Azərbaycan milli mədəniyyətinin hamisi
Tarix: 08.05.2019 | Saat: 13:08:00 | E-mail | Çapa göndər


Vüsalə Məmmədzadə
Azərbaycan Turizm vəMenecment Universitetinin baş müəllimi
Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı.
Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Filosof demişkən yadıma alman filosofu Hegelin sözləri düşdü; xalqların müdrikliyini öyrənməyin yeganə açarı mədəniyyətin əlindədir. H.Əliyev də öz müdrikliyi sayəsində Azərbaycan mədəniyyətinin inkişafında bir çox nailiyyətlər əldə etdi.
Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, Məhz həmin illər ərzində 1969-cu ildən - məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdır.
Təhsil: Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlılardan ibarət gənclərimizi gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi.
Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini görən Heydər Əliyevdən ötrü xüsusilə böyük əhəmiyyətli məsələ idi.
-Məktəbəqədər tərbiyə müəssisələrinin, orta və orta ixtisas məktəblərinin, ali təhsil ocaqlarının sayı, təlim-tərbiyə işinin keyfiyyəti yeni mərhələyə daxil oldu. Təhsildə qabaqcıl texnologiya-linqafon kabinələri və digər texniki vasitələrin tətbiqi genişləndi. Bu dövrdə ölkədə Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu və yeni pedaqoji institutlar açıldı.H.Əliyev bununla kifayətlənməmiş, Azərbaycan gənclərinin SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa qabaqcıl ali məktəblərində təhsil almasının təşkilinə xüsusi önəm vermişdir. 1969-cu ildə Azərbaycandan kənarda təhsil almağa göndərilən, əsasən də qeyri-azərbaycanlılardan ibarət olan tələbələrin sayı cəmi 47 nəfər idisə, 1980-ci ilin əvvəlllərində əksəriyyətini Azərbaycanlılar təşkil edən tələbələrin sayı 3500 nəfərə çatmışdı. 1972-ci ildən etibarən Azərbaycandan SSRİ-nin müxtəlif ali hərbi məktəblərinə 300-400 nəfər göndərilirdisə, 1980-ci illərin əvvəllərində 800-1000 nəfər idi.
Hər siyasi xadimin böyüklüyü bir də ondadır ki, o, taleyüklü məsələləri vaxtında görür və onu həyata keçirməyin yollarını arayıb tapır, həllinə nail olur. H.Əliyevin təşəbbüsü ilə 1971-ci il iyunun 20-də azərbaycanlı gənclərdən zabit kadrları hazırlanmasında böyük rolu olan Bakıda C.Naxçıvanski adına Respublika Orta İxtisaslaşdırılmış internat məktəbi açılmışdır. Bu, böyük tarixi uzaqgörənlik, zamanı və vaxtı qabaqlamaq idi.
SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü.
70-ci illərin sonu idi. Ali məktəblərə tələbə qəbulu ilə əlaqədar olaraq Mərkəzi Komitədə keçirilən ənənəvi müşavirə keçirilirdi. Heydər Əliyev təhsil nazirini və bir-iki ali məktəb rektorunu dinlədikdən sonra, Ümumqoşun Komandirləri Məktəbinin rəisini çıxışa dəvət edir. Və ona dərhal sual verir - tələbələr içərisində yerli əhalinin (yəni azərbaycanlıların - Y.M.) nümayəndələri nə qədərdir? Aldığı cavabdan, yəni azərbaycanlıların hərbi təhsilə zəif cəlb olunmasından çox narazı qalan Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini çox kəskin surətdə məzəmmət edir və ona konkret tapşırıqlar verir. Üstündən bir il keçdikdən sonra ali məktəblərə qəbul ərəfəsində Mərkəzi Komitədə keçirilən müşavirədə Heydər Əliyev Ümumqoşun Komandirləri Məktəbinin rəisini yenə xitabət kürsüsünə dəvət edir. Rəis bu dəfə də müxtəlif rəqəmlər gətirdi. Heydər Əliyev, əvvəlki kimi, bu mühüm işin gedişi, xüsusilə yerli əhalinin faizi ilə maraqlandı. Müəyyən irəliləyiş olmasına baxmayaraq, yenə narazı qaldığını bildirdi. Böyük siyasətçinin dedikləri: "Yerli əhalinin nümayəndələrini təyyarəçilik məktəblərinə göndərmək lazımdır. Təyyarəçilər hazırlamaq lazımdır. Bu günlərdə kosmonavtlar dəstəsinin tərkibi ilə maraqlandım. Dəstəyə bir nəfər də olsun azərbaycanlının cəlb olunmamasından narazılığımı bildirdim. Mənə məlumat verdilər ki, kosmonavtlar dəstəsinə ancaq təyyarəçilik məktəblərini bitirənləri götürürlər
Bu illərdə Bakı şəhərində mənzil tikintisini sürətləndirmək üçün görülən mühüm tədbirlərdən biri Heydər Əliyevin təşəbbüsü ilə iripanelli evtikmə kombinatlarının təşkil edilməsi oldu. Həmin kombinatların qüvvəsi ilə Bakının Yeni Əhmədli, Günəşli, Yeni Yasamal, 9-cu mikrorayon kimi yaşayış massivləri inşa olunmuş, on minlərlə insan yeni mənzillərə köçmüş və xeyli adam öz mənzil-məişət şəraitini yaxşılaşdırmışdır.

