“Erməni soyqırımı”, yalanlar və gerçəklər: Qərbin Türkiyəni şantaj siyasəti
Tarix: 23.04.2019 | Saat: 21:20:00 | E-mail | Çapa göndər


“Erməni məsələsi” Osmanlı imperiyasını parçalamaq və məhv etmək üçün hazırlanmış “Şərq məsələsi” planının tərkib hissəsi kimi süni şəkildə ortaya atılmışdı. Böyük dövlətlər (Rusiya, İngiltərə, Fransa və başqaları) Osmanlı imperiyasına məxsus torpaqları ələ keçirmək üçün süni yaratdıqları bu problemdən bir vasitə kimi istifadə etmişlər. Qərb dövlətləri və Rusiya Osmanlı imperiyasını içəridən laxtlatmaq üçün, öncə orada yaşayan türk olmayan müsəlman xalqlarını Osmanlı dövlətinə qarşı qaldırmaq istədilər, lakin imperalist dövlətlərin bu avantürası baş tutmadı. Onlar havasını udduqları, suyunu içdikləri, çörəyini yedikləri bir ölkəyə qarşı çıxmadılar. Qərb dövlətlərinin avantürasına uyan xislətində namərdlik olan ermənilər oldu. “Şərq siyasəti”nin həyata keçirilməsi üçün ermənilərdən istifadə edildi, Türkiyə ərazisində yaşayan ermənilər başlıca hədəf seçildi. I Dünya müharibəsi (1914-1918) zamanı Antanta dövlətləri müharibədə Almaniyanın müttəfiqi kimi çıxış edən Türkiyəyə təzyiq göstərməyə başladılar.Ermənilər göstərəcəkləri xəyanətkar əmələ görə Qərbdən, çar Rusiyasından şirin vədlər aldılar: Osmanlı dövləti öz ərazisində yaşayan ermənilərin xeyrinə islahatlar keçirməyə məcbur ediləcək, Anadolunun şərqində “Böyük Ermənistan” dövləti yaradılacaq və s. Əslində, bu vədlər ermənilərə 1877-1878-ci illər rus-türk müharibəsindən sonra, San-Stefano və Berlin konqreslərində verilmiş, lakin I Dünya müharibəsi dövründə daha da aktuallaşmışdı. I Dünya Müharibəsi başlayanda erməni milli bürosu rus çarı II Nikolaya (1894-1917) göndərdiyi sənəddə yazırdı: “...Şanlı rus ordusunun Türkiyə ilə savaş müjdəsi bütün erməni xalqını coşdurmaqdadır. Bütün ölkələrdən ermənilər “rus ordularına kömək üçün hazırdır. Tanrıya dua edirik ki, rus silahı düşmənə zəfər çalsın... Rus bayrağı İstanbul və Canaqqala boğazlarında dalğalanacaqdır”. Ermənilərin katalikosu V. Gevorq 1914-cü ilin oktyabrın 13-də bildirmişdi ki, çar Rusiyasının zəfəri ermənilərin də zəfəri olacaqdır. O, demişdi ki, rus ordularının zəfəri üçün Allaha dua edəcək.
Ermənilər təkcə Osmanlıya deyil, ondan öncə torpağında yaşadıqları Qacarlar dövlətinə də xəyanət etmişlər. I və II Rus-Qacar (İran) müharibələri zamanı (1804-1813;1826-1828) rus ordularının xeyrinə casusluq, bələdçilik etmiş, hətta Qacar (İran) dövlətinə qarşı vuruşmuşlar. Ona görə də II Rus-Qacar müharibəsi qurtaran kimi, rus çarı I Nikolaydan (1825-1855) Rusiya imperiyasının hüdudlarına köçürülmələrini xahiş etmişdilər. Hətta onlar arasında sorğu keçiriləndə- “Kim İranda qalmaq, kim isə Rusiyaya köçmək istəyir”, deyə sorğu aparılanda, ermənilər “İranın çörəyini yeməkdənsə, rusun otunu yemək yaxşıdır”, - cavabını vermişdilər.
Dünyanın bəzi ölkələrində siyasəçtilər, alimlər dərin tədqiqat aparılmasına, amma qəti nəticə əldə olunmamasına baxmayaraq, xristian təəssübkeşliyindən çıxış edərək“ erməni soyqırımı” barədə yalançı vay-şivən qoparırlar.
Onlarla vicdanlı tarixçi alim, etnoqraf, şərqşünas özlərinin dərin tədqiqat əsərlərində sübut ediblər ki, ermənilər türklər tərəfindən heç bir soyqırıma məruz qalmamışlar. Həqiqətdə, 1914-1920-ci illərdə daşnaklar tərəfindən qızışdırılan və Osmanlı imperiyasının arxa cəbhəsində yaşayan ermənilər təbəəsi olduqları dövlətə qarşı vətəndaş müharibəsi aparmışlar.
