Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib
Tarix: 18.05.2019 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanın icrası uğurla reallaşdırılır



Prezident İlham Əliyevin fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanının icrası istiqamətində işlər uğurla icra olunur. Belə ki, artıq 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar təqdim edilib.
Azərbaycanda əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir. Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən məqsədyönlü və sistemli tədbirlər həyata keçirilir. Məhz bu Fərman da istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədi daşıyır. Həmin sənəd 2019-cu il yanvarın 1-dək tikilən, tam təhvil verilən, istismara qəbul olunmayan və faktiki olaraq insanların yaşadıqları binalara şamil edilir. Ümumilikdə, bu Fərman 400-dək yaşayış kompleksinə şamil olunub, 50 minədək mənzili əhatə edir.
Əmlak ekspertlərinin fikrincə, Fərmanla Bakıdakı çoxmənzilli binaların 70-80 faizində qeydiyyat problemi həll olunacaq. Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli inkişaf müşahidə olunur, şəhərsalma və tikinti sahələrində irihəcmli investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə yönəldilir. Bununla belə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq, sakinlərinin hüquq və maraqları nəzərə alınmadan aparılıb ki, bu da, öz növbəsində, bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib.

Əmlak Məsələləri Dövlət Komitəsi: 300-dək mənzilə dair çıxarışlar sahiblərinə təqdim olunub

Bu vaxtadək bir neçə yeni binada yerləşən 300-dək mənzilə dair çıxarışlar sahiblərinə təqdim edilib. Həmin binalar Bakının Səbail, Nəsimi, Yasamal, Xətai, Nərimanov və Nizami rayonlarında yerləşir. Fərmanın icrası üzrə vətəndaşlar həm mobil ofislərə, həm də öz istəklərinə uyğun olan müvafiq quruma müraciət etməklə mənzillərini operativ qaydada qeydiyyata aldıra və sənədlərini əldə edə bilərlər. Proses davamlı olaraq həyata keçirilir.
Fərmanın icrasının yalnız bir hissəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) üzərinə düşdüyünü qeyd edən komitənin şöbə müdiri Qulu Xəlilov bu istiqamətdə aidiyyəti dövlət qurumlarının əlaqəli işinin vacibliyini vurğulayıb: “Artıq bu istiqamətdə aidiyyəti dövlət qurumlarının birgə əlaqəli fəaliyyəti ilə müsbət nəticələr əldə olunub. Əmlak Məsələləri Dövlət Komitəsi bu prosesin yekun mərhələsində vətəndaşlara çıxarışlar təqdim edən qurumdur. Belə ki, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları, “Azərsu” ASC, “Azərişıq” ASC və “Azəriqaz” İB Fərmanın icrası ilə əlaqədar birgə fəaliyyət göstərirlər. Bu prosesdə Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə işlərin yalnız 20 faizi düşür. Digər sənədləri aidiyyəti qurumlar təqdim edir”.

Respublika üzrə orta hesabla gündəlik 1030-dək, Bakıda isə 330-dək elektron çıxarış verilir

Prezident İlham Əliyevin 2019-cu il 29 mart tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanununun tətbiqi haqqında” imzaladığı Fərmana əsasən, daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada verilir. Aprelin 18-dən etibarən əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi reyestr ofislərində çıxarışlar 1, 3, 7 və 10 iş günündə yalnız elektron qaydada hazırlanır. Elektron çıxarışlar “Elektron hökumət” portalına yerləşdirilir. Hüquq sahibinin çıxarışı həmin portal vasitəsilə real vaxt rejimində əldə etməsi imkanı yaradılır. Çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır.
“Qanuna edilmiş dəyişikliyin əsas məqsədi, ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əmlakların qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və optimallığı artırmaqdır. Elektron çıxarış sistemi ilə kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi riskləri aradan qalxır. Hazırda respublika üzrə orta hesabla gün ərzində 1030-dək, o cümlədən Bakı şəhəri üzrə isə 330-dək elektron çıxarış hüquq sahiblərinə təqdim edilir. Bu sahədə prosedurların sadələşməsi, optimallığın artırılması nəticəsində çıxarışlar, hətta 1 iş günü ərazində də verilir”, - deyə Q.Xəlilov bildirib.

Əmlak Xidmətləri Məkanında 70 minədək vətəndaş müraciəti qeydə alınıb

Bu sahədə tətbiq edilən yeniliklər, xidmətlərin modernləşdirilməsi əmlakların qeydiyyatının artmasına gətirib çıxarıb. Belə ki, cari ilin yanvar-aprel aylarında ölkə üzrə 72,4 minədək daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 19,7 minədək (27,2 faizi) ilkin, 52,7 minədək (72,8 faizi) isə təkrar qeydiyyata aid olub. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 13,4 mini fərdi yaşayış və bağ evi, 20 minə yaxını mənzil, 36,5 mini torpaq sahəsi, 1500-dək qeyri-yaşayış binası, 1800-ə yaxını qeyri-yaşayış sahəsi, 400-dək isə əmlak kompleksi, çoxmərtəbəli yaşayış binası və çoxillik əkmələr təşkil edib.
Dörd ayda, həmçinin 62,5 mindən çox daşınmaz əmlakının texniki inventarlaşdırılması aparılıb və texniki pasport tərtib edilib. Bu müddətdə 15 minədək ipoteka müqaviləsi, 1117 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb. Həmçinin hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 64 minədək məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 35 mindən çox digər müxtəlif məzmunlu arayışlar verilib.
Cari ildən istifadəyə verilən Əmlak Xidmətləri Məkanında isə artıq 70 minədək vətəndaş müraciəti qəbul edilib. Həmçinin daşınmaz əmlakın qeydiyyatı zamanı xidmət haqqı və dövlət rüsumunun elektron qaydada, heç bir qeydiyyatdan keçmədən real vaxt rejimində öyrənməsinə imkan verən “Əmlakın qeydiyyatı kalkulyatoru”ndan ümumilikdə 30,5 mindən çox vətəndaş istifadə edib. Vətəndaşlara ünvanlarında qeydiyyat xidmətləri göstərən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası da əhatə dairəsini genişləndirməkdədir.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
İlin 5 ayı ərzində qeyri-neft sektorunda ixrac 17,8 faiz artıb
19.06.2019
Nur-Sultanda Azərbaycan ticarət evi açılacaq
19.06.2019
Prezidentdən yeni qanunvericilik təşəbbüsü: Pensiyanın minimum məbləği 200 manata çatdırılır
19.06.2019
Azərbaycanda minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə ikincidir
19.06.2019
Vüsal Qasımlı: Yeni sosial paket 2 milyondan çox insanı əhatə edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10809

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info