Memarlıq:

Bu gün Bakının mərkəzi meydanlarından birində qərar tutan Heydər Əliyev Sarayının maraqlı tikilmə tarixçəsi var. 1960-1970-ci illər arasında iki dəfə Bakıda geniş səhnəli kinopanarama binasının tikilməsi qərara alınsa da, nədənsə, inşaat işləri yarımçıq dayandırıldı. Üç, dörd ildən sonra yenidən tikinti işləri başlanıldı. Bu dəfə kinokonsert salonu tikmək istəyirdilər. Kompleksin tikintisinə 1962 - ci ilin mayında başlandı. Bir müddət inşaat işləri davam etdirildi, divarlar bir-iki metr qalxdı, lakin az keçməmiş iş dayandırıldı, bir-iki ildən sonra tamamilə unuduldu. Tikinti işlərinə yalnız ölkədə quruculuq və abadlığın vüsət aldığı dövrdə, 1969-cu ildə Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə təyin olunmasından sonra başlanıldı. Dahi lider ölkədə tikinti işlərinə rəhbərliyi tanınmış inşaat mühəndisi Əliş Ləmbəranskiyə tapşırdı. Beləliklə, tikintisi on illərlə ləngiyən binada inşaat işləri sürətləndirildi. Qayğıkeş rəhbərliyin gündəlik nəzarəti sayəsində iki il ərzində Respublika Sarayının (keçmiş V.İ.Lenin adına saray) tikintisi başa çatdırıldı. 1972-ci ilin dekabrın 11-də tikintinin qabaqcılları iş yoldaşlarının alqışları altında sarayın rəmzi açarını Heydər Əliyevə təqdim etdilər. Bu açar ən qiymətli xatirə əşyası kimi sarayda indi də qorunub saxlanılır. Həmin gün bu möhtəşəm sarayın səhnəsində ilk böyük qala konsert keçirilidi. Konsertdə respublikanın adlı-sanlı, görkəmli incəsənət ustaları iştirak ediblər. O vaxtdan saray Türkiyə, Yuqoslaviya, Çexoslavakiya, İngiltərə, Amerika kimi böyük ölkələrdən, SSRİ-nin bütün regionlarından incəsənət xadimlərinin çıxışları ilə yanaşı, vacib hadisələrin də qeyd olunduğu məkana çevrildi.
Onu da qeyd edim ki, keçmiş sovetlər ittifaqında belə saray Moskva və Sankt-Peterburq da daxil olmaqla cəmi 7 şəhərdə tikilmişdi.

