“Bu gün dünyada Azərbaycan musiqisini, mədəniyyətini yaxşı tanıyırlar”
Tarix: 29.07.2013 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


Azərbaycan öz sənətkarları ilə hər zaman dünyanın müxtəlif ölkələrində tanınıb. Onlar öz yaradıcılıqları, fəaliyyəti ilə xaricdə ölkəmizi tanıdıb ki, bu gün də müxtəlif ölkələrdə məhz həmin sənətkarlar qəbul edilir, bəyənilir. Belə sənətkarlar sırasında ilk olaraq Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindən olan Rəşid Behbudovu göstərmək olar ki, o, mahnıları ilə Azərbaycanı dünyaya tanıtdı, əcnəbilərə bu diyarın gözəl musiqisi, nəğmələri ilə tanışlıq imkanı verdi. Eləcə də Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri, görkəmli sənətkar Müslüm Maqomayev öz ifası ilə nəinki sovet ittifaqına daxil olan ölkələrdə, eləcə də Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İran və digər ölkələrdə konsertlər verib. Həmçinin fəaliyyəti ilə nəinki ölkəmizdə, xaricdə böyük rəğbət qazanan bəstəkar, pianoçu, Azərbaycanda caz-muğamın banisi Vaqif Mustafazadə Monakoda keçirilən 8-ci Beynəlxalq Caz Festivalında "Əzizəni gözləyirəm" musiqisinə görə birincilik mükafatına layiq görülüb. Xaricdə tanınan sənətkarlarımız sırasında Azərbaycanın rəssamlıq sənətinin görkəmli nümayəndələri Tahir Salahov, Toğrul Nərimanbəyov kimi rəssamlarımız var. Bu gün də sənəti ilə dünyada tanınan bir çox sənətkarlarımız var ki, onlar da ölkəmizi təmsil etməklə xaricilərin rəğbətini qazanıb. Bunların sırasında muğam ifaçısı, xanəndə Alim Qasımov, pianoçu, bəstəkar və caz ifaçısı Əzizə Mustafazadə, balaban ifaçısı Əlixan Səmədov və digər sənətkarları göstərmək olar.
Layihə çərçivəsində təqdim etdiyimiz yazı ölkəmizi xaricdə təmsil edən musiqiçilərdən biri-məşhur caz pianoçusu və bəstəkar Əminə Fiqarova ilə bağlıdır. Yaradıcılıq fəaliyyəti ilə bağlı məlumat verən musiqiçi ilk dəfə piano arxasına keçəndə heç 5 yaşı olmadığını, əvvəlcə dinlədiyi musiqi parçalarını ifa etdiyini deyir: “Sonra klassiklərin əsərlərini çalmağa başladım. Bülbül adına orta ixtisas musiqi məktəbinə gələndə artıq yaşıdlarımdan çox irəli getmişdim. İlk əsərlərimi burada oxuduğum illərdə yazdım. 1987-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Fortepiano fakültəsini bitirdim. Həmin il Moskvada keçirilən gənc bəstəkarların yaradıcılıq müsabiqəsində iştirak etdim və müsabiqənin laureatı oldum. Məni Moskvaya dəvət etdilər”. İstedadlı gənc bəstəkar kimi Bəstəkarlar İttifaqının üzvü olan Ə.Fiqarovaya Konservatoriyanın Vokal fakültəsində təhsilini davam etdirməyi təklif ediblər və beynəlxalq radio onun haqqında proqram hazırlayıb. Az sonra Kislovodskda gənc musiqiçilərin festivalı keçirilib. Bir-birinin ardınca baş verənlərin həyatında yeni səhifələr açdığını deyən musiqiçi müxtəlif ölkələrə dəvət olunub. O, Hollandiyanı seçdi. Çox şəhərlərdə konserti keçirilib. İlk konsertdən sonra Hollandiyada qalıb təhsilini davam etdirmək təklif olunub. O vaxtdan artıq bir neçə il keçib. Əminə Fiqarova hazırda xarici ölkələrdə Azərbaycanı ləyaqətlə təmsil edir: “Mən bəstəkarlıq fakültəsində oxudum. Tanınmış pianoçu bəstəkar Rob Van Kreyqollddan dərs aldım. O vaxta qədər cazla məşğul olmamışdım. Solo konsertlərim olurdu. Həm klassiklərin, həm də öz əsərlərimi ifa edirdim. 1990-cı ilin sonunda qrup yaratdım. O biri il Lüksemburq festivalında ilk çıxışımız oldu. Sonra məni caz üzrə təhsil almaq üçün Amerikanın Boston şəhərinə - dünyanın ən məşhur caz məktəbinə göndərdilər. Oradan qayıdandan sonra caz üzrə ilk diskim çıxdı. O vaxta qədər bir neçə diskim çıxmışdı. Hər uğurumdan sonra Moskvanı xatırlayıram və mənə elə gəlir ki, o müsabiqədən sonra bütün yollar üzümə açıldı. O vaxtdan bu günə qədər səfərdəyəm. Ürəyim Azərbaycanda, ayaqlarım müxtəlif yollarda. Əlbəttə, dünyanı gəzmək, görmək - bu da arzum olub. Ən yorucu turnedən qayıdandan sonra ən çoxu iki həftə evdə qala bilirəm. Onda da tələbələrimlə məşğul oluram. Sonra yenidən səfərə çıxırıq. Bəzən hər gün təyyarə ilə uçmalı oluruq”.
