Dahi bəstəkar və unudulmaz şəxsiyyət – Arif Məlikov
Tarix: 10.05.2019 | Saat: 14:13:00 | E-mail | Çapa göndər


Azərbaycan bəstəkarı və rəssamı, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (1965), Azərbaycan Respublikasının Xalq Artisti (1978), professor (1979), SSRİ Xalq Artisti (1986), Dövlət Mükafatı laureatı (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2001), həqiqi üzvü (akademik) (2014) Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur.
O, 1960-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirmişdir. Həmin ildən orada dərs deməyə başlamış, ömrünün sonunadək orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışmışdır.
Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsuluq ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış etmişdir.
Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır.Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri - "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırdı. 1961-ci ildə S.M.Kirov adına məşhur Leninqrad akademik opera və balet teatrının səhnəsindəki ilk tamaşadan dərhal sonra D.Şostakoviç yazırdı: "Arif Məlikov istedadlı bəstəkardır, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onun daxili inkşafı, qəhrəmanların musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrovkada nadir ustalıq, onun xüsusi rəngarəngliyi, çoxlu tapıntılar bu gözəl musiqi əsərini böyük maraqla dinləməyi məcbur edir.
Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun "İki qəlbin kitabı" əsəri əsasında yaratdığı "İki qəlbin poeması" baleti olmuşdur. Rəqqasə Komde və müğənni Modan haqqındakı qədim Şərq əfsanəsi baletdə əsl fəlsəfi ümumiləşdirmə zirvələrinə qaldırılaraq sənətin əbədliliyinin, qüdrətinin rəmzinə çevrilmişdir.
Arif Məlikov öz yaradıcılığının təbiətinə görə simfaniyaçıdır. Arif Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını əks etdirməklə müəllifin yaradıcılığının genişmiqyaslı olduğunu və rəngarəngliyini nümayiş etdirmişdir.
Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Ruminya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunmuşdur.
2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub. Avrasiya Akademiyasının qurucu üzvlərinin biri olmuşdur.
Dahi bəstəkar 1965-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına, 1978-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adına, 1979-cu il – professor adına, 1986-cı ildə SSRİ xalq artisti adın layiq görülmüşdür. Bundan başqa akademik A. Məlikov 1971-ci ildə «Şərəf Nişanı» Ordeni, 1998-ci ildə "İstiqlal" ordeni, 13.09.2018-ci ildə "Şöhrət" ordeni,13.09.2013-cü ildə isə "Heydər Əliyev" ordeni ilə təltif olunub. 1982-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq kafedrasının müdiri işləyən A.Məlikov 1986-cı ildən Azərbaycan SSR dövlət mükafatı laureatı, 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2012-ci ildən Xəzər universitetinin fəxri doktorudur.
Musiqi əsərləri - "Məhəbbət əfsanəsi" (1961), "Ölümdən güclü (balet)" (1966), "Yer üzündə iki nəfər (balet)" (1969), "Əlibaba və qırx quldur (balet, A. Məlikov)" (1973), "İki ürək dastanı (balet)" (1981), "Yusif və Züleyxa" (1999)
Dahi bəstəkarın Simfonik əsərləri - "Simfonik nağıl", Səkkiz simfoniya (1958-2000) - BSO üçün, simfonik poemalar: "Nağıl", "Füzuli", "Metamorfozlar", "Axırıncı aşırım", "Qəhrəmani" - BSO üçün, 7 saylı Simfoniya (1995) - Xalq Çalğı alətləri Orkestri üçün əsərlər, «Azərbaycan» balladası (1995) - Çingiz İldırımın söz. səs və simfonik orkestr üçün, Kamera instrumental əsərlər (prelüdlər, süitalar), Nazim Hikmətin sözlərinə 2 vokal silsilə; Operatta, "Dalğalar" (1967), Teatr tamaşalarına və kinofilmlərə musiqi (1990 – 2001).
Akademik A.Məlikovun Baletlər - "Məhəbbət əfsanəsi" istisna olmaqla, heç biri Azərbaycan səhnəsində qoyulmayıb. Arif Məlikov Azərbaycan mədəniyyəti tarixinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirmiş və milli musiqi salnaməsinə yeni səhifələr yazmışdır. Zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin bəstəkarlıq məktəbinin istedadlı yetirməsi və davamçısı olmaqla, onun hələ tələbəlik illərindən etibarən müxtəlif janrlarda bəstələdiyi əsərlər diqqəti cəlb etmiş və musiqisevərlər tərəfindən dərin rəğbətlə qarşılanmışdır. Bəstəkarın musiqi mədəniyyətimizin çoxəsrlik tarixə malik bünövrəsi zəminində və müasir kompozisiya texnikasını mükəmməl mənimsəyib yüksək professionallıqla yaratdığı simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə həmişəlik yer tutmuşdur. Onun kino və dram tamaşalarına yazdığı musiqi, eləcə də romans və mahnıları məşhur sənətkarların ifasında səslənərək geniş populyarlıq qazanmışdır. Arif Məlikovun bəşəri idealları özündə dolğun əks etdirən əsərləri ölkəmizin hüdudlarından kənarda bu gün də uğurla səsləndirilməkdədir. “Məhəbbət əfsanəsi” baletinin isə dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir. Bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Arif Məlikov uzun illər ərzində görkəmli pedaqoq kimi öz zəngin təcrübəsindən bəhrələnməklə gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanması işində müstəsna xidmətlər göstərmişdir. Onun ictimai fəaliyyəti də zəngin və çoxşaxəli olmuşdur. Arif Məlikov SSRİ xalq deputatı olaraq respublikamızın ictimai-siyasi həyatında ötən əsrin son onilliklərində cərəyan edən taleyüklü hadisələrə münasibətdə daim vətənpərvər ziyalı mövqeyi nümayiş etdirmişdir.
Böyük bəstəkar, dəyərli ziyalı, böyük insan, yorulmaz pedaqoq, millətinə və dövlətinə bağlı olan unudulmaz şəxsiyyət Arif Məlikov 9 may 2019-cu ildə 85 yaşında dünyasını dəyişmişdir. Görkəmli bəstəkar ilə Bakı Musiqi Akademiyasında vida mərasimi təşkil olunmuş və I Fəxri Xiyabanda torpağa tapşırılmışdır.
Allah rəhmət eləsin! Ruhun şad olsun Dahi İnsan!


Sübhan Talıblı
Tarix üzrə fəlsəfə doktoru, dosent,




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Dünya mediası azərbaycanlı rəssamdan yazır
21.05.2019
Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq
21.05.2019
İçərişəhərdə açılacaq növbəti sərgi Stokholma həsr olunacaq
21.05.2019
Mikayıl Müşfiqə ithaf edilən tamaşa
19.05.2019
“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsi başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info