60-cı illərin sonu - 80-ci illərdə Bakıda bir sıra iri ictimai bina və qurğular tikilmişdir. Bunlardan Dövlət Sirki (Ə.İsmayılov, F.Leontyeva), Respublika Sarayı (V.S. Şulgin, B.İ.Ginzburq, E.R.Melxisedekov, mühəndis K.Kərimov), "Bakı" (H.Məcidov), "Qarabağ" (E.R.Mixisedekov), "Azərbaycan", "Moskva", "Abşeron" mehmanxanaları, Baş poçtamtın yeni binası (son 4 binanın layihəsi M.Hüseynovdur; N.Axundova və A.N.Oltetsianın iştirakı ilə), Respublika Statistika İdarəsinin binası (T.Xanlarov və b.), Bakı Dəmir Yolu Vağzalı (Ş.Zeynalova, Y.N.Kozlov, X.Rəhimova), Nərimanov rayon İcra Hakimiyyətinin binası (T.Xanlarov), "Gülüstan" şadlıq sarayı kompleksi (H.Əmirxanov, N.Hacıbəyov, T.Şarinski, F.Rüstəmbəyova, N.İsmayılov, K.Kərimov; Azərbaycan SSR Dövlət mükafatı, 1982), "Şərq bazarı" ticarət mərkəzinin 1-ci növbəsi (U.V.Revazov, P.İ.Yarinovski), Yüngül atletika maneji (Z.Quliyeva), Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin binası (T.Xanlarov, H.Muxtarov), Azərbaycan Respublikası Prezident Aparatının binası (T. Abdullayev) və s. binalar şəhərin memarlıq görkəmini daha da gözəlləşdirmişdir. Bakıda iri ictimai tikililərdən İdman Sarayı (T.Abdullayev, O.İsayev, Y.Qədimov, T.Xanlarov),
Bu dövrdə yaradılmış Bakının gözəl güşələrinin birində yerləşən xarici ölkələrin dövlət başçıları üçün tikilmiş iqamətgahın müəllifi memar Rasim Əliyev xatırlayır ki, burada aparılan işlər zamanı Heydər Əliyev tikintiyə azı həftədə iki dəfə gəlib, tikintinin problem və çətinlikləri ilə şəxsən tanış olurdu.
Bakının baş planının 1932-ci il variantında metro tikntisi nəzərdə tutulurdu. 1967-ci il noyabrın 6-da Bakı metropoliteninin 1 növbəsinin 1-ci sahəsi (5 st.) açıldı. Həmin dövrdə Bakı keçmiş SSRİ-də metro nəqliyyatına malik olan 5-ci şəhər idi.
1976 il dekabrın 31-də "Nizami" stansiyasının açılması ilə Bakı metropoliteninin 1-ci növbəsinin (12 st.) çəkilişi başa çatdı. 1985 ildə metropolitenin 4 stansiyasından ibarət 2-ci növbəsi, 1989 ildə isə 2 stansiyadan ibarət 3-cü növbəsi işə düşdü.
1976-cı ildə 850 illik yubileyi təntənə ilə keçirilmiş Əcəmi Naxçıvaninin yaratdığı nadir sənət inciləri - Yusif ibn Küseyr və Mömünə xatın türbələri demək olar ki, dağılmaqdan xilas edilərək bərpa olunmuşdur. Respublikanın başqa yerlərindəki abidələrdə də yenidənqurma işləri aparılmış, Bərdə türbəsi, Mərəzədəki Diribaba türbəsi, Həzrə və Kələxana türbələri ilkin görkəminə qaytarılmışdır. Şuşa, Şəki, Şamaxı, Ordubad, Bakı və s. şəhərlərin memarlıq abidələrinin bərpası üzrə intensiv və planlı iş aparılır. Bu baxımdan, Bakıdakı orta əsr Azərbaycan daş memarlığının incisi sayılan Şirvanşahlar sarayı ansamblının bərpası özəllikcə gözədəyəndir. Son illərdə Gəncədəki qədim ictimai və dini tikililərin bərpası və onlardan səmərəli istifadə edilməsi memarlıq tədqiqatçılarının gərgin əməyi və səyi nəticəsidir. Şəhərdəki Bala Bəhmənli, Qızılıhacılı, Ozan, Zərrabı məscidləri, karvansara və s. abidələr əsaslı surətdə bərpa edilmişdir.
Teatr : 1970-ci illərdə Azərbaycanda, bütün sahələrdə olduğu kimi teatr sahəsində də intibah yarandı. Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara sözün əsl mənasında hamilik edən Heydər Əliyevin səyi və köməyi nəticəsində milli teatr sənətimiz vüsətli inkişaf yoluna düşdü.
Mən bunu dəfələrlə demişəm, - güman edirəm, təkcə mənim yox, çoxlarının həyatında və şüurunun formalaşmasında, inkişaf etməsində teatrın çox böyük təsiri olubdur. Mən Tağıyev teatrının binasına ilk dəfə uşaqkən, 1937-ci ildə gəlmişəm.
