Milyard dollarlıq bazar: fındıq ixracı iki dəfədən çox artacaq
Tarix: 15.04.2019 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Son illər kənd təsərrüfatında ixrac potensialı yüksək sahələrin inkişafına diqqət artıb. Bir çox dünya ölkələri ixracyönümlü məhsulların, o cümlədən fındıq istehsalını artırmaqla daha çox valyuta əldə etməyə çalışırlar. Ölkəmizdə də kənd təsərrüfatı məhsullarının ixracı getdikcə artmaqdadır. Son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq mövcud potensialın böyük olduğunu deyən ölkə başçısı bildirib ki, biz yeni bazarlara çıxmalıyıq: “Son vaxtlar fındıqçılığa çox böyük diqqət yetirilir. Biz fındıq bağlarının sahəsini qısa müddətdə böyük dərəcədə artırmışıq. 2016-cı ildə bizim 40 min hektar fındıq bağlarımız olub, bu gün artıq 75 min hektara çatıb və bu il 9 min hektar da əkiləcək. Beləliklə, biz 84 min hektarda fındıq yetişdirəcəyik. Əlbəttə, yeni salınan bağlar bar gətirənə qədər bir neçə il keçəcək. Amma ondan sonra fındıq ixracının həcmi iki dəfədən çox artacaq və fermerlərə indikindən iki dəfə çox vəsait gələcək. Hazırda fındıqçılıqda 20 min nəfər işləyir”.

Dünyanın fındıq sahələrinin 75, istehsal edilən fındığın 70 faizi Türkiyənin payına düşür
Son illərdə dünyada 1 milyon ton fındıq məhsulu əldə edilib. Türkiyə bu bazarın 70 faizinə malikdir. İtaliya ən böyük fındıq idxal edən ölkə olduğu halda eyni zamanda da istehsalda Türkiyədən sonra ikinci sırada yer alır. İtaliya ildə 125 min ton fındıq istehsal edir. İtaliyanı təqribən 50 min tonla Gürcüstan, 40 min 500 ton Azərbaycanla izləyib. Fındıq istehsalında ilk 10 sırada olan ölkələrin ümumi məhsuldarlığı Türkiyə qədər etmir. Ancaq “Ferrero”, “Nestle” və “Kraft Heinz” kimi şokolad istehsalçısı olan nəhəng firmalar Kanada və Azərbaycan kimi ölkələrdə fındıq istehsalına sərmayə qoyur. Bu sahədə investisiya edən digər mühüm ölkə Çindir.
Türkiyənin kənd təsərrüfatı naziri Bekir Pakdemirli bildirib ki, 500 min ailənin çörək yediyi, 700 min hektar sahədə əkilmiş fındığın dünyada ən keyfiyyətlisini məhz bu ölkə istehsal edir: “Biz bunu sadəcə iqtisadi cəhətdən qiymətləndirə bilmərik. Biz bunu sosial cəhətdən də qiymətləndirməliyik”. Nazir dünyanın fındıq sahələrinin 75, istehsal edilən fındığın 70 faizinin Türkiyənin payına düşdüyünü deyib: “100-dən çox ölkəyə ixrac edirik. Ümumilikdə 250 min ton fındıq ixrac edirik. Dünya ixracının 75 faizini, ümumi Türkiyənin də kənd təsərrüfatı ixracatının da 10 faizini fındıq təşkil edir. Bütün bunları nəzərə aldıqda, fındıq həqiqətən strateji məhsuldur. Dünyanın ən yaxşı fındığına və ən çox istehsalına sahibik. Fındıq növlərinin ayrı-ayrı satışa çıxarılması lazımdır. Məhsulun hər birini ayrı torbalara qoyaraq 10 növ marka kimi təqdim etməliyik. Bunu da mütləq etmək lazımdır. Əgər bunu etsək, burada əlavə dəyəri artıracağıq. Fındıq ildə 2-3 milyard dollara qədər Türkiyənin ixracına təsir edən bir məhsuldur və ona çox daha həssaslıqla yanaşmaq lazımdır”. Fındıqla bağlı bəzi problemlərin olduğunu deyən nazir məhsuldarlıq və xəstəliklərə qarşı mübarizəni artırmaq, lisenziyalı depolara diqqət yetirməliyik. Bu işin illik Türkiyəyə qazancı 3 milyard dollara çatdırma hədəfimizdir. Bu məqsədlə fındığın ölkəyə minimum bu məbləğdə olacaq şəkildə biz bir plan və proqram həyata keçirəcəyik”.
Qeyd edək ki, dünya fındıq istehsal və bazarının böyük hissəsini əlində saxlayan Türkiyə, 2017-2018 ixracat dövründə ən çox fındığı Almaniyaya ixrac edib. İtaliya nəhəngi “Ferrero” türk fındığını ən çox idxal etdiyi şirkətdir. “Ferrero” tərəfindən satın alınan fındıq bir çox ölkənin idxal nisbətlərini geridə qoyub.
Qara dəniz Fındıq və Məmulatların İxracatçıları Birliyinin məlumatına görə, Türkiyə keçən mövsüm 119 ölkəyə 286 min 777 ton fındıq ixrac edərək, qarşılığında 1 milyard 782 milyon 226 min dollar gəlir əldə edib. Ən çox fındıq ixrac edilən üçüncü ölkə Fransadır. Türkiyə fındığı, xüsusilə şokolad istehsal edən və bu sahədə dünya bazarının böyük bir hissəsini əlində saxlayan Orta Avropa ölkələrinə ixrac edir. Şokoladın xam maddəsi olan kakaonu Afrika və Cənubi Amerikadan təmin edən Avropa ölkələri, fındığı dünya istehsalının 75 faizini həyata keçirən Türkiyədən alır. Türkiyə Almaniya, İtaliya və Fransadan sonra ən çox fındığı Polşa, Kanada, Avstriya, İsveçrə, Belçika, Hollandiya və Ukraynaya satır.

