Qatarların avtomatlaşdırılması və yeni avadanlıqların tətbiqi sayəsində nasazlıq halları azalıb
Tarix: 15.04.2019 | Saat: 12:24:00 | E-mail | Çapa göndər


Metronun yeni ventilyatorları hazırda sökülən qurğulardan 2-3 dəfə çox məhsuldardır


“Thales” şirkətinin Bakı metropolitenində tətbiqi nəzərdə tutulan müasir sistemlərin təqdimatı çərçivəsində media nümayəndələri “Nərimanov” elektrik deposunda son dövrlərdə həyata keçirilmiş yeniliklər ilə tanış olublar.
"Thales" şirkətinin təqdimatından sonra qonaqlara vaqonlarda aparılan texniki baxış, texniki xidmət və cari təmir proseslərinin əsas yenilikləri barədə məlumatı depolar üzrə iş departamentinin rəisi Faiq Əhmədov, rəis müavini Aydın Bəkirov təqdim edərək, jurnalistləri maraqlandıran suallara cavab verdilər.
Qeyd olundu ki, fəaliyyət göstərdiyi ötən onilliklər ərzində əsaslı təmir edilməyən 3 saylı cari təmir sexi tamamilə yenidən qurulub. Sexdə texnoloji ardıcıllığı, uyğunluğu və sinxronluğu təmin edən istehsalat sahələrinin yaradılmasına xüsusi diqqət yetirilib. Sahə yeni avadanlıq, dəzgah və cihazlarla təmin edilib. Bununla əl əməyi mümkün ən aşağı həddə salınmaqla məhsuldarlıq, işin keyfiyyəti və sürəti artıb. Nəticədə, cari və orta təmir müddəti ötmüş vaqon anlayışı tamamilə aradan qaldırılıb, nasazlıq səbəbilə xətdən depoya qaytarılan qatarların sayı bir neçə dəfə azaldılıb.
Depoda yeniləşmə prosesi qatarlara texniki baxış sahəsi olan qanovlarda davam etdirilir. Buna qədər əsaslı təmir edilmiş qanovların sırasına yaxın vaxtlarda daha üçü əlavə olunacaq.
Vaqonların əsaslı təmiri sahəsində orta və əsaslı təmiri ilə yanaşı, vaqonların modernləşdirilməsi barədə xidmətin rəisi Kamran İsmayılov və baş mühəndis Rəcəb Əliyev jurnalistləri maraqlandıran mövzulara aydınlıq gətirərək ətraflı danışdılar. Onlar təmir edilən qatar tərkiblərinin hazırda istehsal olunan ən son nəsil qatarlar səviyyəsində müasirləşdirilməsini, tətbiq edilən yeniliklərin müqayisəli təhlili ilə təqdim etdilər. Nəticədə, qatarların avtomatlaşdırılması və yeni avadanlıqların tətbiqi sayəsində onlara cari qulluq, texniki xidmət və təmir şərtləri xeyli yaxşılaşıb, nasazlıq halları əsaslı şəkildə azalıb. Yeniləşmə sayəsində vaqonların ölkə xaricinə göndərilməsinin və bu səbəbdən iri həcmdə maliyyə vəsaitinin ölkə xaricinə köçürülməsinin qarşısı alınıb. Bu və digər iqtisadi-texniki əsaslandırma media təmsilçilərinin diqqətinə çatdırılıb.
Sınaq yolu ilə tanışlığın bələdçisi yol xidmətinin rəisi Kamran Əliyev və baş mühəndis Azər Məmmədov, eləcə də dəmir yolunun tikintisi və əsaslı təmiri dəstəsinin rəisi Babaşxan Baxışov oldular. Bildirildi ki, sınaq yolu təkcə qatarların sınaq yolu kimi inşa olunmur. Burada metropolitendə yol infrastrukturu ilə bağlı əsaslı yeniliklər uğurla sınaqdan çıxarılıb. Bu xüsusda dəmir-beton blokların tətbiqinin gətirdiyi üstünlüklər, ələlxüsus metropolitenin öz bazasında yerli istehsal olması, ölkə xaricindən gətirilən və istismar müddəti daha az olan ağac şpallardan asılılığın azalmasına təsiri və s. faktlar qeyd edildi. Əlavə olaraq yeni tipli təmas relsi, yoldəyişdirici qurğu, yolun üstquruluşu elementləri və onların üstünlükləri sadalandı.
Yeni ventilyatorlar hazırda sökülən qurğulardan 2-3 qat artıq məhsuldardır
Burada həmçinin quraşdırmaya aparılmaq üçün hazırlanmış yeni ventilyator, son dövrlərdə alınmış yeni tipli təsərrüfat qatarları nümayiş etdirilərək, onların əsas xüsusiyyətləri, texniki üstünlükləri barədə məlumatlar təqdim olunub. Yeni ventilyatorlar hazırda sökülən qurğulardan 2-3 qat artıq məhsuldardır. Yeni tipli təsərrüfat qatarları isə tam elektronlaşdırılıb. Onlar gecə növbəsində təmir işlərinin sürətləndirilməsinə, ekoloji tarazlığın qorunmasına təsirləri, Bakı metropoliteninin mürəkkəb yol infrastrukturunun tələblərinə daha münasib olması ilə seçilir.
