Beş rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb
Tarix: 15.04.2019 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) 2019-cu ilin yanvar-mart aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Komitədən bildirilib ki, tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlardan danışan ƏMDK-nın sədri Kərəm Həsənov həyata keçirilən uğurlu islahatlar nəticəsində idarəetmənin müasir dövrün tələblərinə uyğunlaşdırıldığını, xidmətlərin elektron müstəvidə vətəndaşlara çatdırılması prosesinin sürətləndirildiyini, o cümlədən elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqinin genişləndirildiyni və qanunvericilik bazasının təkmilləşdirildiyini vurğulayıb.
K.Həsənov qeyd edib ki, ölkə başçısının müəyyən etdiyi iqtisadi strategiya və tapşırıqlara uyğun olaraq 2019-cu ilin ilk 3 ayında Əmlak Məsələləri Dövlət Komitəsi də əmlak idarəçiliyi sahəsində görülən işlər və yeni layihələrlə ölkədə aparılan islahatlara öz töhfəsini verib. Bu sahədə ən mühüm hadisələrdən biri 2019-cu ilin ilk günlərində Prezident İlham Əliyevin iştirakı ilə Əmlak Xidmətləri Məkanının açılışıdır. Elektron idarəetmə sisteminin tətbiq edildiyi məkanda xidmətlər daha dəqiq, proseduralar daha sürətlə yerinə yetirilir. Vətəndaşların müraciət imkanları daha da yaxşılaşıb, şəffaflıq, eləcə də vaxta qənaət prinsipi təmin edilib. Qısa müddət keçməsinə baxmayaraq, məkana 50 minədək vətəndaş müraciəti daxil olub.
Onun sözlərinə görə, növbəti yenilik kağız çıxarış dövrünün geridə qalması olub. Belə ki, Prezidentin 2019-cu ilin martın 29-da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda etdiyi dəyişiklikliyə əsasən, əmlaklara dair çıxarışlar tam olaraq elektron müstəviyə keçəcək. Belə ki, əmlak sahibi müvafiq idarəyə gəlmədən, “Elektron hökumət” portalında yaradılacaq şəxsi kabinetindən elektron formada çıxarışını ala biləcək. Elektron çıxarışların tətbiqi, ilk növbədə, daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirir, əmlakların qeydiyyatını daha da sadələşdirir. Eyni zamanda, dövlət başçısının imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı da vətəndaş məmnunluğuna, sadə formada mülkiyyətin qeydiyyata alınması, ölkədə leqal əmlakların sayının artması istiqamətində bir yenilik olub. Hazırda fərmanın icrası ilə bağlı işlər aparılır. Komitə sədri nəzərə çatdırıb ki, bu dövrdə əmlak idarəçiliyi sahəsində atılan ən böyük islahat xarakterli addımlardan biri də ölkə başçısının 2019-cu il martın 5-də imzaladığı “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il martın 1-də mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanundur. Qanun özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi məqsədi daşıyır. Bu Qanun nəticəsində 140-dan çox özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il martın 1-nə mövcud olan əmlak və torpaq vergiləri üzrə borcları silinəcək. Bu da təqribi hesablamalara görə, 12 milyon manatdan çox vəsait edir. Qeyd olunub ki, komitə dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsi sahəsində zəruri tədbirlər yerinə yetirib. Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat elektron xidmətlər portalı vasitəsilə onlayn rejimdə qəbul edilməkdədir. Artıq 5000-dək dövlət müəssisə və təşkilatdan illik xüsusi hesabatlar elektron qaydada yığılıb. Bu sahədə daha bir yenilik dövlət müəssisələri tərəfindən əmlakın qeydiyyat vərəqəsinin tərtibini, təsdiqi və göndərilməsini elektron qaydada yerinə yetirilməsi olub. Belə ki, “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsinin elektron qəbulu” adlı xidmət vasitəsilə hesabatlar komitə tərəfindən elektron formada qəbul olunur, ərazi idarələrinə göndərilir və yekun hesabat registr bazasına yerləşdirilir. Həmçinin bildirilib ki, dövlət əmlakının özəlləşdirilməsinin tam olaraq elektronlaşması istiqamətində işlər daha da genişləndirilir. Cari ilin birinci rübündə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə 42 hərrac keçirilib. Bu dövrdə 260-dək dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib. Hesabat dövründə 4 müəssisənin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan olunub, 35 milyon manat investisiya qoyuluşu, eləcə də azı 600 yeni iş yerinin yaradılmasına dair tələblər irəli sürülüb. Dövlət əmlakının özəlləşmə prosesinin sürətləndirilməsinə və şəffaflığın təmin edilməsinə xidmət edən “Özəlləşdirmə portalı”na 3 ay ərzində 200 mindən çox baxış olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portala baxış sayı 2,3 milyonu ötüb. Xarici və yerli investorların özəlləşdirmə prosesi barədə məlumatlandırılması, eləcə də onların prosesdə daha fəal iştirakının təmin olunması məqsədilə görüşlər keçirilir, onlara özəlləşdirmə portfelinə daxil olan müəssisələr haqqında informasiya verilir.
Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işi uğurla icra olunur. Hesabat dövründə 5 rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb. Ümumilikdə isə 35 rayonda uçot işləri başa çatıb. Bu rayonlardan 26-da layihənin nəticələrinin təqdimatı keçirilib, 14 rayonun məlumatları sistemə tam miqrasiya edilib. Yeni yaradılmış Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) birinci mərhələsi respublikanın şəhər və rayon mərkəzlərini özündə əks etdirməklə artıq başa çatdırılıb və aralıq bazası da olmaqla 17 min 683 küçə və prospekti, 1 milyon 276 min 76 ədəd giriş ünvanını əhatə edir. Hazırda ÜRİS-in ikinci mərhələsi olan kənd yaşayış məntəqələrinə ünvanların verilməsi və sistemə işlənməsi işləri görülür. Ölkədə beynəlxalq qaydalara uyğun qurulmuş ünvan sahəsində də yenilik olan “Ünvan portalı” cari ildə də vətəndaşların xidmətindədir. Bildirilib ki, torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi üçün Peyk Nəzarət Sistemi qurulur. Bu sistem vasitəsilə əldə ediləcək peyk məlumatları torpaqların təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcək. Hesabat dövründə İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 504 hal üzrə inzibati protokollar tərtib edilib. Daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, xidmətlərdə sosial və innovativ amillərin gücləndirilməsi, rahatlıq və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Çıxarışların 1 iş günü müddətində verilməsi vətəndaşların əmlaklarını qeydiyyata almaq marağını artırır. Bu ilin ilk rübündə ölkə üzrə 51 minədək daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Vətəndaşlara ünvanında qeydiyyat xidmətləri göstərən “Kütləvi çıxarış” və “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyaları əhatə dairəsini genişləndirməkdədir. Qeydiyyat sahəsində xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması üçün “əks zəng” xidməti və sosial sorğu həyata keçirilir. Cari il ərzində də vətəndaş müraciətlərinə həssaslıqla yanaşılıb. 193 saylı Vahid Çağrı Mərkəzinin funksionallığı artırılıb, qeydiyyat və kadastrla bağlı müraciətlərin qəbulu xətləri yaradılıb. Komitənin sosial şəbəkələri və internet resursları vasitəsilə onlayn olaraq vətəndaşlar tərəfindən 6 minədək müraciət daxil olub və cavablandırılıb. Müasir kadr potensialına əsaslanan çevik idarəetmənin qurulması istiqamətində də bir sıra tədbirlər təşkil edilib, regionlarda görüşlər keçirilib, könüllülərlə birgə iş prinsipi formalaşdırılıb. Müşavirənin sonunda komitə sədri K.Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Qeyd edib ki, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində operativ fəaliyyət göstərilməlidir. Komitə sədri Milli Məkan Məlumatlarının formalaşdırılması ilə bağlı görülən işlərin sürətlənməsi tapşırığını verib. Vurğulayıb ki, müxtəlif profilli yerli və xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsi məqsədilə özəlləşdirmədə yeni yanaşmaların tətbiqi genişləndirilməlidir.
Həmçinin bildirib ki, daşınmaz əmlakın qeydiyyatı tam elektronlaşdırılmalı, prosedurlar daha da sadələşdirilməlidir. Eyni zamanda, torpaqların idarə edilməsində Peyk Nəzarət Sistemindən istifadə edilməsi təmin edilməli, torpaqların elektron uçotunun yekunlaşdığı rayonlar üzrə torpaq idarəçiliyi təhlil olunmalı və yeni yanaşmalara dair təkliflər hazırlanmalıdır.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Azərbaycan nefti bahalaşır
24.04.2019
Azərbaycanda startapçılara geniş imkanlar təqdim edən “Falcons Summit” sammiti keçirilir
24.04.2019
KOBİA-da Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl qurumlarının nümayəndələri ilə görüş keçirilib
24.04.2019
“Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu” mövzusunda dəyirmi masa keçiriləcək
23.04.2019
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info