Prezident seçkiləri oktyabrın 9-da keçiriləcək
Tarix: 03.08.2013 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara yekun vuruldu.
Əvvəlcə DSK sədrləri üçün “Prezident seçkilərində nəticələrin müəyyən edilməsi prosesində dairə və məntəqə seçki komissiyalarının rolu” mövzusunda MSK Katibliyinin müdiri Rövzət Qasımov və Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev çıxış etdilər. MSK sədrinin müavini Natiq Məmmədov bildirdi ki, MSK-da 5 gün davam edən tədbirin davamı olaraq avqustun 5 və 7-si tarixlərində bölgələrdə DSK və məntəqə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil ediləcək. Bu kurslarda MSK-nı 22 qrup təmsil edəcək. Hər bir qrupun üzvləri 5-6 dairədə çıxış edəcəklər.
Mərasimdə kursların yekunu olaraq DSK sədrlərinə sertifikatlar təqdim olunub.
Sonra MSK sədri Məzahir Pənahov çıxış edərək, qarşıdan gələn prezident seçkilərində qurumun fəaliyyət istiqamətləri haqda danışaraq bildirdi ki, Avropanın bir hissəsi olan Azərbaycan qarşıdan gələn seçkiləri beynəlxalq standartlara uyğun olaraq, yüksək səviyyədə keçirməlidir: “DSK-lar seçkilərlə bağlı qanunvericiliyin tələblərinə uyğun bütün addımları atıb. Azərbaycan cəmiyyəti düzgün və obyektiv şəraitdə seçimini ortaya qoya bilər. Artıq bununla bağlı prosesləri start verilmiş hesab edə bilərik. Bunun üçün DSK sədrlərinin seçki hüquqları barədə kifayət qədər bilik və təcrübələri var”.

“Müşahidəçilərin vəzifəsini yerinə yetirməsinə məhdudiyyət yaradıla bilməz”
MSK sədri Məzahir Pənahov bildirdi ki, heç bir müşahidəçinin vəzifəsini yerinə yetirməsinə məhdudiyyət yaradıla bilməz. Eyni zamanda heç kimə ixtiyar verilmir ki, seçki komissiyasının fəaliyyətinə maneə yaratsın. MSK sədri bildirdi ki, qanunvericiliyin tələblərinə və müşahidəçilərin istəyinə uyğun olaraq, informasiya təminatı zəruridir: “Komissiyaların ixtiyarı yoxdur ki, Seçki Məcəlləsinin tələblərindən kənara çıxsınlar. Digər tərəfin də qanunlara riayət etməsi məsuliyyəti var. Seçki prosesinin aparılmasına qarşı atılan addımların qarşısı qanun çərçivəsində alınmalıdır. Heç kimin ixtiyarı yoxdur ki, seçkiləri öz standartlarına uyğunlaşdırsın”. M. Pənahov qeyd etdi ki, seçki prosesinin bütün mərhələləri müvəffəqiyyətlə həyata keçirilməlidir: “DSK-lardan isə tələb edirəm ki, məntəqə seçki komissiyalarının maarifləndirilməsi üçün zəruri işlər görsün. Seçki Məcəlləsinin tələbləri yerinə yetirilməlidir. Biz buna nail olsaq, öhdəliyimizi həyata keçirməklə yanaşı, dövlətimizin gələcəyinə də xidmət etmiş olarıq. Milyonlarla insanın iştirak etdiyi seçkiləri ideal keçirmək mümkün deyil, mümkün olmayacaq da. Bunu həmişə demişəm. Sadəcə seçkilərdəki neqativ halları minimuma endirmək lazımdır”. Onun sözlərinə görə, məntəqə seçki komissiyalarının fəaliyyəti bu mənada çox ciddi məsələdir: “İlk növbədə maarifləndirmə işləri aparmalıyıq ki, xoşagəlməz hallara hazır olsunlar, adekvat münasibət bildirsinlər”. M. Pənahov qeyd etdi ki, ölkədəki demokratik mühit seçkilərin normal keçirilməsinə imkan verir: “Bu şəraitin qarşılığında bizim öz vəzifəmizi yerinə yetirməməyimiz qəbul oluna bilməz”. MSK sədri Azərbaycanda 5 milyona yaxın vətəndaşın prezident seçkilərində səsvermə hüququndan istifadə edə biləcəyini qeyd edib. Onun sözlərinə görə, məntəqələr üzrə əvvəlki illərə nisbətən səs verəcək insanların sayı 1500-ə qədər artıb.
Təqvim Planı təsdiqlənib

Məzahir Pənahov bildirdi ki, Seçki Məcəlləsinin 178.1-ci maddəsinə görə Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddətinin başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur. Lakin həmin gün Qurban bayramına təsadüf etdiyindən, Seçki Məcəlləsinin digər maddəsinə görə, seçkilərin keçirilməsi günü dəyişdirilir. MSK sədri prezident seçkilərinin oktyabrın 9-da keçirilməsinin təklif olunduğunu söylədi. Aparılan müzakirələrdən sonra 9 oktyabr 2013-cü il Azərbaycan Respublikası Prezidentinin seçkiləri gününün elan edilməsi və seçkilərə rəsmi start verilməsinə dair qərar verildi. Qərarda bildirilir ki, prezident seçkilərinin əsasları Azərbaycan Respublikası Konstitusiyasının 100-102-ci maddələri ilə, seçkilərin təyin edilməsi müddəti və qaydası isə Seçki Məcəlləsi ilə müəyyən edilib. Konstitusiyanın 101.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib, hazırda respublika prezidentinin 5 illik səlahiyyət müddətinin son ili başa çatmaqda olduğundan yeni seçkilərin təyin edilməsi üçün əsas yaranıb. Seçki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsi günü Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir. Həmin Məcəllənin 178.3-cü maddəsinin tələbinə görə seçkilərin keçirilməsi gününün elan edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı ən geci 2 gün müddətində dərc edilməlidir. MSK qeyd edilənləri əsas götürərək, Konstitusiyanın və Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq qərara alıb ki, 9 oktyabr 2013-cü il Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü elan edilsin.
İclasda seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlər üzrə Təqvim Planı da təsdiq edildi, vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun formalaşdırılması, o cümlədən oktyabrın 9-a təyin olunan prezident seçkilərində MSK-nın nəzdində İşçi Qrupunun yaradılması və rəhbərinin təyin olunması ilə bağlı qərar qəbul edildi.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.01.2020
Azərbaycan xalqına qarşı törədilmiş qətliam bütövlükdə bəşəriyytə qarşı işlədilmiş qatı cinayətdir
20.01.2020
Niderlandda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi silsilə tədbirlərlə yad edilib
20.01.2020
Azərbaycanda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunur
20.01.2020
İndoneziya sahillərində 6 bal gücündə zəlzələ baş verib
19.01.2020
Məzahir Pənahov MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info