Ondan sonrakı illərdə də mən gəlib burada bir çox tamaşalara baxmışam. Azərbaycanın böyük sənətkarları bu binada öz yaradıcılıqlarını, teatr sənətini inkişaf etdiriblər, xalqımıza xidmət göstəriblər.
Mən bu səhnədə Abbas Mirzə Şərifzadəni, Mirzağa Əliyevi, Sidqi Ruhullanı, Fatma Qədrini, Mərziyə Davudovanı, Ələsgər Ələkbərovu, Ağasadıq Gəraybəylini, Ağadadaş Qurbanovu və başqalarını xatırlayıram. Bu teatr böyük insanlar, sənətkarlar yetirmişdir. Biz onlarla fəxr edirik. Teatr öz xidmətini göstərmiş və biz Hacı Zeynalabdin Tağıyevə rəhmət oxumalıyıq, onun tarixi xidmətlərini qiymətləndirməliyik.
1974-cü il. Azərbaycan teatrının 100 illik yubileyi qeyd edilir. Heydər Əliyev yubiley məraismində çıxış edərək, Şərqdə ilk professional teatrın inkişaf yollarından, ictimai fikrin formalaşmasına onun göstərdiyi təsirdən danışır. Azərbaycan teatrının görkəmli nümayəndələrinə yüksək dövlət mükafatları verilir. Tanınmış səhnə ustaları Mehdi Məmmədov, İsmayıl Dağıstanlı və İsmayıl Osmanlı SSRİ xalq artisti fəxri adına layiq görülürlər. Moskvada Azərbaycan Akademik Dövlət Dram Teatrının yubiley qastrolları böyük uğurla keçir.

Kino: Kinomuz Heydər Əliyevə borcludur…

«Azərbaycan kinosu Azərbaycan tarixinin salnaməsidir», - Heydər Əliyev milli kinomuzu belə qiymətləndirirdi. Onu da xatırladım ki, Azərbaycan milli kinosunun şah əsərlərindən «Bir cənub şəhərində» (rejissor Eldar Quliyev), «İstintaq» (Rasim Ocaqov), «Qaçaq Nəbi» (rejissor Əbdül Mahmudbəyli) və digər filmlərimizin ekrana vəsiqə qazanması birbaşa böyük öndər Heydər Əliyevin xidmətiylə bağlıdır. Mərhum rejissorumuz Rasim Ocaqov müsahibə verərkən qeyd etmişdi ki, «İstintaq» ekran həyatına görə Heydər Əliyevə borcludur. Rejissorun dediyinə görə, sovet milisi mövzusunda lentə alınan həmin film yuxarıda -Moskvada əyləşənlərin xoşuna gəlməmişdi və işə Heydər Əliyev qarışandan sonra məsələ həll olunmuşdu. Eləcə də digər filmlərimizin taleyini məhz sənətin, sözün böyük mənasında, bilicisi olan Heydər Əliyev həll etmişdi. Elə buna görə də milli kinomuz o fenomen şəxsiyyətə borcludur.
XX əsrin 70-ci illərində kinomatoqrafiyaya gənclərin böyük bir qrupunun gəlməsi ilə əlamətdar olmuşdur. Onların orta və yaşlı nəslə mənsub xadimlərlə əməkdaşlığı Azərbaycan kinosunun peşəkar səviyyəsinin yüksəlməsinə, milli özünəməxsusluq, ideya dərinliyi ilə fəqlənən filmlərin meydana gəlməsinə səbəb olmuşdur. Bu dövrün filmlərində mənəvi-əxlaqi problemlər, müasir həyata müxtəlif baxışlar, insan xarakterlərinin təhlili, gənc nəslin formalaşması və s. mövzular başlıca yer tuturdu:” Uşaqlığın son gecəsi”(1969.A,Babayev)“Günkeçdi”(1971),”Həyatbizisınayır”(1971),”Xoşbəxtlik qayğılar ı(1976, H.Seyidbəyli) və s. filmləri göstərmək olar
Musiqi: Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə başqa sənət adamları ilə yanaşı Azərbaycan Bəstəkarlar Ittifaqının üzvlərinə – bəstəkar və musiqişünaslarına çox böyük qayğı və ehtiramla yanaşmışdır.