Bu problemi tədqiq edən ABŞ alimləri C.Makkarti və K.Makkarti “Türklər və ermənilər” adlı tədqiqat əsərində tarixi sənədlərə əsaslanaraq yazırlar: “Genosid həqiqətən olubmu? Osmanlıların hərəkətinə görə, çətin inanmaq olar ki, genosid barədə hər hansı bir əmr olsun. Bəs onda İstanbulda , İzmirdə yaşayan on minlərlə erməni əhalisi niyə genosidə məruz qalmayıb? Şərqi Anadoluda Türkiyə hökümətinin təşkil etdiyi heç bir genosid olmayıb”.
Fransız alimi Jorj de Malevil “1915-сi il erməni tragediyası” əsərində göstərir ki, əsrlər boyu türklərlə ermənilər mehriban yaşamışlar. Sonra bu münasibətləri qəddar duşmənçilik münasibətləri əvəz etmişdir. Müəllif tarixi faktlarla sübut edir ki, 1915-ci il hadisələri daşnakların (Daşnak partiyasının) türklərə qarşı düşmənçilik hərəkətlərindən törənmişdir.1915-ci ildə “genosid” olmamışdır. Hətta müəllif öz əsərinin adını soyqırımı deyil, faciə (tragediya) adlandırmışdır.
İngilis yazıçısı və publisisti S.F.Dikson - Conson “Ermənilər” (1916) kitabında yazır: “Qərb aləmində erməni məsələni şişirtməyin başqa bir üzü vardır- o da hakimiyyət üçün yeni bir fürsətdir..., ermənilərə üz vermiş agır çətinliklərin günahı onları anlamadıqları işə təhrik edənlərin üzərinə düşür”.
1914-cü il oktyabrın 29-da Rusiya Türkiyəyə müharibə elan etdi. Qara dəniz sahilindən Təbrizədək uzanan xətt boyunca rus və türk ordularının vuruşduğu Qafqaz və Balkan cəbhələri yarandı.Nəinki Rusiya imperiyasının təbəəsi olan ermənilər, hətta Türkiyə ərazisində yaşayan digər xalqlara nisbətən zəngin, firavan həyat sürən, xeyli hüquqlara malik olan ermənilər də hərbi birləşmələr düzəldərək, Rusiyanın köməyi ilə silahlandılar, hər yerdə türkləri- həm dinc əhalini və həm də türk əsgərlərini qırmağa başladılar.
Erməni silahlı dəstələri türkləri qəddarcasına doğrayır, tonqallarda yandırır, gözlərini çıxarır, başlarının dərisini soyur, çılpaq kürəklərinə qaynar samovar bağlayır, hamilə qadınların qarnını yarıb, körpələri nizəyə keçirirdilər. Hansı ki, Osmanlı imperiyasında yaşayan ermənilərə bu dövlət vaxtı ilə “milləti sadiqa” (“sadiq millət”) fəxri adı vermişdi.
Osmanlı hökuməti getdikcə azğınlaşan erməni qırğınlarının qarşısını almaq üçün 1915-ci il aprelin 24-də Türkiyədə iğtişaş törədənlərin və terror əməllərinin iştirakçılarının həbs olunması haqqında qərar verdi.
1915-ci il mayın 27-də isə ermənilərin cəbhəyə yaxın bölgələrdən Mesopotamiya, Fələstin və Suriyaya köçürülməsi haqqında qanun qəbul edildi. Bunun səbəbi Osmanlı dövlətinin təbəələri olan ermənilərin asayişi pozmaları, dinc türk əhalisini və hərbiçilərini qətl etmələri, rus ordusuna kömək etmələri idi.
Ermənilərin müəyyən hissəsi köçürülən zaman xəstəlikdən, müxtəlif talançı qrupların və köçə mane olmaq istəyən erməni komitəçilərinin hücumları zamanı öldürüldü. Bəziləri isə türk asayiş quvvələri ilə döyüşdə məhv edildi.
Ermənilərin soyqırım iddialarına əsasən, guya 1915-ci ildə Osmanlı dövlətinin köçürmə siyasəti nəticəsində300 min nəfər, sonra bu rəqəmi artıraraq söylədilər ki, 600 min nəfər, indi də söyləyirlər ki, 1,5 milyon nəfər erməni öldürülmüşdür.
Halbulki 1914-cü ildə Türkiyədə 1.294.851 nəfər erməni yaşamışdır, bu da ümumi əhalinin (18.520.016) cəmi 6,9%-ni təşkil edirdi.
S.F.Dikson - Conson göstərir ki, “...Erməni tərəfdarları 1915-ci ildə ölənlərin sayını şişitmək və dəfələrlə təkrar etmək yolu ilə ictimaiyyəti qorxuya sala bildilər... Onlar qədim bir Şərq məsəlinə uyğun hərəkət edirdilər: “Yalanı bir günlüyə burax, onu dərk etməyə yüz il lazım gələcək”.
Samuel Vims ermənilərin “soyqırımı” ilə əlaqədar ortaya atdıqları məsələ ilə bağlı əsl həqiqəti öyrənmək üçün 4 il müxtəlif ölkələrin arxivlərində, gecə - gündüz tədqiqat aparmış, belə bir nəticəyə gəlmişdir ki, tarixdə heç bir “erməni soyqırımı” olmamışdır, əslində türklər ermənilər tərəfindən soyqırıma məruz qalmışdılar.
