İdman turizmi: beynəlxalq idman yarışları ölkəyə turist axını yaradır
Tarix: 14.05.2019 | Saat: 20:52:00 | E-mail | Çapa göndər


Statistikaya görə, tətil üçün gələn 3 turistin xərclədiyi vəsaiti, idman məqsədilə gələn 1 turist xərcləyir


Bu gün bir çox ölkələr müxtəlif turizm növlərini inkişaf etdirməklə adıçəkilən sektorda daha böyük irəliləyişlərə nail olmağa çalışırlar. Hazırda inkişaf etməkdə olan turizm növlərindən biri də idman turizmidir. İdman turizminin ölkələrə gətirdiyi müxtəlif qazanclar isə şübhəsiz ki, böyükdür. Bu baxımdan dünyanın bir çox ölkəsi idman turizmində gəlirlərini artırmaq məqsədilə rəqabət aparırlar. Çünki idman turizmi ölkələrin iqtisadiyyatın, mədəniyyətin, ictimai həyatın, səhiyyə, sülh və digər sahələrin inkişafında rol oynayır. Eləcə də bütün bunlarla yanaşı, ölkələrin tanınmasında idman turizminin xüsusi rolu olduğu bildirilir.

Qlobal turizmdə artım 4-5 faiz olduğu halda, idman turizmində bu rəqəm 14 faizə çatır