Neçə-neçə bəstəkarımız SSRI xalq artisti adına layiq görüldü. SSRI-nin ən yüksək orden və medalları ilə təltif olundular. Elə onu demək kifayətdir ki, üç böyük bəstəkarımız – Qara Qarayev, Niyazi, Fikrət Əmirov Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər.
Məhz bu səbəbdən də böyük bəstəkarımız Qara Qarayev 1978-ci ildə keçırilən 60 illik yubileyində cənab H.Əliyevi yüksək qiymətləndirərək demişdir: «Biz hamımız son illərdə respublikamızın həyatında necə böyük dəyişikliklər baş verdiyini, Heydər Əliyevin daim qayğısı sayəsində xalqımızın mənəvi və yaradıcılıq qüvvələrinin necə coşub-daşdığını yaxşı başa düşür və aydın görürük.»
Azərbaycanın xarici ölkələrlə sıx musiqi əlaqələrinin yaranması və inkişafını daim diqqət mərkəzində saxlayan, görkəmli sənətkarları respublikamıza dəvət edən dahi şəxsiyyət Heydər Əliyev bununla da Bəstəkarlar Ittifaqının beynəlxalq əlaqələrinin daha da genişlinməsinə şərait yaradırdı. Bu baxımdan dünya şöhrətli sənətkar Mstislav Rostropoviçin şəxsən H.Əliyevin dəvətilə ölkəmizə qastrola və ustad sinfi aparmağa gəlməsi, onun təfsiri ilə Azərbaycan bəstəkarlarının simfonik əsərlərinin Ü.Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında səsləndirilməsi, həmçinin xarici ölkələrdə də bəstəkarlarımızın əsərlərinin ifa olunması Azərbaycan professional musiqisinin müasir dövrdə dünya miqyasında tanınması və təbliği sahəsində xüsusi əhəmiyyət kəsb edir 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının yarıməsrlik yubileyi keçirilir. Həm dahi Üzeyir bəyin adını daşıyan Konservatoriya, həm də professor və müəllimlər təltif olunurlar. Bir sözlə, yubiley bütün mədəniyyətimizin bayramına çevrilir. Üç il sonra Üzeyir Hacıbəyovun 90 illik yubileyi Bakıda və Moskvada böyük təntənə ilə qeyd olunur. Elə həmin il "Koroğlu" operası yeni quruluşda tamaşaya qoyulur.
1977-ci il iyunun 20-də Azərbaycanda görkəmli opera müğənnisi Şövkət Məmmədovanın 80 illik yubileyi qeyd edilir. Həmin ilin oktyabrında Yaponiyada Azərbaycanın tarixi, elmi, milli-mədəni dəyərlərinə həsr olunmuş sərgi açılır, İtaliyanın Neapol şəhərində isə Azərbaycan mədəniyyəti günləri keçirilir.
1978-ci il. Fevralın 3-də Qara Qarayevin anadan olmasının 60 illiyi münasibətilə təntənəli yığıncaq keçirilir. Elə həmin gün böyük bəstəkara Sosialist Əməyi Qəhrəmanı adı verilir. Fevralın 15-də isə Moskva Konservatoiyasının Böyük salonunda ustadın yubileyi qeyd olunur

Ədəbiyyat və incəsənətə qayğı

Azərbaycanın inkişafı yolunda Heydər Əliyevi xüsusi qayğılandıran məsələlərdən biri milli ədəbiyyatın, dramaturgiyanın və incəsənətin dünyada tanıdılması idi. Bu məqsədlə 1972-ci ildə 50 illiyi təntənə ilə qeyd olunmuş S.Vurğun adına Rus Dram Teatrından səmərəli şəkildə istifadə edilirdi.
1972-ci ilin aprelində Heydər Əliyev görkəmli humanist şair İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə hazırlıqla bağlı qərar qəbul edilməsinə nail olur, bir il sonra isə şairimizin şanlı yubileyi müttəfiq respublikaların çoxsaylı nümayəndələrinin iştirakı ilə Bakıda və Moskvada qeyd edilir.