O, beynəlxalq aləmdə “erməni soyqırımı”nın dəstəklənməsini iki amillə əlaqələndirir: bunlardan birincisi pulla, tanınmış şəxslərin ələ alınması, ikincisi isə xristianlıq kartıdır.
Castin Makkarti “Anadolu erməniləri, 1921-1922-ci illərdə” kitabında yazır ki, “bəhs olunan dövrdə 2,5 milyon Anadolu müsəlmanı da məhv olmuşdur ki, onların da əksəriyyəti türklər idi”.
Y. Qazıyev “Erməni məsələsi. Yalanlar, gercəklər” (2009) adlı əsərində yazır ki, “erməni soyqırımı” mifinin dərin kökləri vardır: “Antanta”nın hazırladığı planda Almaniya blokunda iştirak edən dövlətlərdə, o cümlədən Türkiyədə imkan daxilində dövlət çevrilişi etmək və müharibəni öz xeyrinə qurtrmaq. Bu məqsədin ilk hədəfi Osmanlı imperiyası oldu. “Antanta”nın yardımı ilə daşnaklar 1915-ci ilin aprelin 24-də Anadoluda dövlət çevrilişi edib, erməni dövlətinin yaradıldığını elan etmək istəyirdilər. Türkiyə dövlətinin məxfi xidmət idarələri bunu qabaqcadan bildi, İstanbuldakı daşnak rəhbərləri həmin gün həbs olundu və cəbhə xətindəki erməni əhalisinin Osmanlı imperiyasının arxa bölgələrinə köçürülməsi məsələsi irəli sürüldü və həyata keçirildi.
Ermənilər məqsədlərinə çatmadıqları – “Böyük Ermənistan” dövlətini elan edə bilmədikləri üçün həmin günü - 24 apreli “genosid” (soyqırım) günü kimi qeyd etdilər. Tarixi faktlar göstərir ki, heç bir soyqırım olmamışdır. Yalnız erməni əhalisinin yerdəyişməsi (təhciri, mühacirəti) baş vermişdir.
Hal-hazırda ermənilər Türkiyəyə qarşı beynəlxalq müstəvidə, bütün forma və üsullarla mübarizə aparırlar. Ona “Üç T” iddialarını (təsdiq,təzminat, torpaq) qəbul etdirmək istəyirlər. Yəni Türkiyə hökuməti uydurma soyqırım iddiasını qəbul etməlidir.
Türkiyənin prezidenti R.T.Ərdoğan və xarici işlər naziri M.Cavuşoğlu ermənilərin qarayaxma, ləkələmə kampaniyasına cavab olaraq bildirmişlər ki, “biz Ermənistan rəhbərliyinə dönə-dönə şifahi şəkildə bildirmişik, hətta rəsmi məktub göndərmişik. Soyqırım məsələsini obyektiv araşdırmaq üçün hər iki dövlət həmin dövrə aid arxivləri açsın (Türkiyə artıq bu məsələ ilə bağlı arxivlərini açmışdır), oradakı sənədləri öyrənmək üçün Türkiyənin, Ermənistanın, Rusiyanın, ABŞ-ın və digər maraqlı dövlətlərin mütəxəssislərindən ibarət ortaq komissiya yaradılsın. Bu araşdırmalardan sonra çıxarılan ümumi rəyi qəbul etməyə hazırıq”. Ermənistan isə susur, bu təkliflərə cavab vermir. Ancaq hər il əsası olmayan uydurma soyqırım iddialarını təkrarlayır.
ABŞ, İngiltərə, Fransa, Almaniya kimi Qərb dövlətləri əsaslı tədqiqat aparmadan öz parlamentlərində “erməni soyqırımı” məsələsini müzakirəyə çıxarır, hətta bəzi dövlətlər bu barədə qanun qəbul edir. Qərbin bəzi dövlət xadimləri (Sarkozi, Makron, Merkel və b.) xristian təəssübkeşliyindən çıxış edib erməniləri dəstəkləyirlər. Ancaq ingilislərin Şimali Amerikada hinduları, almanların Cənubi və Mərkəzi Afrikadakı əhalini və yəhudiləri qırdıqlarını, bəşəriyyətə iki dəfə fəlakət bəxş etdiklərini (I və II Dünya müharibələri), ispan və portuqalların Cənubi və Mərkəzi Amerikadakı yerli xalqlara divan tutduqlarını, fransızların Afrikada milyonlarla müsəlmanı, Hind-Çin xalqlarını məhv etdiklərini həmin siyasətçilər “unutsa” da tarix unutmur.

Zakir Kərimov
ADPU-nun dosenti




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Mogerini ABŞ-ı Avropa İttifaqının ən yaxşı tərəfdaşı adlandırıb
15.07.2019
“Bir gün səbir kasası daşacaq”
14.07.2019
Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
14.07.2019
Azərbaycanda təhsilin hazırkı səviyyəyə çatmasında Heydər Əliyevin müstəsna xidmətləri olub
14.07.2019
Azərbaycanda əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyev zəkasının təcəssümüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10828

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info