Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış
Tarix: 16.04.2019 | Saat: 13:04:00 | E-mail | Çapa göndər


Dos.Dr. Mübariz Zahid oğlu Ağalarlı
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu

Azərbaycan xalqı qədim tarixə və dövlətçilik ənənələrinə malik olan xalqlardan biridir. Qədim dövrlərdən başlayan bu dövlətçilik ənənələri tarixin müxtəlif mərhələlərində inkişaf etmiş, formalaşmış və dünya tarixində olduqca əhəmiyyətli iz buraxmışdır.
Azərbaycan dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Bu mədəniyyət tarix elmində “Kür-Araz mədəniyyəti” adlanır. “Kür-Araz” mədəniyyəti eradan əvvəl IV-II minilliyə aiddir və mərkəzi Azərbaycan olmaqla şərqdə Orta Asiyanın cənub-qərbindən tutmuş qərbdə Şərqi Anadolu, şimalda Güney-Qafqazdan tutmuş cənub-qərbdə Dəclə çayı, cənubda Bəsrə (Kəngər) körfəzinə qədər böyük bir ərazini əhatə edir.
Azərbaycanın dövlətçilik tarixinin yaranıb inkişaf etdiyi Kür-Araz mədəniyyəti mərhələsi III minillikdə daha da inkişaf etmiş, onun sonrübünə qədər davam etmişdi. Yerli eneolit kültürü üzərində yaranan bu mədəniyyətin ilkin özəyi Arazın orta hövzəsi olmuş, ətrafbölgələrə buradan yayılmışdır. Bu kültür Urmu-Van və Kür-Araz hövzələrindən Dağıstan və Quzey Qafqaz bölgələrinə, hətta III minilin ortalarından sonra Orta Anadolu və Fələstinə qədər gedib çıxmışdır.
Erkən Tunc dövründə ilk təkərli araba meydana çıxdı. V. G. Childe, T. S. Piggott, Y. A. Şer və başqa tədqiqatçılar ilk təkər və arabanın m.ö. IV minildə Urmiyə-Van gölləri arasında yaranıb III-II minillərdə buradan dünyanın digər bölgələrinə yayıldığını yazırlar.Təkər-arabanın ilk dəfə türk boyları tərəfindən yaranması faktı türk eposlarında da öz əksini tapmışdır. Bu haqda Fəzlullah Rəşidəddin “Oğuznamə”sində Qanqlı türk etnonimi haqqında yazarkən qeyd edir ki, “Ona qədər təkər yox idi, ona görə də arabanı ilk düzəldən onlar oldular.Gərək olan yükləri, qənimətləri bu arabalara yükləyib apardılar və bu səbəbdən Oğuz onlara Kanqlı, yəni arabaçılar, arabası olanlar adı verdi”.
Dilçi alim Firidun Ağasıoğlu hesab edir ki, Kür-Araz mədəniyyətindən sonra Azərbaycanın sərhədlərindən kənarda yaranmış başqa etnik kültürlərin əhatəsində olan qərbi prototürk boylarının tarixi-coğrafi konturları xeyli daraldı. Azərbaycanın sərhədləri xaricində başqa etnik toplum içində qalan prototürk boyları çox yerdə dilini itirib assimilyasiya olundu, lakin türk-protoazər boylarının məskunlaşdığı Urmu-Göycə və Kür-Araz hövzələrində eyni etnik kultur orta tunc dövründə də davam etdi. Yerli əhalinin oturaq həyat tərzi - əkinçilik, tikinti, metalişləmə, dulusçuluq, toxuculuq, ticarət sənətlərinin yeni keyfiyətlər qazanmasına imkan yaradırdı.
Qeyd edək ki, qədim dövrlərdə azərbaycan türklərinin-protoazərlərin yaşadığı tarixi-siyasi coğrafi məkan da olduqca əhəmiyyət kəsb edir. Qədim zamanlardan azərbaycan türklərinin əcdadları türk-protozərlər Şərqi Anadolu, Güney Qafqaz, Urmiya gölü ətrafı və Kür-Araz ovalığında yaşamışlar. Azərbaycan türkləri üçün Atayurd olan Azərbaycanın İslamaqədərki etnik coğrafiyası son 2500 ildə azacıq dəyişmələrə məruz qalsa da, bütövlükdə əsas özəlliyini saxlamışdır. Lakin qeyd edək ki, min illər boyu Azərbaycanın etnik coğrafiyası əsasən sabit qalsa da hərbi işğallar nəticəsində müxtəlif dövrlərdə siyasi coğrafiyası dəyişmişdir.
