Prezident İlham Əliyev bir il əvvəlki reytinqini və seçicilərinin yüksək etimadını daha da artırıb
Tarix: 09.04.2019 | Saat: 12:35:00 | E-mail | Çapa göndər


Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu İlham Əliyevin yenə də öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq etdi

Azərbaycan Respublikasındakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə “Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində geniş rəy sorğusu keçirilib.
Rəy sorğusunun nəticələrini aprelin 9-da “Opinion Way” şirkətinin rəhbəri Brüno Janbar Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında elan edib.
Diqqətə çatdırılıb ki, sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Respondentlərin fikrinə görə, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Ölkədə etnik, dini və ictimai-siyasi zəmində sabitlik hökm sürüb, ictimaiyyətdə narahatlıq doğuran ciddi hallar müşahidə edilməyib. Bütün bunlar ölkədaxili vəziyyəti və Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirməyi təmin edən amillər olub. Məhz elə bunun nəticəsidir ki, sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. Bu sualı onların yalnız 6,8 faizi “mənfi”, 8,1 faizi “bilmirəm” kimi cavablandırıb.
“Opinion Way”in “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib, onlardan 64 faizi bu istiqamətdə hökumətin fəaliyyətini “tam bəyəndiyini”, 26,5 faizi “əsasən bəyəndiyini” vurğulayıb, rəyi soruşulanların yalnız 6,0 faizi bu suala “bəyənmirəm”, 3,5 faizi isə “bilmirəm” cavabını verib.
Respondentlərin bu cavabı müxtəlif səviyyəli ekspert qiymətləndirmələri ilə üst-üstə düşür. Məsələ ondadır ki, əksər beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları son bir ildə Azərbaycanda gedən sosial-iqtisadi prosesləri, həyata keçirilən islahat kursunu böyük maraqla izləyir və çox müsbət səciyyələndirirlər. Dünya Bankının “Doing Business” hesabatında da Azərbaycan hazırda dünya miqyasında 25-ci yerdə qərar tutub. Aparıcı beynəlxalq reytinq agentlikləri Azərbaycanın sosial-iqtisadi və maliyyə durumunu yüksək qiymətləndirir. Odur ki, Prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarını əks etdirən sosial-iqtisadi siyasətinin ölkə əhalisi tərəfindən bəyənilməsi tam təbii hesab olunmalıdır.
Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair “Opinion Way”in sualına respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verib. Bununla bağlı rəyi soruşulanların yalnız 5,8 faizi verilən vədlərin yerinə yetirilmədiyi, 4,2 faizi isə cavab verməyə çətinlik çəkdiyi qənaətində olub. Bu nəticəni sosioloqlar onunla izah edirlər ki, Azərbaycan Prezidenti daim öz xalqı ilə birbaşa təmasdadır və onun sözü ilə əməli indiyə qədər daim vəhdət təşkil edibdir. Bu vədlərin ardıcıl yerinə yetirilməsi nəticəsində Azərbaycan son on altı ildə öz dinamik inkişafını təmin edib, mühüm transmilli enerji və nəqliyyat layihələrini icra edib, planetin azsaylı kosmik dövlətləri sırasına daxil olub, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin əsaslı inkişafına nail olunub. Əhalinin rifahı durmadan yüksəlib, ölkədə 3 milyon insanı əhatə edən böyük sosial paketin həyata keçirilməsinə başlanılıb. Cəmiyyəti düşündürən istənilən məsələdə Prezident xalqla həmrəylik nümayiş etdirib və irəli sürülən məsələlərin həlli ilə bağlı operativ tədbirlər həyata keçirib.
Prezident İlham Əliyevin kadr islahatları da sorğuda iştirak edən vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib. Bununla bağlı sualları cavablandıran respondentlərin 78,8 faizi həyata keçirilən kadr siyasətinə birbaşa öz müsbət rəyini bildirib, onlardan 43,3 faizi bu sahədəki dəyişikliklərdən tam razı qaldığını, 35,5 faizi isə əsasən razı qaldığını nümayiş etdirib.
Ekspertlərin fikrinə görə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi struktur və kadr islahatları dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli istiqamətində ciddi addım olub. Təsadüfi deyil ki, son zamanlar keçirilən bütün sorğularda Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlər yüksək qiymətləndirilib.
Sorğunun nəticələrinə görə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi korrupsiya əleyhinə mübarizə tədbirləri də cəmiyyət tərəfindən təqdir olunub. Rəyi soruşulanların 75,6 faizi korrupsiyanın aradan qaldırılması ilə bağlı görülən tədbirləri effektli və qənaətbəxş qiymətləndirib.