Media nümayəndələrinin tanış olması üçün maşinistlərin reysqabağı tibbi yoxlamasında həyata keçirilən yeniliklər barədə də məlumat verildi. Mərkəzləşmiş nəzarət və insan müdaxiləsini qeyri-mümkün edən yeni sistem və avadanlıqlar barədə geniş informasiya təqdim edildi. Maşinistlərin işə hazırlığı ilə bağlı fiziki və psixoloji durumunun dəyərləndirilməsi məqsədilə aparılan müayinələrdən də danışıldı. Bundan savayı, jurnalistlərə maşinistlərin yeni iş rejimi barədə məlumat təqdim edildi. Yeni sistem gecə növbəsində iş vaxtı başa çatdıqdan sonra qatar maşinistlərinin yaşayış ünvanına çatdırılması üzərində qurulub. Həmçinin üçnövbəli iş rejimi sayəsində onların istirahəti normativlərə tam uyğunlaşdırılıb və iş keyfiyyəti artırılıb.
Media nümayəndələrinə daha sonra işçilərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə idman trenajoru zalı, rus və fin hamamlarının, üzmə hovuzundan ibarət sağlamlıq mərkəzində yaradılmış şəraitlə bağlı məlumat verildi, bu sahə ilə tanış olmaq istəyənlərə şərait yaradıldı. İşçilərə təqdim edilən iaşə xidməti barədə də ətraflı tanışlıq oldu. Metropolitendə 3-ü təmir-tikinti sahələrində səyyar qaydada təşkil edilməklə, 8 yeməkxana fəaliyyət göstərir. Yeməklərin çeşidi ən nümunəvi iaşə xidməti obyekti ilə müqayisə oluna bilər. Bundan əlavə, nahar yeməyinin ödənişinin yalnız 55 faizini işçi ödəyir, güzəşt "Bakı Metropoliteni" QSC ilə Metropoliten İşçiləri Həmkarlar İttifaqının hesabına edilir. Ödəniş avtomatik sistemlə nəğdsiz aparılır, məbləğ işçinin hesabından əməkhaqqı ödənilərkən çıxılır.
Depodakı yeniliklərlə tanışlığın sonunda sərbəst ünsiyyət saatı başlayıb. Media nümayəndələrinə onları maraqlandıran məsələlərlə daha yaxından və ətraflı tanış olmaq və məlumat almaq üçün şərait yaradılıb. Onlar metropolitendə hazırda görülən işlər və yaxın perspektiv vəzifələr barədə "Bakı Metropoliteni" QSC sədrinin müavini Hidayət Məmmədovla, həmçinin yeni tipli maşinist hazırlığı prosesinin ilk müdavimləri olan 5 gənc maşinistlə, o cümlədən sualların daha çox ünvanlandığı Bakı metropoliteninin ilk qadın maşinisti Günay Həbibli ilə söhbət ediblər.

Bakı metropoliteni tarixində ilk qadın maşinist

Bakı metropoliteni tarixində ilk dəfə hərəkət qatarlarının maşinistləri yeni qayda üzrə seçilir. 2018-ci ilin oktyabrında bu qayda ilə başlanmış ilk kursu uğurla başa vuran 12 nəfər sərnişin qatar maşinistləri sırasına daxil olub. Daha 3 nəfərə isə kadr komissiyası qarşısına təkrarən çıxmaq üçün daha bir şans bir aylıq hazırlıq möhləti verilib.
Kurslar barədə elan verildikdən sonra, “Bakı Metropoliteni” QSC-nin rəsmi internet saytı vasitəsilə 500-dən artıq müraciət daxil olub. Onlardan 339-u əsas tələblərin şərtlərinə uyğun gəlməyib. Dəvət edilmiş 170 nəfərdən 127-si ilk seçim mərhələsində iştirak edib. Komissiya ümumi və texniki bilik səviyyəsinə, psixoloji duruma, dünyagörüşü və maşinist peşəsi ilə bağlı məlumatlılığa qiymət verib. 31 nəfər növbəti seçim turuna keçib. İkinci mərhələyə 3 nəfər qatılmaq istəməyib və peşəkar mütəxəssislərin psixoloji testindən 22 nəfər uğurla çıxıb. Tibbi yoxlamadan ibarət olan üçüncü mərhələdən 3 nəfər könüllü imtina edib.
Qalan 19 nəfərdən ikisi fikrindən dönüb və dərslər 17 iddiaçı ilə başlanıb. Tədris proqramı hər iş günü olmaqla əvvəlcə sırf nəzəri, daha sonra həm də praktiki hissələrdən ibarət olub. Proqramda metropoliten infrastrukturu, hərəkətin təşkili ilə bağlı bütün sistem və avadanlıqlarla tanışlıq, qatarların idarə edilməsi, vəzifə və texniki istismar üzrə təlimatların mənimsənilməsi, təmir prosesinin əsas müddəaları və digər proqram həcmi əksini tapıb. Hər tədris mərhələsində müdavimlərin biliyi yoxlanılaraq qiymətləndirilib.