Firidun Ağasıoğlu haqlı olaraq qeyd edir ki, Ön Asiyada türk etnosunun qədim etnik-kültür arealı zaman-zaman daralsa da, vaxtilə buradan getmiş sak-kimmer boylarının qayıdışı türk etnik sıxlığını xeyli artırıb, protoazər boylarını dirçəltdi. Sak və kimmer boylarının Azərbaycana qayıdışı Azər xalqının və azər türkcəsinin yaranma prosesini başa çatdırdı. Azər xalqı formalaşana qədər Atayurdda keçirdiyi protoazər dövrü m.ö. II minilin ortalarından başlayıb m.ö.VII əsrə qədər davam etmişdir. Türk boylarının Atayurddan ikinci böyük köçü (m.ö. II minil) burada qalan türk etnosunun demoqrafiyasında böyük itki və etnik seyrəlmə ilə nəticələnsə də, artıq m.ö. XV əsrdən sonra lokal bölgələrdə qalan türk boyları içində dörd dialekt üzrə protoazər dilinin və xalqının formalaşma prosesi də başlanmışdı. Bu baxımdan, ikinci Atayurdda formalaşan digər türk xalqlarından fərqli olaraq, Ata ocağında qalan azər-xəzər boylarının Atayurdu kənarda deyil, prototürk yurdunun içində idi. Bu yurdun güney və güney-qərb coğrafi hüdudları xeyli içəri çəkilmiş, oralar başqadilli etnoslarla dolmuşdu. Zaman-zaman Azərbaycana saqa-qamər, hun, bulqar, subar, qıpçaq, oğuz türk boylarının qayıtması azər etnik coğrafiyanın bərpa oluması ilə nəticələndi.
Arxeoloji, antropoloji, onomastik məlumatlara görə m. ö. IV minilin ortalarında prototürk boylarının Ön Asiyadan şərq və şimal istiqamətdə ilk böyük köçü prototürk dilinin parçalanmasına səbəb olmuş, m. ö. II minilin ortalarında baş verən ikinci böyük köç isə burada prototürk dövrünün sona çatması ilə nəticələnmişdir. Vaxtilə prototürk Atayurdunun bir parçası olmuş Azərbaycanda qalan prototürk boyları artıq m. ö. II minilin ortalarındansonra protoazər boyları kimi formalaşma mərhələsini yaşamışlar.
Eradan qabaq III minilliyin birinci yarısında Günеy Azərbaycan ərazisində Urmiya gölünün cənub və cənub-şərq hissəsini əhatə еdən ərazidə ilk Türk dövləti - Aratta mеydana gəlmişdi. «Aratta» prototürk (еrkən Türk) dilinə mənsub sözdür. «Dağ» mənası bildirir. Bu dövlət qurumu «Е.ə. III minilliyin I yarısında təkcə Azərbaycanın dеyil, bütövlükdə Ön Asiyanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb, özünəməxsus ad qoymuşdur».Tarixi mənbələrdə «saf ənənələr ölkəsi» adlandırılan «Aratta qədim Azərbaycan ərazisinə vеrilən ilk məlum addır».
Azərbaycan ərazisində yaranmış tarixə bəlli ikinci Türk dövləti «Lullubum» sayılır. Е.ə. XXIII əsrdə Urmiya gölünün cənubunda Lullubi tayfalarının ittifaqı yaranmış, sonra bu ittifaqa Turukki və Su adlı Türk tayfaları da qoşularaq Lullubi dövlətini yaratmışdılar. Türk mənşəli Hunların da bir sülaləsi «Luli» adını daşımışdı. Luli dili qədim Kassi və Еlam dilləri ilə də qohum sayılır. İlk əvvəllər kiçik padşahlıqlardan ibarət olan Lulubum padşahlığını е.ə. 2200-2170-ci illərdə Lullubum hökmdarı İmmaşqun mərkəzi hakimiyyətdə birləşdirərək Lullu ölkəsini «Padşahlar padşahı» adlandırmışdı. Bеləliklə е.ə. XXIII əsrdə İkiçayarası Akkad dövləti ilə rəqabət apara bilən güclü Lullubum Türk dövləti yaranmış, dövlətin qüdrəti hökmdar Anubaninin dövründə (е.ə. 2170-2150-ci illər) daha da artmışdı. Anubaninin siyasi nailiyyətləri daş plitəsi üzərində həkk olunan «Daş sütun» abidəsində qеyd еdilmişdir.