Yenə də ekspertlər bunu onunla izah edirlər ki, son dövrdə Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi elan edib, ölkədə sistem xarakterli, inzibati və institusional tədbirlər həyata keçirilib. Onun birbaşa təşəbbüsü ilə yaradılan “ASAN xidmət” modeli hazırda korrupsiya ilə mübarizə sahəsində effektli və innovativ mexanizm kimi bütün dünyada təqdir və tətbiq olunur. Bundan başqa, vergi, gömrük, sosial və digər idarəçilik sahələrində həyata keçirilən məqsədyönlü tədbirlər şəffaflığın yüksəldilməsi, dövlət büdcəsinin gəlirlərinin artması və başqa mühüm məsələlərin həllini təmin edib.
“Opinion Way”in “İlham Əliyevin qəbul etdiyi “Regionların sosial-iqtisadi inkişaf proqramı” və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində sizcə regionlar inkişaf edibmi” sualına respondentlərin 93,1 faizi “hə” cavabı verib, 72,3 faizi hökumətin bu istiqamətdəki fəaliyyətini tam müsbət, 20,8 faizi “əsasən müsbət” kimi dəyərləndirib.
Görünür, belə yüksək nəticə onunla izah edilə bilər ki, keçən il regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı uğurla başa çatıb, beşillik proqram artıqlaması ilə yerinə yetirilib. Üç proqramın icrası nəticəsində bölgələrin infrastrukturları müasir standartlara uyğun yenidən qurulub, minlərlə istehsal müəssisəsi, iki milyondan artıq yeni iş yeri açılıb, ayrı-ayrı sahələrin, o cümlədən qeyri-neft sektorunun əsaslı inkişafına nail olunub. Bu il isə regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib və icrasına başlanıb.
Prezident İlham Əliyevin regionların inkişafına xüsusi diqqət göstərməsi həm də vətəndaşların böyük rəğbətini qazanıb. Sorğuda ölkə Prezidentinin bölgələrə çoxsaylı səfərlərinin faydalılıq əmsalı respondentlərin 90,4 faizi tərəfindən müsbət dəyərləndirilib, 48,9 faiz bu səfərləri “çox yüksək”, 27,5 faiz “əsasən yüksək”, 14 faiz isə “qismən yüksək” kimi qiymətləndirib.
Məsələ ondadır ki, Prezident İlham Əliyev 16 illik prezidentliyi dövründə regionların sosial-iqtisadi inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxlayıb. O, təkcə keçən il Azərbaycanın bölgələrinə 24 səfər edib, vətəndaşlarla birbaşa ünsiyyətdə olub. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı çoxsaylı sərəncamlar imzalayıb. Bundan başqa, dövlət başçısının yerlərdə əhali ilə görüşləri, problemlərlə şəxsən tanış olması, onların qısa zamanda aradan qaldırılması və digər məsələlər bu sorğunun göstəricilərini şərtləndirən amillərdir.
Sorğunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri də əhalinin müsbət mövqeyini ifadə edib: Sorğuda iştirak edənlərin 89,9 faizi bu sualı müsbət cavablandırıb, onların 73,9 faizi suala “əla”, 16,0 faizi “kafi” cavabı verib, 2,4 faizi “pis”, 7,7 faizi isə “dəqiq bilmirəm” kimi münasibət bildirib.
Ekspertlərin fikrinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və məqsədyönlülüyü ilə xarakterizə olunub, daim milli maraqlara söykənibdir. Bunun nəticəsində də keçən müddətdə Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir çox əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Hazırda ölkənin müttəfiqləri və tərəfdaşlarının sayı gündən-günə artır, Azərbaycan dünya miqyasında özünün etibarlı tərəfdaş imicini möhkəmləndirir. Ölkənin beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi səciyyələndirilib.
Beləliklə, göründüyü kimi, “Opinion Way”in sorğusuna respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir. Ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun, təxminən 83-85 faizinin səsini qazana bilər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
Prezident: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16.10.2019
31 min 351 ailənin yaşadığı çoxmənzilli binaların istismarına icazə verilib
16.10.2019
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16.10.2019
Azərbaycanın dəniz yataqlarından 1,090 milyard ton neft hasil olunub
16.10.2019
Torların yığışdırılması üçün bütün su hövzələrində aksiyalara başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info