Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış
Tarix: 22.04.2019 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Dos.Dr. Mübariz Zahid oğlu Ağalarlı
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu

XV əsrin əvvəlləri Azərbaycan dövlətçilik tarixinin intibah dövrüdür. Bu dövrdə Yusif bəy Baharlu Azərbaycanda Teymurilərin siyasi hakimiyyətinə son qoyaraq, yerli dövlətçilik sistemini bərpa etdi. 1408-ci ildə Qaraqoyunlularla Teymurilər arasında baş verən son döyüşdə teymuri Əbu Bəkr məğlub edildi, atası Miranşah isə öldürüldü. Beləliklə, Azərbaycanda Teymurilərin hakimiyyətinə son qoyuldu.
Qara Yusif Azərbaycanı Teymurilərin işğalından azad etdikdən sonra faktiki olaraq Azərbaycanda hökmdar olsa da bu hələlik rəsmi xarakter daşımırdı. Cünki Azərbaycanın rəsmi hökmdarı Cəlairilər sülaləsinin nümayəndəsi Sultan Əhməd idi. Azərbaycan teymurilər tərəfindən işğal olunduqdan sonra Sultan Əhmədin Əmir Teymur tərəfindən, rəsmi hökmdarlıq statusu ləğv edilsə də, Teymuri işğalı sona çatdıqdan sonra Azərbaycan hakimiyyəti uğrunda mübarizə aparan Sultan Əhməd Cəlairi hökmdar statusunu özündə saxlayırdı.
Azərbaycanın faktiki hökmdarı olan Qara Yusif öz hakimiyyətini rəsmiləşdirmək üçün Cəlairi Sultan Əhmədə qarşı mübarizəyə başladı. Qara Yusiflə Sultan Əhməd arasında, 1410-cu ilin avqust ayının 30-da Təbriz yaxınlığında baş verən döyüşdə Cəlairi hökmdarı məğlub oldu. Bu döyöşdə həbs edilən Sultan Əhməd Qara Yusifin oğlu Pirbudağın Azərbaycanı, Qaraqoyunlu hökmdarının digər oğlu Qiyasəddin Şah Məhəmmədin isə İraqi-Ərəbi idarə etməsi haqqında rəsmi yarlıq (fərman) verdi. Bununla da Sultan Əhməd Azərbaycanda və İraqi-Ərəbdə hakimiyyətin Cəlairilər sülaləsindən Qaraqoyunlu-Baharlu sülaləsinə keçdiyini rəsmən təsdiq etdi.
1411-ci ildə Təbrizdə çağırılan Azərbaycan əyanlarının məclisində, Cəlairi hökmdarının Pirbudağın adına yazılmış yarlığı (rəsmi şah sənədi) əsasında Pirbudaq Azərbaycanın rəsmi hökmdarı elan edildi.Bununla da Azərbaycanda yerli türk Qaraqoyunlu-Baharlı sülaləsinin hakimiyyətinin əsası qoyuldu. Həmçinin Yusif bəy Baharlu “Bağdadın və Azərbaycan”ın hakimi olan Sultan Əhməd Cəlairidən oğlu Pirbudağın adına rəsmi yarlıq (fərman) alaraq, Azərbaycan və Bağdadda Baharlu sülaləsinin siyasi hakimiyyətinin hüquqi əsasını təsbit edərək legitimləşdirdi.
Osmanlı sultanı Mehmed Çələbi (1413-1421) Qaraqoyunlu sarayına göndərdiyi məktublarda, Qara Yusifi “padşah”, yaxud da “sultani-səlatin ət-türk...Qara Yusif bahadır” (türk sultanlarının sultanı) adlandırmış, onu hökmdar kimi tanımışdı.
