Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”
Tarix: 23.05.2019 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


“Naxçıvanda qız gimnaziyası açıldı. O zaman Hacı Zeynalabdin Tağıyevin Bakıdakı 7 illik məktəbi var idi. Onu da açana qədər Peterburqda kilsələri belə, təmir etdirdi. Yəni o, icazəni zülmlə aldı”


(müsahibənin davamı)

Müsahibimiz Pedaqogika üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti Vahid Rzayevdir:

- İrəvanda çox sayda məscidlərin olması ilə bağlı faktlar var. Bu qədər məscidi olan bir şəhəri necə erməni şəhəri kimi təqdim etmək olar?

- İrəvanın bütün mahallarında məscidlər olub, məktəblər fəaliyyət göstərib. Bu faktların o torpağın bizimki olduğunu sübut etmək üçün çox böyük faydası var. Şopenin məşhur əsəri var və orada göstərir ki, İrəvanda 12 böyük şəhər məscidi olub. Bunlar cümə məscidləri idi ki, müsəlmanlar cümə günləri namaza dururdular. Arxivdə bir fakta rast gəldim ki, həmin 12 məscidin baş mollalarının adları verilib. Bu faktlar sübut edir ki, bu torpaqlar qədim Azərbaycan torpaqlarıdır. Şopen fransızdır, amma savadlı tarixçi idi. Knyaz Paskeviç, İrəvanski ləqəbini götürmüşdü və onun təşəbbüsü ilə Şopeni birbaşa bura göndərmişdilər. Yəni bu, hazırlanmış bir iş idi. Şopen rus da deyildi, başqa millətdən idi, gəlib burada yaşamaq istəyib. Pyotrun dövründən Avropadan Rusiyaya axın olub, o, istəyirdi ki, alimlər, savadlı adamlar ölkəsinə gəlsinlər və Şopen də elə gəlmişdi, İvan İvanonoviç adını götürmüşdü. Bu adam təbii ki, ona verilən tapşırığa əsasən erməniləşdirmə işində müəyyən rol oynamalıydı. 1828-34-cü illər kameral siyahıyaalmaya bilavasitə o rəhbərlik eləmişdi. O, əsərlərində ermənini yerli əhali kimi təsvir etmək istəyir və heç bir vasitə tapa bilmirdi, alban kilsələri, atəşpərəstliyə aid qədim abidələri göstərərək, “bu, ola bilər ki, erməni kilsələrinin qalıqlarıdır” deyirdi. Ermənilər üçün münbit bir zəmin yaratmaq istəyirdi. Bununla yanaşı, onun yaxşı cəhətləri də var. Həmin dövrdə real faktlara baxanda görürsən ki, nisbətən obyektiv yanaşma da var. O deyir ki, “belə baxıram ermənilərin heç musiqisi olmayıb, burada yaşayan tatarların (azərbaycanlılara tatar deyirdilər) musiqisindən istifadə edirdilər”. Ümumiyyətlə, görürsən ki, bu yerlər həqiqətən də Azərbaycan torpaqlarıdır. Prezidentimizin də gözəl bir ifadəsi var ki, “Ora qədim Azərbaycan torpaqlarıdır, onların rəsmilərinə də çatdırıram ki, biz o torpaqlara qayıdacağıq”.

- O dövrdə fəaliyyət göstərən məktəblərdə ermənilər üstünlük təşkil edirdimi?

