“ATƏT seçkilərin yüksək səviyyədə keçirilməsi üçün atılan addımları yüksək qiymətləndirir”
Tarix: 29.07.2013 | Saat: 22:45:00 | E-mail | Çapa göndər


Mərkəzi Seçki Komissiyasında aşağı seçki komissiyalarının
üzvləri üçün kurslar başlayıb


Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün təşkil edilmiş seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların açılışı olub. Mərasimdə çıxış edən MSK-nın sədri Məzahir Pənahov kursların əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, seçkilər hər bir ölkədə demokratiyanın əsas göstəricilərindən biridir. Azərbaycanda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ənənəsinin mövcud olduğunu deyən MSK-nın sədri qeyd edib ki, ölkəmizdə demokratik seçkilərin keçirilməsi üçün beynəlxalq təcrübəyə əsaslanan hüquqi baza vardır. Azərbaycanda seçkilərin şəffaf, azad və ədalətli keçirilməsi üçün hər cür şərait yaradılıb.

Seçici siyahıları məsələsini dramatikləşdirmək yersizdir

Məzahir Pənahov diqqətə çatdırıb ki, kurslar Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli sərəncamlarına uyğun olaraq təşkil edilib.
Azərbaycanın tarixi bir hadisənin ərəfəsində olduğunu deyən Məzahir Pənahov vurğulayıb ki, bir müddət sonra prezident seçkiləri kampaniyası başlayacaq. Bu seçkilər böyük tarixi əhəmiyyət kəsb edir. Prezident seçkilərində vətəndaşların öz konstitusion hüquqlarını reallaşdırmaları üçün heç bir problem yoxdur. Seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi stabillik mövcuddur. Məzahir Pənahov bildirib ki, Azərbaycanda seçici siyahılarının tərtibi bir çox Avropa ölkələrindəki prosedurdan müsbət mənada fərqlənir. Ona görə də seçici siyahıları məsələsini dramatikləşdirmək yersizdir. Əksər xarici ölkələrdə seçici seçkilərdən əvvəl seçici siyahısına düşmək üçün özü müraciət etməlidir: “Əgər həmin ölkələrdə müəyyən olunmuş vaxtda seçici siyahısına düşməsə, bu, sonradan mümkün olmayacaq. Azərbaycanda isə seçici siyahıları davamlı olaraq yenilənir. Hətta Seçki Məcəlləsinə görə, seçici səsvermə günü şəxsiyyət vəsiqəsini təqdim etməklə adını siyahıya əlavə edə və səs verə bilir”.

Məntəqələrin 20 faizində seçkilərin gedişini internetlə izləmək mümkün olacaq

Tədbirdə çıxış edən Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev vurğulayıb ki, əgər ötən seçkilərdə məntəqələrin cəmi 10 faizində seçkilərin gedişini internet vasitəsilə izləmək mümkün idisə, qarşıdan gələn prezident seçkilərində bu rəqəm 20 faizə çatdırılacaq. Bizim hazırlığımız imkan verir ki, Azərbaycanda seçkilər şəffaf keçirilsin. Seçicinin adı siyahıda olmasa, sonuncu günədək adını siyahıya əlavə etdirə bilər: “Dünyanın bir çox inkişaf etmiş ölkələrində belə imkan yoxdur. Elə etməliyik ki, hamı yüksək peşəkarlığın şahidi olsun. Dünya görsün ki, Azərbaycanda seçkilər necə demokratik, şəffaf, ədalətli keçirilir”.
Prezident Administrasiyası rəhbərinin müavini deyib ki, ölkəmizdə seçkilərin demokratik şəkildə keçirildiyi həm ölkə, həm də dünya ictimaiyyətinə məlumdur. Dairə seçki komissiyalarında aparılmış monitorinqlər nəticəsində aşkar edilmiş çatışmazlıqlar MSK ilə birgə aradan qaldırılacaq. Eyni zamanda, məntəqə seçki komissiyalarında ortaya çıxa biləcək problemlərin həlli istiqamətində əvvəlcədən tədbirlər görülüb, səsvermə üçün daha geniş otaqların ayrılması, seçici siyahılarının dəqiqləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib: “Seçici siyahılarımız bütün ölkələrə nümunə ola bilər. Çalışmışıq ki, heç bir seçici prosesdən kənarda qalmasın və hüququ pozulmasın. Yerli seçki orqanlarına seçici siyahılarının düzgün hazırlanmasına dair birbaşa tapşırıq verilib”.

Divarlara şəkil yapışdırılmasına
yol verilməyəcək


Zeynal Nağdəliyev qeyd edib ki, qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar mərkəzi icra hakimiyyəti orqanları qarşısında da mühüm vəzifələr durur. Prezidentin tapşırığına əsasən, yerlərdə dairə seçki komissiyalarının səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ötən seçkilərdən fərqli olaraq qarşıdan gələn seçki daha şəffaf, daha demokratik şəraitdə keçirilməlidir. Ona görə də qarşıdan gələn seçkilərdə həm seçki komissiyaları, həm də seçicilər üçün daha yaxşı şərait yaradılacaq. Lövhələr səliqəli vəziyyətə gətirilməlidir ki, seçicilər onlardan rahat istifadə edə bilsinlər. Lövhələrdən başqa məqsədlər üçün istifadə edilməsi qadağandır. Bununla bağlı yerli icra hakimiyyəti orqanlarına xüsusi tapşırıqlar verilib. Təşviqat kampaniyası barədə də fikirlərini bölüşən Zeynal Nağdəliyev vurğulayıb ki, bu sahədə fəaliyyətin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Bu seçkilərdə əvvəlkilərdən fərqli olaraq divarlara şəkil yapışdırılması hallarına yol verilməyəcək. Təşviqat kampaniyası dövründə namizədlərin şəkillərinin vurulması üçün qanunvericiliyə uyğun olaraq xüsusi ayrılan lövhələr quraşdırılacaq.