Azərbaycanda Qaraqoyunlu-Baharlu sülaləsinin hakimiyyətə gəlişi ilə Yaxın Şərq bölgəsində böyük siyasi dəyişikliklər baş verdi. Qaraqoyunlu dövlətinin yaranması, Yaxın Şərqdə baş verən siyasi hadisələrdə müəyyən bir sabitlik yaratdı. Qaraqoyunlu-Baharlı sülaləsinin Azərbaycanda hakimiyyətə gəlməsi ilə, Teymurilərın Azərbaycanda qısa zamanda hökm sürmüş siyasi hakimiyyətinə son qoyulmuş və yerli hakimiyyət sistemi yenidən bərpa edilmişdi. Azərbaycanda yerli idarəçilik sisteminin yaranması bu dövlətin istər sosial-iqtisadi, istər siyasi, istərsə də mədəni həyatının inkişafı üçün böyük zəmin yaratdı.
Bu dövrdə dövlətin iqtisadi və siyasi cəhətdən inkişafı üçün, Qaraqoyunlu hakimiyyətinin yeritdiyi xarici siyasətin böyük əhəmiyyəti var idi. Çünki bu dövrdə Qaraqoyunlu dövlətinin siyasi mövqeyi və iqtisadi resursları, Avropa ilə Asiya arasında mövcud olan bir neçə böyük ticarət yollarının bu ərazidən keçməsi dövlətin xarici siyasi əlaqələrinin inkişafını zəruri edirdi. Bu baxımdan Qaraqoyunlu hökmdarları dövlətin xarici siyasətinin inkişafına ciddi önəm verirdi. Digər tərəfdən Yaxın Şərqin böyük bir etno-siyasi məkanını özündə birləşdirən Qaraqoyunlu dövləti, siyasi güc mərkəzi kimi teymurilərin Yaxın Şərqdə və Anadoluda siyasi hegemonluğunun qarşısını aldı və Ankara döyüşündən (1402) sonra siyasi mövcudluğu təhlükə qarşısında qalan Osmanlı imperiyasını teymuri axınlarından xilas etmiş oldu.
1468-ci ildə Azərbaycanda hakimiyyət dəyişikliyi baş verdi. Hakimiyyətə Ağqoyunlu-Bayandur sülaləsi gəldi. Ağqoyunlu sülaləsinin hakimiyyəti dövründə dövlətin ərazisi daha da genişləndi, siyasi və iqtisadi sistemi daha da təkmilləşdi.
Orta əsrlər dövrü Azərbaycan dövlətçilik tarixində Səfəvi dövlətinin xüsusi yeri vardır. Azərbaycan Səfəvi dövləti öz siyasi coğrafiyasına, əhalisinin sayına, daha mükəmməl dini –siyasi sisteminə, həmçinin uzunömürlülüyünə görə digər Azərbaycan dövlətlərindən fərqlənir və imperiya xarakterlidir.
1501-ci ildə İsmayıl Səfəvi Şərur düzündə baş verən döyüşdə Ağqoyunlu hökmdarı Əlvənd Mirzəni məğlub edərək, paytaxt Təbrizə daxil oldu və ana babası Həsən padşahın siyasi varisi kimi şahlıq taxt-tacına əyləşdi. Dövlətin dini əsasını Şiə-Qızılbaş təriqəti elan edən Şah I İsmayıl “On iki İmam” adına xütbə oxutdu və öz adına sikkə kəsdirdi. Beləliklə, Şah I İsmayıl Ağqoyunlu sülaləsinin siyasi varisi kimi (I Şah İsmayılın anası Aləmşah bəyim Uzun Həsənın qızı idi-A.M.) Azərbaycanda hakimiyyətə gələrək, Səfəvilər sülaləsinin rəsmi hakimiyyətini elan etdi.
Azərbaycanda səfəvilərin siyasi hakimiyyətinin möhkəmlənməsi ilə dövlətin daxili və xarici siyasi əlaqələrində yenidən canlanma müşahidə olunmağa və qonşu dövlətlərlə siyasi və diplomatik münasibətlər inkişaf etməyə başladı. Bu dövrdə dövlətin sərhədlərinin genişləndirilməsi, qonşu dövlətlərlə iqtisadi-ticarət və diplomatik əlaqələrin inkişafı Səfəvi hakimiyyətinin xarici siyasətinin əsasını təşkil edirdi.