Təlimlər zamanı iştirakçılardan daha 2-si kursu könüllü olaraq, tərk edib. Onu da əlavə edək ki, tədris prosesi dövründə iştirakçılara təqaüdlər verilib.
Xüsusi qeyd olunmalıdır ki, metropoliten tarixində ilk dəfə gender bərabərliyi təmin edilərək, qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb. 10-dan artıq qadın müraciət etsə də, bütün seçim turlarını onların arasında yalnız bir qadın uğurla keçib.
Hazırlıq kursunu da müvəffəqiyyətlə bitirən Günay Həbibli Bakı metropoliteni tarixinə ilk qadın maşinist kimi düşüb. O, təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərənlər cərgəsində olub. Bununla bağlı jurnalistlərə danışan Günay Həbibli maşinist hazırlığı prosesinə qatılana qədər də "Bakı Metropoliteni"nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçisi vəzifəsində çalışdığını söylədi: “İlk maşinist qadın olduğum üçün sevincliyəm. 2016-cı ildən Memar Əcəmi stansiyasında qatarları qəbul edib yola salırdım. Maşinistlərin işə qəbulu ilə bağlı elanı gördüm. Seçim turlarını uğurla keçdikdən sonra, özümə güvənərək, öz ərizəmlə tutduğum vəzifədən azad olundum. Bu təlimlərin gündəlik və iş gününə bərabər saatda davam etməsi səbəbilə eyni zamanda, iki yerdə işləməyim və yaxud iki vəzifə tutmağım qeyri-mümkün idi. Bununla, "Bakı Metropoliteni" həm də təlim-tədris prosesinin bütün iştirakçıları arasında bərabər tədris şəraiti yaratdı”.
Maşinistlərin işə qəbulunun yeni və əvvəlki qaydalarını müqayisəsi da maraq doğurur. Tədris proqramları arasında böyük mahiyyət, məzmun və mövzu fərqi yoxdur, fərq kursların müddətindədir. Buna qədər maşinist olmaq üçün 3 il ərzində müxtəlif mərhələləri keçmək lazım idi. Müvafiq peşə təhsili olanlar metropolitendə işə düzələrək, ən azı, bir il çilingər işləməli idilər. Daha sonra maşinist köməkçiliyi kursunda iştirak edib, imtahan vermək tələb olunurdu. Maşinist köməkçisi də yenə bir ilə qədər işlədikdən sonra yeni kursa yazılır və eyni mərhələləri keçirdi. Metropolitendə 20 ildən artıq maşinist köməkçisi işləyənlərin olduğunu nəzərə alsaq, keyfiyyət fərqini görmək mümkündür. Tədrisin istehsalatdan ayrılmadan təşkili də pedaqoji effektivsizlikdə, kursun keyfiyyətində, əmək məhsuldarlığında əksini tapırdı. Ən əsası, bu istismar və təmir zamanı işin təşkilinə mənfi təsir göstərirdi. Nəticədə, maşinist qıtlığı yaranır, peşəyə maraq azalırdı. Həmçinin təmir üzrə məsul peşələrə də münasibətdə qeyri-ciddilik mənbəyi olurdu. Çünki maşinist olmaq ehtimalı çilingərlərin usta və mühəndis kimi ixtisaslı kadrların hazırlanmasının da qarşısını alır, nəticədə peşəkar, işin spesifik xüsusiyyətlərini illərlə mənimsəyən kadr qıtlığı yaranır və bu da lokomotiv parkının vəziyyətinə mənfi təsir edirdi.
Yeni qaydalar bununla yanaşı, maşinist peşəsi arzusunda olanları bu sənətə daha da yaxınlaşdırıb. Maşinist peşəsinə yiyələnə biləcək texniki təhsilli namizədlərin profili daha genişləndirilib. Bu isə bacarıqlı və istedadlı kadrların seçilməsini, yetişdirilməsini asanlaşdırır.
Yenilik tətbiq edilərkən, dünyanın aparıcı metropolitenlərinin təcrübəsi yaxından öyrənilib. Müqayisə üçün qeyd edək ki, İstanbulda maşinistlər texniki peşə təhsili olan insanlar arasından 3, Rusiyanın aparıcı metropolitenlərində 6 ay ərzində hazırlanır. Yaxın vaxtlarda kurslara yeni seçim başlanacaq. Fevral ayının 15-dək elektron qaydada müraciət edənlərin elanda qeyd edilmiş tələblərə uyğunluğu yoxlanılır və seçim turunun siyahısı tərtib olunur.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Aqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilir
15.07.2019
Bakı-Şamaxı yolunda yenidənqurma işləri gələn il yekunlaşacaq
15.07.2019
İlk 5 ayda təzə meyvə ixracı 36,8 faiz artıb
15.07.2019
BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilib
15.07.2019
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” açıq müsabiqə elan edir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info