltı yollarımızın daha səmərəli və insanların istifadəsi üçün daha rahat layihələndirilməsi kimi şərəfli işlərində böyük uğurlar diləyir, xəyallarında qurduqlarının tez bir zamanda həyata keçməsini arzulayırıq.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info