“Sekstet” (altılıq) adlı qrupla çıxışlarını davam etdirən musiqiçinin sonra “12” adlı diski çıxıb. Onun “12” adlanmasına gəldikdə isə musiqiçi deyir ki, bu rəqəmlə bağlı həyatının başqa anları da var və bu diskə də 12 əsəri yazılıb: “Həmin əsərlər bizim Nyu-Yorkdakı yeni həyatımıza həsr olunub. Nyu-Yorkun gündüz həyatı, onun okeanı, metrosu, enerjisi, istirahəti burda öz əksini tapıb. Bir turnemizi də bu proqrama həsr etdik. Konsertlərimiz, proqramlarımız maraqla izlənilib. Böyük populyarlıq qazanmışıq. Dünyanın məşhur səhnələrində, festivallarında çıxışlarımız çox olub. Amma bu dəfə bizi tamam başqa səhnələrə dəvət etdilər. Elə bizim üçün də maraqlı oldu. Bizi Amerikanın müxtəlif ştatlarından universitetlər dəvət etdilər. Amerikada ayrıca musiqi akademiyaları yoxdur. Musiqi fakültələri universitetlərdə fəaliyyət göstərir və böyük orkestrləri var. Onlar bizimlə görüşə əməlli-başlı hazırlaşmışdılar. Adətən belə yerlərdə konsertimiz olur və ustad dərsləri keçirik. Amma bu dəfə onlar mənim əsərlərimi aranjıman etmişdilər. Bu, mənim üçün çox maraqlı idi və nəticə çox gözəl oldu. Tələbələr sonda bizə çoxlu məktub verdilər. Onlar çox xoşbəxt idilər və əlaqələri davam etdirmək istəyirdilər. Bu turne bir də ona görə yaddaqalan oldu ki, mən həm də bəstəkar kimi çox populyarlıq qazandım. Əlbəttə, bu anları yaşamaq çox xoşdur”.
