Elmar Məmmədyarov: Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
Tarix: 13.05.2019 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşündəki çıxışında deyib.
Nazir bildirib ki, Aİ xarici ticarət dövriyyəmizdə təxminən 42 faizlik paya malik olmaqla, Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Həmçinin Aİ Azərbaycanda ən böyük investordur. Ənənəvi birgə Avropa İttifaqı-Azərbaycan Biznes Forumu Aİ-nin müxtəlif sənaye və xidmət sektorundan çoxlu nümayəndələr cəlb edir. Növbəti biznes forum bu il iyunun 13-də Bakıda keçiriləcək. İnanıram ki, bəzi və hətta ola bilsin ki, çoxlu sayda Aİ ölkələrindən olan şirkətlər Avropanın sənaye və biznes məqsədlərini Azərbaycanla birgə təmsil edəcəklər.
Biz Aİ ilə yeni ikitərəfli müqavilə ilə bağlı keyfiyyətyönümlü danışıqlar vasitəsilə ikitərəfli münasibətlərdə uğur əldə etməkdə maraqlıyıq. Biz bir-birimizdən və bir-birimiz barədə çox şey öyrənirik. Bu, özlüyündə çox məhsuldar işdir.
Bir neçə ilə sektoral əməkdaşlığımızın əsası kimi çıxış edəcək “Tərəfdaşlıq Prioritetləri” sənədinin imzalanması ilə yanaşı, biz keçən il Aİ ilə bir sıra məsələləri müzakirə etdiyimiz iki yeni sektoral format – təhlükəsizlik və nəqliyyat dialoqlarına başlamışıq və bu, bizə bir-birimizi daha yaxşı anlamağa kömək edir.
2017-ci ildə Brüsseldə keçirilmiş sonuncu Şərq Tərəfdaşlığı sammitində təklif edildi ki, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq regiondakı müxtəlif təhdidlərin real mülahizələrinə əsaslanmalıdır. Diqqət Aİ ilə siyasi və ticarət əməkdaşlığının müxtəlif dərəcələrinə malik ölkələr üçün faydalara və potensial əlavə dəyərlərə yönəldilməlidir. Sonuncu sammit konkret məqsədlərə nail olmağı özündə əks etdirən “2020-ci il üçün 20 nəticə” adlı sənədi dəstəklədi. İnanırıq ki, tətbiq edildikdən sonra bu nəticələr regionumuza daha böyük dərəcədə davamlılıq, rifah, inkişaf və bağlılıq gətirmək imkanında olacaq. Lakin “2020-ci il üçün 20 nəticə” üzrə danışıqlar bərabər tərəfdaşlar arasındakı kimi baş tutmalıdır. Bu prosesin müvəffəqiyyəti nəzərəçarpacaq nəticələrdən asılı olacaq. Həmin məqsədlərdən bəziləri Azərbaycanın əsas sektorları üzrə Strateji Yol xəritələrinə uyğun gəlir.
Azərbaycanda dayanıqlı iqtisadi inkişafı və sosial-iqtisadi artımı təmin etmək məqsədilə institusional və struktur islahatlar davam etdirilir. Aparılmış islahatlar və təkmilləşdirilmiş biznes mühitinin nəticəsi olaraq, Azərbaycan Dünya Bankı tərəfindən dərc edilmiş sonuncu “Doing Business” hesabatına uyğun olaraq dünyada 25-ci yerdə qərarlaşıb. Həmçinin Davos Dünya İqtisadi Forumunun qiymətləndirmələrinə uyğun olaraq, artımın keyfiyyətinə görə 34-cü yeri tutur.
Azərbaycan Hökuməti vətəndaşlarının bütün insan hüquq və fundamental azadlıqlarından tam yararlanmasını təmin etmək üçün genişmiqyaslı proqramlar həyata keçirməkdə davam edir. Bu xüsusda, 2019-2023-cü illərdə ədliyyə sisteminin təkmilləşdirilməsinə dair əlavə qanunvericilik və struktur tədbirlərini nəzərdə tutan ədliyyənin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramını qeyd etmək lazımdır.
Nazir qeyd edib ki, öz coğrafiyası və strategiyasına görə Asiya ilə Avropa arasında təbii körpü olan Azərbaycan həmişə regional və transregional bağlılıq təşəbbüslərinin fəal iştirakçısı və onların gerçəkləşdirilməsinə töhfə verən başlıca oyunçulardan olub. Bu səbəbdən, Azərbaycan üçün uzlaşma imkanları həm Aİ ilə ikitərəfli gündəlikdə, həm də Şərq Tərəfdaşlığı çərçivəsindəki çoxtərəfli müstəvidə mühüm yer tutmaqdadır. Nəqliyyat sahəsində Trans-Avropa Şəbəkəsinin indikativ xəritələrinin Azərbaycana və sonra Asiyaya qədər genişləndirilməsi regional ticarət dəhlizlərinin birlikdə təşviq edilməsi üçün möhkəm zəmin yarada bilər. Əslində, liman və dəmir yolları administrasiyaları, habelə Gürcüstan, Ukrayna, Polşa, Rumıniya, Avstriya, Almaniyadan olan bəzi özəl logistika şirkətləri artıq Azərbaycanla birlikdə bu regional ticarət dəhlizlərində təmsil olunublar. Bu siyahı artmaqda davam edir. Avropada bir çoxları bu strateji ticarət sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycan təqdim etdiyi fürsətləri və infrastrukturu qonşularla, eləcə də Asiya və Avropa ölkələri ilə bölüşür. Burada Şərq-Qərb, Şimal-Cənub və müəyyən sinergiya effekti də mümkündür, xüsusilə əgər biz Aİ-nin bəzi Asiya ölkələri ilə müxtəlif əməkdaşlıq strategiyalarını nəzərə alsaq. Açıq dənizə çıxışı olmayan ölkə olaraq, Azərbaycan öz quru sərhədlərindən kənara çıxıb geniş bölgə ərazisində daha böyük ticarət dinamikasının yaradılmasına çalışır. Beləliklə, yalnız bəzi misalları çəkərək deyə bilərəm ki, biz Niderland, Belçika, İtaliya, Rumınıyadan olan limanlarla etibarlı tərəfdaşlıq qurduq.