Ölkədə 84 min hektarda fındıq yetişdiriləcək

Fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı ölkəmizdə davamlı tədbirlər həyata keçirilir. Dövlət başçısının ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərə əsasən yerlərdə əkin sahələri genişləndirilir, istehsalçı müəssisələrin sayı artırılır.
Cari ildə də bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir. Belə ki, Quba-Xaçmaz zonasında yeni texnologiya əsasında salınan fındıq bağlarında İtaliyadan gətirilən sortlar əkilir. Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun İtaliyanın “Ferrero” şirkəti ilə əməkdaşlığı çərçivəsində gətirilən fındıq sortları məhsuldarlığına görə yerli sortları 3-4 dəfə üstələyir. İtalyan sort fındıqlar yeni texnologiya əsasında əkilib. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun ərazisində 2 hektar sahədə italyan texnologiyası ilə bağ salınıb. Burada təkcə italyan yox, eyni zamanda, ənənəvi və institutun yetişdirdiyi “Qalib”, “Saçaqlı” fındıq sortları əkilib. Yeni bağların salınması ənənəvi bağlardan fərqlənir. İtalyan texnologiyasında isə pöhrələr yox, cəmi bir ting əkilir. Quba-Xaçmaz zonasında yeni texnologiya ilə ümumilikdə, 3 min hektara yaxın fındıq bağlarının salınması nəzərdə tutulub. Bunun 1500 hektarı artıq əkilib. Bu texnologiya ilə əkilən bağlarda məhsuldarlıq bir hektardan 3 tona kimi arta bilər.
Yaz mövsümünün gəlişi ilə əlaqədar Zaqatala rayonunda dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqlarda fındıq pöhrələrinin və tinglərin əkininə başlanılıb. Qısa müddətdə torpaq mülkiyyətçiləri tərəfindən 115 hektarda fındıq bağları salınıb. Ümumiyyətlə, yaz aylarında rayon ərazisində 250 hektarda yeni fındıq bağlarının salınması nəzərdə tutulur. Son illər rayonda yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. Belə ki, təkcə 2018-ci ildə rayon ərazisində 1353,5 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 19 min 505 hektara çatdırılıb. Bu bağların 10 min 571 hektarı barverəndir. Ötən il rayonun fındıq bağlarından 15 min tondan çox məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 1600 ton artıb.
Qeyd edək ki, ölkədə 84 min hektarda fındıq yetişdiriləcək. Fındıq ixracının həcminin isə iki dəfədən çox artması planlaşdırılır.
Oğuz rayonunda da davamlı iş aparılır. Belə ki, təkcə ötən il rayon ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində 322 hektarda yeni fındıq bağları salınıb. Cari ildə fındıq bağlarının sahəsinin daha 300 hektar artırılması nəzərdə tutulur. hazırda rayonda 3 min 695,5 hektar fındıq bağları var. Bu bağların 1 min 703 hektarı son üç ildə salınıb. Ötən il fındıq bağlarından 1 min 106 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 203 ton artıb.
Son illər Qəbələ rayonunda da davamlı iş aparılır. Belə ki, təkcə bu ilin yaz mövsümünün əvvəlində rayon ərazisində 237 hektarda yeni fındıq bağları salınıb. Ümumiyyətlə, son üç ildə rayonda 2 min 137 hektar sahədə yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 6 min 247 hektara çatdırılıb. hazırda rayonda 4 min 827 hektar bar verən fındıq bağları var. Ötən il fındıq bağlarından 9 min 200 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 1800 ton artıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.12.2019
Paşinyanın iş yeri yalanları ifşa olunur
12.12.2019
“Qolos Armenii”: “Ermənistan hakimiyyətində özbaşınalıq hökm sürür”
11.12.2019
“Qolos Armenii”: “Ermənistanda siyasi repressiya tuğyan edir”
09.12.2019
Müxalif düşərgədə növbəti qalmaqal: Gültəkin Hacıbəyli müsavatçıları “zombi” adlandırdı
06.12.2019
Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11403

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
3 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 “Azərbaycanın sığorta bazarında hələ görüləcək işlər çoxdur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info