Səfəvi dövlətinin yaranması ilə bağlı tarixçi Fernand Grenardın fikirləri də maraqlıdır: “ Şah İsmayıl on üç yaşına gəldiyi zaman yeddi silahdaşı ilə bərabər əsasını yeddi türk tayfası təşkil edən tərəfdarlarını topladı. Türkman hökmdarını məğlub edərək Təbrizə girdi və 1501-ci ildə tac qoydu. Qısa zamanda onun hakimiyyəti Fəratdan Qəndahara, Qafqazdan Hind okeanına qədər, 2.800.000 kilometrlik bir ərazini əhatə etməyə başladı... Biz bir millətin yenidən quruluşunu gördük. Bu yeni siyasi birlikdə din, irq, vətən fikirləri yoxdur. Böyük əyalətlərdən çoxu türkcə və ya ərəbcə danışır, iranlı deyildirlər. Səfəvi sarayında türkcə daha uzun müddət hökmran olacaqdır”.
Azərbaycan Səfəvi dövləti 1510-cu ildə Özbək qoşunlarını Mərv döyüşündə məğlub edərək siyasi hüdudlarını daha da genişləndirdi və dövlət imperiyaya çevrildi.
Azərbaycan, Şərqi Anadolu, İraqi-Ərəb, İraqi-Əcəm, Fars və Xorasan vilayətlərini öz hüdudları daxilində birləşdirən və Azərbaycan Ağqoyunlu dövlətinin etno-siyasi irsinin daşıyıcısı olan Azərbaycan Səfəvi imperiyasının yaranması ilə dövlətin daxili və xarici siyasi əlaqələrində yenidən canlanma müşahidə olunmağa və qonşu dövlətlərlə siyasi və diplomatik münasibətlər inkişaf etməyə başladı. Bu dövrdə dövlətin sərhədlərinin genişləndirilməsi, qonşu dövlətlərlə iqtisadi-ticarət və diplomatik əlaqələrin inkişafı Səfəvi hakimiyyətinin xarici siyasətinin əsasını təşkil edirdi.
1555-ci ildə (21 may) Osmanlı imperiyası ilə bağlanan Amasya müqviləsi, Səfəvi dövlətinin əraziləri olan Şərqi Anadolunun böyük bir hissəsini, Qars, Ərdahan, Ərdalan əyalətinin bir hissəsini, İraq-i Ərəb ərazilərini Osmanlı imperiyasının tərkibinə keçməsini hüquqi cəhətdən təsdiq etdi.
Təəssüflə qeyd edək ki, dünya tarix elmində Azərbaycan Səfəvi dövləti İran dövləti kimi təqdim olunur, hətta İrançılıq-farsçılıq məfkurəsinin təməl qaynağı hesab edilir, bəzən müasir İran dövlətinin sələfi olduğu iddiası irəli sürülür. Ən təhlükəli tendensiya isə ondan ibarətdir ki, Səfəvilər sülaləsinin Azərbaycan dövlətçilik tarixindəki əhəmiyyətli rolu birmənalı şəkildə inkar edilir, bu dövlət tariximizin sonrakı mərhələlərində yaranan Azərbaycan dövlətlərinin deyil, İran dövlətinin sələfi kimi təqdim olunur.
İlk öncə qeyd edək ki, siyasi və ideoloji baxımdan İran dövləti və İrançılıq-farsçılıq anlayışları XIX əsrin ortaları-XX əsrin əvvəllərində ortaya atılmış bir siyasi-ideoloji cərəyandır. Bu məfkurə sisteminin təməlinin siyasi və dövlətçilik baxımından orta əsrlər dövrünə və Səfəvilər dövlətinə bağlamaq tamamilə yanlışdır. Çünki orta əsr ərəb və fars qaynaqlarında İran coğrafi anlayış kimi göstərilsə də, bu “dövlətin” siyasi hüdudları və sərhədləri haqqında heç bir məlumat verilmir. Hətta Avropa mənbələrində “Persia” kimi təqdim olunan bu coğrafi ərazinin siyasi hüdudları haqqında heç bir məlumat yoxdur. Bəzi fars qaynaqları İran şəhərləri haqqında məlumat verərkən belə yalnız Fars vilayətinə məxsus olan şəhərləri qeyd edirlər. İran coğrafi məfhumuna daha çox əsatirlərdə, rəvayətlərdə və bədii əsərlərdə rast gəlinir. Firdovsinin məlum “Şahnamə”si bu tipli bədii əsərlərdəndir. Qeyd edildiyi kimi, ərəb qaynaqlarında dəfələrlə Azərbaycanın siyasi hüdudları və sərhədləri qeyd olunduğu halda bu faktı “İran dövlətinə” şamil edə bilmirik. Adı əsatirlərdə, rəvayətlərdə, bədii əsərlərdə və bəzi tarixi əsərlərdə vurğulanan, siyasi hüdudları haqqında heç bir məlumat olmayan, yalnız XX əsrdə siyasi səhnəyə çıxan (1936) İran dövlətini Səfəvi dövlətinin siyasi varisi elan etmək iddiası elmi əsası olmayan subyektiv mülahizələrdən başqa bir şey deyildir.