Həmin səfər zamanı olduğu şəhərlərdən bəhs edən musiqiçinin sözlərinə görə, ilk konsert Nyu-Yorkda olub: “Sonra Kentukki ştatının Louisville şəhərinə getdik. Bu şəhərin universiteti caz üzrə ən tanınmış universitetlərdən biridir. Orada üç gün tələbələrə öz kompozisiyalarımdan dərs dedim. Sonra konsertimiz oldu. Növbəti səfərimiz Ohayo ştatına idi. Oradan Missisipi ştatının Hədizburq şəhərinə getdik. Sonra dünyada cazın vətəni kimi tanınan və caz festivalları üçün böyük səhnə olan Nyu-Orlean şəhərinə yollandıq. Orada da caz musiqisi tədris olunan bir neçə universitet var. Yenə dərslərim oldu və caz-klubda konsert verdik. Növbəti dayanacağımız Luiziana ştatının Baton Ruc (Baton Rouge) şəhəri oldu. Burada birinci dəfə idi ki, konsert verirdik. Buna baxmayaraq salon dolu idi. Sonra vaxtilə Bill Klintonun qubernator olduğu Arkanzas ştatına gəldik. Bura da ilk səfərimiz idi. Tamaşaçılar bizi çox gözəl qarşıladılar. Konsertdən sonra onlarla söhbət edəndə bildirdilər ki, bizi festivallardan tanıyırlar və radioda hər gün dinləyirlər. Kolorado ştatında “Caz cəmiyyəti” fəaliyyət göstərir. Əvvəllər də orada olmuşdum. Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Səhnə də çox yüksək bir yerdə qurulmuşdu. Nəfəs almaq çətin idi, sanki havamız çatmırdı. Amma gözəl yerlərdir. Konsertdən sonra Corc Vaşinqton adına universitetə getdik. Tələbələrlə görüşlərimiz çox maraqlı keçdi, əvvəlcə ustad dərsləri, sonda çıxışımız oldu. Nəhayət, gəldik öz şəhərimizə - Nyu-Yorka. Şəhərin ən böyük salonlarından olan Linkoln mərkəzində konsert verdik. Mərkəz akustik musiqi - balet, opera, caz üçün nəzərdə tutulub. Bu konsert də çox uğurla keçdi”. Sonra Qətər dövlətinə səfər etdiklərini deyən musiqiçi deyir ki, orada böyük caz mərkəzi açılıb: “Bizi ora dəvət etmişdilər. Dəvət olunan hər bir musiqiçi caz mərkəzində 2-3 həftə konsert verir. Bizim də 14 konsertimiz oldu. Missiyamız Amerika cazını orada nümayiş etdirmək idi. Üç-dörd konsertdən sonra Qətər Musiqi Akademiyasında, beynəlmiləl məktəbdə ustad dərslərimiz oldu. Tələbələr üçün də, bizim üçün də çox maraqlı idi. Dinləyicilər bütün dünyada müxtəlifdir. Düzünü desəm, Amerikada konsert vermək daha ürəyimizcədir. Onlar cazı çox dinləyirlər. Radiolarda caza geniş yer verilir. Ştatlarda dinləyici başqadır, Nyu-Yorkda başqa. Tamaşaçı var, incə cazı sevir, eləsi də da var ki, ritmik cazı xoşlayır. Kimə necə təsir edirsə, elə də reaksiya verir”. Gələcəkdə bir sıra dünya ölkələrində konsertlərinin olacağını deyən musiqiçi deyir ki, bunlardan biri də Amerikadır: “Amerika cazın vətənidir. Ən yaxşı caz ifaçıları oradadır. Onların cərgəsində olmaq çox xoşdur. Bunun üçün həmişə məşq etmək, çalışmaq, formada olmaq lazımdır. Ətrafımızda inanılmaz dərəcədə çox musiqiçi var. Onları dinləmək, konsertlərində olmaq çox vacibdir. Xüsusilə, Nyu-Yorkda sənət adamları həmkarlarına çox dayaq dururlar. Bir-birini təbliğ edirlər. Mənim konsertim olanda, yeni kompozisiyam təqdim ediləndə onlar dünyanın hər yerində olan dostlarına xəbər verirlər. Biz də onlar üçün belə edirik. Bu həm dostluq, həm də peşə həmrəyliyidir”. Ə.Fiqarova Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production” şirkətinin təşkilatçılığı ilə keçirilən ənənəvi Beynəlxalq caz festivalında rəhbərlik etdiyi qrupla geniş konsert proqramı ilə çıxış edib: “Hər konsertdə mən deyirəm ki, azərbaycanlıyam, amma Hollandiyada yaşayıram. Əvvəllər çıxış etdiyim ölkələrdə Azərbaycanı tanımırdılar. Bu gün isə Azərbaycanı, musiqimizi, mədəniyyətimizi tanıyırlar. Dünya ölkələri sırasında Azərbaycanın öz yeri var. Bu da çox xoşdur”.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“News Blaze” nəşri: “Ermənistanda nasist veteranları “qəhrəman” hesab edirlər”
17.09.2019
“Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir”
16.09.2019
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
12.09.2019
Ukrayna XİN: “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”
10.09.2019
Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə qoşulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info