- Ümumilikdə, Naxçıvan, İrəvan tarixi, mədəniyyəti, məktəb təhsilinin tarixi mütləq öyrənilməlidir. Bir məsələni də deyim ki, ruslar burada məktəb açanda, 1829-cu ildə ilk Zaqafqaziya məktəblərinin nizamnaməsini elan etdilər. Orada Gürcüstanda və Azərbaycanda qəza məktəblərinin açılması irəli sürüldü. İlk qəza məktəbi 1830-cu ildə Şuşada açıldı. İndiyədək buna diqqət yetirilməyib. Bir faktı da qeyd edim ki, adətən bizdə yerli dillər kimi gürcü, erməni, Azərbaycan dilləri tədris olunurdu. Ancaq orada bir maddə var ki, Azərbaycan dili bütün Zaqafqaziyada məcburidir, gürcülər yaşayan ərazidə də gürcü dili məcburidir, ermən dilinin öyrədilməsi ancaq ermənilər üçündür. Bəzi alimlər deyirdilər ki, qəza məktəblərində Azərbaycan, gürcü, erməni dili öyrədilirdi, o hansı məqsədlə öyrədilirdi, onu aça bilmirdilər. Hətta Stavropolun özündə Azərbaycan dilinin öyrədilməsi üçün ayrıca bir dərslikdən istifadə edilirdi.
Azərbaycanlılar əvvəllər o məktəblərdə azlıq təşkil edirdilərsə də sonralar sayları artmışdı. Xüsusilə Ordubad şəhər ibtidai məktəbi azərbaycanlıların ən çox təhsil aldığı məktəblərdən biri idi. Baxmayaraq ki, rus dövlətinin məktəbi idi. 90-cı illərin sonlarında kəndlərdə “Zemstvo” məktəbləri açıldı. Bunlar yerli idarəçilik orqanlarının yaratdığı məktəblər idi ki, onlar ianələrlə yaşayırdılar, orqanların köməyi ilə yaranan məktəb isə dövlətin rəsmi məktəbləri idi. Orada azərbaycanlılar üstünlük təşkil edirdilər. Nehrəm məktəbində çox cüzi sayda rus uşaqları təhsil alırdı. Orada erməni uşaqlarına rast gəlmək olmurdu. Bundan başqa, 1887-ci ildə Sultan Məcid Qənizadə, Həmid bəy Mahmudbəyov Bakıda rus-tatar məktəbləri açdılar, o da sonralar bütün ölkəyə yayıldı. Həmin rus-tatar məktəblərində ermənilər də öz uşaqlarını oxudurdular. Yəni bu, erməni məkri, siyasəti idi. Bütün bunları açmaq, araşdırmaq, publikaya çatdırmaq çox vacibdir. Mövcud faktlar da erməni siyasətinin saxtakarlığını göstərir.

- Bəlkə də zamanında mövcud faktlar aşkarlansaydı, daha çox qabardılsaydı sonrakı nəsillər də ermənilərlə bağlı daha dəqiq məlumata malik olardılar...

- Mən tarixçi kimi danışa bilmərəm. Lakin deyim ki, rus çarizmi 1917-ci ilə qədər də onları müdafiə edirdi. Doğrudur, qəza məktəblərini yaradanda deyirdilər ki, hansı millətdən olursa-olsun, amma gəlsin oxusun. Bu, onların siyasətinin tərkib hissəsi idi. 1920-ci ildən sonra sovet hökuməti elə bil ki, o dövrün üstünə bir pərdə çəkdi. Biz təhsil alanda, 70-ci illərdə təzə-təzə müəllimlərimiz bizə başa salmağa çalışırdılar ki, İrəvan, o torpaqlar bizimdir. O da, ancaq şifahi şəkildə deyilirdi. Onlara hüquq vermirdilər ki, onun mahiyyətini açsınlar. Mən İrəvan arxivində işləyəndə, orada bir faktla qarşılaşdım. Belə ki, Kəlbəli xan və İsmayıl xan Naxçıvan qəza məktəbinə hər il gümüş pulla 200 manat ianə verirdilər və bu, dövrünə görə böyük məbləğ idi. Azərbaycan dili müəlliminə il ərzində 200 manat verirdilər və o da kifayət qədər idi. Onlar həm də 200 manat İrəvan qəza məktəbinə ianə vermək istəyirdilər. Bəzi tarixçilər qeyd edirlər ki, bu ianə ancaq Naxçıvan qəza məktəbinə verilib. Ancaq onların ayrıca ərizəsi var ki, öz xətləri ilə yazılıb. Onu götürdüm. Lakin o vaxt arxivdə işlədikdən sonra bizə deyirdilər ki, axşam sənədlərə baxacağıq ki, görək nə götürmüsünüz. Mən həmin vaxt o sənədə baxsam da, səhər gəlib gördüm ki, həmin hissəni qayçı ilə kəsib götürüblər. Mən akademik İsa Həbibbəyli ilə birlikdə getdim direktorun yanına və nə qədər dediksə də onu bizə qaytarmadılar. Lakin sonradan dolayı yollarla başqa şeylər götürə bildim. Fakt bu idi ki, onlar özləri deyiblər ki, “bizim İrəvan camaatının da uşaqlarının təhsilini yaxşılaşdırmaq üçün 200 manat gümüş pul ianə veririk”. Ermənilər görürdü ki, bu fakt onların ziyanınadır, dərhal arxivlərdə onu kəsib götürürdülər.