Bu gün idman turizmi üç fəaliyyəti özündə birləşdirir ki, bunlar turizm, idman və nəqliyyatdır. İdmanı seyr etmək məqsədilə gerçəkləşən səyahətlər nəticəsində yaranan idman turizm növü aktiv idman turizmi adlanır. Məşhur idman salonlarını, stadionları və ya idmanla əlaqəli yerlərin ziyarət edilməsi nəticəsində yaranan idman turizm növü isə nostalji idman turizmidir. İdman turizmində Olimpiadalar, Dünya Kubokları böyük əhəmiyyətə malikdir. Beləliklə, idman turizm növləri ölkələrə böyük fayda gətirir. Məsələn, 1994-cü ildə Amerika Dünya Kubokunda Amerikaya 50 milyon xarici turist gəlib ki, bu turistlər təxminən 100 milyard dollar vəsait xərcləyiblər. İkinci növ idman turizmi aktiv idman turizmidir. Aktiv idman turizminə isə fərdi olaraq idman fəaliyyətində sadəcə iştirak məqsədilə bir yerdən digər yerə səyahət nəzərdə tutulur. Bu cür idman turizminə idman növlərinin geniş spektri daxildir. Bunlar, qolf, xizək, tennis, sörf və s. kimi fərdiliyi ehtiva edən idman növləridir. Aktiv idman turizminə qatılanlar iki qrupa bölünür ki, bunlardan biri, boş zamanlarında idmanla məşğul olmaq məqsədilə səyahət edən fəal iştirakçılar və ya hobbistlərdir. İkincisi isə idmanla maraqlanan həvəskar və peşəkar səviyyəli insanlardır. Aktiv idman turistləri rəqabət sevən insanlar kimi tanınırlar. Üçüncü növ idman turizmi nostalji idman turizmidir. Bu keçmişdən indiyədək oynanan bir idman turizmi növüdür. Nostalji idman turizmi məşhur idman fəaliyyətlərinə qatılan və ya bu məqsədlə həyata keçirilən səfərlər nəticəsində yaradılan bir turizm növü kimi müəyyən edilə bilər. Buna idmanla bağlı məşhur atraksiyonları ziyarət etmək daxildir. Nostalji idman turisti idman muzeylərinin, məşhur stadion kimi yerləri ziyarət etməyilə tanınır. Bu gün İsveç, Kanada və ABŞ kimi bəzi ölkələrdə idman muzeyləri və məşhur idman yerlər inşa edilib. Bu vəziyyət idman turizmində yeni marketinq strategiyalarının formalaşmasına kömək edir.
Beləliklə, artıq idman turizminin ölkələrə gətirdiyi gəlirlərin daha da artdığı, bu baxımdan idman turizminin əhəmiyyətli bir fəaliyyət növü olduğu vurğulanır. Bu gün idman turizmi ilə bağlı təşkil olunan tədbirlər ölkəyə gəlir gətirən və xarici valyuta qazanma xüsusiyyətinə görə ön plana çıxan fəaliyyət kimi tanınır. Ən əhəmiyyətli tərəflərindən biri isə odur ki, hazırda bəzi ölkələrin iqtisadi problemlərinin həllində iqtisadi çıxış nöqtəsi rolunu oynayır. Bu baxımdan idman turizminin əhəmiyyətli olduğu bildirilir.
Bu gün idman turizmi, idman fəaliyyəti ilə məşğul olmaq məqsədilə səyahət edənlərin yaratdığı turizm kimi tanınır. İdman turizmini yalnız aktiv idmanla məşğul olanlarla əlaqələndirmək düzgün deyil. Belə ki, buraya idmanı seyr etmək üçün səyahət edənlər də daxildir. Son illərdə sürətlə inkişaf edən nəqliyyat vasitələri idman turizminin inkişafını yaxşılaşdırdı. İdman turizminin əhəmiyyətini artıran üç ən mühüm element var. Onlardan birincisi Formula 1 və Olimpiadalar kimi dünyada daha çox izlənən idman növləridir. Bu idman növləri dünyada həmin ölkənin reklamına təsiridir. İkincisi idman turisti normal turistdən iki dəfə artıq vəsait xərcləyir. Üçüncü, qlobal turizmdə artım 4-5 faiz olduğu halda idman turizmində bu rəqəm 14 faizə çatır.
2014-cü ildə dünyada idman turizminin həcmi 180 milyard dolları təşkil edirsə, 2017-ci ildə 250 milyard dollar olub. Məsələn, Türkiyəyə gələn turistin xərci təxminən 850 dollar olduğu halda, idman məqsədilə gələnlərin ortalama xərci 1700 dollar təşkil edir. Türkiyədə idmanla məşğul olan xarici turistlərin sayı 550 mini ötüb. İdman turizmindən əldə edilən gəlir 1 milyard dollara yaxınlaşıb. Bununla birlikdə, bəzi ölkələrin idman turizmindən gəlirləri turizm gəlirlərinin təxminən 25 faizini təşkil edir. Dünyada ən çox idman məqsədilə tədbirlər təşkil edən ölkələr sırasında ilk beş ölkə Rusiya, Kanada, İngiltərə, Çin, Amerikadır.
Beləliklə, bu gün dünyadakı idman turizmi tədricən inkişaf edir. Bu səbəbdən ölkələr idman turizmini inkişaf etdirməyə və təşviq etməyə çalışırlar. Bunun ən vacib səbəbi idman turizmində gəlirlərin artmasıdır. Statistikaya görə, tətil üçün gələn 3 turistin xərclədiyi vəsaiti, idman məqsədilə gələn 1 turist xərcləyir. Yalnız Avropada hər il 500 min adam futbol matçları üçün səyahət edir və adambaşına orta hesabla 1500 dollara yaxın xərcləyir.