İrançılığın-farsçılığın siyasi və ideoloji təməlini təşkil edən İslamın Şiə məzhəbinin siyasi gündəmə gəlməsində Səfəvilər dövlətinin rolunu qeyd etmək doğru deyildir. Çünki Səfəvi sülaləsinin nəsil şəcərəsinə baxdığımızda onların təkkə və təriqət fəaliyyəti dövründə sufilik təriqətinə mənsubiyyətlərinin şahidi oluruq. Şah İsmayıl Səfəvi dövlətini yaratdıqdan sonra İmamiliyi (imamilik anlayışı müasir İran şiəliyindən fərqli anlayışdır) dövlətin dini ideologiyasına çevirmişdir. Bu haqda orta əsr tarixçisi Əmir Mahmud Xandəmir“Zeyl-e tarix-e Həbibüs-siyər” əsərində yazır: “... Qalib padşah (Şah İsmayıl) məqsədinə çatdığına görə səltənət bayrağını dalğalandırdı, türkmanlarin (ağqoyunluların) zülmünü həmin məmləkətdə aradan qaldırdı. Sünniliyin qələbəsi üzündən uzun müddət ərzində kölgədə qalan İmamiyyə məzhəbini yenidən yüksəldərək zahirə çıxartdı və məsum imamalrın ( s) adların yenidən ucaldaraq onlara ziynət verdi... həmin dövrdə Azərbaycan məmləkəti qazilərin qılıncının hesabına cahillərdən və təəssübkeşlərdən təmizləndi, haqq dini və on iki imam məzhəbi rəvac və rövnəq tapdı”.
Orta əsr teokratik müsəlman cəmiyyətində ədalətlilik prinsiplərini özündə ehtiva edən İmamiliyin Səfəvi dövlətinin dini ideologiyası elan edilməsi bütün hallarda məntiqlidir. Çünki Azərbaycanda Səfəvilər sülaləsinin hakimiyyətə gəlişi ərəfəsində Azərbaycanda və digər müsəlman-türk dövlətlərində mövcud olan sosial-siyasi və dini məzhəb narazılıqları fonunda alternativlərə ehtiyac duyulur və bunu zəruri edirdi. Məhz bu prizmadan baxdığımızda Şah İsmayıl Səfəvinin çoxmillətli bir dövlətdə İmamiliyi dövlətin dini ideologiyasına çevirməsi mövcud zərurətdən doğan bir gerçəklik idi. Onu da qeyd edək ki, İslam dininin məzhəblərə bölünməsi prosesi VII əsrdə ərəb-müsəlman cəmiyyətində baş vermiş və Səfəvilərə qədərki bir çox müsəlman dövlətləri şiə məzhəb siyasətindən öz siyasi və dini məqsədləri naminə istifadə etmişlər.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Mogerini ABŞ-ı Avropa İttifaqının ən yaxşı tərəfdaşı adlandırıb
15.07.2019
“Bir gün səbir kasası daşacaq”
14.07.2019
Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
14.07.2019
Azərbaycanda təhsilin hazırkı səviyyəyə çatmasında Heydər Əliyevin müstəsna xidmətləri olub
14.07.2019
Azərbaycanda əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyev zəkasının təcəssümüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10828

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info