- Siz uzun müddət arxivlərdə araşdırmalar aparmısınız. Hazırda necə, arxivlərdə araşdırmalar aparırlarmı, yoxsa bəzi müəlliflər sadəcə internetdən istifadəyə üstünlük verirlər?

- Mən arxiv materiallarını öyrəndikdən sonra, təbii ki, mənə qədər kimlər bu məsələ ilə maraqlanıb, nəyi öyrəniblər, nəyi səhv söyləyiblərsə, mən bunlara baxmalıydım. Çoxlu faktlar aşkarlandı. Bir nəfər akademikimiz deyir ki, Naxçıvanda qız gimnaziyası açıldı. O zaman Hacı Zeynalabdin Tağıyevin Bakıdakı 7 illik məktəbi var idi. Onu da açana qədər Peterburqda kilsələri belə, təmir etdirdi. Yəni o, icazəni zülmlə aldı. 1901-ci ildə onu aça bildi. Azərbaycanlı qızlarımız üçün onlar gimnaziya açmağa imkan verməzdilər. Naxçıvanda isə C.Məmmədquluzadə Nehrəmdə müəllim işləyərkən 8 nəfərdən, öz bacısı və əlavə 7 nəfərdən ibarət dövlət məktəbinin tərkibində bir qrup kimi qız məktəbini açır. Sonra isə Məmmədtağı Sidqi özünün tərbiyə məktəbində bir qız qrupu aça bilir. Maraqlıdır ki, arxivlərdə bunu tapmaq olmur, ancaq onların öz əsərlərindəki fikirlərlə bunu təsbit etmək olur. Sonradan Əhməd Ağayevin o zamankı “Kaspi” qəzetində bir məqaləsi əlimə düşdü. Orada belə bir fikir var ki, “İrəvanda qız məktəbi açılıb, 1900-cü ildə Haşımbəy Nərimanbəyovun rus-tatar məktəbində qızlar üçün qrup var idi. Hacının da məktəbi açılacaq. Naxçıvanda da qız məktəbi açmaq üçün layihə hazırlanıb və o əldən -ələ gəzir”. Bu, elə bil ki, mənə yol açdı. Şəkidə Şəfiqə Axundzadə qızlar üçün məktəb yaratmışdı. İrəvanda da, Naxçıvanda da qoymurdular ki, qızlar üçün milli məktəb açılsın. Adı Rus-Azərbaycan məktəbi olsa da, dərs deyənlərin hamısı milliyətcə ruslar idi. Yalnız Azərbaycan dilini öyrədənlər azərbaycanlı idilər. Bu siyasətin bir tərkib hissəsi də o idi ki, çalışırdılar milli məktəblər açılmasın. Məhəmmədtaği Sidqinin açdığı tərbiyə məktəbi milli məktəb idi və oraya 100-dən artıq uşaq cəlb edə bildi. Ətraf ərazilərdə yaşayanlar böyük məmnuniyyətlə uşaqlarını o məktəbə qoyurdular. Bilirdilər ki, bura milli məktəbdir, azərbaycanlı uşaqlar oxuyacaq, müəllimlər də azərbaycanlı idi, ancaq təhsil alanlar oğlanlar idi. Lakin M.Sidqinin özü qızlar üçün dərslik yazıb.
Oğlanlar üçün Sidqinin yaratdığı məktəbin çar Rusiyası tərəfindən bağlanmasının ilkin səbəbi də onun məktəbdə rus dilinə o qədər əhəmiyyət verməməsi idi. Həftədə bir saat rus dilinə, 6 saat Azərbaycan dilinə ayrılırdı. İdarəçilik orqanları buna göz yuma bilməzdilər və iki ildən sonra bəhanə gətirdilər ki, məktəbi rus-tatar məktəbi edirik, sənin müəllimlik üçün attestatın olmadığına görə, müdir ola bilməzsən. O gedib imtahan verib, attestat alsa da, yenə də onu məktəbə qoymadılar. Onu dövlətə etibarsız adamlar siyahısına saldıqlarına görə, icazə vermədilər. Mirzə Ələkbər Süleymanov Qori Müəllimlər Seminariyasını bitirmişd, ona görə də onu məktəbə direktor təyin etdilər. 