“Enerji sahəsində biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsi vasitəsilə strateji tərəfdaşlığımızı davam etdiririk. Bu layihə üzrə aparılan işlərin əsas hissəsi artıq yekunlaşdırılıb. Trans-Adriatik Boru kəməri (TAP) isə inşa olunmasının ən son mərhələsindədir. Biz, həmçinin qaz dəhlizimizin coğrafi baxımdan genişləndirilməsi üzərində düşünürük. Lakin daha çox öngörülə bilən şərait Aİ-yə Azərbaycandan olan daha böyük həcmdə təbii qazı cəlb edə bilər. Elə buna görə də dəhlizin növbəti mərhələlərdə inkişafı üçün Aİ tərəfindən öngörülə bilən qaydaların təmin edilməsi çox vacibdir. Bu fürsətdən istifadə edərək, Cənub Qaz Dəhlizinin Azərbaycan və Aİ-nin birgə uğuruna çevrilməsi məqsədilə bəzi Avropa paytaxtlarından olan həmkarlarımızı əlindən gələni əsirgəməməyə çağırmaq istərdim”, - deyə nazir bildirib.
E.Məmmədyarov diqqətə çatdırıb ki, hərəkətlilik (mobillik) və insanlararası təmasların təşviqi Aİ-Azərbaycan əməkdaşlığında çox mühüm istiqamətlərdən biridir. Hərəkətlilik sahəsində tərəfdaşlıq, habelə Readmissiya və viza rejiminin sadələşdirilməsi sazişləri bu istiqamət üzrə irəliləyişə müstəsna töhfə verib. Azərbaycan tərəfi bu sənədlərin tam həcmdə və səmərəli şəkildə yerinə yetirilməsinə sadiqdir. Readmissiya və viza rejiminin sadələşdirilməsi haqqında sazişlərin uğurlu yerinə yetirilməsi yaxın gələcəkdə viza liberallaşdırılmasının perspektivlərini aça bilər.
Bu gün Azərbaycan demək olar ki, bütün qonşuları ilə çox yaxşı, bəziləri ilə isə strateji xarakterli münasibətlərindən məmnunluq duyur. Qonşularla münasibətlər prioritetdir. Azərbaycan özünü regionda, eləcə də Aİ ilə münasibətlərində etibarlı tərəfdaş kimi doğruldub. Təəssüflər olsun ki, Aİ-nin və Azərbaycanın qonşuluğunda bəzi məsələlər hələ də təkmilləşdirilməlidir. Bir sıra regional perspektivlər, o cümlədən bağlılıq, ticarət layihələri və bəzi digər təşəbbüslər həll edilməmiş münaqişələrin girovu olaraq qalmaqdadır. Ermənistan tərəfindən davam etdirilən Azərbaycan ərazilərinin işğalı bütün bölgəmizin daha yüksək əməkdaşlıq səviyyəsinə keçməsinə maneələr törədir. Biz bölgənin tam potensialını açdırmalıyıq. Əgər biz birlikdə Şərq Tərəfdaşlığı vasitəsilə irəliləyiriksə, onda Aİ-nin qonşuluq siyasətinin məqsədlərinə nail olmaq üçün münaqişələrin nizamlanması və işğalın aradan qaldırılması məsələləri öz həllini tapmalıdır. Avropa Parlamenti tərəfindən 2013-cü ilin oktyabrında qəbul edilmiş qətnamədə bəyan edildiyi kimi, Aİ-nin bir tərəfdaşı digər tərəfdaşının ərazisini işğal edə bilməz. Beləliklə, burada təkcə BMT Təhlükəsizlik Şurası, BMT Nizamnaməsi və ya ATƏT sənədləri deyil, Aİ-nin qanunverici qurumu hər şeyi öz adı ilə adlandırıb. İnanırıq ki, Şərq Tərəfdaşlığının gələcəyi və uğuru məhz bölgədə təhlükəsizlik və sabitliyin qoruna biləcəyindən asılıdır.
Buna görə, Aİ və onun üzvləri daxil olmaqla, Şərq Tərəfdaşlığında iştirak edən bütün tərəflər ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərini tam şəkildə dəstəkləməli və onlara əməl etməlidir. Bu mövqeyə bütün səviyyələrdə və bütün formatlarda qəbul olunan sənədlərdə riayət olunmalı və məhz belə yanaşma əsas meyar kimi götürülməlidir.
Nazir sonda qeyd edib ki, Ermənistanın demokratik inkişafı bu ölkəni Azərbaycanla substantiv danışıqlar aparmağa sövq edəcək və bu, öz növbəsində, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmasına gətirəcək.




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Azərbaycan nefti bahalaşıb
19.08.2019
Azərbaycanda barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb
19.08.2019
Dövlət büdcəsinin xərcləri və gəlirləri açıqlanıb
19.08.2019
Dəmir yolu ilə sərnişin daşınması 26 faiz artıb
19.08.2019
“Sondakika.com”: “Rusiya, Türkiyə və Azərbaycan yeni iş birliyinə yönəlir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info