Azərbaycan idman ölkəsidir: ölkəmizə gələn xarici turistlərin sayı artır

Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizin mötəbər idman yarışlarına uğurla ev sahibliyi etməsi, idmançılarımızın beynəlxalq turnirlərdə qazandığı parlaq qələbələr respublikamızın idman ölkəsi olduğunu bir daha təsdiqləyib. Son illər ölkəmiz ardıcıl olaraq beynəlxalq yarışlara ev sahibliyi edir. Təkcə ötən il respublikamızda Formula 1 Azərbaycan Qran-Prisi, velosiped idmanının BMX növü və cüdo üzrə dünya çempionatları, gimnastika növləri üzrə dünya kubokları, Avropa çempionatı, Beynəlxalq Gimnastika Federasiyasının 82-ci Konqresi, Dünya Antidopinq Agentliyinin Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclası, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumu çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar və digər mühüm beynəlxalq turnirlər və tədbirlər yüksək səviyyədə təşkil olunub. Cari ildə də Azərbaycan müxtəlif idman növlərini əhatə edən önəmli beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi edir. Fevralın 16-17-də batut gimnastikası üzrə dünya kuboku ilə start verildi. Martın 14-17-də müxtəlif ölkələrin idman gimnastları Azərbaycanda dünya kuboku uğrunda mübarizə apardılar. Aprelin 26-28-də bədii gimnastika üzrə dünya kuboku baş tutdu.
2019-cu ildə ölkəmizdə keçirilən və dünyanın diqqətini cəlb edən ən əhəmiyyətli idman tədbirlərindən biri Formula 1 Azərbaycan Qran-Prisi oldu. Qeyd edək ki, Formula 1 onlarla ölkədə nümayiş etdirilir, bütün dünyada 500 milyonluq izləyici auditoriyasına malikdir. Beləliklə, yarım milyard insan Bakı şəhərinin müasir görünüşünü seyr edir, paytaxtımızla vizual tanış olur. Təbii ki, ildən-ilə ölkəmizə gələn turistlərin sayının artmasında bu yarışmanın böyük payı var. 2018-ci ildə Formula 1 Azərbaycan Qran Prisində ümumilikdə 94 min tamaşaçı iştirak edib. İldən-ilə Formula 1-i izləmək üçün ölkəmizə gələn xarici turistlərin, avtomobilsevərlərin sayında da ciddi artım müşahidə olunur. Builki yarışmanı izləmək üçün 78 ölkədən avtoidman həvəskarı Azərbaycana gəldi. Bütün dünyaya nümayiş etdirilən Qran Prinin milyonlarla izləyicisi Bakının gözəlliyini seyr etdi ki, onların bir qismi növbəti illərdə ölkəmizə turist kimi səfər edirlər. “PricewaterhouseCoopers” (Pwc) beynəlxalq audit şirkətinin 2017-ci ilin sonlarında apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilmiş ilk iki Formula 1 yarışı ölkə iqtisadiyyatına ümumilikdə 277.3 milyon dollar gəlir gətirib.
Bu il keçiriləcək tədbirlərdən biri kimi bədii gimnastika üzrə Avropa çempionatı respublikamızda keçiriləcək. Mayın 24-26-da qitənin ən güclü aerobika gimnastları paytaxtımızda toplaşacaqlar. İyulun 20-28-də ölkəmizdə keçiriləcək Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışlar da məhz Milli Gimnastika Arenasında təşkil olunacaq. İlin sonuncu yarışı sentyabrın 16-22-də keçiriləcək bədii gimnastika üzrə dünya çempionatıdır. Bakıda keçiriləcək hər üç dünya kuboku, eləcə də dünya çempionatı “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq yarışlardır.
Bundan başqa, bu il keçiriləcək digər böyük idman yarışları sırasında Bakıdakı UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu da yer alır. Bu, beynəlxalq idman federasiyalarının respublikamızda aparılan işlərə, həmçinin idman və bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verilən qiymətin daha bir təzahürüdür.
İyulun 20-28-də Azərbaycanda daha bir mötəbər yarış - Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Bu mötəbər festivalın Bakıda layiqincə, uğurla və yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci il 15 may tarixli sərəncamına əsasən geniştərkibli Təşkilat Komitəsi yaradılıb. Avropanın 50 ölkəsindən 2 mindən çox atletin və 1500-dən çox nümayəndənin qatılacağı mötəbər turnir idmanın on növü üzrə 12 idman qurğusunda keçiriləcək. Festivalın təşkilinə 2500-dən çox könüllü cəlb olunacaq. Son illər Azərbaycanda beynəlxalq miqyaslı tədbirlərin uğurlu təşkilinin ənənəvi hal alması Avropa Gənclər Olimpiya Festivalının da yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır. Beləliklə, bu gün ölkəmizdə idman turizmi inkişaf etməkdədir və məhz bu turizm növü digər ölkələrdə olduğu kimi Azərbaycanın da iqtisadiyyatına, mədəniyyətinə, ictimai həyatına, səhiyyə və digər sahələrdə əhəmiyyəti böyükdür.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info