1904-cü ildə M. Sidqi qəflətən vəfat etdi. Bu proseslərin hamısına yanaşmalarda səthilik var. Xüsusilə 7 cildlik “Azərbaycan tarixi” kitabında Naxçıvan qız məktəbi haqqında tamamilə səhv fikirlər yer alır. O dövrün qadın hərəkatı haqqında tarixçilərin yazdığı monoqrafiya, dissertasiyalarda da səhv müddəalar yer alır.
Naxçıvan qız məktəbində Fatma Sultanova adlı Azərbaycan dili üzrə ilk qadın müəllimə çalışıb. Lakin internetə, xatirələrə əsaslanmaqla bu adamı Nazlı Nəcəfova kimi göstəriblər. Ancaq faktlara əsaslanmaq lazımdır. Belə səhvlər var, bunlar da ictimaiyyəti çaşdırır. Olmayan şeyləri demək lazım deyil. Bunları yeni-yeni tədqiqatlarla, baxışlarla aradan qaldıra bilərik. Belə cəhətlər çoxdur. Bundan başqa, Cəhri kəndindəki məktəblə bağlı maraqlı faktlar tapılıb. Camaatın ermənilərə qarşı çıxışı var. Orada təkcə erməni və rus deyil, başqa bir millət də var idi, onlar çalışırdılar ki, azərbaycanlılar təhsil almasınlar. Azərbaycanlılar isə İrəvan qubernatoruna ərizə yazıblar. Çox gözəl bir ərizə yazıblar. Yəqin ki, o dövrün ziyalıları yazıb. belə faktlardan, arxivlərdən, ən azından o dövrün statistik kitablarından istifadə etmək lazımdır. “Qafqaz kalendarı” vardı, orada bütün məktəblərin illik fəaliyyəti, müəllimləri ilə bağlı yığcam məlumatlar verilirdi. Qafqaz məktəbləri haqqında xülasələr var. O dövrdə bütün məktəblərin yaranma tarixi, dərs deyən müəllimlər, şagirdlər, hansı dərslər keçirilir, hamısı haqqında müxtəlif rəsmi nəşrlərdə məlumat verilir. Arxivə getməsələr də materialları əldə etmək olar. Öyrənilməmiş səhifələr çoxdur. Gənc tədqiqatçılar hazırlamaq, onlara maddi-mənəvi kömək etmək lazımdır. XIX-XX əsr tariximiz çox mürəkkəb tarixdir. Ziddiyyətli bir dövrdür. Maraqlı faktlar çoxdur.

Nigar





 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Yüksək balla Aİİ-ni seçən tələbə: “Sosial şəbəkələrdən istifadə etmədim, gəzintilərə az vaxt ayırdım”
19.08.2019
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19.08.2019
“Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
15.08.2019
“Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
08.08.2019
“İlahiyyat İnstitutu olaraq, tələbələrə öz övladlarımız kimi yanaşdıq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info