Milli özgürlüyün atributu olan xalçaçılıq tarixən mədəniyyətimizdə son dərəcə mühüm yer tutmuşdur. Lakin o dövrdə xalq sənətinin bu növünə ögey münasibət bəsləndiyindən, Azərbaycanda bir dənə də xalça muzeyi yox idi. Bu hal Heydər Əliyevin vəzifə səlahiyyətləri çərçivəsindən kənarda olsa da, onu çox narahat edirdi. Bu narahatlığa tezliklə son qoyuldu, 1972-ci il aprelin 25-də Bakıda tənətənəli şəraitdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyi açıldı.
Bundan bir ay sonra Moskvada, İttifaqlar Evinin Sütunlu salonunda Aşıq Ələsgərin anadan olmasının 150 illiyi münasibətilə təntənəli yığıncaq keçirildi. Bu, həmin dövrdə görünməmiş hadisə idi. Vətəni Göyçə mahalı sovet dövründə Ermənistan SSR-in tərkibinə daxil edilən Aşıq Ələsgərin belə bir yubileyinin keçirilməsində məqsəd böyük el sənətkarını Azərbaycan xalqına qaytarmaqla yanaşı, həm də tarixən Azərbaycanın real sərhədlərinin necə oduğu, ulu ata-babalarımızın bu yerlərdə əzəldən yaşadıqları fikrini yeni nəslə çatdırmaq idi.
Azərbaycan dilinin tədqiqi sahəsində araşdırmalara görə həmin il respublikanın bir qrup dilçi alimi də Dövlət mükafatına layiq görürlür. Həmin dövrdə respublikamızda ilk dəfə olaraq müstəqil Dilçilik İnstitutu yaradılır ki, bu da Ana dilinin ictimai-siyasi nüfuzunun möhkəmlənməsinə kömək edir və dilin tarixinə, dialektologiyaya və bir çox digər problemlərə dair fundamental tədqiqatlar aparılmasına imkan verir.
1975-ci il. Bakıda xalqımızın görkəmli şari Səməd Vurğunun ev muzeyi açılır. Dekabrda isə Səməd Vurğunun anadan olmasının 70 illiyi münasibətilə yaradılmış Ümummittifaq yubiley komissiyasının Moskvada birinci iclası keçirilir.
Həmin ilin ən böyük hadisəsi isə, çoxlarının müqavimətinə baxmayaraq, Azərbaycan dilinə dövlət statusu verilməsi oldu. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründəki fəaliyyətinin nəticəsi olaraq, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit edildi. Dövr baxımından, sözün əsl mənasında, qəhrəmanlığa bərabər olan bu addım gələcəyin müstəqil, yeni Azərbaycanı naminə atılmışdı.
1980-ci ilin noyabrında bir qrup Azərbaycan alimi və mədəniyyət xadimi SSRİ Dövlət mükafatına layiq görülür, bir çox elm, ədəbiyyat və incəsənət xadimlərinin təntənəli yubiley mərasimi keçirilir. O illərdə Heydər Əliyevin Azərbaycan mədəniyyəti qarşısında ən misisiz xidmətlərindən olan filosof şair Hüseyn Cavidin cənazəsinin qalıqlarının 1982-ci ildə Bakıya gətirilməsi və Naxçıvanda doğma torpağa tapşırılması olmuşdur.
Görülən bu işlər Azərbaycan xalqına öz ədəbiyyatı və mədəniyyətinin klassiklərini, böyük tarixi şəxsiyyətlərini daha yaxşı tanımağa, mədəni sərvətlərini və dəyərlərini qoruyub saxlamağa imkan vermişdir. XX yüzilliyin 1969-1982-ci illərində Azərbaycan müəyyən mənada milli hisslərin əsl intibah dövrünü yaşamışdır. Bu illərdə görülmüş bütün işlər Heydər Əliyevin siyasətinin əməli nəticələridir. Böyük Vətəndaş bu fəaliyyəti son dərəcədə yüksək siyasi məharət və peşəkarlıq səviyyəsində həyata keçirirdi.




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
Millət vəkili: Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşdır
18.05.2019
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq
15.05.2019
Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün fəal çalışır
14.05.2019
Səfir: ermənilərin Avropa institutlarındakı fəaliyyəti yalana və qısamüddətli təxribat xarakterli təsirlərə əsaslanır
14.05.2019
Namiq Əliyev: “Aksiya keçirən “azərbaycanlılar” erməni lobbisinin təsir dairəsinə düşənlərdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10782

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info