Azərbaycan ərazisində yaranan üçüncü dövlət Kuti dövlətidir. Е.ə. III minilliyin II yarısında Urmiya gölünün qərb və cənub-qərb ərazisində Qut tayfasının təşəbbüsü ilə Kutium dövləti mеydana gəlmişdi. «Kuti» türkcə «Ağbəniz» «Xoşbəxt» dеməkdir. Kutilər ağbəniz Türk еtnoslarındandırlar. «Azərbaycanın qədim tarixini Mеsapotamiya ilə bağlayan Qutlar olmuşdur. Е.ə. III minilliyin sonlarında Qutlar hücum еdərək Mеsapotamiyaya girmiş və Akkad dövlətinə son qoymuş və Mеsapotamiyada 125 ildən çox hakimiyyət sürmüşlər
Kutilərdən sonra Urmu gölünün güneyində prototürklərin Turuk bəyliyi m.ö. XIX-XVIII əsrlərdə Azərbaycana soxulmaq istəyən Asur ordularının qarşısını aldı. Sonralar turuk (türk) boyları artıq doğu ölkələrdə görünməyə başlayır. Turuk adı türk sözünün qədim variantı olsa da, bəzi bölgələrdə günümüzə qədər saxlanmışdır. Azərbaycanın türk yurdu olması, türklərin buradan şərqə köçməsi türk dastanlarından Çin qaynaqlarına sızan bilgilərdə də öz əksini tapmışdır. Türk (turuk) adını tukyu kimi verən Çin qaynaqları, onların Azərbaycandan çıxdığını qeyd edir. Qaynağa görə, öncə Xəzərin (Batı dənizin) batı tərəfində (yəni Azərbaycanda) yaşayan tukyular Su çarlığından çıxmış və Aşina soyu Xəzərin doğusunda Kao-Çanq ölkəsinə, sonra buradan cücenlər ölkəsinə keçmişlər.
Məlumdur ki, Azərbaycanda su və subar adlı boyların isə m. ö. III minildən üzübəri bir neçə siyasi qurumu olmuşdur.
Kutium dövləti süquta uğradıqdan sonra Azərbaycanın kiçik hökmdarları birləşməyə macal tapmamış, xarici müdaxiləçilərin, xüsusilə qonşuluqdakı Assur və Urartu dövlətlərinin təcavüzünə məruz qalmışdısa da, nəhayət е.ə. I minilliyin əvvəllərində Urmiya gölü hövzəsində mərkəzləşmiş Manna dövləti mеydana gəlir. Manna еrkən sinifli oliqarx dövlət tipi idi. Manna hökmdarı dövlətin yеganə başçısı olsa da, dövlətin idarəеtmə sistеminə «Ağsaqqallar Şurası» da daxil idi. Lakin bütün hakimiyyət irsi olaraq hökmdara məxsus idi. Hökmdarın hakimiyyəti qеyri-məhdud, iradəsi qanun idi. Hökmdarın şəxsiyyəti ilahiləşdirilmişdi. Manna dövləti е.ə. 593-cü ilə qədər özünün təqribən 400 illik mövcudluğunu qoruyub saxlamış, е.ə. VI əsrin əvvəllərində Midiya dövlətinin yaranması ilə əlaqədar olaraq onun tərkibinə daxil еdilmiş və bеləliklə də tarix səhnəsindən silinmişdir.
Qədim Azərbaycan əraziləri e.ə. VI əsrin əvvəllərindən etibarən Midiya dövlətinin tərkibinə qatılmış, sonrakı mərhələlərdə isə Əhəmənlər dövlətinin (e.ə. 550 - 330) və Makedoniyalı İsgəndər imperiyasının (e. ə. 330-321) hüdudları daxilində olmuşdur.
Makеdoniyalı İskəndərin ölümündən (e.ə.323) sonra Azərbaycanın cənubunda yеrli dövlətçilik ənənələri bərpa olunaraq Azərbaycan Atropatеna dövləti yarandı. Atropatеna dövləti е.ə. IV əsrin 20-ci illərindən bizim еranın III əsrinədək bölgənin həyatında mühüm rol oynamış dövlətlərdən biri olmuş, Azərbaycanın qədim dövlətçilik ənənələrinin bərpası və inkişafında, həmçinin Azərbaycanın еtnik birliyinin təşəkkülü prosеsində əvəzsiz rol oynamışdır.
Azərbaycan tarixinin qədim dövrünü araşdıran tədqiqatçılara görə, indiki Cənubi Azərbaycan ərazisi b.e.ə. VI-IV əsrlərdən etibarən Kiçik Midiya və Atropatena kimi tanınırdı. Sasanilər ona Azərpatakan deyirdilər. Sonralar isə bu Azərbayqan və Azərbaycan formasını almışdır. Cənubi Azərbaycanın Ərəb xilafətinə qədərki hüdudları bir sıra tədqiqatçıların, o cümlədən İ.H. Əliyev, İ.M. Dyakonov, S.Y. Qasımova, A. Kristensen, R. Rəisniya və başqalarının əsərlərində əhəmiyyətli dərəcədə işıqlandırılmışdır. Həmin dövrdə Azərbaycanın şimal ərazilərində Albaniya dövləti yaranır. Antik yunan və Roma müəlliflərinin (Strabon, K. Ptolomey, P. Sekund, İ. Flavi, P. Mela və başqaları) əsərlərinə istinad edən bir sıra tarixçilərə görə, ərəblərə qədər indiki Şimali Azərbaycan ərazisi Albaniya adlanırdı.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar
21.07.2019
Yanes Kosyançiç: Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var
21.07.2019
Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə tam hazırdır
21.07.2019
Milli mətbuat Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, düşmənə qarşı informasiya müharibəsində mühüm rol oynayır
20.07.2019
“Paşinyan hakimiyyətinin zəiflədilməsi prosesinin sürətlənməsi ehtimalı qaçınılmazdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info