“Azərbaycan Prezidentinin sərəncamları demokratik və azad seçki keçirilməsi üçün əlverişli baza yaradıb”

Tədbirdə çıxış edən ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay Azərbaycanda seçkilərin yüksək səviyyədə keçirilməsi üçün atılan addımları yüksək qiymətləndirib. O, ölkəmizdə prezident seçkilərinin uğurla keçəcəyinə ümidvar olduğunu bildirib. Qeyd edib ki, Prezidentin müvafiq sərəncamları da bunun üçün əlverişli baza yaradıb. Azad və ədalətli seçkilər cəmiyyətin inkişafının önəmli məsələlərindən biridir. Bu məsələdə dairə seçki komissiyalarının üzərinə böyük məsuliyyət düşür. ATƏT isə öz növbəsində seçki komissiyalarına dəstək verməkdə davam edəcək. Koray Tarqay diqqətə çatdırıb ki, qadınların seçki prosesində fəallığının artırılması xüsusi əhəmiyyət daşıyır. ATƏT-in Bakı Ofisi regionlarda bu istiqamətdə Prezident Administrasiyası və MSK ilə birgə işlər aparır.

“Çalışmalıyıq ki, məhkəməyə edilən müraciətlərin
sayı az olsun”


Daha sonra “Seçki hüququnun konstitusion əsasları və onun həyata keçirilməsinin qanunvericilik mexanizmləri” mövzusunda mühazirə ilə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, Konstitusiya Məhkəməsinin əsas fəaliyyət istiqamətləri insan hüquq və azadlıqlarının qorunmasını, ölkədə Konstitusiyanın müdafiəsini, ona dürüst əməl olunmasını və nəzarəti əhatə edir. Məhkəmə seçki prosesində mühüm rola malikdir. Seçki prosesi dövründə məhz bütün şikayətlər məhkəmələrə edilir: “Çalışmalıyıq ki, Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı məhkəməyə edilən müraciətlərin sayı daha az olsun. Bu, bilavasitə seçki komissiyalarının üzvləri tərəfindən prosesin daha düzgün təşkil edilməsindən asılıdır. Vətəndaşlar bilməlidirlər ki, məhkəmə tərəfindən onların şikayətlərinə dərhal baxılması mümkündür. Bu da insan hüquq və azadlıqlarının təmin olunması baxımından mühüm amildir”.
Sədr vurğulayıb ki, Azərbaycan gələcəyini müəyyənləşdirən mühüm beynəlxalq qanunlara imza atıb: “Biz bu proseslərdə biliklərimizi rəhbər tutmalıyıq və seçkilərdə dürüstlüyün təmin olunmasına çalışmalıyıq”. Fərhad Abdullayev diqqətə çatdırıb ki, MSK-nın son vaxtlar fəaliyyətində böyük mütərəqqi dəyişikliklər müşahidə olunur. MSK beynəlxalq qurumlarla daha sıx əməkdaşlıq edir və ümumdünya seçki proseslərindən geri qalmır.

Majoritar seçki sistemi
Azərbaycan seçki mühiti üçün daha məqbuldur


Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov dairə seçki komissiyalarının sədrləri qarşısında “Siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkilərdə (referendumda) iştirakının hüquqi əsasları” mövzusunda mühazirə ilə çıxış edib. Ölkəmizdə 2002-ci ilədək proporsional və majoritar seçki sistemlərinin tətbiq olunduğunu söyləyən Ziyafət Əsgərov bildirib ki, majoritar seçki sistemi Azərbaycan seçki mühiti üçün daha məqbuldur: “Proporsional seçki sistemi partiya siyahısına əsaslanır. Azərbaycanda proporsional seçki sisteminin ən sadə forması tətbiq edilib. Ancaq vətəndaş bu halda partiya siyahısına səs verir. Siyahıda istəmədiyi adam da olsa, ona da səs vermiş olur. Lakin majoritar seçki sistemində vətəndaş birbaşa istədiyi namizədə səs verir. Qanunvericiliyimizdə regional partiyaların yaradılması nəzərdə tutulmayıb. Partiyalar ümumrespublika səviyyəsində yaradılır. Proporsional seçki sistemində rayonların təmsilçiliyi şübhə altında qalır. Ancaq majoritar seçki sistemində bu problemlər müşahidə olunmur”. Milli Məclis sədrinin birinci müavini vurğulayıb ki, müəyyən ölkələrdə səsverməyə gəlməyən insanlar üçün cərimələr, bəzi ölkələrdə cəzalar nəzərdə tutulub. Azərbaycanda buna ehtiyac yoxdur, çünki əhalimiz siyasi cəhətdən kifayət qədər fəaldır. Kurslar avqustun 4-dək davam edəcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Mən qaçıb gizlənən adam deyiləm...
18.09.2019
Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib
17.09.2019
Sudanda “Türk kəndləri“ salınacaq
17.09.2019
Vilayət Eyvazovdan yeni təyinat
17.09.2019
Mədəniyyət xadimlərinə fəxri adlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 В Великобритании перешли на систему образования СССР
4 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
5 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info